• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İlkin Həsəni atası ilə bağlı şok fakt açıqladı - VİDEO+FOTOLAR

İlkin Həsəni atası ilə bağlı şok fakt açıqladı - VİDEO+FOTOLAR

Bir çox məşhurlar var ki, vətənpərvərlikdən danışanda ağızlarına çullu dovşan sığışmır.

Amma arayıb-axtaranda görürsən ki, heç hərbi xidmətdə də olmayıblar. Həmsöhbətim o məşhurlardan deyil. ATV-nin sevilən aparıcısı İlkin Həsənini deyirəm. Baxmayaraq ki, bir vaxtlar onun valideynləri əziz-xələf övladlarının əsgərliyə getməsini əngəlləməyə çalışıblar. Amma bu vətənpərvər oğlan bunu özünə ayıb bilib.
İlkin Publika.az-a hərbi xidmətdə olduğu zaman başına gələn hadisələrdən danışıb.

- İlkin bir çox məşhurlarımız var ki, hərbi xidmətdə olmayıblar. Amma bildiyimə görə, sən özün əsgərliyə getməyinə razılıq vermələri üçün ata-ananı məcbur eləmisən?

- Hə, əsgərlikdə olmuşam, bununla öyünmək istəmirəm, çünki bu, mənim Vətən qarşısında borcum idi və hər bir gəncin borcudur ki, əsgəri xidmətdə olsun. Yadımdadır ki, onda yetərincə pul qazanırdım, amma qazandığımı xərcləyirdim. Gizlətmirəm, atam həmin vaxtda mənə müəyyən qədər pul verdi ki, götür bu pulu, get özünə hərbi bilet al. Mən onda magistraturanı da qurtarmaq üzrə idim, hərbi çağırışın gələcəyini bilirdim. Atama dedim ki, darıxma hələ, bir şey fikirləşərəm. Qayıtdı ki, nə darıxma, bunun başqa yolu yoxdur, sən artıq populyar adamsan, işin-gücün var. Mən də, bilirsiniz də, o vaxt televiziyada məşhur aparıcı idim...

- Belə başa düşdüm ki, atangil sənin hərbi xidmətə getməyini istəmirlərmiş. Bəs onları necə yola gətirə bildin?

- Dost-tanış vasitəsi ilə başladım maraqlanmağa ki, görüm Bakı ərazisində qalmaq mümkündürmü. Günlərin bir günü evə gəlib qəti şəkildə elan etdim ki, mütləq hərbi xidmətə gedəcəyəm, bu məsələdə israrlıyam. Atamla anam hec cür mənim əsgər getməyimi istəmirdilər. Anam dedi ki, mən təsəvvürümə gətirə bilmirəm ki, səni bir il bu evdə görməyəcəyəm, elə şey olar? Dedim ki, niyə olmur? Anam qətiyyətlə dediyimə qarşı çıxdı, belə olan halda mən onları aldatmalı oldum.

- Necə?

- Yalandan dedim ki, 40 gün karantindən sonra qayıdıb gələcəyəm evə, işimi davam etdirəcəyəm. Əsas da elə o 40 günə dözmək idi. Gördüm ki, bu müddət ərzində hər şey normaldır, özümə söz verdim ki, əsgərliyimi sonadək çəkəcəyəm.

- Harada xidmət elədin?

- Altı ay Xudatda oldum, altı ay da Bakı ərazisində. Bununla belə, Bakıda da əsgəri xidmətimi hamı kimi necə lazımdırsa, çəkmişəm.

- Yəqin ki, hərbi xidmətdə olarkən başına maraqlı hadisələr də gəldi?

- Düzdür, əsgərlikdə maraqlı hadisələr az olmadı. Yadımdadır ki, hələ hərbi xidmətə gedəndə məni əsgər maşınına mindirdilər. Çox narahat bir maşın idi. Təsəvvür edin, oturacaqları taxta skamyadan ibarət idi. Atam dedi ki, gəl mənim maşınımda otur, əsgərlərin arxasınca edək. Razı olmadım ki, yox, mən əsgərlərlə birgə həmin maşında gedəcəyəm. Mindim maşına, uşaqlarla tanış oldum, Xudata çatanda bir yağış başladı ki…Təzə əsgərlər əlimizdə yük köhnə əsgərlərin yanından keçməyə başladıq.

- Əsgərlər, yəqin ki, səni tanıyırdılar, çünki həmin vaxt artıq efirə çıxırdın. Necə qarşıladılar səni?

- Bir də gördüm əsgərlər qışqırır ki, ə, İlkin Həsəni gəlib, yəqin, çəkiliş var. Mən onlara başa saldım ki, yox e, mən də sizinlə birgə əsgəri xidmətə gəlmişəm. İnanmadılar, dedilər ki, yəqin, gizlin çəkiliş olacaq. Düz iki ay onlar mənə inanmadılar ki, mən də hərbi xidmətə gəlmişəm. Elə bilirdilər, hərbi hissədə müvəqqətiyəm. Hamı yaxınlaşırdı, tanış olmaq istəyirdi. Hər kəs də bir sual verirdi ki, nə əcəb, sən əsgəri xidmətə gəldin. Çünki onda karyeramın pik vaxtı idi. O bir ili mən əsgərlikdə oldum və televiziyada olan o boşluq bəzi aparıcılara şərait yaratdı ki, özlərini göstərsinlər.

- Məşhur olmağın köməyinə çatırdı heç?

- Sağ olsunlar, əsgərlikdə mənə kömək edirdilər. Nə gizlədim, hətta elə məqamlar olurdu ki, mənə güzəşt edib, müəyyən səhvlərimə göz də yumurdular.

- Məni lap maraqlandırdın, o hansı səhvlər idi elə?

- Məndə bir neçə dəfə telefon tutmuşdular. Əsgərdə telefon tutulan zaman əlindən alınırdı qoyulurdu seyfə, gələndə valideyninə verilirdi. Amma mənə güzəşt olunurdu, üstümdə telefon tutsalar da, əlimdən almırdılar. Sonra yemək məsələsində də əziyyət çəkmədim. Çünki mən bir neçə ay sonra yeməkxana yeməkləri yemək istəmirdim. Zabitlərin yeməkxanası vardı. Orda Fərhad dayı vardı, məni çox istəyirdi. Hər dəfə mən yeməkxanaya gələndə istəyimi başa düşürdü, arif adam idi. O saat zabitlərin yeməyindən mənim üçün də pay ayırırdı. Hərdən aradabir deyirdi ki, bəlkə, yüz qram da verim, içəsən? Deyirdim ki, yox e, içən deyiləm. Elə vaxt olurdu ki, zabitlər gəlib məni həmin yeməkxanada görürdülər, amma üzümə baxıb gülümsəyirdilər, göz yumurdular. Müəyyən xırda şeylər vardı ki, mənə göz yumurdular. Buna görə də əsgərlikdə olanda əziyyət çəkməmişəm.

- Soruşacaqdım ki, qaupvaxta düşməmisən heç? Amma məncə, bu cavabdan sonra bu sualın heç yeri yoxdur...

- Yox e, əsgərlikdə hörmətim olub, cəza-zad almamışam. Deyirəm sənə ki, xətir-hörmətimi saxlayıblar.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR