• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xalq artisti: “1997-ci ildən Alim Qasımovu dinləməyi özümə qadağan etdim” – FOTOLAR

Xalq artisti: “1997-ci ildən Alim Qasımovu dinləməyi özümə qadağan etdim” – FOTOLAR

Tanınmış xanəndə, xalq artisti Zabit Nəbizadənin Publika.az-a müsahibəsi

- Zabit müəllim, xeyli vaxtdır görünmürsünüz. Yaradıcılıqda hansı yeniliklər var?

- Əslində, yaradıcılığımda heç nə yoxdur. Biz bir işi görməmiş “bağ belə, bostan belə” deməyə adət etmişik. Amma ortada bir şey yoxdur ha. Bu yalanı kimə danışırıq, bilmirəm. Mobil telefonlar çıxandan sonra yalanlar da çoxalıb. Zəng vurursan ki, haradasan, deyir burdayam. Halbuki yarım saatlıq yolu var hələ... Repertuarımda bir neçə yeni mahnım var. Adlarını açıqlamaq istəmirəm.

- Bəstəkar mahnılarıdır?

- O mahnılar xalqın dilindən xalqa çatdığına görə xalq mahnıları adlanır. Amma həmin mahnılar konkret şəxslər tərəfindən yazılıb... Bəzən soruşurlar ki, niyə təzə bir şey oxumursan. Təzə nə oxuyum axı?

- Sənətdə tay-tuşunuz olan ifaçılar bəstəkarlarla işləyirlər...

- 10-12 il əvvəl “Gəncədən fayton gəlir” adlı mahnı oxumuşdum. İndi həmin səslə oxumaq istəmirəm. Tahir Əkbərin “Ana, saçlarım ağardı” adlı bir mahnısını oxumuşam. Zamiq Əliyevin də “Yollar” adlı ritmik mahnısını ifa etmişəm...

- Niyə sizin ifanızı Alim Qasımovun ifa tərziylə müqayisə edirlər?

- Olar sizə bir sual verim?

- Buyurun.

- Siz kimdənsə belə eşitmisiniz, yoxsa özünüz də belə düşünürsünüz?

- Mən də hiss edirəm ki, oxşarlıq var.

- Amma mənə elə gəlir ki, bu, əvvəllər olub.

- 10-12 il əvvəlki ifalarınızın yenidən səsləndirmək istəməməyiniz fikri də məhz buradan qaynaqlanır?

- Alim Qasımov “Gəncədən fayton gəlir”i oxumayıb. İfamın onun ifasına bənzərliyi 1991-97-ci illərdə olub.

- Yəqin ki, ondan dərs almağın təsiri idi...

- Öz tələbələrimə də deyirəm ki, burada şərt dərs almaq deyil. Bir sənətkarı o qədər qəlbən sevdin, vuruldunsa, dərs aldın-almadın oxşayacaqsan. Mən 1997-ci ilədək Alim Qasımovdan başqa heç kəsə qulaq asmamışam. Birinci kursda müəllimim Hacıbaba Hüseynov olub. İlk dəfə o mənə sual verdi ki, oğlum, sən mənə qulaq asırsan? Bir az pərt oldum. Özü də bunu hiss elədi. Mən də kişi kimi dedim ki, xeyr, sizə qulaq asmamışam. Amma demədim ki, Alim Qasımovun kasetlərinə qulaq asıb bura gəlmişəm. Mənə dedi ki, səndən böyük oxuyan olacaq. Bir il Hacıbaba müəllimdən dərs aldım. Sonra səhhəti ilə əlaqədar işdən çıxmalı oldu. Əvəzinə Canəli Əkbərov və Alim Qasmov gəldi. Hacıbaba müəllimin tələbələrini Canəli Əkbərova verdilər. Amma mən gedib Alim müəllimin dərsində otururdum. Canəli müəllimin öyrətdiklərini özüm kimi oxumağa çalışırdım. 1997-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecində müəllimliyə başlayandan Alim Qasımova qulaq asmadım. Məqsədim öz yolumu tutmaq idi.

- Bəs ondan sonra kimləri dinləyirdiniz?

- Dünyasını dəyişmiş sənətkarları, xüsusən də Zülfü Adıgözəlov və Hacıbaba Hüseynovu dinləyirdim.

- Muğamla bağlı “Bakı yolu”, “Şirvan yolu”, “Qarabağ yolu” kimi bölgülər aparılır. Belə bölgünün aparılması nə dərəcədə doğrudur?

- Çox səhv bölgüdür. Bir dəfə də mənə bu barədə sual veriblər. Onda cavab verdim ki, bəs cənub tərəfdə oxuyanlar hansı məktəbə bölək? Cəlilabaddan Sabir Mirzəyev, Teymur Mustafayev, Lənkərandan Canəli Əkbərov kimi ustadlar var. Toy janrında Sabir Əliyev, Yusif Mustafayev, Baloğlan Əşrəfov, Ağadadaş Ağayev yetərincə güclüdürlər. 15-16 yaşlarımda Ağadadaşın ifalarını yamsılamaq istəyirdim. Əsgərlikdən qayıdandan sonra dedim ki, mən konkret muğam öyrənməliyəm. Muğamı bölgələrə bölmək günahdır. Bir ”Rast” muğamımız var. Qarabağlı da o cür oxuyur, şirvanlı da, bakılı da. Bütün tədris proqramımız rəhmətlik Seyid Şuşinskinin oxuduğu yoldur. Bir dəfə dedim, bəlkə, ləhcələrə bölək. İndi də o sözün altını çəkirəm. O boyda Hacı Tələt Qasımov oxuyurdu ki, “Ala, zülfün dağılmaq adətidir, şanə neynəsün”. Qədeşyana oxuyub və o kişinin özündə də qədeşlik, yerişində, duruşunda sanbal var idi. Bu sözü gedib Tələt Qasımova səhv çatdırmışdılar. Bir də gördüm Tələt Qasımov gəlir. Dedi ki, “ala, sənin canın üçün az qalmışdı səynən bir qırğına çıxam. Sonra fikirləşdim ki, qədeş sözü əla sözdür də”. Dedim, hacı, sən bizim ağsaqqalımızsan. Mənim ixtiyarım yoxdur ki, kiməsə irad tutum. Bu yaxınlarda Hacı Mailin yubiley tədbiriydi. Mən də elə yerdə oturmuşam ifaçılar oxuyanda reaksiyam efirdə görünür. Mənim dediyimi Tələt Qasımova səhv çatdıran qadın zəng vurub ki, bakılıları bəyənmirsən, amma Ağaxan Abdullayev oxuyanda başını yelləyirdin. Dedim, mən kiməm bakılıları bəyənməyəm? Bakı, Şamaxı həmişə bir olub da. Bakının qurucusu şamaxılılar olub. Mən kiməm ki, kimisə bəyənməyəm? Yəni ləhcələrə bölmək olar, amma parçalamaq olmaz. Azərbaycanın bir muğamı qalıb, onu niyə parçalayaq ki? Mədəniyyət də, mənəviyyat da muğamdadır.

- İndi kimləri dinləyirsiniz?

- Allah hamısının canını sağ eləsin. Zövq üçün hamıya qulaq asıram.

- Bəs öyrənmək üçün?

- Daha çox dünyasını dəyişmiş ustadlara qulaq asıram.

- Xalq artisti fəxri adını nə vaxt aldınız?

- Almamışam, veriblər (gülürük).

- Estradaya qulaq asırsınız?

- Maşınımda radio ömür boyu açıq olar və həmişə də aşağı səslə dinləyirəm. Hətta kimsə maşına minəndə deyir ki, bir az səsini artır, qulaq asaq. İndi olmasın, toylardan yorğun çıxanda – çünki indi bir o qədər toyum yoxdur – beynimi İlqar Muradovun oxumasıyla sakitləşdirmişəm. Röyanın oxumağından zövq alıram. Röya oxuyur, qışqırmır, səsinə düşən mahnıları oxuyur. Allah rəhmət eləsin Qədir Rüstəmova. Bəyəm o, 10-15 mahnı bilirdi? Hərdən bəzi adamlar deyir ki, Qədir müəllimin beş-altı mahnısı olub da. Hətta deyirlər ki, bir dənə “Sona bülbüllər”i olub.

- Bəziləri də deyirlər ki, ritmi olmayıb.

- Bəs “Olmaz-olmaz”ı kim oxuyub? Möhür vurub da o mahnıya. “Aman təklik əlindən”i kim oxuyub? Mən bu mahnıları onun ifasında eşidib öyrənmişəm. Bir-iki dəfə onunla məclisə düşmüşük, “Ay Laçın” oxuyub. Bunu necə ritmi yoxdur ki, zənguləni ölçüylə, sayla vurur. Hə, o düzdür ki, özü qaval çalıb-oxumayıb.

- Bildirdiniz ki, toylara getmirsiniz. Bəlkə, sizə tələbat azalıb? Yaxud da efirdə az-az görünməyiniz populyarlığınıza təsir edib?

- Bəlkə də, efirə az çıxmaq təsir edib. 25 ildir bu sənətdəyəm. Efirə çıxmaq üçün cəmi bir dəfə naxçıvanlı mərhum eks-deputat Məzdək Hüseynovdan xahiş etmişəm. O da belə oldu ki, məni bir toyda gördü və ifamı çox bəyəndi. Dedi ki, bundan sonra nə çətinliyin olsa, mənə deyərsən. Dövlət Televiziyasında 1997-ci ilin yeni il çəkilişləri idi. Ona zəng vurdum, həll elədim. Hətta həmin toyda mənə bir üzük bağışladı. Götürmək istəmirdim. Dedi ki, səni oğlumun toyuna behləyirəm, götürməlisən. Məcbur olub götürdüm. Həmin bayram proqramında ilk dəfə “Bu nə sirdi, düşdüm ana?”nı oxudum. Düz on il həmin mahnıyla populyar oldum. Bəlkə, indi o cür mahnıları az oxuduğuma görə məclislərə az-az dəvətlər alıram. Bu dəqiqə verilişlərdə də, bahalı toylarda da sözü ilə əməli düz gəlməyən insanlardı. Bahalı toylara da onlar gedirlər.

- Toya gedəndə məclis sahibinə konkret qiymət deyirsiniz?

- Xeyr, demirəm.

- Yəqin ki, müəllimliklə dolanmaq çətin olar.

- Allah dolandırır. Amma oxuyan vaxtım da indidir, pul qazanan vaxtım da. Bu dəqiqə Heydər Əliyev Sarayında konsert verməyə hazıram. Amma mənə təşkilatçı lazımdır. Boş zala konsert verəsi deyiləm ki. Reklamsız afişayla kiminsə konsertimə gəlməyi çətin məsələdir. Yəni indi konsert vermək üçün, heç olmasa, 30-35 min manat xərcləməlisən. Bir dəfə meyxanaçı Vüqar soruşdu ki, toyun var? Cavab verdim ki, yox dərəcəsindədir. Sonra da dedim ki, Vüqar, necə deyərlər, iki daşın arasında qalmışam. Efirə çıxıb yaxşı oxuyursansa, düşünürlər ki, bu, baha gedər. Zəng vurub soruşan da yoxdur. Bir dəfə də təsadüfən zəif oxuyanda deyirlər ki, yəqin qocalıb. Vüqar bu sözümə çox güldü. Tərif Allah üçündür. Amma saatı beş minə toya gedənlərlə də bir yerə də düşmüşəm, on beş min manata oxuyanlarla da, mənim kimi havayı oxuyanlarla da. Allaha şükür, hələ qocalmamışam, heç kimdən də əskik oxumuram. Hansı toyda oxuyuramsa da, hamı deyir ki, ruhumuz təzələndi. Niyə toya aparmırlar, onu deyə bilmərəm. Hər gün toydayam ha. Gündə üç toya gedirəm, amma dəvətnaməylə (gülür) . Həm toyu oxuyuram, həm də pul yazdırıram.

- Müsahibədən əvvəl bildirdiniz ki, siqareti tərgitmisiniz.

- Heç vaxt qutuyla siqaret almamışam, çəkməmişəm. Arada səsimi cilovlaya bilmirdim deyə çəkirdim.

- Bunu səsiniz çox zil olduğu üçün edirdiniz?..

- Həm zil idi, həm də istəyirdim qışqıram. Mənə elə gəlir ki, siqaret səsimi yığırdı. Son vaxtlar gördüm ki, səsimə təsiri var, çəkmədim. Cavan vaxtı hamı deyirdi, səsini siqaretlə niyə korlayırsan? Cavab verirdim ki, siqaret səsimi tənzimləyir. Düşünürdülər ki, bu, dəli olub. Ürəyim nikotin istəyirdi deyə çəkəndən sonra tənzimlənirdi. Toy olanda 5-6 dənə çəkirdim, bəs edirdi.

- Övladlarınızdan sənətinizi davam etdirəni varmı?

- Böyük qızım Pedaqoji Universitetdə, böyük oğlum Memarlıq və İnşaat Universitetində oxuyur. Üzr istəyirəm, onlar uşaq olanda gördüm ki, sənətimə həvəsləri yoxdur. İstədim, üçüncü övladımız da olsun. Düşündüm ki, bəlkə, mənim sənətimə meyli ola. Yaxşı bir tarçalan da olsa, mən öz biliklərimdən ona öyrədərəm. Yaxşı sənətkar həmişə yaxşıdır. Sənətin fərqi yoxdur. Bənnanın da yaxşısı sevilir, harada olsa, axtarıb tapırlar. Üçüncü övladım ikincidən on il sonra oldu. Onu incəsənət gimnaziyasına qoymuşam, üçüncü sinifdə oxuyur. Pianoya da meyl edir, qaval da çalır, yaxşı rəqs də edir. Tarda ona “Cücələrim”i öyrədirəm.

- Deməli, tar çala bilirsiniz...

- Dınqıldadıram. Yəni öz oxuduğumu çalıram.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR