Rəşad Məcid Xumara eşq elan etdi – FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Rəşad Məcid Xumara eşq elan etdi – FOTO/VİDEO

Sevilən sənətçi Xumar Qədimova və sevgi dolu misraları ilə ürəkləri ovsunlayan Rəşad Məcid media mənsublarını və bir qrup tanınmış insanları bir araya toplayıb, onları gözəl musiqiyə qonaq etdi.

Gözəl söz, gözəl musiqi və sehrli səs – doğrudan da, əsl musiqi qonaqlığı idi. Söhbət sözləri Rəşad Məcidə, musiqisi Xumara məxsus olan “Bir də gəlməyəcək sənintək qadın” mahnısının təqdimat mərasimindən gedir. Təqdimat mərasimi Rəşad Məcidin bir türk şairindən söylədiyi “Eşq” şeiri ilə başladı. Şair Xumarı gözəl sözlərlə vəsf elədi: “Xumar xanım fərqli səviyyənin daşıyıcısıdır, öz dünyası olan bir xanımdır. Bu yaxınlarda Təbrizdə səfərdə idim. Məndən yalnız iki nəfəri soruşurdular – biri Alim Qasımov, o birisi Xumar Qədimova idi. İnanın, hər kəsin avtomobilində Xumarın musiqilərinə qulaq asırlar. Bunu eşitmək mənə ayrıca zövq verdi”.

Heç vaxt təqdimat mərasimləri keçirməyi sevmədiyini deyən Xumar xanım bu təqdimatı məhz Rəşad Məcidə görə etdiyini bildirdi: “Həmişə demişəm ki, gözəl mahnının təqdimata ehtiyacı yoxdur, musiqi özü-özünü təqdim edir. Amma bu mahnını Rəşad Məcidə görə təqdim etdim. Bu günlərdə onun ad günü idi. Elə fikirləşdim ki, bu mahnını onun ad günündə üzə çıxarım. Bir neçə il bundan öncə Rəşad mənə bir neçə şeir təqdim etdi, onların içərisindən birini seçdim. Hələ zarafatla Rəşada dedim ki, bəlkə, şeirin son sözünü dəyişim. “Bir də gəlməyəcək sənintək qadın" əvəzinə “Bir də gəlməyəcək Xumartək qadın” oxuyum. Etiraz etmədi. Amma mən belə oxumadım”.

Sonra söz musiqiyə verildi:

“Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri də

Nə mənim dünyamda, nə bu dünyada”…

Onu da öyrəndik ki, yaxın zamanlarda mahnının ekran versiyası ərsəyə gələcək. Maraqlıdır, görəsən, bu şeir kimə ünvanlanıb?

Publika.az-ın sualını Rəşad Məcid belə cavablandırdı: “Bu şeir bir çox sevdiklərimə ünvanlanıb, onların arasında Xumar xanım da var. Xumar xanımı mənim oğlum da hədsiz çox sevir”.

Təqdimat mərasiminə gələn hər kəs Xumarın yeni mahnısının gözəlliyindən danışdı. Doğrudan da, bayağı söz yığınından ibarət mahnıların fonunda belə mənalı sözlərə bəstələnmiş musiqini dinləyib feyziyab olmağa dəyər.

Qeyd edək ki, Rəşad Məcidlə Xumarın işbirliyi bununla bitməyəcək. Qarşıda bizi daha gözəl musiqilər gözləyir. Hər halda, onlar belə söz verdilər.

Cəvahir Səlimqızı

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm