• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

54 yaşlı Mənsum İbrahimov: “İçimdə elə bir nisgil var ki...” – FOTOLAR

54 yaşlı Mənsum İbrahimov: “İçimdə elə bir nisgil var ki...” – FOTOLAR

Bu gün Azərbaycanın səhnəsinin Məcnunu, respublikanın xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Sənətkar doğum günündə Publika.az-ın suallarını cavablandırıb.

- Mənsum müəllim, ad gününüzü ilk təbrik edən kim oldu?
- Dünən gecə evə gəldim və ilk təbriki həyat yoldaşımdan aldım.

- Sənət yoldaşlarınızdan sizi kimlər təbrik edib?

-Təbriklər axşamdan başlayıb, sayı-hesabı yoxdur. Sənət dostlarımdan, tələbələrimdən, tanımadığım insanlardan, ziyalılardan mesajlar, zənglər gəlir. Xarici ölkələrdən də təbrik edənlər var.

- Ad gününüzü necə qeyd edəcəksiniz?

-Təmtəraqlı ad günü keçirməyi xoşlamıram. Evdə yaxınlarımla və ailəmlə qeyd edəcəyəm. Xaraktercə hay-küydən uzaq adamam.

- Gün ərzində ad gününüzlə bağlı iştirak edəcəyiniz tədbirlər varmı?

- Bu gün dövlət televiziyasında Qurban Bayramı ilə bağlı çəkilişim var.

- Bu qədər təbrikə cavab vermək sizi yormur ki?

- Elə şey olar? Bu, insanların diqqətidir. Mən uşağa da diqqətlə yanaşıram.

- Neçə yaşınız tamam olur?

- 54 yaşım tamam oldu.

- Amma o yaşı heç göstərmirsiniz...

- (gülür) Vallah, hər yaşı yaşamaq özü bir gözəllikdir.

- 54 yaşınızla 34, ya 44 yaşın sizin üçün fərqi nədir? İllər insanda nəyi dəyişir?

- Əgər insanın ağlı, əqidəsi yerindədirsə, öz işi ilə məşğuldursa, 34, yaxud 54 yaşın fərqi yoxdur.

- Amma müəyyən kamilləşmə olur...

- Təbii ki, illər insanın təcrübəsini artırır, müdrikləşirsən. Dünyagörüşün, həyat təcrübən artır. Ağlın da varsa, müdriklik gəlir.

- Doğum gününüzdə kimdən və nə hədiyyə gözləyirsiniz?

- Mənim üçün ən adi bir xoş söz də hədiyyədir. Bunu daha çox öz övladlarımdan gözləyirəm.

- Ağdamda qeyd etdiyiniz sonuncu ad gününüz yadınızdadır?

- Bu, hərbi xidmətimdən əvvəlki dövrə təsadüf edir. Ondan sonra Bakıda olmuşam.

- Yəqin ki, səfərlərdə keçirdiyiniz ad günləriniz də az deyil...

- Beş-altı dəfə doğum günümü xarici ölkələrdə qeyd etmişəm.

- Fərq var?

- Fərq budur ki, burada doğmaların yanındayam. Mənim üçün önəmli olan budur. Vətənimi çox sevirəm.

- Dövlət tərəfindən yetərincə mükafatlar almısınız, xalq tərəfindən də sevilirsiniz. Çatışmayan nədir?

- (düşünür) Qarabağ çatışmır - Vətənim! Təbii ki, sənətkarın zəhməti müqabilində aldığı fəxri adlar, titullar çox xoşdur. Amma içimdə elə bir nisgil var ki, heç nə ilə təsəlli tapa bilmirəm. O nisgil ancaq həmin torpaqlarda yox olacaq. Bu, bütün xalqımızın arzusudur. İçimdəki yanğını ancaq Qarabağ soyuda bilər.

- Qarabağdan söz düşmüşkən, sabah “Qarabağ” futbol klubumuz İtaliyada “İnter”lə məsul oyuna çıxır. Həmin oyunu izləyəcəksinizmi?

- Təbii ki, oyuna baxacağam. Bu komandanın “Qarabağ” adını daşıması çox önəmlidir. İndi xalqımıza qələbə həmişəkindən daha çox lazımdır. Mənim rəhbərlik etdiyim musiqi triosu da “Qarabağ” adlanır. İki həftə əvvəl İtaliyada konsertim oldu. İtaliya kimi böyük ölkənin küçələrində vurulmuş afişada “Trio Karabax” sözlərini oxumaq çox xoş idi. Mənim də silahım səsimdir.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR