• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Stilist Anar: “Bəziləri kimi heç vaxt ətəkdə efirə çıxmaram”- FOTOLAR

Stilist Anar: “Bəziləri kimi heç vaxt ətəkdə efirə çıxmaram”- FOTOLAR

Bir vaxtlar stilist Anar Ağakişiyev ölkənin, demək olar ki, bütün dəb proqramlarının əsas siması idi.

Tez-tez çıxışlar edir, müğənnilərin, digər sənət adamlarının zövqü və geyim tərzi barədə fikirlərini paylaşırdı. Son bir ildə isə nadir hallarda efirdə olur. Stilist Publika.az-a müsahibəsində həm bu məqama aydınlıq gətirib, həm də bəzi kəskin fikirlər söyləyib.

- Anar bəy, əvvəllər tez-tez dəb proqramlarında olurdunuz, daha fəal idiniz. Son vaxtlar sanki kənardasınız. Bu nə ilə bağlıdır?

- Birincisi, mən heç vaxt kənarda qalmayacağam və qalmamışam. Efirlərə çıxmamağım sırf işimlə bağlıdır. Əyləncəli, şou xarakterli, dəb diqtə edən verilişlər həftəsonu olur, həmin günlərdə də səhər saat doqquzdan axşam saat doqquza qədər işdəyəm.

- Gəlinlərin bəzədilməsini nəzərdə tutursunuz, yəqin ki...

- Bəli, bu, efirə çıxmamağımın bir səbəbidir. İkincisi, indi efirlərdə boş-boş danışan, “m” hərfindən anlayışları olmayan, amma moda diqtə edən, insanları başqa istiqamətə yönəldənlər var. Amma şükür ki, insanların indi çox şeydən anlayışları var. Bununla bağlı sosial şəbəkələrdəki profillərimə, telefonuma çoxlu sayda mesajlar gəlir. Soruşurlar ki, bunlar kimlərdir belə?

- Adətən, adlar çəkirsiniz. Kimlərdir insanların zövqünü korlayan həmin şəxslər?

- Adlarını çəkməyim onlar üçün böyük piar olacaq və belə hesab edəcəklər ki, mən də həmin verilişlərə baxıram. Qəti surətdə elə verilişlərə baxmıram.

- Vaxtında yetərincə adlar çəkmisiniz amma...

- Bəlkə də, vaxtında adlarını çəkməklə, onları bu pilləyə qədər gətirmişəm. Amma insan eyni tələyə bir dəfə düşər. Onlar bir yox, iki-üç nəfərdilər. Sizə bir misal deyim. Televiziyaya lazımdır ki, efir saatı satılsın, reklamı olsun və sair. Bu insanlar gətirib müəyyən məbləği efir xətrinə televiziyaya verirlər. O qədər gülünc görünür ki... 2014-cü ilin payızı olsa da, indi bütün dünyada 2015-ci ilin yay-qış dəbindən danışılır. Amma bunlar nə qədər geridə qalıblar ki, yay ayında yayın dəbindən danışırlar.

- Çox maraqlı bir məqama gəldik. Ümumiyyətlə, gələn il nəyin dəb olacağını kim diktə edir, qərar verir?

- Dünyaca məşhur dizaynerlər “Dior”, “Şanel” kimi moda evləri Milan moda həftəsində bir araya gəlib kolleksiyalarını nümayiş etdirirlər. O kolleksiyaya gələn insanlar həmin geyimlərdən müəyyən elementləri götürürlər və bu, xəstəlik kimi dünyaya yayılır. Onlar trendi diktə edirlər.

- Toylarda gəlinin sırf stili ilə məşğul olursunuz, yoxsa makiyaj və vizaj məsələlərinə də nəzarət edirsiniz?

- Makiyaj, saç, geyim – hamısı mənim işimə aiddir. Hansısa xanım müraciət edir ki, filan cür geyinmək istəyirəm. Başa salıram ki, indi bu, dəbdə deyil və sizə yaraşmayacaq. Belə olan halda, ortaq məxrəcə gəlməyə çalışırıq.

- Qiymətlər necədir?

- Korporativ işləri heç vaxt açıqlamamışam və açıqlamaq da istəmirəm. Çünki bu, dolayısıyla kiminsə xətrinə dəyə bilər. Neçə dəfə olub ki, yaxınlaşıb deyiblər imkanım yoxdur. Demişəm ki, gizli qalsın, bunu sizə hədiyyə edirəm. Qiymətimi desəm, yekəxanalıq kimi çıxar. O ki qaldı piara, başım işimə qarışıb. Hazırda qeyri-peşəkarların ələnməsini gözləyirəm. Fürsətdən istifadə edib Murad Dadaşova təşəkkürümü bildirirəm. “Maşın” realiti şouya qədər Azərbaycanın altmış faizi məni xoşlayırdısa, qırx faizi şübhəylə yanaşırdısa, indi bəlkə də, doxsan doqquz faiz əhali mən yolda görüb, təşəkkürünü bildirir. O verilişdən sonra on il də efirə çıxmasam, bəsimdir.

- Şübhədən söz düşmüşkən, istərdim bir məqama toxunaq. Bütün tanınmış şəxslər barəsində şayiələr, şübhələr olub...

-(sözümü kəsir-İ.V) Əgər mənim şəxsi həyatım barədə sual verirsinizsə, verməyin. Çünki cavabsız qalacaq. Şəxsi həyatımla gündəmə gəlməmişəm. Şəxsi həyat şəxsi olmalıdır. Hər şeyin öz zamanı və vaxtı var. Bəziləri kimi nəyinsə xətrinə ailə qurmaq istəmirəm. Otuz yaşım yenicə tamam olub, görəcəyim günlər qabaqdadır. Mən fəaliyyətimi təkcə Azərbaycanla məhdudlaşdırmaq istəmirəm. Dəb bütün dünyada çox öndədir, bizdə isə bu sahədə mütəxəssislər azdır. Bütün bunları nəzərə alıb, dekabrda dəblə bağlı kitab çıxaracağam. Çoxlu fotolarla böyük kitab olacaq və üç dildə olacaq. Bütün bunların hamısı bir kitabın içində yerləşdiriləcək.

- Şübhələrlə bağlı danışmaq istəmədiniz...

- O şübhələr hər kəs üçün yaranır. Adətən, efir adamlarını hərəkətləri, tərzi ekran qarşısındakı insanlardan fərqli olduğuna görə şübhələrə səbəb olur. İndiyədək heç kimə bəhanə verməmişəm ki, kimsə mənə o şübhələr barədə sual versin. Mənə işim barədə sual verin...

- “Şübhə” deyəndə nəyi nəzərdə tutduğumu bildiniz?

- Bəli, bildim. Gəlin ortadan pərdəni götürməyək. Həmişə də efir etikasına riayət eləmişəm. Bəzi dırnaqarası həmkarlarım var ki, ətəkdə çıxır, başına nələr qoyur.

- Sizin nəzərdə tutduğunuz Samir Əliyev deyir ki, mənim oriyentasiyam budur.

- Bu, onun şəxsi fikridir. Hər kəsin fikrinə hörmətlə yanaşıram.

- Siz ətəkdə efirə çıxarsınız?

- Əsla. Qarşıma çox böyük məbləğ də qoysalar, ətəkdə efirə çıxmaram. Bu, mənim xarakterimdir və belə şeyləri qəbul etmirəm. Onun da öz tamaşaçısı, sevənləri var. “Instagram”da 25 min izləyicim var və hər zaman mənə gözəl sözlər yazırlar. Çünki nəyisə paylaşanda düşünüb, sonra paylaşıram.

- Son bir ilin ən zövqlü və zövqsüzləri kimlərdir?

- İlin yekunu dekabrda olur.

- Dəfələrlə açıqlamısınız.

- Elədir, amma ilin yekunlarını gözləyək. Bir də görürsən, kimsə neytral qalır və son bir ayda elə geyinir ki...

- İndi ən dəbli geyinən sənətçi kimdir?

- Hazırda Röya həmişəki kimi çox gözəl geyinir. Rəqsanə, Aygün Kazımova yaxşı geyinirlər. Sevda Yəhyayeva dəb baxımından böyük addımlarla irəliləyir.

- Dəblə bağlı verilişləri bəyənirsiniz?

- Bəzilərinə baxıram. Amma “filan şey düzgün deyil” demək nə dərəcə doğrudur? Hər bir gənc xanım özünə görə şəxsiyyətdir və kiminsə balasıdır. Kiməsə sərt şəkildə irad bildirib kompleksə salmaq yanlışdır.

- Söhbət Samirdən gedir?

- Yox. Söhbət bu yaxınlarda bitən bir dəb verilişindən gedir. Verilişdə 4-5 nəfər oturub gənc xanımları kompleksə salırlar.

- Ruhi Əliyevanın verilişini nəzərdə tutursunuz?

- Bəli. Özümüzü heç vaxt aşağılamamalıyıq. Söz adamı göylərə də qaldıra bilər, öldürər də. İradı da incə tərzdə demək lazımdır.

- Sizcə Ruhi özü necə geyinir?

- Özü zövqlə geyinir. Amma bilmirəm bu, onun zövqüdür, yoxsa kimsə kömək edir. İstənilən halda belə davranış doğru deyil. O müsabiqədən sonra bir çoxları sosial şəbəkələrdə narazılıqlarını bildirdilər.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR