“Min bir gecə”nin Sevalı: “Erotik səhnə tamaşaçını məyus etməməlidir” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Min bir gecə”nin Sevalı: “Erotik səhnə tamaşaçını məyus etməməlidir” – FOTOLAR

Onu Türkiyənin tanınmış aktrisalarından hesab etmək olar.

Həyatının yarıdan çoxunu teatra, sənətə həsr etmiş bu aktrisa son zamanlar seriallardakı rollarıyla Azərbaycan tamaşaçısı tərəfindən də yetərincə tanındı, sevildi. “Min bir gecə” serialındakı Seval rolu isə bu mənada tramplin oldu. Beləliklə, Publika.az tanınmış türkiyəli aktrisa Aytaç Öztuna ilə müsahibəni təqdim edir.

- Aytaç xanım, Azərbaycan tamaşaçısı sizi çəkildiyiniz filmlərdən, seriallardan yetərincə tanıyır. Amma buna rəğmən, haqqınızda o qədər də məlumatlı deyilik. Özünüzü Azərbaycandakı sevənlərinizə necə təqdim edərdiniz?

- Teatrdakı fəaliyyətimə Türkiyə Müəllimlər Birliyində (TMB) Maksim Qorkinin “İzdiham” əsəri ilə başlamışam. Eyni zamanda rəqs dərnəklərinə də gedirdim. Ardınca Genar, Həsən Daşdələn, Türk Yazarları Teatrı, İstanbul Teatrı, Müəmmar Qaraca, Dəvəquşu Kabare İstanbul İncəsənət, Kiçik Səhnə (sədri Alışıq), İtalyan Mədəniyyət Mərkəzinin nəzdində bir çox tamaşalarda oynadım. Türk Yazarlar Teatrında Muzaffer İzgünün əsəri əsasında səhnələşdirilən "Gecəqondu", Avni Dilligil-Hasan Taşdelen Teatrında "Qırmızı Fənərlər” tamaşalarını oynadım. Fikrimcə, teatr insanı daxilən zənginləşdirən bir məbəddir. Biz teatrda psixologiyanı, fəlsəfəni, musiqini, rəqsi öyrənirik. Təkcə biz yox, həmçinin də tamaşaçılar müəyyən mənada sadaladıqlarımı mənimsəyirlər. Bu sənəti kimlərəsə baxıb seçmədim. Bəli, ailəmizdə sənət adamları olub. Babam ədəbiyyat və teatr ilə maraqlanıb, kitabxanaya kitablar bağışlayıb. Atam isə təqaüdə çıxandan sonra “Hababam sınfı” və “Tosun paşa” filmlərində rol alıb. O, həmçinin əski türkcədən müxtəlif tamaşaların, əsərlərin tərcüməsiylə məşğul olurdu. Anam çox gözəl şeirlər yazar, mahnı oxuyar, rəqs edərdi. Ana nənəm kamança, ata nənəm isə ud çalardı. Qardaşım çox maraqlı rəsm çəkə bilirdi. Mən isə rəqs təhsili aldığım müddətdə teatrla maraqlanmağa başladım və məqsədli şəkildə olmasa da, özümü bu sahədə tapdım. İstər teatr, istər film, serial, istərsə də səhnə, praktikliyi çox sevir. Yəni səhnəyə çıxmadan, kamera qarşısına keçmədən nələrisə bilmək kifayət etmir.

- Azərbaycan teatrı və kinosu barədə məlumatınız varmı?

- Azərbaycan teatrı və kinosu barədə məlumatlı olduğumu deyə bilmərəm. Kinorejissor Rüstəm İbrahimbəyov, tanınmış müğənniniz Zeynəb Xanlarova, sovet rəssamı Yevsey Moisseenko haqqında müəyyən bilgilərə sahibəm. Yeni nəsildən isə bəyəndiyim və tanıdığım sənət nümayəndələriniz var. Xüsusilə Nəsrin Cavadzadə və Məlahət Abbasovanı bəyənirəm. Məlahət xanım çox sevimli, gözəl, emosional, istəkli, çalışqan, ünsiyyətcil və sözün əsl mənasında, dost olmağı bacaran bir insandır. Hər ikimiz “Min bir gecə” serialında çəkilmişdik. Amma o serialda bir epizodda belə üz-üzə gəlmədik. Hazırda yayımlanan “Əmanət” serialında isə birlikdə oynayırıq.

- Azərbaycan filmlərindən, seriallarından təklif gələrsə, qəbul edərsinizmi?

- Təbii ki, qəbul edərəm. Niyə də olmasın?

- Son zamanlar dünya kinosunda açıq-saçıq, erotik səhnələrlə bağlı ikili fikirlər formalaşıb. Sizcə, açıq-saçıq səhnələrin ekranlaşdırılması vacibdirmi?

- Əgər ssenaridə baş verən hadisələr açıq-saçıq, erotik səhnənin olmağını tələb edirsə, buna normal yanaşıram. Çünki bütün bunlar bizim adi həyatımızda da baş verir. Amma erotik səhnəyə bir halda yaxşı baxıram. Estetik baxımdan tamaşaçı zövqünü oxşasın, məyus etməsin və pornoya keçməsin.

- Sizcə, Türkiyə kinosunun ən parlaq siması kimdir?

- Son illərdə türk kinosunda yeni bir mərhələdəyik. “Yeşilcam dönəmi” dediyimiz bu dönəmdə ulduz aktyor düşüncəsi, demək olar ki, tamamilə dəyişilib. Hazırda türk kinosu yeni bir mərhələdən keçməkdədir. İnkişaf edən texnologiyalar, yeni hekayələr, gənc beyinlər var. Sənət baxımından hər şeyin daha yaxşı olacağına inanıram. Televiziya kanalları çoxaldı və seriallara yönəldilər. Beləliklə, yeni bir sektor yarandı, məktəblər açıldı. Bununla da, türk kinosunun xarici ölkələrə “ayağı açıldı”.

- Türkiyə teatr aktyorlarının maddi durumu nə yerdədir?

- Türk teatrında dövlət teatrları istisna olmaqla maddi durum barədə yaxşı nəsə demək çətindir. Əvvəllər axşam seansı var idi. Həmçinin üç gün də gündüz və günorta seansları təqdim olunurdu. İndi isə tamaşalar ancaq həftəsonu oynanılır.

- Son olaraq, bir şəxsi sual vermək istərdim. Bildiyimə görə, keçmiş həyat yoldaşınız da teatr aktyorudur. Hazırda münasibətləriniz nə yerdədir?

- Bəli, keçmiş həyat yoldaşım Haldun Ergüvenç də teatr və kino aktyorudur. O, həmçinin peşəkar dublyaj aktyoru kimi fəaliyyət göstərir. Necə tanış olduğumuzu demək istəmirəm. Amma onu deyə bilərəm ki, hazırda dostluğumuz davam edir. Sonda isə diqqətinizə görə sizə təşəkkürümü bildirirəm. Azərbaycana sevgilərimi və salamlarımı göndərirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm