İTV-nin keçmiş rəhbəri Şeyxə 100 min manat təklif edib - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

İTV-nin keçmiş rəhbəri Şeyxə 100 min manat təklif edib - MÜSAHİBƏ

Tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov qəzəblənib.

Onu qəzəbləndirənsə Azərbaycanda çəkilən serialların keyfiyyətcə aşağı olması və həmin serialların qeyri-peşəkarlar tərəfindən ekranlaşdırılmasıdır.

Publika.az-a ürəyini boşaldan rejissor söhbət əsnasında maraqlı faktlar da açıqladı.

- Azərbaycanda çəkilən serialların keyfiyyəti sizi qane edirmi?

- Bu gün Azərbaycanda kinodan başı çıxmayan, özünü kino adamı kimi göstərən bəzi insanların çəkdiklərini serial adıyla camaata sırıyırlar. Bu biabırçılıqdır. Özlərini peşəkar aktyor, rejissor kimi göstərmək üçün bahalı maşınlarda gəzirlər, villalarda yaşayırlar, yekə qarınları ilə özlərini camaatın gözünə soxurlar, elə bilirlər ki, məşhurluq budur. Tək onlar yox e, bir də görürsən, təsadüfi adamlar ortaya çıxıb roman müəllifi kimi özlərini cəmiyyətə sırıyırlar, tonlarla şeirləri çap olunur, kağıza da heyifləri gəlmir. Deyən lazımdır, ay qardaş, sən yazıçı deyilsən, kinoçəkən deyilsən, get özünə başqa iş tap. Kino çəkmək başqa şeydir, özfəaliyyət başqa. Kino adıyla efirdə göstərilənlərin hamısı ədəbsizlikdir.

- Axı biz də nə vaxtsa bu işə başlamalıyıq, nə vaxta qədər onun-bunun çəkdiyi seriallara baxacağıq?

- Mən demirəm ki, çəkməyək, amma bu işin peşəkarlar tərəfindən həyata keçirilməsinin tərəfdarıyam. Yadımdadır ki, kinostudiyada işlədiyim gənc vaxtlarımda bir diplom filmini çəkmək üçün qarşımda şərt kəsdilər. Dedilər ki, filmin bədii rəhbəri olmalıdır. Özü də həmin şəxs tanınmış, ustad sənətkarlardan biri olmalıdır. Hərçənd, mən Bakıda təhsilimi bitirdikdən sonra Rusiyada da görkəmli kinemotoqrafçıların kursunu bitirmişdim. Yəni deməyim odur ki, əvvəllər peşəkarlıq vardı, hər cızma-qaranı ortaya çıxarmağa heç kimin cürəti çatmazdı, buna yol verməzdilər.

- İndiyədək xeyli sayda milli serialmız çəkilib. Maraqlıdır, həmin seriallardan hansınasa baxmısınız?

- Uzaqbaşı, bir kadrına baxmışam və axıra çatmamış televizoru keçirmişəm.

- Niyə?

- Çünki bayağı, əttökən ssenariyə baxa bilmirsən. Mən bu yaxınlarda Naftalanda müalicə olunurdum, camaat tökülüşdü üstümə ki, ay Əbdül müəllim, bu nə biabırçı seriallardır çəkirlər. Onlara dedim ki, kimdir mənim sözümə qulaq asan, mən kiməm axı, kiməsə məsləhət verim, qadağa qoyum.

- Bəs Azərbaycanda türk seriallarına niyə elə maraqla baxırlar?

- Neyləsinlər. Özümüzdə bir şey tapmayanda məcbur qalıb türklərin çəkdiklərinə baxırlar. Orada da rejissura baxımından biabırçılıqdır. Sadəcə, zay məhsullarını yaxşı təqdim edə bilirlər.

- Ailəniz də, yəqin, türk seriallarına baxmamış deyillər?

- Yox, onlar rus və əcnəbi seriallara baxırlar.

- Ay Əbdül müəllim, yəqin, sizin qorxunuzdan baxa bilmirlər də… Bütün günü pisləyirsiniz.

- Qətiyyən. Mən demokratiya və sərbəstliyə üstünlük verən adamam. Heç vaxt ailəmin şəxsi istəklərinə və maraqlarına zidd getməmişəm. Elə məni tanıyan tələbələrim də bilir ki, demokratik düşüncəli müəlliməm. Onlar özləri nəticə çıxarır ki, bu seriallara baxmaq sadəcə vaxt itkisidir.

- Sizin pislədiyiniz o serialların rejissorlarından hansının adını çəkərdiniz?

- Atamın goru haqqı, onların heç adını da bilmirəm. Bilsəm, niyə demirəm ki... Yadımdadır ki, biz uşaq vaxtı məhəllə uşaqları ilə yığışıb “dava-dava” oynayırdıq. İndi bunlar da “kino-kino” oynayır. Buna başqa ad vermək olmaz. Məsələ burasındadır ki, ondan-bundan oğurladıqlarını da düz-əməlli ekrana köçürə bilmirlər e, biabırçılıq bundadır. Baxırlar türklərin seriallarına, peşəkarcasına oğurlamırlar ki, bir az inandırıcı çıxsın. Bir də görürsən, mafioz rolunda qoluzorlu, əzələsini şişirdən bir adam tapıb çəkiblər, ekranı tutur. Başa düşmürlər ki, mafioz qolu əzələli, qara eynək taxmış adam deyil. Beləsinə baxanda adam gülməkdən ölür.

- Bax birdən sizə bir serial həvalə etdilər, çəkməyə razılıq verərsiniz?

- Bir neçə il bundan əvvəl belə bir təklif olmuşdu. İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərov məni yanına çağırdı ki, bəs “Qarabağnamə” adlı çoxseriyalı filmi sənə həvalə edirik. Mən də bir üç seriyanın ssenarisini gətirib qoydum ortalığa. Sevinə-sevinə cavan, istedadlı kino adamlarını başıma yığdım. Çünki filmin mövzusu da mənə çox doğma idi. Nə isə, smeta tutdum, büdcəni hesabladım. Büdcə böyük idi, çünki top-tüfəng lazım olacaqdı, qala tikiləcəkdi-filan. Tarixi bir filmdən söhbət gedirdi. İsmayıl Ömərov mənə dedi ki, bir seriya üçün sənə 100 min manat verəcəyəm. Dedim, nə 100 min? O pul filmdə çəkiləcək at-eşşəyin arpasına bəs eləməz heç. Qayıtdım ki, bəs bu topu-tüfəngi, o ağır səhnələri bu büdcə ilə necə çəkəcəyik? Mən peşəkaram, ortaya səviyyəli iş qoymaq üçün normal büdcə lazımdır. Çox adam televiziya verilişi ilə kinonu dəyişik salır. Nə isə, sonradan o filmi başqasına çəkdirdilər.

- Bəyənməsəniz də, o seriallarda bizim peşəkar aktyor və aktrisalarımız da çəkilir. Xalq artisti Həmidə Ömərova, Xalidə Quliyeva, Abbas Qəhrəmanov…

- Neyləsinlər, məcburdurlar. Həmidənin də uşağı var, evini dolandırmalıdır. Məcbur qalıb o səviyyəsiz seriallara çəkilir. Bilir ki, kino yoxdur, oturub evdə neyləyəcək?

- Serial rejissorlarını bəyənmirsiniz. Aydın məsələdir. Bəs peşəkar kinorejissorlardan kimlərin filmlərini bəyənirsiniz?

- Elxan Cəfərovun iki filminə baxmışam -“Bəşəriyyətin xilası” və “Dolu”. Çox da xoşuma gəlib.

- “Bəşəriyyətin xilası” neçə il bundan əvvəl çəkilmiş filmdir, mən yenilərini nəzərdə tuturam.

- Var cavan uşaqlar. Adlarını indi unutmuşam.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm