“Boynuna al, mən çox şişmanam?” – Keyt Uinsletin həyat tarixçəsi
Bizi izləyin

Tabloid.az

“Boynuna al, mən çox şişmanam?” – Keyt Uinsletin həyat tarixçəsi

“Sevmək azad etmək deməkdir”.

Uşaqlıq

Ketrin Elizabet Uinslet – daha çox “Titanik” və “Qiraətçi” filmlərindən tanıdığımız bu aktrisa 1975-ci il oktyabrın 5-də Böyük Britaniyanın Berkşir qraflığında dünyaya gəlib.

Məşhur aktyor ailəsində boya-başa çatıb. Lakin kimsə nə vaxtsa Keytin karyerasında yüksələrək valideynlərini də üstələcəyindən ağlına belə gətirməyib. Aktyor ailəsində göz açdığından peşə seçimində heç bir çətinlik yaranmayıb və balaca qızcığaz da valideynlərinin yolunu davam etməyə qərar verib. Keyt uşaq oyunlarından uzaq durub, onun gün-güzəranı səhnə dekorasiyaları arasında keçib.

Toppuş uşaq olan Keyt Uinslet yeniyetmə yaşlarında ikən artıq çəkidən əziyyət çəkib. Elə buna görə də, o, tez-tez həmyaşıdları arasında məsxərəyə qoyulub. Lakin qızcığaz model bədən formasına sahib olmasa da, aktrisa olmaq üçün can atırdı. Və son anda uğur Keyti tapdı...

O, ilk dəfə səhnəyə çıxanda 5 yaşı vardı. İlk vaxtlarda Keytə daha çox utancaq, geridə qalmış ciddi qızcığaz rolları həvalə olunardı.

11 yaşında isə Keyt teatr məktəbində aktyorluq sənətinin incəliklərini öyrənməyə başlayır. Bununla yanaşı, o, teatrda “Piter Pen” səhnəciyində oynamağı davam edir.

Keyt ilk dəfə ekranlara səhər yeməyi reklamında çəkilməklə gəlir. Növbəti illərdə isə Keyt bir sıra televiziya seriallarında çəkilməyə başlayır.

Böyük ekranlara gəliş...

Keyt Uinslet 1994-cü ildə Culiet Halm rolunu oynamaq üçün 175 rəqibini üstələyərək “Göylərin yaradılışı” (Heavenly Creatures) trillerində çəkilir. 1954-cü ildə baş vermiş real qətl hadisəsini canlandırmaq üçün film rejissoru məhz Keyti seçir.

Aktrisa filmdə lesbiyan məktəbli qız rolunu canlandırıb. O, aralarındakı ehtiraslı dostluğa son qoymağa çalışan həmcinsinin anasını qətlə yetirməkdə günahkar bilinir. Gənc Keyt tamamilə təcrübəsiz və kifayət qədər texniki qabiliyyətsiz olub. Filmin rejissoru bütün bunların film olduğunu və gerçək baş vermədiyini Keytə tez-tez xatırlatmalı olub. Çünki Keyt, həqiqətən də, gerçəkliyi filmlə səhv salaraq öz-özündən uzaqlaşırdı. Onun filmdəki rolu gənc aktrisanın növbəti filmlərdə çəkilməsinə yol açmış oldu. Sonra çəkildiyi filmlərdə aktrisa coşqun temperament və özünəəminlik nümayiş etdirə bildi.

1995-ci ildə “Kral Artur” filmində şahzadə Sara rolu Keytin kino karyerasında yüksəliş oldu.

“Titanik”ə gedən yol...

Keytin həyatında hər şey öz axarı ilə gedirdi. O, indi daha məşhur idi və yeni filmlərdə çəkilməyə dəvət olunurdu. Lakin onun həyatına şöhrət 1997-ci ildə gəldi. Aktrisa Ceyms Kemeronun onilliyin ən bahalı filmi olan “Titanik” filmində aristokrat gözəlçə roluna dəvət olunur.

Film aktrisanın tərəf müqabili Leonardo Di Kaprio idi. Faciəli sevgidən bəhs edən “Titanik” filmi aktrisanı az büdcəli, sadə filmlərdə çəkilməkdən uzaqlaşdırdı. Bundan sonra nəinki vətəni Böyük Britaniya, hətta bütün dünya belə bir aktrisanın mövcudluğundan xəbər tutdu.

Ulduz statusu

Bəli, Keyt bundan sonra “Titanik” filmində canlandırdığı Roza roluna görə tanındı. Elə bundan sonra da Keyti qonorar az maraqlandırmağa başladı, o, yalnız maraqlı və yüksək səviyyəli aktyorlarla çəkilməyə qərar verdi. Yeni qazanılmış titul Keyt Uinsletin karyerasını özünəməxsus şəkildə qurmağı tələb edirdi. Keyt bir sıra perspektivli filmlərdə çəkilməkdən imtina edir. “Anna və Kral” (“Anna and the King”) və “Aşiq Şekspir” (“Shakespare in Love”) kimi məşhur filmlərdən imtina edən Keyt 1998-ci ildə “Mənfur ədabazlıq” (“Hideous Kinky”) filmində tənha ana rolunu oynayıb. Film Keytin karyerasına heç də yaxşı təsir etmir.

Lakin aktrisa əvvəlki kimi, artıq daha qonorara yox, filmin maraqlılığına fikir verir. 1999-cu ildə Keyt rejissor Maks Nyusomdan az büdcəli “Batırılma” (“The Plunge”) filmində özü üçün rol istəyir. Filmdə aktrisa tamamilə qonorarsız oynayır. Az büdcəli olsa da, film uğurlu alınır. Lakin o, tamaşaçılara yalnız 2003-cü ildə təqdim olunur.

2000-ci illər

Yeni əsrin başlanğıcında aktrisa tamaşaçıların rəğbətini yenidən qazandıran “Markiz de Sadın qələmi” (“Quills”) filmində çəkilir. Lakin şan-şöhrət uzun müddət davam etmir.

“Eniqma” (“Enigma”) filmi aktrisanın karyerasına mənfi təsir göstərir. Çoxları filmi darıxdırıcı olmaqda ittiham edirdi.

“Devid Qeylin həyatı” (“The Life of David Gale”) kriminal trillerində aktrisa öz rolunu məharətlə ifa edir və aktyor Kevin Speysi ilə çəkilir. Film aktrisanı tənqid atəşindən qoruyur.

2003-cü ildə Cim Kerri ilə çəkildiyi film isə aktrisanı tam fərqli aspektdə göstərir. “Təmiz düşüncənin əbədi parlaqlığı” (Eternal Sunshine of the Spotless Mind) filmində o, nöqsansız Amerika ləhcəsi ilə diqqəti cəlb edir.

Son işlər

2005-2006-cı illərdə aktrisanın çəkildiyi filmlər ona çox da uğur gətirmir. Lakin aktrisa təslim olmurdu və əvvəlki nüfuzuna qaytarmağa cəhd edirdi. Elə 2008-ci ildə aktrisa “Qiraətçi” (The Reader) filmində Hanna Şmitzinin obrazını canlandırıb.

Şəxsi həyat

Bir sıra Hollivud aktrisaları kimi, Keyt Uinsletin də həyatında faciəvi anlar az deyil. 16 yaşında ikən serialların birində aktyor Stiven Tredor ilə sevgili olub. Cütlük 1995-ci ildə dost kimi ayrılmalı olub. Stiven gözəlçə Keytdən düz 12 yaş böyük idi. Əslində, 34 yaşlı Stiv və 22 yaşlı Keyt üçün hər şey yenicə başlayırdı. Problem başqa idi: Stiven əzabla ölürdü. Həkimlər Stivə “sümük xərçəngi” diaqnozu qoymuşdular.

Səbəb nəydi? Stiv daim sağlamlığının qeydinə qalardı. Lakin həqiqət ondan ibarət idi ki, Stivin sümükləri sanki ağrıdan dağılırdı. Belə erkən yaşda, həm də karyerasının qızğın mövqeyində... Lakin bütün bunlardan ən acınacaqlısı Keyti itirmək idi. Axı bu, onun xəyallarındakı qız idi.

“Ah, Stiv, heç kim daha sənin kimi məni başa düşməyəcək”- Keyt həyatının ilk kişisini ağuşuna alaraq deyərdi. “Boynuna al, mən çox şişmanam? Bilirsən, mənim uşaqlıqda adım “toppuş” idi və məktəbdə bütün oğlanlar məni ələ salardı. Səncə, mən belə bədən forması ilə kino karyerası qura bilərəmmi?”

Stiv hər dəfə onun başını sığallayaraq dünyanın ən gözəl qızı olduğunu deyərdi.

Onların münasibətlərində qüsur yox idi. Lakin tanışlıqdan 2 il sonra cütlük ayrılmağa qərar verdi. Səbəb isə o idi ki, Stiv hər bir kişi kimi, Keyti qısqanırdı. Onlar son zamanlar tez-tez mübahisə edirdilər. Sevgililərin dolanmaq üçün pulları yox idi. Keyt ekranlara çıxan kimi Stivlə münasibətlər daha da gərginləşdi.

- Qulaq as, Stiv, mən daha belə bacarmıram, - göz yaşlarına qəhər olmuş Keyt deyirdi, - xahiş edirəm, ya biz münasibətləri dəyişirik, ya da ki, ayrılmalıyıq!

-Sən, sadəcə, məni sevmirsən, balaca ağılsız, qızcığaz. Qadın sevərsə, o heç zaman ayrılıq haqda danışmaz.

-Yox, sən məni sevmirsən! Öz suallarınla bezdirirsən: hansı rejissor mənə nə dedi... Bir özünə bax! Gör nəyə çevrilmisən? Evdə oturmaq lazım deyil, get özünə rol qazan!

Sonuncu görüş

Keyt qışqırdı, bağırdı, heç öz səsini də eşitmədi. Sonradan sakitləşərək dedi:

-Gəl bir neçə həftə ayrı yaşayaq, hərtərəfli düşünək.

Hər ikisi məyus olmuşdu. Ayrılmazdan əvvəl onlar sevgi münasibətlərinin ən qızğın məqamında birgə günlərini keçirdikləri restorana getdilər. Bundan sonra onlar dost qalmağa qərar verirlər. Düşmən kimi ayrılmaqdansa, ən yaxşı yol dostluq idi. Bir neçə aydan sonra isə Stivə ölümcül xərçəng diaqnozu qoyuldu...

Əvvəl o, Keyti qovurdu, kimsənin ona yazığı gəlməsini istəmirdi. Lakin qız onu yoluxurdu. Hətta bəd diaqnozdan 1 il sonra belə, Keyt, Stivin yanına gələrdi. Amma artıq onun rejissor sevgili vardı...

Keyt bu aralar “Titanik” filminə çəkilirdi. Film onun bütün vaxtını alırdı və Stivenə hər zaman baş çəkə bilmirdi. Lakin Keyt köhnə sevgilisini yaddan çıxarmır, ona zəng edir və xəbərlərdən agah edirdi. Stiv öz xəstəliyini unudub, saatlarla Keytə qulaq asar və əvvəlki kimi öz suallarını verərdi. Ölənə qədər Stiv, Keytin rejissorla sevgili olmasından xəbər tutmadı.

“Titanik” filminin premyera gecəsi Stiv öldü. Hamı təqdimat mərasimində Keyti gözləyirdi. Axı filmi təsirli və maraqlı edən aktrisalardan biri də Keyt olub. Lakin o, mərasimə gəlmədi. Öz keçmiş sevgilisi ilə vidalaşmaq onun üçün daha əsas idi. Ancaq həyat davam edir və Stivin ölümündən 11 ay sonra Keyt rejissor Cim Tripltonla ailə həyatı qurur.

Keytin 25 yaşı tamam olduqdan sonra Mia adlı qızını dünyaya gətirir. Lakin məşhur aktrisa qızına kifayət qədər vaxt ayıra bilmir, bu isə daha çox ata Cimi qəzəbləndirirdi. Keyt hər dəfə film çəkilişlərindən qayıtdıqdan sonra əri onun üstünə qışqırardı: “Bəyəm mən sənin üçün dayəyəm? Mən də sənin kimi kino layihəsinin işçisiyəm!”.

Güzəşt, danışıqlar, vədlər... Bəs Keyt nə etməli idi? Kinonu atmaq? Bu, mümkün deyildi...

Film çəkilişləri zamanı Keyt tərəf müqabili ilə bir neçə dəfə kafedə qəhvə içən yerdə yaxalanır. Bütün bunları onun ərinə xəbər verirlər. Mətbuat Keyti xəyanətdə günahlandırsa da, sonradan ərinin ona heç də sadiq olmadığı məlum olur. Cim boşanma qərarını verir. Bütün bu hadisələr “Eniqma” filminin premyerası ərəfəsində baş verir. Elə bu səbəbdən də, Keyt bu dəfə təqdimat mərasiminə gəlmir.

Günlərin birində Keytin evinə böyük bir qızılgül dəstəsi gətirilir. Buketin içərisindəki məktubda deyilirdi: “Möhkəm ol, əzizim mənim. Ümid edirəm ki, tezliklə özünə gələcəksən. Sənin Culiyan”.

Güllər aktrisa Culiya Robertsdən göndərilmişdi. Culiya da bu ərəfələrdə sevgilisindən ayrılmışdı və Keytin dərdini gözəl anlayırdı.

Keyt nəhəng zalın stolunda oturarkən onun yanına yaraşıqlı bir kişi yaxınlaşır: “Mən sizə nəsə kömək edə bilərəmmi?”. Keyt başını qaldırdı və “Amerikasayağı gözəllik” filminin rejissoru Sem Mendesi tanıdı. Onlar uzun müddət bir-birinə baxdılar. Sonra Sem, Keytin əlindən tutaraq onu ardınca apardı. Cütlük maşına əyləşdi və bütün yolu dinməz-söyləməz getdi. Sem evə çatdıqda Keytə dedi: ”İcazə verin, sizi evimə qonaq dəvət edim”. Və Keyt razı oldu...

O gündən etibarən Sem və Keyt yalnız iş günləri bir-birindən ayrı qalardılar. Semin 35, Keytin isə 26 yaşı vardı. Onlar məşhur və işgüzardırlar. Onları gələcəkdə nə gözləyə bilərdi?

-Əziz Keyt, mənim sənə olan hisslərim xüsusidir. Mən səni sevdiyim kimi heç vaxt kimisə belə sevməmişəm. Mən çox istərdim ki, sən mənim arvadım olasan, - Sem əlində qırmızı şərab badəsi ilə Keytə dedi.

Keytin gözləri sevincdən yaşardı, lakin o, tez cavab verməkdən də ehtiyat etdi. Bir neçə saniyədən sonra Keyt dedi: “Razıyam!”.

Toy mərasimində Keytin valideynləri, qızı və 3 yoldaşı iştirak etdi. İndi isə onlar bir oğula sahibdirlər.

Keyt həyatda 3 şeyi sevir: Ceyms Kemeonun ona hədiyyə etdiyi “Canon” foto aparatı, 20 yaşında hədiyyə aldığı mirvari boyunbağı və kompakt disklər.

“Sizin neçə yaşınızın olması əhəmiyyət daşımır: bizə hər zaman ana lazım olur. Mən də istisna deyiləm: mənə də ana lazımdı. Ona görə də ananızla mübahisə etməyin və onun məsləhətlərinə qulaq asın”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm