Əməkdar artist açdı sandığı: “Erotik səhnə onun yanında “şıttıq”dır”
Bizi izləyin

Tabloid.az

Əməkdar artist açdı sandığı: “Erotik səhnə onun yanında “şıttıq”dır”

Həmsöhbətim Bakı Bələdiyyə teatrının aktyoru, bədii qiraətçi, əməkdar artist Azad Şükürovdur. Söhbət əsnasında əsəblərini də cilovlaya bilmədi.

“Məşhur olmaq hər aktyorun taleyinə yazılan xoşbəxtlik deyil”

- Çoxları belə qənaətdədir ki, bugün yeni aktyor nəsli yetişmir. Bu fikirlə razılaşırsınız?

- Yox, gənclərin arasında kifayət qədər istedadlı uşaqlar var, mən onların əksəriyyətini də tanıyıram. Çünki özüm Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. İmkan olduqca da onların kurs və diplom işlərinə baxıram. Sadəcə olaraq sənətkarın ortaya çıxması böyük bir prosesdir. Dünən ali məktəbi bitirib bugün respublikada məşhur olmaq hər aktyorun taleyinə yazılan xoşbəxtlik deyil. Özü də indiki vaxtda. Belə hallar olub. Məsələn, Rasim Balayev, Amaliya Pənahova kimi sənətkarlar tələbəlikdən sənətə gəliblər, amma hamıya bu xoşbəxtlik nəsib olmur. Sözümün canı budur ki, bu sözü o adamlar yayırlar ki, axırıncı dəfə teatrda nə vaxt olduqlarını xatırlamırlar.

- Amma teatra müntəzəm gedən, amma maraqlı tamaşalar görmədikcə uzaqlaşan tamaşaçılar da az deyil axı…

- Təbii. Tamaşaların hamısı yüksək səviyyədə deyil. Bəlkə də müasir tamaşalardan ən çox narazı qalanlardan da biri mənəm. Amma bu o demək deyil ki, Azərbaycanda gənclər yetişmir. Bugün düşünürəm ki, Azərbaycanda rejissor problemi yaşanır. Bəlkə də istedadlı gənc aktyorlar var, amma onların ortaya çıxması üçün şərait yaradılmır.

- Deyirsiniz yəni, dramaturqgiya problemimiz həll olunub, qalıb yalnız rejissura problemi?

- Xeyr, teatrda dramaturq problemidə yaşanır. Bu boşluqlar müəyyən illərdə buraxılan səhvlərin nəticəsidir.

- Əvvəlki illərdə olduğu kimi, tamaşaçını teatra gətirmək və teatrın əvvəlki şöhrətini özünə qaytarmaq üçün sizcə,neyləmək lazımdır?

-Düşünürəm ki, bunun üçün Rusiya teatrları ilə əlaqələr yaradılmalıdır. İstedadlı tələbələrimizin gedib həmin teatrlarda təcrübə keçməsi üçün şərait yaradılmalıdır.

- Bəlkə müştərək tamaşalar hazırlansın?

- Bu da gözəl effekt verər. Bunu etiraf etsək də, etməsək də bugün rus teatrları dünyanın ən inkişaf etmiş teatrları sırasında öndə gedir. Əgər bizim qonşularımız olan iranlılar və türklər gedib onlardan öyrənirsə, biz niyə bu metoddan bəhrələnməyək? Bunu etsək, uğur qazana bilərik.

“Bizdə haya-küyə getmək dəbdir”

- Yeri gəlmişkən, bu il ingilislərlə birgə Gənc Tamaşaçılar Teatrında müştərək bir tamaşa təqdim olundu… Böyük bir layihə idi, çox da maraqla qarşılandı. Baxmamışdınız o tamaşaya?

- Mənim o tamaşadan xəbərim oldu. Amma təəsüf ki, gedib baxa bilmədim.

- O tamaşanın afişalarında 18+ qadağası da var idi. Məhz buna görə də tamaşaçı əlindən zalda iynə atsaydın yerə düşməzdi. Sizcə, belə vasitələrdən istifadə etməklə tamaşaçı cəlb etmək nə dərəcədə doğrudur?

- Bizim xalqın öz düşüncəsi, əxlaqi dəyərləri var ki, tamaşada yalnız həmin dəyərlər əks olunmalıdır.

- Bu yaxınlarda Mehriban Ələkbərzadənin də bir tamaşası belə qalmaqala səbəb olmuşdu və bir erotik səhnəyə görə az qalmışdılar rejissoru topa tutsunlar…

- Mən o tamaşaya baxmışdım, tam mənası ilə zəif tamaşa deməzdim. Sadəcə olaraq kiminsə bu tamaşanı qəbul etməməsi söhbəti ola bilər. Həmin tamaşa çox güclü tamaşadır, gözəl aktyor oyunu var, sadəcə olaraq müəyyən fərdlər o tamaşanı qəbul etmədilər və bunu da ictimailəşdirdilər. Bizdə də təəsüf ki, haya-küyə getmək dəbdir. Başladılar mətbuatda bu məsələni şişirtməyə. Çox məşhur bir sənət adamının hansısa tamaşanı bəyənməməsi normal haldır. Bunu hamının adına yazmaq olmaz axı.

- Bilmirəm xəbəriniz oldu, ya olmadı, rejissor Yavər Rzayevin də “İlahi məxluq” filmindəki erotik kadra görə, aktrisanı az qala topa-tüfəngə tutdular…

- Çox yaxşı yadımdadır. Sənət, məntiq baxımından o filmdə elə böyük qüsurlar var ki, erotik səhnənin o qüsurların yanında qüsur kimi təqdimatı “şıttıq”dır, yəni heç nədir. Məntik baxımından çox zəif filmdir. Söz yox ki, filmdə maraqlı çəkilişlər, aktyor oyunu var. O rejissor özü də çox isteadlı rejissordur və mən ondan bu məntiqsizliyi gözləməzdim.

“Həmin erotik səhnədə problem görmürəm”

- Yəni?

- Bütün ömrünü çobanlığa həsr etmiş adam heç vaxt dağda qara-çovcuna düşməz. Çünki təcrübəli çobanlar qarın yağmasına 20 gün qalmış çıxır çadırın qabağına gərnəşir və deyir ki, 20 gündən sonra qar yağacaq, yığışın gedək. Çoban baxar bu filmə rejissora irad tutar. Çobanın iradını qəbul etməmək üçün bu məqama fikir verilməliydi. Qaldı ki, erotik məqamlara, bu xırda şeylərdir. Səməd Vurğunun “Vaqif” əsərində Xuraman gəlir Vaqifin yanına və deyir ki, “Kişi küsüb getdi xan”.Vaqif də cavab verir ki, qoy küssün özünün qanacağından. Kimsə hansısa rejissoru bəyənmirsə, gedib öz səviyyəsini tərəziyə qoysun. Mən həmin erotik səhnədə problem görmürəm və filmə böyük məmnuniyyətlə də baxıram. Bu mənim fikrimdir. Ola bilsin kimsə mənimlə razılaşmasın.

- Sizcə. niyə, indi seriallarda peşəkar aktyorları görə bilmirik, daha çox təsadüfü insanlar çəkilir?

- Bu yaxınlarda məni bir seriala dəvət etmişdilər, getdim gördüm ki, rol alanların əksəriyyəti idmançılardır, bir nəfər aktyor var idi, o da mən. İdmançıları çox sevirəm, çünki hər yerdə bayrağımızı dalğalandırırlar. Amma mən boks rinqinə qalxıb boksla məşğul olub nə qədər qəbahətə yol vermiş olaramsa, idmançı da rola çəkiləndə eyni qəbahətə yol verir. Yəni, sözümün canı budur ki, hər iş peşəkarlara həvalə olunmalıdır. Peşəkarcasına oynanılan səhnə bayağı görünmür. Ümumiyyətlə, bütün sahələrdə işi işbacarana, peşəkara tapşırmaq lazımdır.

- Seriallardan söz düşmüşkən, bizdə çəkirlər e, amma yenə də özümüzünkünə yox, türk seriallarına baxırlar…

- Mən zəif serial çəkənləri müdafiə etmək fikrində deyiləm, amma türk seriallarının“Möhtəşəm yüzil”ə gəldiyi yol kifayət qədər uzun bir yol olub. Biz indi o yolu keçirik.

- Təxminən biz neçə ilə keçəcəyik o yolu?

- Deyə bilmərəm. Amma o yolu daha rahat və tez keçməyimizə çalışmalıyıq.

“Qonorarımı verəndə heç Avropa standartları yada düşmür”

- Niyə bizim seriallar qeyri peşəkarlar tərəfindən çəkilir, təsadüfi insanlar o seriallarda rol alır?

- Məncə bunlar maddiyyata bağlı olan şeylərdir. Başqa vaxt Avropa standartlarından danışırlar, amma qonorarımı verəndə, heç Avropa standartları yada düşmür.

- Yəni peşəkara pul vermək lazımdır, amma o insanların çoxu pulsuz çəkilir. Buna görə?

- O da şərtdir, başqa səbəblər də var. Möhtəşəm yüzildə çəkilən aktyorların qonorarının 10 faizini bizimkilərə versinlər, görsünlər necə oynayırlar. Mən heç 30-40 faizini də demirəm ha! Bizim aktyor seriala çəkiləndə Möhtəşəm yüziə çəkilən aktyorun qonorarının 100-də bir faizini alır ya almır. Atam-atam hamısı bunun başındadır. Sən mənə necə ət alarsan, o cür də souzunu hazırlayaram. O qonorarı mənə verəndə çalışıram haf-uf eləyim qaçım o birisinə. Çünki mən də ailəmi dolandırmalıyam. Mən də qaz, işıq pulu verirəm. Hələ mən Holivud aktyorlarını misal çəkmirəm. Nətər olur, başqa vaxt Avropa standartlarından danışırıq, amma mənim qonorarımı verəndə, işıq pulu yığılanda heç Avropa standartları yada düşmür. Hansı keyfiyyətdə qonorar veriblərsə, o keyfiyyətdə də oynamışam. Bundan artıq oynaya bilmərəm. İstəyirsən ondan artıq oynayım, artıq qonorar versinlər, canım çıxsın oynayım.

“Buna görə depressiyaya da düşürəm”

- Belə başa düşürəm ki, aktyor olduğunuza görə içinizdə peşmançılıq duğusu da olur…

- Olur bəli. Ömür keçir axı. Bu sənətdə çox böyük sənətkarlardan dərs almışam və sənətin azdan-çoxdan nə olduğunu anlayıram. Kinoda və teatrda uğurlarım var. Hətta buna görə depressiyaya da düşürəm. Amma tale deyilən bir şey də var. Dəfələrlə bu sənəti atıb getmək imkanım da olub. Mənə vəzifələr də təklif olunub, amma bu sənəti ata bilmirəm. Mənim ayrıca peşəm də var. Həyatımın əvvəlində ekskavator sürücüsü olmuşam, yaxşı da pul qazanmışam. Amma bu sənət taleyimdir. Neyləməli ki, əti atın qabağına qoyublar, otu da itin qabağına. Bu həqiqətdir.

- Ən yüksək qonorarı indiyədək hansı filmdə, ya tamaşada almısınız?

- Tutalım çəkiliş günüm 200 manat olan vaxt olub, bədii filmlərdə. Bu biabırçılıqdır, adam bunu deməyə də utanır. Mən hansı ölkənin aktyorundan əskiyəm?

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm