Azərbaycanlı məşhur: “Rasim Ocaqova dedim ki...” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhur: “Rasim Ocaqova dedim ki...” - FOTOLAR

Bu gün onun doğum günüdür. Azərbaycan kinosunun ən gözəl incilərinin operatoru Kənan Məmmədovu deyirəm. Biz də onu təbrik etdik. Sözün düzü, məndə olan mobil telefonuna başqa adam cavab verdi. Bəlli oldu ki, nömrəsini yeniləyib.

Yaxın dostlarından olan və ərkim çatan Şeyx Əbdül Mahmudbəyliyə müraciət etməli oldum. Sağ olsun, o dəqiqə verdi, dostunun ad gününü xatırlatdığım üçün mənə minnətdarlıq etməyi də unutmadı. Sonradan bildim ki, təbrik məsələsində məni qabaqlayıb. Söhbətə başlamamışdan öncə qeyd edim ki, 1946-cı il oktyabrın 9-da Bakıda anadan olan Kənan Məmmədov hələ uşaqlıq illərində görkəmli sənətkar Xan Babayevlə ünsiyyəti onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Politexnik İnstitutunda təhsil alıb. 1971-1976-cı illərdə, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. 2010-cu ildən Avropa Kino Akademiyasının üzvü seçilən operator indiyədək milli kinomuzun ən gözəl filmlərini ekrana köçürüb “Ad günü”, “Bağlı qapı”, “Təhminə”, “Otel otağı”, “Fəryad”, “Gecə qatarında qətl” və s…

- Həmişə düşünürəm ki, zaman artdıqca insanların doğum gününə olan münasibəti də dəyişir. Tutalım, uşaqlıq, gənclik illərində həvəslə keçirdiyi ad günlərini yaşa dolduqca qeyd etmək istəmir. Siz də mi belə düşünürsünüz?

- Zaman təsdiq edir ki, bir il də qocalırsan. Təbii ki, yaş altmışı keçib, buna görə də mənim ad günümə münasibətim birmənalı deyil. Zarafat deyil, 68 yaşım tamam olur.

- Kompliment kimi qəbul etməyin, tam səmimi deyirəm, heç bu yaşı sizə vermək olmur…

- Çox adam belə deyir. Buna görə sənətimə minnətdaram. Bu peşə elədir ki, dağda-daşda, suda-quruda oluruq. Bu peşə məni dinamik və idmançı görkəmində saxlaya bilib. Amma hərdən güzgüyə baxanda görürəm ki, yox, qocalıram.

- Buna görə də sizə məsləhət görürəm ki, güzgüyə baxmayasınız…

- (gülür) Düz deyirsiniz, 60-da sonra güzgüyə baxmaq lazım deyil.

- Bildiyim qədər, milli kinomuzda sizin qədər film çəkən ikinci bir operator olmayıb. Bəs elə bir film varmı ki, ürəyinizdə qalıb. Hələ də onu çəkə bilməmisiniz?

- Var, ürəyimi oxudunuz. Ən böyük arzumdur ki, Bakı və bakılılar haqqında səmimi bir film çəkim. Olduğu kimi, heç bir kənar əlavələr olmadan, onların həyatını filmə gətirim. Belə bir film üçün mükəmməl ssenari gözləyirəm.

- Bəs hansı rejissorla o filmi ekranlaşdırmaq istərdiniz?

- Açığı, o filmin operatoru da, rejissoru da özüm olmaq istərdim.

- Elə bir rejissor varmı ki, onunla işbirliyindən məxsusi zövq almısınız?

- Konkret olaraq, bir rejissorun adını çəkə bilmərəm. Deyə bilmərəm çəkdiyim filmlərin hamısı alınıb, ya yox, ola bilər, altısı alınıb, altısı alınmayıb.

- Belə başa düşdüm ki, sizdən asılı olmayan səbəblər üzündən bu baş verib. Mənə çox maraqlıdır, elə bir film olubmu ki, onu yarımçıq qoyub getmək istəmisiniz?

- İstəmişəm yox, elə getmişəm də. Rəhmətlik rejissorumuz Rasim Ocaqovun “Həm ziyarət, həm ticarət” filminin hazırlıq çəkilişləri zamanı filmi yarımçıq qoyub getdim.

- Səbəb nə idi ki, fikirləriniz üst-üstə düşmürdü, buna görə?

- Yox, filmlə bağlı deyildi. Rasim müəllimlə filmə dəxli olmayan şəxsi bir söhbətə görə. Sözümüz çəp gəlmişdi və buna görə mən ona dedim ki, Rasim, get özünə operator tap, mən bu filmi çəkmirəm. Elə də getdim və filmi başqa operatora verdilər. Azı beş-altı il onunla münasibətimiz olmadı.

- Yəni küsülü qaldınız?

- Yox. Görüşdüyümüz məclislərdə salamlaşırdıq, amma kinoda işbirliyimiz yox idi.

- Rasim Ocaqovla milli kinomuzun ən gözəl filmlərini çəkmisiniz… Daha deyin həmin o beş-altı ildə kinomuz çox şey itirib ki…

- Həmin müddətdə Rasim Ocaqov flm çəkmədi. Altı ildən sonra onun sonuncu filmi “Otel otağı” olub. Onda Rasim müəlim arxamca xəbər yolladı, adam göndərdi ki, gəl bir film çəkək. Nəhayət, mən onunla kabinetində təkbətək görüşdük və bir çox məsələlərə aydınlıq gətirdik. Sonra mən onunla film çəkməyə razılıq verdim.

- Sonuncu filminiz “Sonuncu dayanacaq” adlanır. Bu günlərdə premyerası olacaq. Ümumiyyətlə, əlamətə, mistikaya, rəmzlərə inanan adamsınız?”Sonuncu dayanacağ”ın son film olmağından qorxmursunuz ki?

- Qətiyyən əlamətlərə, bürclərə, rəmzlərə inanmıram. Əksinə, qarşıda mənə iki layihə təqdim ediblər. Qabağımdan qara pişik keçəndə, əksinə, həmin gün işlərim əla gedir.

- Elə bir adam varmı, gözünüz yoldadır ki, kaş ad gününüzdə sizi təbrik edəydi?

- Yoxdu elə bir adam. Mənə əziz olan adamlar var ki, bu gecə saat 1-ə beş dəqiqə işləmiş məni təbrik etdilər. Onları xanımım, oğlum və qızımdır. Qalanları təbrik eləsələr də, sağ olsunlar, eləməsələr də.

- Hədiyyələri sevirsiniz?

- Kim sevməz ki…

- İndiyə qədər ən yaddaqalan ad günü hədiyyəniz nə olub? Sürpriz hədiyyəni nəzərdə tuturam.

- Həmin hədiyyəni bu gün aldım. Kinoprodüser Adil Qulamov iş otağımda masanın üzərində bir hədiyyə qoymuşdu. Mənə dedi ki, özün aç, bax. Açdım gördüm ki, kameranın obyektividir, üstündə də linzaları… Ağlıma heç nə gətirmədim. Linzalara baxanda gördüm ki, boş stəkandır. O stəkanla çay da içəcəyəm. Mən, ümumiyyətlə, sürprizləri çox sevirəm.

- Özünüz də sürpriz etməyi xoşlayırsınız?

- Xoşlayıram və ara-sıra edirəm də.

- Onda deyin görək, sonuncu dəfə xanımınıza nə vaxt sürpriz etmisiniz?

- Dörd ay bundan əvvəl. Biz Dubayda idik, xanımıma bir qızıl boyunbağı aldım. Nəsə, o boyunbağı onun boynunu əzirdi. Bir dəfə mənə dedi ki, Mərkəzi univermaqda bir boyunbağı görmüşəm, çox xoşuma gəlib. Mən xəlvəti o bahalı böyunbağını aldım və ad günündə ona hədiyyə etdim. Çox təsirləndi və xoşuna gəldi.

- Əgər sizə həyatınızı ekranlaşdırmaq imkanı verilsəydi, sizcə, ömrünüzün hansı mərhələsini çəkərdiniz, hansı ki, o mərhələ o filmi daha maraqlı edərdi?

- Ata və anamla bərabər yaşadığımız mərhələni ekranlaşdırardım və çox da maraqlı alınardı. Atam Əzizağa Məmmədov dövrünün tanınmış professor, alimi olub, gözəl insan idi. Anam da evdar xanım olsa da, çox müdrik qadın idi. Hər ikisi mənim üçün nümunə idi. Onlarla bərabər yaşadığım həyatımı ömrümün ən gözəl çağları hesab edirəm.

- Sizi yaşınızın bu çağında ayaqda tutan, sizə ruh verən nədir, yaxud kimdir?

- Uşaqlarım və nəvələrim. Nəvələrimdən biri adımı daşıyır. Ona baxdıqca yaşamaq həvəsim artır. O hətta məni ölüm qorxusundan belə xilas edir. Hər zaman düşünürəm ki, mən bu dünyadan köçüb getsəm də, Kənan mənim ömrümü davam etdirəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm