Nəsiminin Fatiməsi: “Nə qədər dedilər, soyunmadım”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nəsiminin Fatiməsi: “Nə qədər dedilər, soyunmadım”- FOTOLAR

Bu gün sevilən kinoaktrisa, əməkdar artist Xalidə Quliyevanın doğum günüdür. Fürsət tapıb həm onu təbrik etdik, həm də ad günü təəssüratlarını paylaşmaq üçün söhbətə çəkdik… Elə söz sözü çəkdi. Xalidə xanım çəkildiyi filmlərdə başına gələn maraqlı hadisələrdən də danışdı.

“İstəyərdim, 20 yaşım olsun”

- Adətən, ad günlərində hansı əhvali-ruhiyyədə olursunuz? Adam var, doğum günündə kövrəlir…

- Təkcə ad günlərində deyil, ümumiyyətlə, insanın hər arxada qoyduğu il onun ömründən gedir. Hər səhər yuxudan duranda deyirsən ki, ömrümdən bir gün də keçdi. Nədənsə, istəmirəm bu gün ötüb-keçsin. İstəyirəm heç bitməsin. Fikirləşirəm ki, bir il də böyüyürəm və daha məsuliyyətli, daha müdrik oluram.

- Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı? Tutalım, 25 yaşınız tamam oldu, ya 40, 50, 60…

- Ümumiyyətlə, insanlar qocalmaq istəmir. Təkcə qadınlar yox e, elə kişilər də yaşa dolduqca ömrün azaldığını hiss edir. Mən də istəyərdim, 20 yaşım olsun. Həyatımın ən maraqlı günlərini orta məktəb illərində yaşamışam. Bu gün nəvəmi məktəbə aparanda yadıma keçmiş günlərim düşdü. Çox kövrəldim.

“60 yaşında durub gənc qız obrazına çəkiləsi deyiləm ki?”

- Maşallah, istər sima, istərsə də vücud baxımından çox cazibədarsınız. Heç plastik əməliyyat etdirmisinizmi?

- Bu plastik əməliyyatlar mənim üçün heç anlaşılan deyil. Mən aktrisayam, 60 yaşında durub 20 yaşında gənc qız obrazına çəkiləsi deyiləm ki? Amma sözsüz ki, faktura buna imkan verərsə, lap yaxşı. Mən də hər zaman vücuduma nəzarət edirəm. Çox yemirəm.

- Xalidə xanım, hər bir insanın həyatı boyu qorxuları olur. Sizi bəs həyatda qorxudan nədir?

- Qocalmaqdan çox qorxuram. Qocalmaq, ömrün azalması və ölüm qorxusu… Son vaxtlar, nədənsə, ölüm barədə çox düşünürəm. Ölüm lap elə o texniki məsələləri, prosedurlarına kimi məni düşündürür.

- Yəni?

- İnsanın cəsədə çevrilməsi, yuyulması… Bəlkə də, son vaxtlar ölümlərin sayı artıb, ona görə. Əvvəllər insanlar qocalıb ölürdülər, indi isə addımbaşı dəhşətli ölümlərlə rastlaşırsan. Məncə, hamıda var ölüm qorxusu. Mən İranda filmə çəkilərkən orada Firiştə adlı bir qrimçi qız vardı. 28 yaşındaydı, simasında həmişə bir tərki-dünyalıq hiss olunurdu. Dediyinə görə, imam nəslindən idi. Bir dəfə mən ondan namaz qılıb-qılmadığını soruşdum. Dedi ki, namaz qılmıram, amma hər gün davamlı olaraq Allaha şükür edirəm. Mən də hər gün Allaha şükür edirəm. Şükür etmək insanı rahatlandırır, sakitləşdirir.

- Həyatda çoxmu peşmanlıqların olub?

- Təbii ki, olur. Bu yaxınlarda axşam serial çəkilişlərindən gəlirdim, birdən-birə hirsləndim ki, bu nə sənətdi e, seçmişəm. Gərək həkim, müəllimə olaydım. Adi məişət məsələsində də olur e, bəzən deyirsən ki, kaş filan şeyi almayaydım. Dünən gördüyün bir işə görə bu gün peşman ola bilirsən.

“Qadın, ya kişi sevəndə güclü olur”

- Sürprizləri sevirsiniz?

- Kim sevmir ki?

- Həyat yoldaşınız tez-tezmi sizə sürprizlər edir?

- Yox, yalan nə deyim. Olsaydı, yaxşı olardı. Amma elə yaxşı ki, tez-tez sürpriz eləmir, yoxsa tez bezərdim, maraqsız olardı, xoşuma gəlməzdi. Çünki mən xaraktercə tez bezən insanam.

- Ən çox xoşladığınız hədiyyə nədir?

- Güllər. Fərqi yoxdur, nərgiz olsun, qızılgül olsun, ya başqası…

- Həyat yoldaşınız, sizcə, ad gününüzdə gül bağışlayacaq?

- Dəqiq deyə bilmərəm. Amma hədiyyələr alır mənə. Fərqi yoxdur, istər ad günüm olsun, itərsə də qeyri vaxtlar. Son vaxtlar mənə gül hədiyyə edən oğlum və nəvəmdir. Artıq gül almaq onların öhdəsinə düşüb.

- Həyat sizə çoxmu sürpriz edib?

- Çox olub. Həm yaxşı, həm də pis sürprizlərlə qarşılaşmışam.10 yaşımda ikən anamı, 17 yaşımda atamı, 34 yaşımda isə bacımı itirdim. Həyatın ən ağır sürprizləri idi bunlar. Övladlarımın və nəvələrimin dünyaya gəlişi isə həyatımın ən gözəl sürprizləridir.

- Sizcə, qadını sevindirmək üçün nə yetər?

- Yalnız sevgi. Qadın, ya kişi sevəndə güclü olur, özünü güvənli hiss edir.

- Amma bu sevgi də bir gün adiləşir, bir gün bitir axı?

- Əsl sevgi heç vaxt tükənmir.

- Tez bezən olduğunuzu dediniz, bəs ruhdan da tez düşürsünüz?

- Son vaxtlar belə hal çox olur. İnsanlardan etibarsızlıq görürəm, yalan danışan, ikiüzlülük edən, həyatda oynayan insanların sayı artıb. Baxırsan ki, gülməyi, hətta ağlamağı da oyundur. Bir ara “Etiraf” adlı veriliş vardı, o verilişə baxırdım. İnanın ki, orada da yalandan danışır, yalandan ağlayırdılar. Amma Rusiya kanallarında hansısa bir aktrisa, ya sənətçi efirə çıxıb etiraf edirsə, mütləq həqiqəti deyir. Bizdə hamı roldadır, oynayır. Belə şeyləri görəndə qaçmaq istəyirəm. Evimə gəlirəm və rahatlıq tapıram.

- Elə bir xasiyyətiniz varmı ki, sizi incidir, ondan xilas olmaq istəmisiniz?

- Olub, amma qurtula bilməmişəm. Çox tez bağışlayıram, mübarizə aparmıram, baxıb görürəm ki, kimsə diqqətsizdir, bunu üzünə vurmuram, özümü görməzliyə qoyuram. Tez güzəştə gedirəm, istəmirəm kiməsə səhv olduğunu deyim və buna görə mücadilə edim. Bu xasiyyətim məni yorur, incidir.

“Həsən Seyidbəyli saçımı kəsməyə qoymadı”

- İnadkar olmadığınızı deyirsiniz, amma bildiymə görə, vaxtilə “Nəsimi” filminə çəkilərkən saçlarınızın kəsilməsinə qəti şəkildə etiraz etmisiniz…

- Onda çox uzun, qalın hörüklərim vardı. Fatimə roluna çəkilərkən dəbilqə qoymalı idim. Amma saçlarımı o dəbilqənin altına yığa bilmirdilər. Qrimçi əlində qayçı gəldi ki, saçımı kəssin. Etiraz elədim ki, buna razı olmaram. Filmin rejissoru Həsən Seyidbəyli məni çox istəyirdi, qrimçiyə tapşırdı ki, qızın hörüklərini kəsməyin. Kaş ki, kəsdirəydim, sonradan peşman oldum.

- Niyə ki?

- Çünki qalın hörüklərimi özbək qızlarının saçları kimi xırda-xırda hörüb dəbilqənin altına yığdılar, isti havada buna görə çox əziyyət çəkməli oldum.

- Yeri gəlmişkən, film çəkilişləri zamanı heç ekstrim vəziyyətlə qarşılaşmısınız?

- Çox olub belə hallar. “Tütək səsi” filmində bir epizod var e, Tapdığa manpası verirəm, birini də öz ağzıma qoyuram. O epizod çəkiləndə qəfildən manpası nəfəs yoluma düşdü. Rəngim göyərdi, dərhal rejissor Rasim Ocaqov göstəriş verdi ki, çəkilişi dayandırsınlar. Rasim müəllimin sifəti ağappaq ağarmışdı. Kürəyimə vurdular, çox çətinliklə o manpasını boğazımdan çıxardılar. Rasim Ocaqov vəziyyətimin pis olduğunu görüb çəkilişi təxirə salmaq istədi, mən razılıq vermədim. Özümü toplayıb filmə çəkildim.

“Bunu eləmək istəmədiyimdən o kadrı filmdən çıxardı”

- Mənə çox maraqlıdır, indiyə qədər heç sizə açıq-saçıq rollarda oynamaq təklif olunub?

- Heç olunsaydı da, oynamazdım. “Nəsimi” filmində Fatimənin soyunduğu bir epizod var. Yusif Fatiməyə paltar gətirir ki, əynini dəyişsin. Orada qayanın yanında mən soyunub həmin libası geyinməliydim. Amma paltarı çiynimdən azacıq sürüşdürdüm. Həsən Seyidbəyli bunu eləmək istəmədiyimə görə o kadrı filmdən çıxardı.

- Məsələn, sizə vaxtilə çəkilən “Gecə qatarında qətl” filmindəki fahişə obrazı verilsəydi, imtina edərdiniz?

- Əlbəttə, Azərbaycanda heç vaxt fahişə roluna çəkilməzdim. Yenə olsaydı, Pol Andersonun filmi, bəlkə onda bu barədə düşünərdim.

- Hətta yüksək qonorar təklif etsəydilər də?..

- Söhbət əcnəbi aktrisaların aldığı qonorarın məbləğindən, yəni 20-30 milyon qonorardan gedir? O qonorarı heç vaxt bizə verməzlər. Bu mümkün də deyil. Heç yaxın 50-100 ildə mümkün də olmayacaq.

- Belə başa düşdüm ki, yüksək qonorar və peşəkar rejissor işi olan yerdə istənilən rola çəkilmək mümkündür, lap fahişə roluna da. Yaxşı deyin görək, necə bir rolda oynamaq istərdiniz?

- Bu yaxınlarda Elçin Musaoğlunun çəkdiyi “Nabat” filmində ürəyim istəyən bir rolda oynadım. Bax elə bir rolda yenidən oynamaq istərdim.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm