“Evdə oturmaqdan ayaqlarım tutulub” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Evdə oturmaqdan ayaqlarım tutulub” - FOTOLAR

Tanınmış klarnet ifaçısı, əməkdar artist Vaqif Mirzəyevin Publika.az-a müsahibəsi

-Vaqif müəllim, çoxdandır, efirlərdə yoxsunuz, haralardasınız?
-Dəvət etmirlər, etsələr, gedərik də (gülür).

-Son dəfə nə vaxt efirdə olmusunuz?
-Çoxdan. Doğrusu, öz yadımdan da çıxıb.

-Sizcə, niyə efirə dəvət olunmursunuz?
-Nə deyim, vallah. Cürbəcür səbəblər var.

-Hansı səbəblərdən söhbət gedir?
-(köks ötürür) Əşşi...Yaralı yerimə toxunursunuz…

-Pul istəyirlər sizdən?
-O da bir səbəbdir. Cavan oğlanlar öz dostlarını, qızlar rəfiqələrini efirə çağırırlar. Bir-iki sənətkar qalmışıq, bizi də yaddan çıxarıblar.

-Heç olmasa, yaradıcılıqla məşğulsunuz?
-Bəli, yaradıcılığım öz axarı ilə davam edir, işimdə-gücümdəyəm. Yeni rəqslər yazdırmışam, dəvət olunan yerlərə gedirəm. Efirlər dəvət etmirlər, özləri bilərlər.

-Bəlkə, başınız toylara çox qarışdığından efirə çıxmağa vaxt olmur?
-Yox, yox. İndi toylara da çox getmirəm. O qədər uşaq-muşaq dolub ki, kəndlərə, şadlıq evlərinə, heç öz toylarımızı da rahat çala bilmirik. Biabırçılıqdır. Heç neçəyə toya gedirlər, biz də kənarda qalmışıq.

-Yəni 50-100 manata?
-Hə, elə xırda pullara da... Ömür boyu kasıb adama güzəşt eləmişəm, kimin nəyə gücü çatır, onu verib.

-Bəlkə, həmin toy sahiblərinin də gücü 50-100 manata çatır.
-O, şadlıq evlərindən asılıdır. Bizim də çörəyimizə bais olurlar.

-Deməli, dolanışığınız yaxşı deyil.
-Tək mənim yox, mənim kimi sənətkarın hamısının dolanışığı pisdir. Nə təqaüd alırıq, nə də əvvəlki konsertlər var. Oturmuşuq evdə. Bir ildir, Mərdəkanda, bağda oturmuşam.

- Amma əvvəl tez-tez məclislərdə olurdunuz...

-İnanın ki, oktyabrda, bir dənə də olsun, toy yoxdur. Sentyabrda da bir-iki toyda olmuşam.

-Bəs necə dolanırsınız?
-Evdən əşyaları satıb dolanırıq. Evdə də satmağa heç nə qalmayıb. Çox çətindir, bizim kimi sənətkarlara baxan yoxdur.

-Oğlunuz Həsən də bu sahədə idi. İndi nə işlə məşğuldur?
-Həsən məndən bir az ağıllı çıxdı. O da Mədəniyyət və İncəsənət Universitetini bitirib. O cür ali təhsilli, istedadlı musiqiçi musiqidən uzaqlaşdı.

-İndi hansı sahədə çalışır?
-Hansı sahədə çalışdığını demək istəmirəm. Amma klarnetdən yaxşıdır.

-Sanki, bu sənəti seçməyinizə, əziyyətinizə peşmansınız.
-Nə deyim e. Bura qədər yaxşı gəlmişdik...Amma diqqət yoxdur da.

-Diqqəti konkret kimdən umursunuz?
-Kömək edə biləcək hər kəsdən. Ən başlıcası da telekanallardan.

-Vaqif müəllim, toylara çağrılmamağınız kimin təqsiridir? Deməli, tələbat yoxdur da.
-Tələbat var, amma şadlıq evlərində bizə mane olanlar var.

-Bəlkə, qiyməti çox deyirsiniz.
-Bəlkə də, yeganə musiqiçiyəm ki, toy sahibinin cibinə uyğun qiymət deyirəm. Heç vaxt qiymət oxumuram. 50 ildir, kasıblardan bir manat da pul almamışam. Müğənni deyiləm ki, qiymət oxuyum.

-Ola bilərmi ki, sənətin kitabını qatlayıb kənara qoyasınız? Onsuz da tələbat yoxdur.
-Elə bu barədə fikirləşirəm. Əlli il can qoyduq, yeddi xarici ölkədə fəxri fərman aldıq, burda fəxri ada layiq görüldük, axırı da belə... Həmişə cəbhə bölgələrində çıxışlarım olub. Ali təhsilli musiqiçiyəm, beş ildir, heç yerdə işləmirəm. Azərbaycanda dünya səhnəsində məndən sonra ikinci klarnet çalan yoxdur. Mən də istərdim ki, bildiklərimi gənc nəslə öyrədim.

-Pedaqoji fəaliyyətiniz olub?
-Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsində 18 il işlədim. Dəfələrlə Mədəniyyət və İncəsənət Universitetinə, məktəblərə müraciət etmişəm, iş vermirlər.

-Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisiniz?
-Mədəniyyət Nazirliyinə getsəm də, qəbula düşə bilmirəm.

-Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsindən niyə çıxdınız?
-Nə bilim, təzə sədr Əlikram Əliyev gələndən 5 ay sonra səbəb göstərmədən bizi işdən çıxardı. Əlikram Əliyevə yalan olmasın, beş dəfə müraciət etmişəm ki, mənə bir iş verin. Evdə oturmaqdan ayaqlarım tutulub.

-Gənc ifaçılardan kimlər bəyənirsiniz?
-Yaxşı musiqiçilərimiz çoxdur. Rəhmətlik Əşrəf Əşrəfzadənin oğlu Fikrəti çox bəyənirəm. Rafael var - gənc klarnet ifaçısı, onu da bəyənirəm. Amma ümumilikdə yaxşı bir şey görmürəm. Şərait olsaydı, biz də gedib dünya səviyyəsinə çıxardıq. Bizim gözəl ifaçılarımız var, lakin Biləcəridən o tərəfə keçə bilmirlər. Çünki onlar mən gördüyüm ustadları görməyiblər.

-Vəli Qədimov keçib axı Biləcəridən.

-Vəli Qədimov böyük sənətkarımızdır. Allah ona rəhmət eləsin. Amma onun heç bir ölkədə solo konserti olmayb. Mən müğənni müşayiət etməmişəm. Onun əsas fəaliyyəti isə Zeynəb Xanlarovanı müşayiət etməkdən ibarət olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm