Gülüstan Əliyevadan şok etiraf: “Buna görə məni işdən çıxardılar” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gülüstan Əliyevadan şok etiraf: “Buna görə məni işdən çıxardılar” - FOTOLAR

Bir neçə ay bundan öncə anasını itirən əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva sənətində fasilə verməyəcəyini deyib.

Publika.az-a danışan sənətçi hazırda yeni mahnılar üzərində çalışdığını və opera səhnəsində yeni tamaşalara hazırlaşdığını deyir: “Anama görə depressiya yaşadım. Bu itkinin ağırlığını, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Ana itkisi yaşayanlar mənim nə çəkdiyimi gözəl anlayar. Amma həyat davam edir, sənətimdə fasilə verməyəcəyəm. Efirlərə çıxıram, Konservatoriyada dərs deyirəm, Opera Teatrında yeni tamaşalar üzərində çalışıram. Yeni mövsümdə məni “Əsli və Kərəm”də Əsli kimi görəcəksiniz. Səhnəmizin Leylisi olmuşdum, indi də istədim Əslisi olum. Sənət adamının təsəllisi də sənəti olur. Yoxsa ki, depressiyadan çıxa bilmərəm”.

Hər zaman sənətinin ona dəstək olduğunu söyləyən Gülüstan xanım bu zirvəyə asanlıqla gəlib çatmadığını da deyib. Nostalji duyğulara qapılan sənətçi gənc vaxtlarında buna görə çox əziyyət çəkdiyini, həmkarlarının paxıllıqlarına tuş gəldiyni, amma vaxt keçdikcə buna alışdığını deyib: “Gənclik illərimdə, sənətə yenicə gəldiyim vaxtlarda çox əziyyətlər çəkmişəm. Nə gizlədim, öz həmkarlarım tərəfindən paxıllığın qurbanı olmuşam. Həmin adamların kim olduğunu da bilirəm, amma heç vaxt üzlərinə vurmamışam. Yadımdadır ki, Muğam Teatrında yenicə fəaliyyətə başlamışdım, məni Səməd Vurğunun yubiley tədbirində çıxış etməyə dəvət etdilər. Tədbir də Heydər Əliyev Sarayında keçiriləcəkdi. Düz on iki gün məşq etdim, hazırlaşdım. Tədbirin vaxtına iki-üç saat qalmış mənə xəbər göndərdilər ki, bəs əvəzinə başqa müğənni oxuyacaq, sən gəlmə. Özümü təhqir olunmuş kimi hiss etdim, göz yaşlarıma hakim ola bilmədim. Elə tədbir libasında taksiyə oturub evə getdim. Taksi sürücüsü göz yaşımı görüb, mənə təsəlli verdi”.

Sənətçi hətta buna görə çalışdığı Muğam Teatrından işdən çıxarıldığını da dedi: “Bütün günü məşq etdiyimə görə, işə getmirdim, axırda da elə buna görə işimi itirməli oldum. Amma bu hadisə məni daha da güclü etdi. Sonradan belə hadisələrlə çox üzləşdim, amma əvvəl olduğu kimi mütəəssir olmadım. Sənət adamlarının həyatı hər zaman keşməkeşli olur və bədxah həmkarlarının tələsinə tuş gəlir”.

Gülüstan Əliyeva zarafatından da qalmadı: “Təkcə şou-biznes aləmində deyil, elə bizim aləmdə də gizlin-gizlin qalmaqallar yaşanır. Əsas odur ki, belə şeylərə fikir verməyəsən və başını aşağı salıb yaradıcılıqla məşğul olasan. Paxıllıq təkcə musiqi aləmində deyil, hər sahədə var”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm