Zamirə Dadaşova: “Toy “priçoska”ları edib efirə çıxırlar”
Bizi izləyin

Tabloid.az

Zamirə Dadaşova: “Toy “priçoska”ları edib efirə çıxırlar”

“Space” telekanalının aparıcısı Zamirə Dadaşovanın Publika.az-a müsahibəsi

- Zamirə xanım, son illər ard-arda bir neçə faciə ilə üzləşdiniz. Sonuncu hadisədə isə övladınız dünyasını dəyişdi. İndi isə iş məhkəmədədir. Doğrudanmı, hesab edirsiniz ki, övladınızı itirməyinizdə əsas günahkar məhkəməyə verdiyiniz 2 saylı qadın məsləhətxanasının həkimləridir?

- Hadisə 2011-ci il iyunun 1-də olub. Ondan əvvəl qadın məsləhətxanasında sahə həkimi Sona Aslanovaya müraciət etmişəm, müayinələrdən keçmişəm, hətta ayda bir dəfə, lazım olduğu halda iki dəfə getmişəm. Bütün analizlərin kağızları məndədir. Həkim bildirdi ki, hər şey qaydasındadır. İyunun 1-də özümü pis hiss etdiyimə görə Perinatal Mərkəzə yerləşdirilmişəm, iyunun 2-də övladım dünyaya gəlib, bir gün sonra dünyasını dəyişib. Övladım dünyaya gələndən sonra vəziyyətim daha da ağırlaşdı, çəkim 100 kiloya qalxdı, bütün orqanlarımın fəaliyyətində ciddi problem yaranmışdı. Xəstəxanada yaxınlarıma demişdilər ki, bundan əlinizi üzün. Ən pisi o idi ki, cəmi bir gün yaşamış uşağımın üzünü də görmüşdüm. Hadisədən bir müddət sonra düşündüm ki, bu həkim cəzasız qalmamalıdır. Amma o vaxta qədər işin içində cinayət əməlinin olduğunu bilmirdim. Məqsədim mənə dəyən mənəvi ziyanı ödədərək təsəlli tapmaq idi.

- 2 saylı qadın məsləhətxanasını məhkəməyə vermişdiniz...

- 2 saylı qadın məsləhətxanasını Yasamal rayon Məhkəməsinə verdim. Ancaq maddi ziyan tələbi qoydum. Məhkəmə prosesində tibbi və texniki ekspertiza təyin olundu. Texniki ekspertiza zamanı bəlli oldu ki, məsləhətxanada xəstəxanaya göndəriş jurnalının 21 və 27-ci səhifələrində dəyişiklik olunub. Bu, artıq sənəd saxtakarlığıdır. Tibbi ekspertiza isə bildirdi ki, vaxtında düzgün müayinə olsaydı, uşaq ölməzdi və mən də bu vəziyyətə düşməzdim. Yasamal Rayon Məhkəməsi bütün bunlara qiymət vermədi. Vəsatət qaldırdım ki, xüsusi qərar çıxarılsın və iş baxılması üçün prokurorluğa göndərilsin. Vəsatətim təmin olunmadı. Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnamənin qərar hissəsində göstərilirdi ki, uşaq ana bətnində ölüb. Halbuki uşağım bir gün yaşamışdı, üzünü də görmüşdüm. Bunun üçün epikriz, ölüm səbəbləri var. Məhkəmə işlə tanış olmamış, ölüm faktını araşdırmadan qarşı tərəfin xeyrinə qərar çıxardı. Doğrusu, bu qərardan sonra bir qədər ümidsizləşdim və düşündüm ki, digər məhkəmələr də ədalətsiz qərar çıxarar. Buna görə ölkə rəhbərliyinə müraciət edərək, işə ədalətli baxılması üçün xahiş elədim. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verdim və işə ədalətli baxıldı. Cinayət işi açılmasa da, günahkar tərəf maddi və mənəvi ziyana görə 9500 manat cərimələndi. Amma bu, mənim xərclədiyimdən qat-qat aşağı idi. Bundan 3 dəfə artıq pul xərcləmişdim. Amma ən azı, mənəvi rahatlıq tapdım. Buna görə cənab prezidentə təşəkkürümü bildirirəm.

- Ali Məhkəməyə kasasiya şikayətini qarşı tərəf vermişdi?

- Ondan sonra qarşı tərəf Ali Məhkəməyə kasasiya şikayəti verdi və qərar qüvvədə saxlanıldı.

- Amma mətbuat yazırdı ki, qarşı tərəf 13 min manat cərimələnib.

- Mətbuat yanlış yazmışdı. 13 yox, 9500 min manat cərimələnmişdilər.

- Bu qərardan razısınız, yoxsa növbəti addımı atmaq fikriniz var?

- Çox istərdim ki sənəd saxtakarlıqlarına, yanlış müayinə nəticəsində övladımı itirdiyimə görə cəzalarını çəksinlər. Ali Məhkəmənin qətnaməsini alandan sonra, ola bilsin ki, cinayət işinin açılması üçün prokurorluğa müraciət edəm. İnanmıram ki, prokurorluqda kimsə sənəd saxtakarlığına göz yumsun.

- Bütün bunlar iş həyatına, karyeranıza necə təsir elədi?

- Təbii ki, çox pis təsir elədi. Amma həyat davam edir. Övladlarıma, ailəmə görə yaşamağa dəyər. Ondan bir neçə il əvvəl də 6 nəfər yaxınımı - anamı, bacımı, qardaşımı və bacımın üç övladını itirmişdim. Ardınca övlad itkisi də yaşamaq...Yaşadıqlarımı izah edə bilmərəm.

- Bu yaxınlarda aparıcısı olduğunuz “Hər həftə” informasiya proqramından ayrıldınız. Səbəb nə idi?

- Ola bilsin, yeni layihəyə başladım. Belə qərar verdik ki, yeni bir layihədə özümü sınayım.

- Bu da xəbər proqramı olacaq, yoxsa əyləncəli veriliş?

- Heç vaxt özümü əyləncə sahəsində görməmişəm. 20 ildir televiziyadayam və xəbər sistemindən çıxmamışam. Heç bir əyləncəli proqramda işləyə bilmərəm. Amma ola bilsin ki, qadınlara aid veriliş aparam.

-Telekanalların simaları olmalıdır. Amma Azərbaycanda aparıcılar tez-tez iş yerlərini dəyişirlər. İndiyə kimi cəmi iki iş yeriniz olub...

-11 il dövlət televiziyasında işləmişəm, sentyabrın 1-də də “Space”də işə başlamağımın 8 ili tamam oldu. İş yerimi tez-tez dəyişməyi sevmirəm. AzTV-dən çıxıb, “Space”ə gəldiyim müddətdə çox təkliflər olmuşdu.

- İndi də var həmin təkliflər?

- Artıq mən heç bir telekanala getmək istəmərəm və təklif də gözləmirəm.

- Bu faktdır ki, AzTV məktəbdir. Amma niyə o məktəbi keçənlərin əksəriyyəti başqa yerlərdə çalışsalar da, orda qoyulmuş çərçivələri aşa bilmirlər. Məsələn, siz deyirsiniz ki, əyləncəli veriliş apara bilmərəm. Səbəb nədir?

- Bəlkə də, səbəb elə dediyiniz həmin çərçivədir. Biz belə öyrəşmişik. İndi xəbər aparıcılarına baxıram, şou göstərirlər, özlərini nümayiş etdirirlər. Xəbər aparıcısı xəbər çatdırmalıdır. Efirə uzun sırğalar taxırlar, zərli paltarlar geyinirlər. Xəbər xəbər olmalıdır və tamaşaçının diqqətini yayındırmamalısan. Aparıcı xəbəri oxuyursa, tamaşaçının fikri onun sırğasında, zəncirində qalmamalıdır.

- Onda kosmetika da lazım deyil. O da diqqət çəkir.

- Efir makiyajı lazımdır. Toy “priçoska”ları edib efirə çıxırlar. Bu, qətiyyən doğru deyil.

- “Space”də belə aparıcılar var?

- (gülür) Onu tamaşaçılar deyə bilər. Amma mən özüm elə deyiləm.

- Son illərin xəbər aparıcılarından kimləri bəyənirsiniz?

- Nəsimi Nəbizadə mükəmməl aparıcıdır və hər bir vəziyyətdən çıxır. Efirdə bir “brak” olan kimi aparıcıların çoxu özünü itirir. Ya kameraya baxır, ya rejissor otağına. Biz efirə canlı çıxırdıq və hər an prezident sərəncamı gələ bilərdi. Mətnlə tanış olmadan onu tamaşaçıya çatdırırdıq. İndi hansı aparıcının qarşısına tanış olmadığı xəbəri qoysan, üzündən oxuya bilməyəcək. Bir də, əksəriyyəti xarici adları səhv deyirlər.

- Bəs ləhcələr?

- Ləhcələrdən danışmayın, dəhşətdir. Amma yetərincə peşəkar aparıcılarımız da var. Lalə Azərtaşı, Samirə Mustafayevanı, Günay Yelmarqızını bəyənirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm