• USD 1,7003 0,00% EUR 2,0080 -0,30%
    • GBP 2,2601 +0,14% RUB 0,0297 +0,67%

Ən gənc əməkdar artist: “Bəziləri də deyir ki, bəstəkaram” - FOTOLAR

Ən gənc əməkdar artist: “Bəziləri də deyir ki, bəstəkaram” - FOTOLAR

“Üns” Yaradıcılıq Mərkəzinin solisti, Azərbaycanın ən gənc əməkdar artisti Xəyyam Mustafazadənin Publika.az-a müsahibəsi

- Yetərincə tanınsan da, əksər tamaşaçılar, oxucular sənin haqqında o qədər də məlumatlı deyillər. Əvvəlcə özün barədə bir neçə kəlmə məlumat verərdin.

- Binəqədi rayonunda 126 nömrəli orta məktəbi 2004-cü ildə bitirmişəm. Orta məktəbdə fəal şagirdlərdən olmuşam. Mütəmadi olaraq şahmat yarışlarında mükafatçılar sırasına düşürdüm. Hətta Binəqədi rayonunun Şən və Hazırcavablar Komandasının kapitanı idim. Orta məktəbin 9-cu sinfində oxuyanda Bakı şəhəri məktəbliləri arasında “İstedadlar axtarırıq” adlı müsabiqə keçirilirdi. Mən də müsabiqədə atamdan xəbərsiz iştirak etdim və qalib oldum. Nəticələr məlum olandan sonra evə zəng gəlib. Atam elə bilib ki, yenə də şahmatda birinci yeri tutmuşam. Psixologiya müəllimimiz Şahin müəlim ilk xəbəri atama vermişdi. Atam dedi ki, oxu, görüm nə oxuyacaqsan. Həmin vaxtlar da “Ruki vverx”, “Modern Talking” qrupları dəbdə idi. Atam elə bildi ki, təxminən elə bir şey oxuyacağam. Həm də arzusu idi ki, uşaqlarından biri müğənni olsun. Qalxdım ayağa, “Sevgili canan”ı, ardınca da “Qızıl üzük” əsərini oxudum. Dedi gəl, getdik Arif Babayevin yanına. Çünki hər iki valideynim həkimdir, atam tibb universitetinin professorudur və Arif müəllimin qızının müəllimiydi. Arif müəllim səsimə qulaq asandan sonra məni Hüseyn Əliyevə yönləndirdi. Dedi ki, bunun anadangəlmə klassik səsi var.

- Uşaq vaxtı da səsin belə bəm idi?

- Yox, əksinə, çox cır səsim olub.

- Buna görə kompleksin var idi?

- Sizə bir maraqlı fakt deyim. Uşaq vaxtı səsimə görə o qədər sıxılmışam ki, indi də evə zəng gələndə ən qalın səslə (cavab verdiyi səslə danışır-İ.V) cavab verirəm. Mən Azərbaycanda ən bəm səsinə malik insanam və bundan aşağı səs yoxdur. Hətta Opera və Balet Teatrında işləyən solistlərimizdən də aşağıdır. “Do”nu da götürə bilirəm.

- Yəni sənin səsindən aşağı səs yoxdur?

- Bəli, hələ ki yoxdur. Mənim səsim elə cır idi ki, telefona cavab verəndə deyirdilər, qızım, atanı telefona çağır. Həmişə əsəbiləşirdim.

- Ailədə neçə uşaqsınız?

- Üç qardaşıq, böyüyü mənəm.

- Bakı Musiqi Akademiyasının məzunlarının Avropada da təhsil almalarına ehtiyac var, yoxsa buradakı təhsil yetərlidir?

- Bakı Musiqi Akademiyasında fərdi olaraq oxumuşam, Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsini bitirmişəm. Bizim Azərbaycanın köhnə vokal məktəbi çox güclüdür. Onsuz da İtaliyaya gedənlər də orada öz həmyerlilərimizdən dərs alırlar.

- Nə əcəb Bakı Musiqi Akademiyasında oxumadın?

- Orta məktəbi bitirəndə məndə mutasiya - səsdəyişmə prosesi başladı. Müəllimim dedi ki, qəbul dövrünədək səsdəyişmə prosesi bitməz və qəbul olunmazsan. Ona görə də müəllimimin məsləhətiylə sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim. Orada rəhmətlik Lalə Abbasova məni Tamilla Əhmədovanın yanında apardı. 16 yaşımdan vokal mütəxəssisi Tamilla Əhmədovanın tələbəsiyəm.

- Fəxri adı nə vaxt aldın?

- 2013-cü il iyulun 25-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə “əməkdar artist” fəxri adını aldım.

- Neçə yaşın var idi?

- 26.

- Azərbaycanda bu yaşda fəxri ad alan müğənni olub? Yanılmıramsa, xalq artisti Faiq Ağayev də ilk fəxri adını 27 yaşında almışdı.

- Yox, məncə, 32 yaşı var idi əməkdar artist olanda. Amma musiqiçilərdən var.

- Bu yaşda fəxri ad almağın ağırlığı, məsuliyyəti səni qorxutmur ki?

- Mən fəxri adı oturduğum yerdə almamışam. Azərbaycanı xeyli beynəlxalq müsabiqədə iştirak eləmişəm, fərdi konsertlərim olub, ölkəmizin mədəniyyət günlərində iştirak etmişəm. Bu ad mənə daha böyük məsuliyyət verir. Daxili aləmim təxminən 43 yaşlı insandakı kimidir. Yeniyetməlikdə fikirləşirdim ki, nə vaxtsa fəxri ad alsam, xarakterimdə müştəbehlik yaranacaq. Amma indi görürəm ki, ağac bar verəndə başını aşağı əyir.

- Fəxri ad alacağını bilirdin?

- Adətən xarici ölkələrə gedəndə nazirlikdən zəng vurub məlumatları soruşurlar. Amma bu dəfə çox sorğu-sual elədilər və bildirdilər ki, fəxri ad alanda lazım olar. Hamamda əl-üzümü yuyurdum. Bir də eşitdim ki, atam necə ürəkdən sevinirsə, ev silkələnir. Məni də ağlamaq tutdu, gözlərim doldu. Atam da kövrəlmişdi.

- Xalq artisti olmaq istərdin?

- Gərək mədəniyyətimizə daha böyük səylə xidmət göstərim.

- 30 yaşınadək xalq artisti olmaq istərdin? Bu da bir rekord olar.

- Bəli, istərdim. General olmaq istəməyən əsgər əsgər deyil.

- Bayaq bildirdin ki, xarici ölkələrdə konsertlərin olub...

- Bəli, əsasən Rusiyada konsertlər vermişəm və orada yetərincə sevilirəm.

- Bəlkə, orada bu qədər sevilməyin Müslüm Maqomayevlə müqayisə olunmağınla, bir qədər də zahiri oxşarlıqla bağlıdır?

- Ola bilər. Həştərxanda konsert oldu. Düz dörd dəfə məni səhnəyə qaytardılar. Polad Bülbüloğlu da konsertdə iştirak edirdi. Axırda əlimdən tutub səhnəyə çıxdı və dedi ki, Azərbaycanın ən gənc fəxridir. Onda fəxri adım yox idi.

- Məncə, Rusiyada sevilməyin təkcə Müslüm Maqomayev amiliylə bağlı deyil. Zahiri görkəmində də slavyanlara oxşarlıq var...

- Amma mənim heç bir qarışığım yoxdur. Bunu heç yerdə deməmişəm və ilk dəfədir deyirəm. Giziroğlu Mustafa bəyin oğuldan oğula 13-cü nəsliyəm. Böyük bir sərkərdənin nəslindənəm.

- Bəziləri də fikirləşirlər ki, özünü qəsdən Müslüm Maqomayevə bənzədirsən...

- Ona bənzədilmək xoşdur. Amma bilsinlər ki, mənim səsim ondan iki ton bəmdir.

- Düşünmürsən ki, bu, özündənrazılıq kimi görünər?

- Qətiyyən. Onu özümə müəllim bilirəm. Müslüm Maqomayev də özünə Tito Qobini, Frenk Sinatranı müəllim bilirdi. Halbuki heç biri ona dərs deməyib. Bu o demək deyil ki, onları yamsılayırdı. O, İtaliyaya təhsil almağa gedəndə soruşmuşdular ki, sən Tito Qobiyə qulaq asırsan? Cavab verib ki, bəli, amma bəhrələnirəm, yamsılamıram.

- Bu sahədə təhsil vacibdir?

- Təhsil mütləqdir.

- Nə əcəb sonradan Bakı Musiqi Akademiyasında təhsil almadın?

- İncəsənət Universitetində də kafedra müdiri Azər Zeynalovdur, eyni dərsi keçirlər.

- Ən sevdiyin əsər hansıdır?

- Bəyəndiyim bir çox əsərlər var. “Melodiya”nı, “Dəniz”i və bir neçə mahnını çox ürəkdən oxuyuram. Müəlliməm Tamilla xanım demişdi ki, o cür mahnıları oxumaq üçün nəyisə görməlisən, hiss etməlisən. Əvvəl də bəzi mahnıları oxuyurdum və düzgün idi. Amma ürəkdən yuxarı idi deyə, insanlara da, özümə də çatmırdı. Müəlliməm dedi ki, sevməlisən, əzab çəkməlisən, qırılmalısan, yıxılmalısan ki, hər şeyi hiss edəsən. Əgər aktyorun başı ağrımayıbsa, heç vaxt çıxıb başağrısını oynaya bilməz.

- Qırılmalar, əzablar oldumu?

- Əlbəttə, oldu və nə yaxşı ki, oldu.

- Vokal ifaçıları var ki, restoranlarda 5-10 manata işləyirlər. Bu, onların öz təqsirləridir, yəni yaxşı musiqiçi olsalar, orada olmazdılar?

- “Yaxşı musiqiçi olsaydılar” demək düzgün deyil. Bu gün ən acınacaqlı vəziyyətdə yaşayanlar musiqiçilərdir. Həyatlarını notlara, düzgünlüyə, ağır musiqiyə veriblər. Klassika həmişə yaşayacaq. Cırıq cins bu gün var, sabah dəbdən düşəcək. Amma kostyum əsrlərlə yaşayır. Bəzi dəyişikliklərlə.

- Korporativ məclislərdə iştirak edirsən?

- Daha elit məclislərə dəvət olunuram.

- Nə əcəb? Yəni bu gün toylarımızda klassik ifaçıya ehtiyac var?

- Mən gedib başdan ayağa klassika oxumuram. Diskoteka da oxuyuram, 6/8 ritmində olan mahnılar da. Amma daha səviyyəli şəkildə təqdim edirəm və daha çox rus dilində oxuyuram.

- Daha çox hansı bölgələrin, ölkələrin məclislərində olursan?

- Adətən Bakıda. Bir də, xarici ölkələrə dəvət olunuram.

- Qonorarın nə qədərdir?

- Konkret qiymət var, amma açıqlaya bilmərəm.

- Efirlərdə az-az görünməyinin səbəbi nədir?

- “Akademiya” yarışmasından sonra dəvətlər həddən artıq idi. Amma seçim edirdim. Sonra o telekanallar məndən küsdülər. İndi düşünürəm ki, yaxşı edib çıxmamışam. Mən nənəmin yanında böyümüşəm və çox gözəl əl qabiliyyətim var. Hətta ikinci peşə seçmək imkanım olsa, aşpaz olardım. Ancaq efirdə yemək bişirmək mənlik deyil. Müğənnisən, get müğənniliyini elə də, gərək yumurta-pomidor bişirəsən? Baxırsan ki, musiqiçidir, konservatoriya bitirib, ağzıyla şar partladır, suya girib-çıxır...

- Şoudur da...

- Mənə o şou-mou çatmır və ona görə də düşünürəm ki, düzgün edib getməmişəm.

- Estrada ifaçılarımızı dinləyirsən?

- Xarici ifaçılara qulaq asıram.

- Bu günün ən dəbdə olan ifaçıları var – Aygün Kazımova, Röya Ayxan. Onları dinləyirsən?

- Radioda eşidəndə dinləyirəm.

- Azərbaycanda solo konsertin olub?

- Olmayıb. Səbəb də maliyyə ilə bağlıdır. Gedib kiməsə deyə bilmərəm ki, salam, mən konsert vermək istəyirəm. Etiraf edim ki, özümün də tənbəlliyim var. Neçə dəfə çox hörmətli maestro Teymur Göyçayev deyib ki, gəl, bir konsert edək. Nəsə alınmayıb.

- Pedaqoji fəaliyyətlə məşğul olmaq fikrin var?

- Universitetə dəvət ediblər, amma pedaqogika mənlik deyil. Çünki çox əsəbiyəm. Müəllim böyük qüvvədir və bütün müəllimlərimə minnətdaram. Elə müğənni var ki, yaxşı oxuyur, müəllim kimi zəifdir. Müəllim burdan deyir ki, “do”nu belə oxu, uşaq da orada banlayır. Elə şeylərə hövsələm çatmaz.

- Biz az da sənin tanınmağında böyük rolu olmuş “Akademiya” layihəsindən və xalq artisti Brilliant Dadaşovadan danışaq. Oradakı iştirakçılarla əlaqələrin varmı?

- O, Azərbaycanda ən bahalı layihə idi. İndi də həm oradakı uşaqlarla, həm Brilliant xanımla yaxşı münasibətlərimiz var. Mən onun favoritiydim. Müsabiqəyə gələndə artıq “Üns” Yaradıcılıq Mərkəzinin solisti idim, Patrisiya Kaasla bir səhnəni bölüşmüşdüm. Azacıq oxudum, Brilliant xanım dedi ki, get. Əvvəlcə elə bildim, qəbul olunmadım. Sonra başa düşdüm ki, birbaşa finala keçmişəm.

- Neçə ildir “Üns” Yaradıcılıq Mərkəzindəsən?

- 8-9 ildir. 18 yaşımdan ordayam. Çox istərdim ki, Azərbaycanda bədii şura yaransın.

- Səncə, o şura ədalətli ola biləcək?

- Dövlət bu işin arxasında dayansa, nəticə mütləq olacaq. Bu yaxınlarda Monteneqroda idim. Kanalların birində “Klip saatı” gedirdi. Elə utandım. Bizdən 20 dəfə geri qalan ölkələrdə elə kliplər çəkirlər ki...

- Ona görə iki klipin var?

- “More” və “Azərbaycan” mahnılarına klip çəkdirmişəm. Az olsun, keyfiyyətli olsun.

- Yeni ifa etdiyin mahnı varmı?

- Eldar Mansurov və Arzu Abbasova mənə mahnı təqdim ediblər. Nailə Mirməmmədlinin “Ürəyim unut” adlı bir kompozisiyasını ifa etmişəm. Dedi ki, neçə nəfərə vermişəm, oxuya bilmirlər. Gəlib baxdım və səhəri gün həmin kompozisiyanı efirdə oxudum. Çox çətin mahnıdır. Harmoniyalar həddən artıq çoxdur.

- Mahnı almağa pul xərcləyirsən?

- Xərcləmirəm, istəmirəm. Mən estrada da oxuyuram. Hərdən eşidirəm, filan məbləğə mahnılar alırlar. O mahnılar mənə lazım deyil. Onlar mənə pul versinlər ki, mahnılarını oxuyum (gülür). Əsl bəstəkardırsa, mahnı almaq olar. Bəziləri “mahnını” telefona yazıb mızıldayırlar, sonra da deyirlər ki, bəstəkaram.

- İndiyədək neçə ölkədə olmusan?

- 20-yə yaxın. İndi Azərbaycanı dünya tanıyır. İdmanımız, musiqimiz inkişaf edir. Amma ümumi işə kölgə salanlar var ki, onlar təmizlənməlidirlər. Biz az vicdanlı olmaq, işə məsuliyyətlə yanaşmaq lazımdır.

- Subaysan...

- Evlənmək fikrim yoxdur. 30 yaşa qədər bərkiməlisən, ayaq üstə düzgün durmalısan. İncəsənət adamı adi insanlardan bir qədər fərqlənir. Məsələn, mən günorta fəaliyyət göstərə bilmirəm, gecələr daha çox işləyirəm. Çünki ətraf mühit mənə pis təsir edir, axşam şəhər sakit olur.

- Sosial şəbəkələrdə varsan?

- “Twitter”dən başqa bütün sosial şəbəkələrdə varam.

İntiqam VALEHOĞLU

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>