Xalq artistindən şok etiraf: “Oğlanlarımın yanında xəcalət çəkirəm” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xalq artistindən şok etiraf: “Oğlanlarımın yanında xəcalət çəkirəm” – FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim Sumqayıt Teatrının aktyoru, çoxumuzun Moşu kimi tanıdığımız xalq artisti Valeh Kərimovdur. Sözün düzü, mən onu əvvəllər yumor hissi güclü olan, deyib-gülən, şən-zarafatcıl bir insan kimi təsəvvür edirdim. Sən demə, zənnimdə yanılmışam. O heç də göründüyü kimi deyil. Bunu özü də təsdiq etdi.

Söhbət əsnasında onu daha yaxından tanımağa çalışdıq.

- Sizə “Moşu” deyə müraciət edəndə xoşunuza gəlir, yoxsa əsəbiləşirsiniz?

- Sözün deyilmək tərzi var da. Bir qrup insanlar var ki, adımı bilmədiyi üçün, bəziləri də sevdiklərindən belə müraciət edirlər. Amma lağlağı ilə məni "Moşu" deyə çağıranlar var. Əlbəttə, kinayə olunanda insanın qəlbinə toxunur. Aktyorlar incə məxluqlardır axı. Gizlətmirəm, məni “Moşu” deyə çağıranda bəzən xətrimə dəyir.

- İnanmıram kimsə kinayə eləsin, məncə, bu, sevgidən doğur. Çünki elə mən özüm də, az qala, sizə “Moşu müəllim” deyə müraciət edəcəkdim. Hələ bir deyin görək, “xoşbəxtlik” sözünə qafiyə tapmısınızmı?

- Axtara-axtara gəlib çıxmışam bu yaşa, hələ ki, tapmamışam. Filmdə Moşu necə ki, “xoşbəxtlik” kəlməsinə qafiyə tapa bilmədi, bu obrazı ekranda yaradan Valeh Kərimov da həyatında xoşbəxtliyi axtara-axtara qaldı.

- Yəni “xoşbəxtlik” sözünə qafiyə tapmaq belə çətindir?

- Çox çətindir. Çünki xoşbəxtlik əbədi olan bir şey deyil. Xoşbəxtlik anlarda, dəqiqələrdədir. Bir arzuna çatırsan, dünyanın xoşbəxti sayırsan özünü. Ya hansısa arzuna çatmayanda deyirsən ki, dünyada məndən bədbəxt adam yoxdur. Mənim də həyatımda xoşbəxtlik anlarla gəlib-gedib. Əslində, cavanlıqda çox olub o anlar. Yaşa dolduqca insanın xoşbəxt olmaq duyğusu getdikcə azalır. Bu, insanda təəssüf hissi doğurur.

- Bu duyğuları bəs nə əvəzləyir?

- Qorxu, məyusluq, həyəcan…

- Bu duyğular nəylə bağlı olur? Maraqlıdır, sizi qorxudan, məyus edən nədir?

- Hər şeylə bağlı. Fikirləşirsən ki, mən ömrümü yaşamışam, elə vaxtında getsəm yaxşıdır. İnsan pis günləri, əzizlərinin-doğmalarının itkisini görmək istəmir. Yaşa dolduqca da istər-istəməz bunlar qaçılmaz olur. Pis günlər, itkilər mütləq ya səni haqlayır, ya da əzizlərini. Doğma insanın itkisinə tab gətirmək dəhşətdir.

- Sizi hər zaman komik obrazlarda görürük. Bəzən deyirlər ki, “gülənin min dərdi, ağlayanın bir dərdi”… Daxilən, xaraktercə necə bir insansınız, oynadığınız obrazlara bənzəyirsiniz?

- Göründüyümün əksinə olan bir insanam. Oynadığım film və tamaşalardakı rollarıma qətiyyən bənzəmirəm. Lal-dinməz, qaraqabaq, şənlənməyi bacarmayan, deyib-gülməyi xoşlamayan bir adamam.

- Belə demək mümkündürmü, içinizdəki kədəri, o qaradinməzliyi oynadığınız rollarla kompensasiya etməyə çalışırsınız?

- Tamamilə doğrudur. Mən səhnə və çəkiliş meydançasında olanda bir neçə saatlığa da olsa, özümü unuduram və bambaşqa bir həyatın ləzzətini yaşayıram. O anda bütün problemlərimi də unuduram, dərd-sərimi də. Yaşadığım həyatdan aralanıram. Amma bu xoşbəxtlik səhnədən aralandığım vaxta qədər davam edir. Yenə oluram əvvəlki qaradinməz, qapalı adam. Çox adam məni başa düşmür, onlara elə gəlir ki, ədabazlıqdan heç kimlə danışmıram, guya özümü çəkirəm, təkəbbürlüyəm. Yox, sadəcə xarakterim belədir. İnsanlarla ünsiyyətim çətin alınır...

- Adam var, ömrünün yarıdan çoxu keçib, amma hələ də deyir ki, özümü tanıya bilmirəm. Siz necə, özünüz-özünüzü yaxşı tanıya bilirsinizmi?

- Yox, yox, mən özümü gözəl tanıyıram. Çox gərəksiz, lazımsız bir insanam. Həqiqi sözümdür e, zarafat kimi qəbul etməyin. Sizə qəribə də gəlsə, özümdən bədgümanam.

- Axı niyə özünüzə belə qəddarcasına yanaşırsınız?

- Başqaları ilə dil tapa bilmirəm, insanlarla ünsiyyət qura bilmirəm. Həyatda çətinlik çəkirəm. Yaşamaq mənim üçün bəzən çox çətin, hətta əzablı olur. Hətta bəzən, bəzən yox e, həmişə dərdimi insanlardan gizlədirəm, özümə qapılıram.

- Siz məni lap maraqlandırdınız, nə mane olur axı sizə?

- Çox şey. Bax indi mənim 70 yaşım var, amma kiməsə ağız açmağa utanıram. Bir problemim olanda onu heç kimə deyə bilmirəm. Baxıram məndən qat-qat cavan insandır, fikirləşirəm ki, gedib ona ağız açsam, sözümü yerə salsa, biabır olaram. Belə-belə hər şey üst-üstə yığılır və bir gün içimdə partlayış olur.

- Niyə belə düşünürsünüz, bəlkə, elə problemlərinizi həll edəcəklər. Olmaya sözünüzü çox yerə salıblar?

- Çox olub. Özü də öz işimə görə ağız açmağı xoşlamıram e. Övladlarıma görə bu addımı atmalı oluram. Oğlanlarıma görə ağız açmaq istəyirəm. İşsizdirlər, oturublar pulsuz-parasız. İnsan yalnız özü ilə xoşbəxt olmur axı. Gözünün qabağında övladın əziyyət çəkirsə, pulsuz-parasızdırsa, ailəsini dolandıra bilmirsə, ata necə xoşbəxt ola bilər?

- Yadımdadır ki, bir dəfə müsahibələrinizin birində uşaqlarınıza görə xəcalət çəkdiynizi demişdiniz…

- Əslində, mən demişdim ki, çətinlik içərisində yaşadıqlarına, işsiz olduqlarına görə əziyyət çəkən uşaqlarımın yanında xəcalət çəkirəm. Götürüb başlığa yazmışdılar ki, Valeh Kərimov oğlanlarına görə xəcalət çəkir. Şükür Allaha, narkoman, alkaş deyillər ki, oğlanlarıma görə xəcalət çəkim. Onda çox hirslənmişdim. Ağıllı uşaqlardır, amma yaşamaq üçün pul da lazımdır axı.

- Oğlanlarınız işləmir ki?

- Yox, bir oğlumun iki uşağı var. O gün oturub mənimlə söhbət edir, az qalır ağlasın ki, ata, 165 manat məvaciblə mən uşaqlarımı necə dolandırım? Ata kimi elə bil başıma qaynar su tökürlər. Adamlar var e, üzünə salıb qapıları təpiklə açır. Xarakteri dəyişmək olmur, mən belə yaranmışam. Mən yalnız yuxuda bu fikirlərdən azad oluram, oyaq vaxtlarımda yenə oluram həmin məyus insan. Əslində, bədbin adam deyiləm e, amma özümlə bacarmıram.

- Uşaqlarınızın işsiz olmasına görə siz niyə utanırsınız axı, müstəqil insanlardır, iş tapıb işləsinlər də...

- Necə utanmayım, gəlib deyir ki, filankəsin atası uşağını filan yerə işə düzəltdi, səni də hamı tanıyır, xalq artistisən, xahiş etsən, biz də yaxşı işə düzələ bilərik. Qalıram pis vəziyyətdə. Buna görə də son aylar, son günlər yalnız uşaqlarıma görə narahatlıq hissi keçirirəm. Bu qayğılar səhhətimə də pis təsir edir. Prezident təqaüdü alıram və birtəhər onları dolandırıram. Amma yarım saatdan sonra məni infarkt vursa, onların vəziyyəti necə olacaq, bu məni üzür.

- Dərdinizi kiminlə paylaşırsınız?

- Heç kimlə. İndi siz də məni danışdırdınız, danışdım. Kimə deyim e dərdimi, kimsə qulaq asır, ah-uf edir, amma nə fayda? Buna görə də kiminsə əhval-ruhiyyəsini niyə qaraldım axı?

- Bu əhvali-ruhiyyə ilə çalışmaq yaradıcı insan kimi çətin olmur sizə?

- Yox, yaxşı ki, sənət aləmi var, teatr var. O olmasa, çoxdan ölərdim. 46 ildir Sumqayıt Teatrında oynayıram, şükür Allaha, rollarım da var. Mən səhnədə olanda dərd-sərim də yadımdan çıxır.

- Maraqlıdır, hazırda necə bir obrazda oynamaq istərdiniz?

- Çox faciəli, dramatik rollarda oynamaq istərdim. Cavanlıqda çox oynamışam belə rollarda. Komik rollar daha məni cəlb eləmir. Özümü oynamaq istəyirəm. Və dramaturqlardan gözəl əsərlər gözləyirəm, özümə uyğun rolların mənə təqdim olunacağına ümid ediərm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm