Ruhidən səmimi etiraf: “Aşiq olursan ona” - MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ruhidən səmimi etiraf: “Aşiq olursan ona” - MÜSAHİBƏ - FOTOLAR

“Üstündə beş karatlıq brilyant gəzdirir, amma...”

Şou-biznesdə “dəb ikonası” kimi tanınan Ruhi yaxın günlərdə yeni bir layihənin təqdimatına hazırlaşır.

Bu barədə Publika.az-a danışan Ruhi növbəti layihəsinin də ATV kanalında yayımlanacağını bildirdi:

- Layihə “Dəb Siz” adlanır. Bu, tamam fərqli bir layihədir. Xanımların geyim tərzi, saç düzümü, makiyajı ilə bağlı olan bu proyektdə biz onları yaxşı mənada dəyişəcəyik.

- Məsələn?

- Ola bilər ki, hansısa xanım ömrü boyu uzun libaslarda olub, yaxud da qısa geyimlər geyinib. Yaxud hansısa həmişə eyni saç düzümü və boyalardan istifadə edir. Amma onun xəbəri yoxdur ki, tərzini büsbütün dəyişib, başqa bir gözəl xanıma çevrilə bilər. Biz hər kəsin gözü qarşısında onun tərzini dəyişməyə çalışacağıq. Stilistimiz Afaq xanımın köməyi sayəsində həmin xanım öz vücudunu tanıya biləcək. Layihə sürprizlərlə dolu olacaq. Ola bilsin, elə hamının gözü qarşısında əlimizə qayçı kiminsə paltarını kəsib, başqa cür elədik. Bu layihədə məqsədimiz həm də xanımların gözünü açmaqdır. İstəyirik qadınlar özlərinə çox diqqət yetirsinlər. Bizim qadınlar çox fədakar olur. Söz yox ki, övladı, ananı, həyat yoldaşını da sevmək lazımdır, digər doğmaları da. Amma dərəcəsində. Qadın özünə də vaxt ayırmalıdır. Çünki bu dərəcəni keçəndə qadın həddən artıq yüklənir və özünü unudur. Bəzən elə qadınlar olur ki, üstündə beş karatlıq brilyant gəzdirir, amma sadə bir üzükdə ondan daha gözəl görünərdi. Elə qadın var ki, oturuşu-duruşu, danışığı, manerası ilə o qədər gözəl görünür ki. Amma baxırsan ki, sadə qadındır. Aşiq olursan ona...

- Layihədə yaş məhdudiyyəti olacaqmı, yoxsa istənilən yaş həddində olan xanımlar burada iştirak də biləcək?

- Çox gənc qızların, yəni yaşı 22-dən aşağı olanların iştirakı mümkün olmayacaq. Onların layihədə iştirakına icazə verilmir. Çünki hələ gəncdirlər və tərzlərini müəyyən edə bilməyiblər. Amma 22 yaşdan yuxarı, hətta yaşı altmışı ötmüş istənilən xanım layihədə iştirak edə bilər. İllərlə formalaşdırdığı tərzi dəyişmək istəyən xanımlardan söhbət gedir.

- Bəs münsiflər heyətində kimlər təmsil olunacaq?

- Çox sevdiyim və zövqünə, intellektinə, sənətinə hörmətlə yanaşdığım, xalq artisti Faiq Ağayev, peşəkar və zövqlü stilist Afaq İsmayılzadə və mən.

- Bəs aparıcılar?

- Aparıcı elə özüm olacağam. Onu da deyim ki, bu layihəyə daha çox media mənsublarını cəlb edəcəyik, çünki onların da fikri bizlər üçün maraqlıdır.

- Qalibləri hansı hədiyyələr gözləyir? Bu dəfə də avtomobil hədiyyə olunacaq?

- Yox, bu dəfə avtomobil olmayacaq. Qaliblər sponsorlarımız tərəfindən hədiyyələr alacaq. Bir də stilist Afaq xanımın da öz hədiyyələri olacaq. Layihə həftədə iki dəfə gündüz saatlarında yayımlanacaq.

- Elə özünüzün qarderobunuzda elə bir paltar varmı ki, xoşunuza gəlir, amma tərzinizə uyğun gəlmədiyi üçün geyinmirsiniz?

- Elə çox bəyəndiyim geyimlər var, baxa-baxa qalıram, amma geyinə bilmirəm. İnsan həm də o geyimdə özünü rahat hiss eləməlidir. Həmişə deyirlər ki, Ruhi açıq-saçıq, qısa geyimləri sevmir. Əslində, yaraşan hər bir kəsdə bunu sevirəm. Çox vaxt xanımlar buna fikir vermir. Elə xanım var, arıq, uzundur, geyindiyi ona yaraşmır, yaxud da kiloludur, bədəninin müəyyən hissələrini gizləmək əvəzinə daha da nəzərə çarpdırır. Ola bilər e, kimsə yalandan ona desin ki, çox gözəlsən. Amma o xanım özünü bərbad hala salır. Xanım elə geyinməlidir ki, bədəninin qüsurları gözə çarpmasın. Əgər gözəl bədən quruluşu varsa, geyinsin. Bəzən elə qadınlar görürəm ki, özüm ona deyirəm ki, necə gözəldir. Bir də var dəbdədir deyə geyinir. Hamı da ona baxıb deyir ki, vay-vay, bu niyə özünü bu günə qoyub. Hansı ki, 7-8 il il öncə dəbdə olan elə libaslar geyinərsən, getdiyin yerdə hər kəs sənin gözəlliyindən danışar. Ümumiyyətlə, əvvəllər qarderobumdakı geyimlərin əksəriyyəti ağ-qara rəngi köynək və jiletlərdən ibarət idi. Amma sonradan tərzimi dəyişdim və əlvan rəngli libaslar geyinməyə başladım. Rənglər insanın əhval-ruhiyyəsini də dəyişir.

- Qarderobunuzdakı geyimləri kiməsə bağışlamağı xoşlayırsınız?

- Kimsə baxıb deyib ki, mənim bu paltardan xoşum gəlir, hədiyyə etmişəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm