Rasputinin lənətlədiyi QRUP
Bizi izləyin

Tabloid.az

Rasputinin lənətlədiyi QRUP

Bobbi Farel, Liz Mişel, Marsiya Barret, Maiza Viliams və Klaudio Barridən ibarət möhtəşəm beşlik… 70-80-ci illərin əfsanəvi pop musiqi qrupu olan “Boney M”in çox maraqlı yaranma tarixi var. Belə ki, 1974-cü ildə alman musiqiçisi bəstəkar Frank Farian tərəfindən bəstələnən “Baby Do You Wanna Bump” adlı mahnı “Boney M” qrupu adı altında yayılır və məşhurlaşır. Mahnının səsləndiyi Hollandiya televiziyaları qrupu canlı verilişlərə dəvət etmək istəyir. Belə olan halda, mövcud olmayan bir qrup var olmaq məcburiyyətində qalır. Yəni qrup məcburi şəkildə yaradılır.

“Daddy Cool” başda olmaqla, “Felicidad”, “Rasputin”, “Sunny”, “Holiday” kimi hit mahnıları ilə XX əsrin ikinci yarısında pop musiqisinin nostalgiyasını yaratdılar. İkinci və ən məşhur mahnıları olan “Daddy Cool” çox tez bir zamanda böyük bir coğrafi məkanı fəth etdi. Beş həftə müddətində şöhrəti Almaniya, Hollandiya, İngiltərə və s. yerlərə yayılan “Boney M” qrupu dünya musiqi tarixində öz sözünü dedi. Qrupun albomları ən çox satılan albomlar sırasında olub. “Disko əfsanəsi” adlandırılan bu qrupun bir nömrəli hitləri olan “By the Rivers of Babylon” ve “Mary's Boy Child” dövrünün ən çox satılan valları sırasında olduğu üçün “Ginnesin Rekordlar kitabı”na düşüb.

Bobbi Farel qrupun tək kişi ifaçısı idi. O, üçillik dənizçilik xidmətini başa vurub bir müddət Norveçdə yaşayır, daha sonra isə musiqi kariyerasına başlayacağı Niderlanda köçür. Dünya şöhrətini isə o, istedadını nümayiş etdirmək üçün ən əlverişli meydan olan Almaniyaya köçəndən sonra qazanır.

Bobbinin musiqi duyumu, istedadı, ekzotik rəqsi auditoriya tərəfindən çox tez qəbul olundu və sürətlə yayıldı. Musiqiyə böyük sevgisinə və ritm duyumuna baxmayaraq, səhnəyə ilk dəfə yalnız rəqqas kimi çıxır – oxumağı düşünmür. Konsertlərin birində o, canlı ifa edir və 1981-ci ildə qrupdan ayrılaraq solo ifa etməyə başlayır. İctimaiyyət isə onu qrupdan xaricdə təsəvvür belə etmək istəmir. 1985-ci ilin əvvəllərində qrupun prodüseri Frank Bobbini yenidən “Boney M”ə qaytarır. Gələcəyin dünyaşöhrətli Bobbisi öz solo kariyerasını da davam etdirir və 2010-cu ilə qədər öz möcüzəli səsi və rəqsi ilə heyranlarının qəlbindəki yerini kimsəylə paylaşmır.

Ölümündən bir az əvvəl yazdığı “Bambo song” adlı son mahnısı Yaponiyada böyük uğur qazanır.

Ömrünün son illərini Amsterdamda yaşayan Bobbi Farel Sankt-Peterburqda qastrolda olarkən 2010-cu il dekabrın 29-dan 30-na keçən gecə “Ambassador” otelində infarktdan vəfat edib.

Qrupun əsas ifaçısı olan Liz Mişel Yamaykada anadan olsa da, sonralar ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Uşaq vaxtlarından öz səsini sınayan Mişel 1969-cu ildən etibarən professional musiqi ilə məşğul olmağa başlayıb. O, bir neçə musiqi kollektivi ilə çalışdıqdan sonra 1976-cı ildə Frank Fariandan aldığı təklifi dəyərləndirərək məşhur “Boney M” qrupunun solisti olur. Valların satış sayı Böyük Britaniya və başqa ölkələrdə “Ginnesin Rekordlar kitabı”na düşəcək qədər artır. “Boney M” artıq brendə çevrilir.

Qrupunun digər üzvü Marsiya Berret də Yamaykada San-Katerin şəhərində anadan olub. Musiqi ilə uşaq vaxtından məşğul olan Marsiya aktrisa kimi də sevilirdi.

“Boney M”in üzvlərindən biri də model, rəqqasə, müğənni Uilyams Meyzi olub.

Musiqi mətnləri yazarı və aktrisa Klaudiya Barri də solo fəaliyyətini dayandırdıqdan sonra “Boney M” qrupuna qatılır. O qrupu tərk etdikdən sonra Meyzinin təklifi ilə Liz Mişel onunla əvəzlənir.

70-ci illərin əsrarəngiz qrupunun əsrarəngiz ifaçısı olan Bobbi Farelin ölümü ilə bağlı maraqlı bir fakt var. Belə ki, o, qrupun hitlərindən olan “Rasputin” mahnısının qəhrəmanı rus keşiş Rasputinin öldüyü şəhərdə və elə öldüyü gün 61 yaşında vəfat edir. Elə həmin gündən Bobbi öz heyranlarının ürəyindəki yerini əbədiləşdirdi. Sözügedən hit 1978-ci ildə ən çox bəyənilən üç mahnıdan birinə çevrildi.

“Boney M” elə Bobbidən ibarət idi, onunla da öldü…

Frank Farianın prodüserlik etdiyi, Bobbi Farelin aparıcı rol oynadığı “Boney M” qrupunun təsiri bu gün də bəzi müğənnilərdə hiss olunmaqdadı ki, bu da təbiidi. Məşhur Amerika müğənnisi Leydi Qaqa “Poker face” hitini məhz “Boney M”in “Ma baker”inin təsiri ilə ifa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm