Boris Yeltsinin də oxuduğu mahnı - VİDEO
Bizi izləyin

Tabloid.az

Boris Yeltsinin də oxuduğu mahnı - VİDEO

Kult.az “VAR İDİ...” adlı yeni layihəyə başlayır. Bu layihədə bir vaxtlar kütləvi populyarlıq qazanmış, dillər əzbəri olmuş mahnıların hekayələrini təqdim edəcəyik.

Beləliklə, layihənin ilk mahnısı – “Kalinka”

Siz bu musiqini Rusiyaya aid suvenirlərin satıldığı mağazalarda, rus mətbəxinin təqdim edildiyi kafelərdə, “Heineken”, “Six Flags” və başqa brendlərin reklam çarxlarında eşidə bilərsiniz. İngiltərədə Londonun “Çelsi” klubunun fanatlarının bir ağızdan bu mahnını oxuduğunu da eşidə bilərsiniz.

İki əsrə yaxın yaşı olan “Kalinka” ən məşhur rus mahnılarından biridir. “Kalinka-Malinka” adı ilə də tanınan mahnının çox vaxt xalq mahnısı olduğu düşünülsə də, əslində, bu, 1860-cı ildə bəstəkar İvan Larionov tərəfindən yazılıb və bəstələnib. İlk dəfə Rusiyanın Saratov şəhərində kiçik bir tamaşada səsləndirilib.

Bir müddət əvvəl Saratova qohumlarımı ziyarət etməyə getmişdim. Volqa çayının sahilində yerləşən Saratov şəhəri Rusiyanın böyük şəhərlərindən biridir. Şəhərin adının mənası isə tatarca “Sarı Tau” – “Sarı dağ” mənası verir.

Yazını yazmaq ideyası da elə orada olarkən yarandı. Saratovda keçirdiyim son gün şəhərə çıxıb gəzməyi qərara almışdım. Şəhərin mərkəzində, Kirov prospektində sağa-sola baxa-baxa gedərkən təsadüfən Larionovun barelyefi olan bina qarşıma çıxdı. Bu qədim binada əvvəllər “Саратовского Листка” qəzetinin redaksiyası yerləşirmiş. Larionov 1876-1889-cu illərdə “Саратовского Листка” qəzetində çalışıb. Musiqi resenziyaları yazıb, kiçik tamaşalar üçün musiqilər bəstələyib. Həm də folklorşünas olan Larionov Rusiya torpaqlarını gəzib xalq mahnılarını toplayırdı.

Perm şəhərində dünyaya göz açan Larionov 28 yaşında Saratova köçür və ölənə qədər burada yaşayır. “Kalinka” mahnısı Larionovun ölümündən sonra məşhurluq qazanmağa başlayır, belə desək, dildən-dilə keçir. Ancaq Larionovu çox az adam xatırlayır və “Kalinka” xalq mahnısı üslubunda olduğu üçün çox adam onu xalq mahnısı hesab edir.

SSRİ dövründə Qızıl Ordu xorunun (Aleksandr ansamblı) yaradıcısı, SSRİ himninin müəllifi, bəstəkar Aleksandr Aleksandrov mahnının üzərində yenidən işləyir. Yevgeni Belyayevin tenor solistliyi ilə Qızıl Ordu xorunun ifasında “Kalinka” bütün dünyada məşhurluq qazanır.

“Kalinka” Aleksandr ansamblının Avropa, ABŞ, Kanada, Yaponiya turlarında ən çox bəyənilən musiqi olurdu. London turundan sonra Belyayev “Mr Kalinka” – “Cənab Kalinka” ləqəbi qazanır. Fransada isə ona “Monsieur Kalinka” – deyirdilər.

Keçmiş Rusiya prezidenti Boris Yeltsinin ictimaiyyət qarşısında içkili vəziyyətdə “Kalinka”nı oxuması maraqlı faktlardan biridir. Rus milyarder Roman Abramoviç “Çelsi” klubunu aldıqdan sonra klubun ev oyunlarını oynadığı “Stemford Bric” stadionunda oyundan əvvəl bu musiqini eşitmək olar.

Larionovu isə hələ də çox az adam xatırlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm