Taysonun düşməni, adı qadın alverində hallanan məşhur aktyorun HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Tabloid.az

Taysonun düşməni, adı qadın alverində hallanan məşhur aktyorun HƏYAT HEKAYƏSİ

O, canlı əfsanədir. Onun aktyorluq rekordunu indiyədək kimsə qıra bilməyib.

Rollarına görə 10 kilodan artıq kökəlib və arıqlayıb, dişlərini yonub, burnunu sındırıb, taksi sürücüsü işləyib, boksçu olub, saksofonda ifa etməyi öyrənib. Ən əsası, dünyaya hər yaşda dəyişməz qalan əsil kişi obrazını nümayiş etdirib.

Beləliklə, bugünkü “Bizim tərcümə” layihəsində elə Hollivudun xarizmatik aktyoru Robert De Nirodur.

“Mənə elə gəlir, insanlar nəinki planetin iqliminə, hətta zamana da nəsə edib. Siz hiss etməmisiniz? İndi 10 il sanki 3 il kimi keçir”

Robert De Niro italyan-irland əsilli rəssam, heykəltəraş və şair oğludur. Ona görə də aktyorda incəsənət qabiliyyətləri anadangəlmədir. De Niro soyadı aktyorun əcdadlarının yaşadığı İtaliyada yerləşən Niro şəhərindən götürülüb.

Aktyorun 2 yaşı olarkən onun Nyu-Yorkun məşhur ziyalılarından olan valideynləri münasibətlərə aydınlıq gətirmədən qalmaqalsız, dava-dalaşsız boşanıblar. Səbəb bu günədək də sirr olaraq qalır.

Robert uşaqlığını Nyu-Yorkun italyan məhəllələrində keçirib. O, ən avara uşaqlarla dostluq edib.

Arıq və solğun olduğu üçün Robertə “Südlü Bobbi” deyərdilər. Elə həmin vaxtlar gənc oğlan məktəb teatrında “Oz ölkəsinin sehrbazı” (Wizard of Oz) səhnəciyində Qorxaq Şir rolunu canlandırıb.

Robertin anası isə işin çoxluğundan oğluna vaxt ayırmayıb. Oğlunu yalnız maliyyə cəhətdən təmin edib. Robertin özü isə ana qayğısından məhrum olduğu üçün iztirab çəkib.

Gənc Bandit

Robert De Niro gənc yaşlarında kiçik, amma üzvlərinin sayı günü-gündən artmaqda olan bandaya qoşulur. Gələcəyin aktyoru olan De Niro yöndəmsiz və zəif olsa da, özünü müdafiə edə bilirdi. Bəzənsə, səbəbsiz yerə özündən çıxaraq dava salardı.

Günlərin birində banda üzvləri növbəti xuliqanlıq edərkən Robert De Niro çiynində kiminsə əlini hiss etdi. Onun yaxasından tutub özünə tərəf dartan adam elə öz atası idi. Həmin an Robert anladı ki, belə avara həyat onluq deyil. Elə yaxşı ki, anladı. Sonrada bütün banda üzvləri həbsxanaya salınacaqdı.

İstedadlı avam

“Mənim yaddaşım çox pisdir, lakin bunu mənə xatırladanda əsəbiləşirəm”.

On yeddi yaşının tamamında orta təhsil haqqında şəhadətnaməsinin olmadığı ortaya çıxdı. Ən pisi, onda valideynlərində olan rəssamlıq qabiliyyəti də yox idi. Banda həyatında yenidən qayıtmaq haqqında isə söhbət gedə bilməzdi. Amma Robertin müəllimləri məktəb səhnəciklərinə görə daim onu tərifləyirdilər. Əlindən heç bir iş gəlməyən oğlan da seçim qarşısında qalanda Robert bu təriflərdən ilhamlanaraq aktyorluq məktəbinə getməyə qərar verir.

Pasport aldıqdan sonra Robert De Niro Fransaya yollanaraq 1965-ci ildə “Manhettendə 3 otaq” adlı ilk filmində çəkilir. Onu da qeyd edək ki, aktyora bir zaman pornofilmləri ilə məşhur olan rejissor Şelli Uinters himayədarlıq edirdi.

Martin Skorseze

Robert De Nironun aktyorluq məharəti getdikcə inkişaf edirdi. Nəticədə o, özünü bu dəfə Hollivudda sınamağa qərar verir. Aktyorluğa yeni başlayan Robert De Niro Nyu-York aktyorluq məktəbinin məzunu Martin Skorseze ilə tanış olur. Məlum olur ki, gənc oğlanlar hətta, eyni məhlədə böyüyübmüşlər. Gənc yaşlarında Martin və Robert bir-birini ötəri tanıyırdı, lakin yaxından tanışlıqdan sonra aktyor və rejissor arasında əməkdaşlıq və dostluq bağları daha da möhkəmləndi. De Niro Skorsezenin 6 filmində çəkilir və bu filmlər dünya kinosunun şedevrləri hesab olunur.

Xaç atası

Frensis Koppola “Xaç atası” filminin ikinci hissəsində yer alan Vito Karleonenin gəncliyini oynamaq üçün layiqli ifaçı axtarırdı. Rejissor son seçimini De Niro üzərində etdi. De Niroda təbiilik və impulsivlik vardı. Elə bu xüsusiyyətlərə görə onu rola seçdilər.

“Xaç atası-2” ( The Godfather: Part II ) filmində ifasına görə Robert De Niro “Oskar” mükafatına layiq görüldü və ona “ikinci Marlon Brando” adı veril di. Həqiqətən də, onlar zahirən olmasa da, daxilən bir-birinə çox bənzəyirlər. Qarşısındakı qəhrəmanı instinktiv anlamaq və ona uyğun şəkil almaq aktyorların əsas işi idi.

“Xaç atası” filmindən sonra kino cəmiyyətinə bir şey aydın olur: Hollivud səmasında yeni bir ulduz parlayır. Robert öz rolunu gözəl ifa etməklə yanaşı, Vito Karleone rolunu italyanca da səsləndirir. Bu azmış kimi, o, filmdə istifadə etmək üçün Siciliya dialekti üçün səciyyəvi olan 20-ə yaxın söz öyrənir.

İki ildən sonra Robert De Niro “Taksi sürücüsü” ( Taxi Driver ) və “Maral ovçuları” (The Deer Hunter ) filmində çəkilir. “Taksi sürücüsü” filminə çəkilməzdən əvvəl o, rolunu daha yaxşı canlandırmaq üçün bir neçə həftə taksi sürücüsü işləyir. Və iki ekran əsəri Amerika kino akademiyasının “Oskar” mükafatına layiq görülür.

Qızğın kəl

Martin Skorseze 1980-ci ildə lentə aldığı “Qızğın kəl” ( Raging Bull ) filminin çəkilişlərinə az qalmış Roberti də aktyor kimi dəvət edir. Filmə görə Robert De Niro düz 30 kilo kökəlməli olur və dünya rekordunu təzələyir. Yeni görkəmi Robertə başqa bir tərəfdən də kömək edir. Onun səyləri nəticəsiz qalmır və de Niro ikinci “Oskar” mükafatını qazanır.

Qara xətt

Uğur dalınca uğur qazanan Robert sonda qırılma xəttinə yaxınlaşır. Adətən, bir çox Hollivud aktyorlarında elə belə olur: başgicəlləndirən şöhrətdən sonra qəfil uğursuzluq. 1990-cı illərin ortalarına qədər 5 il müddətində Robert 15-dən artıq filmdə çəkilir. Lakin bu kinolentlər tamaşaçılar tərəfindən ya etirazla qarşılanır, ya da ki, görməzlikdən gəlinir. Lakin sarsılmaz aktyor, məğlubiyyəti ilə barışmır və öz üzərində çalışmağa davam edir.

Yeni əsrin başlanğıcında Robert De Niro tamaşaçılar tərəfindən yaxşı qarşılanan bir sıra filmlərə çəkilir. Filmlərdə daima qanqster və mafiya üzvü kimi çıxış edən Robertin komediya filmlərində də iştirak edir. Robert özünü hətta “Gizlənpaç” ( Hide and Seek ) trillerində də sınayır.

Şəxsi həyatı

Karyerasından fərqli olaraq, Robert De Nironun şəxsi həyatı heç də “yağ kimi” getməyib. Əks cinsin nümayəndələri ilə münasibətlər ya alınmır, ya da çətinliklə baş tuturdu. Münasibətlərdə baş qaldıran uğursuzluğun səbəbi bir idi: məşhur aktyoru uşaqlıqdan izləyən kompleks. Anasının kişiləri daim əlcək kimi dəyişməsi Robertin hafizəsinə həkk olunmuşdu.

“Biz getdikcə ünsiyyət qurduğumuz insanlara oxşamağa başlayırıq. Öz ətrafınızı düzgün seçin – biz nə qədər unikal olsaq da, onlar bizə yenə də təsir edir”.

1976-cı ildə Robert aktrisa Dayana Ebbotla evlənir. Bu, bir çoxları üçün gözlənilməz olur. Çünki aktyor gələcək arvadı ilə 3 il birgə yaşadığını və sevgi münasibətlərini məxfi saxlaya bilmişdi. Lakin cütlük bir neçə ildən sonra boşanmalı olur.

Növbəti illərdə də Robert şəxsi həyatını məxfi saxlamağa cəhd edib. 1992-ci ildə Robert De Niro məşhur modelyer Naomi Kempbell ilə 2 il müddətində sevgili olub. O zaman Naominin 22, Robertin isə 49 yaşı vardı. Aralarındakı yaş fərqi cütlüyü utandırmırdı. Maraqlı fakt ondan ibarətdir ki, Naomi Robertə qədər boksçu Maykl Taysonla görüşürdü. Necə deyərlər, Robert qızı Mayklın əlindən almışdı.

1997-ci ildə Robert qaradərili stüardessa Qreys ilə evlənir, lakin bu izdivac da bir neçə ildən sonra pozulur. De Nironun daimi xəyanətləri və onun sarı mətbuatda işıqlandırılan sevgi romanları bu izdivacı məhv edir.

“Depressiyanı sevirəm və onu gülər üzlə qarşılamaq lazımdır. Onda depressiya sizin başdanxarab olduğunuzu zənn edib qaçacaq!”

1999-cu ildə aktyor Paris hava limanında səhvən saxlanılaraq beynəlxalq fahişəlikdə ittiham olunub. Maraqlısı budur ki, Robert bu səbəbdən “Nyu-York bandası” filmində çəkilməkdən imtina etməli olub. Çünki çəkilişlər Fransada aparıldığı üçün ölkəyə buraxılmayıb.

2006-cı ildə Robert uzun müddətdən sonra İtaliya vətəndaşlığını qazanır. Həmin vaxtadək ölkənin o zamankı baş naziri Berluskoni onun italyan vətəndaşı olmasına etiraz edirdi. İş ondadır ki, Robert filmlərdə italyan mənşəli amerikalıların cinayət həyatını və qanqsterlərin məişətini nümayiş etdirir...

Robert De Niro restoranda çaypulu qoymağı sevmir. Bəzən isə o, ofisiant, sürücü, fəhlə əməyinə görə qəpik-quruş verir.

Qızlardan ibarət Britaniya “Bananarama” pop-qrupunun “Robert De Niro’s Waiting” mahnısını eşidən Robert qrup üzvləri ilə görüşmək istəyir. Lakin qızlar kino aktyorunu gözləyərkən çox içirlər. Beləcə, onların görüşü baş tutmur....

Robert həmçinin kolleksiyaçıdır. O, çəkildiyi filmlərdə geyindiyi kostyumları toplamaqla məşğuldur. Onun kolleksiyasında 2600 kostyum və 500 aksessuar var.

Robert De Niro heç vaxt öz filmlərini sonadək izləməyib.

“Mən öz çəkildiyim filmlərə baxmağı sevmirəm. Adətən, mən o filmlərdə yatıram...

Teatra getməyi sevirəm. Orada məni heç kim narahat etmir. Məni hətta orada çox vaxt da tanımırlar

Robert indiyədək filmlərə çəkilməyi davam etdirir. O, daha çox komediya janrlı filmlərdə çəkilməyə üstünlük verir.

Altı uşaq atası olan Robert uşaqların onun həyatında önəmli yer tutduğunu deyib. Komediya filmlərində çəkilməklə o, daha çox uşaqların üzündə təbəssüm yaranmasına səbəb olmaq istəyir.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm