• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhur aktrisamızın nakam qoyduğu qızının həyat hekayəsi

Məşhur aktrisamızın nakam qoyduğu qızının  həyat hekayəsi

Publika.az Azərbaycanın məşhur sənət adamlarıyla bağlı silsilə araşdırmalarını davam etdirir. Bu dəfə mərhum aktrisa Vəfa Fətullayevanın həyat və yaradıcılığı barədə araşdırma aparmağa çalışmışıq. Bəri başdan qeyd edim ki, aktrisa barədə rəsmi məlumatlar yetərincə deyil. Hətta çox kasaddır desək, daha doğru olardı…

…1945-ci ilin avqustun 25-də aktrisa Hökumə Qurbanova və tanınmış teatr rəssamı Nüsrət Fətullayevin, bəlkə də, ən sevincli günləri idi. Bakının Qubernskaya küçəsində yaşayan cütlüyün qız övladları dünyaya gəlmişdi. Çox düşünmədən adını Vəfa qoyurlar bu balaca qızcığazın. Deyilənə görə, Hökumə xanım Rəsul Rzanın "Vəfa" pyesində baş rol olan Vəfanı oynayırmış. Obraz aktrisanın o qədər xoşuna gəlib ki, həmkarları arasında deyibmiş ki, qızım olsa, adını Vəfa qoyacam. Ona görə də ailə tərəddüd etmədən qızcığaza Vəfa adını verir. Hökumə Qurbanova elə həmin illərdən Azərbaycan teatrının sütunlarından hesab edilirdi. Nüsrət Fətullayev isə hələ də teatr tariximizin ən yaxşı rəssamlarından sayılır. Vəfanın əmisi Fateh Nəsrullayev də aktyor idi. Çoxları onu "Ögey ana" filmindəki Arif rolundan yaxşı tanıyır. Digər əmiləri Nurəddin və Şəmsəddin Fətullayevlər isə teatrda dirijor işləyirdilər.

Bütün bunları sadalamaqda məqsədim gələcəyin aktrisasının böyüdüyü mühit barədə təsəvvür yaratmaqdır. Təsəvvür edin, həmin ailəyə kimlər gəlib-getmirdilər?! Amma bütün bunlara rəğmən, Vəfanın teatra, sənətə, demək olar ki, marağı yox idi. Hökumə Qurbanova isə qızını öz davamçısı kimi görməkdə israrlıydı. Deyirlər ki, insanların adı onların xarakterindən, daxili aləmindən xəbər verir. Görünür, Hökumə Qurbanovanın da istər sənət aləmində, istərsə də ailədə bu qədər hökmlü olmağı səbəbsiz deyilmiş.

…Anasının təkidi ilə Vəfa məhz o vaxtki Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti – red) rejissorluq fakültəsinə daxil olur. Bir çoxlarına məlum olduğu kimi, Məhərrəm Haşımovun kursunda təhsil alan Vəfa, müəlliminin "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" söyləməsindən sonra instituta getməkdən imtina edir. Bir müddət sonra isə o, hər kəsdən gizlin teatrşünaslıq fakültəsinə keçir.

1970-ci ildən etibarən rejissor Tofiq Kazımovun və anası Hökumə Qurbanovanın dəstəyi ilə Vəfa Akademik Milli Dram Teatrında işləməyə başlayır. Deyilənlərə görə, səlis nitqi, boy-buxunu olmasa da, qısa zaman ərzində tamaşaçılar tərəfindən böyük rəğbət qazanır. Amma bəzi həmkarları indi də belə hesab edirlər ki, V.Fətullayeva aktrisalıq üçün yaramırdı. Ən başlıcası, nitqindəki qüsur müəyyən məqamlarda ona mane olurdu. Bu barədə bir qədər sonra…

Vəfanın teatr səhnəsində ilk sınağı da məhz Tofiq Kazımovla olur. Belə ki, "Məhv olmuş gündəliklər" tamaşasında ona həvalə olunmuş Fəridə rolu aktrisanı tamaşaçıya sevdirir. Ardınca "Mahnı dağlarda qaldı" da Gülgəz, "Məhəbbət əfsanəsi"də Şirin, "Sən yanmasan"da Tənzilə, "Müsyö Jordan və Dərviş Məstəli şah"da Şərəfnisə, "Heç nədən hay-küy"də Beatriçe, "Kəndçi qızı"nda Bənövşə kimi müxtəlif səpkili rollar oynayır.

Ancaq buna qədər hələ 9 yaşında o, Şekspirin "Qış nağılı" pyesində anasıyla eyni səhnəni paylaşmışdı. Kralın oğlu Mamili obrazını canlandıran Vəfanın oyunu anasının da xoşuna gəlmişdi.

"Göz həkimi" teletamaşası isə onun daha geniş tamaçaçı auditoriyasına tanınmasında sözün əsl mənasında tramplin olur. Bildirilir ki, o dövrdə çoxları Tofiq Kazımovu əsas rolları Vəfa Fətullayevaya həvalə etdiyinə görə qınayırmışlar. Aktrisa anası Hökumə Qurbanovaya yazdığı məktubda da Tofiq Kazımov barədə söz açır:

"Salam, mənim əziz anam! Biz özümüzü çox yaxşı hiss edirik. Düzdür, burada bir az istidir, amma eybi yox, dözmək olar... Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam. Məni çox yaxşı qarşıladı və biz oturub xeyli dərdləşdik. Mən ona hər şeyi dedim. Dedim ki, Gülgəzdən sonra bir dənə də olsun xoşuma gələn rolum olmayıb. Dedim ki, əhvalım yaxşı deyil. Çox narahatam. O, mənə dedi ki, mənim yanımda özünü çox günahkar hiss edir. Çünki vaxtilə məni teatra gətirməyini özü səndən xahiş edib, amma indi bir əsər də işləyə bilmir mənimlə. Bu sözlərindən sonra mən ona deyə bilmədim ki, nəinki səndən, o, mənim özümdən də dəfələrlə teatra gəlməyimi xahiş edib. Mən başa düşdüm ki, o, hər şeyi çox gözəl xatırlayır. Yadına salmağa ehtiyac yoxdur... O özü də etiraf etdi ki, indi bütün sahələrdə ona həmişəkindən daha çətindir. Sonra da dedi ki, səndən ötrü bərk darıxıb. Səni görmək, oturub söhbət etmək istəyir. O, mənə məişət qayğılarından, onu narahat edən problemlərdən danışdı. Xahiş etdi ki, ona tez-tez baş çəkim və onunla söhbətə vaxt ayırım. Qısası, biz həmin gün xeyli dərdləşdik. Sən təsəvvür edə bilməzsən ki, gənc aktyorlarımız sənin üçün nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar, salam göndərirlər. Xahiş edirlər sənə çatdırım ki, tez gələsən. Yolunu səbirsizliklə gözləyirlər. Sən görərdin, Moskvadan qayıdanda onlar mənim üstümə necə düşdülər... Qısası, onlar səni çox sevir və yolunu gözləyirlər. Bütün kollektivin sənə salamı var. Hələlik bu qədər. Məktubunu gözləyirəm. Mənə görə narahat olma, tez-tez nənəgildə oluram.
Öpürəm. Vəfa."

Aktrisa 1982-ci ildə, 37 yaşında Azərbaycan SSR-nin əməkdar artisti fəxri adını alır. Halbuki həmin dövrdə bu yaşda fəxri ad almaq nadir aktyorlara, aktrisalara nəsib olurdu.

…Ancaq sənət həyatındakı uğurlar Vəfa Fətullayevanın şəxsi həyatı üçün keçərli deyildi. Adının çəkilməyini istəməyən qocaman aktyorlardan birinin dediklərindən:

"O vaxt Zaur adlı bir oğlan tez-tez Gənc Tamaşaçılar Teatrına gəlirdi. Maraqlandıq, dedilər ki, Hökumə Qurbanovanın qızı Vəfanı sevir, onunla evlənmək istəyir. Həmin oğlan bizdə aktyor işləyən Nazim İbrahimovla dost idi. Elə onların evlənməyində də Nazimin müəyyən rolu olmuşdu. Onlar evləndilər və qısa müddətdən sonra xəbər yayıldı ki, boşanıblar. Deyilənə görə, Hökumə Qurbanovayla Zaurun arasında mübahisə düşmüşdü, hətta dava olmuşdu. Zaur Vəfanın aktrisa olmağını istəməyib, Hökumə isə deyib ki, qızım aktrisa olacaq. Ona görə də boşanmışdılar. Amma düzünü demək lazımdır ki, Vəfa aktrisalığa yararlı deyildi. Çünki dilində qüsur var idi, yaxşı danışa bilmirdi. Sadəcə, rejissorlar ona Hökumə xanıma görə rollar verirdilər. Elə anasına görə də qısa müddətdə məşhur oldu. Şəxsən mən onu Teatr İnstitutuna qəbul etməzdim. O cür bərbad nitqlə başqa aktrisa teatra gəlsəydi, onu səhnəyə buraxmazdılar".

Ailə həyatının uğursuz alınmağı aktrisanı uzun müddət depressiyaya salır. Aktrisa günlərlə teatra belə gəlmir, hər kəsdən ünsiyyətdən qaçır. Belə bir məqamda aktrisanın həmkarı Fuad Poladovla münasibətləri başlayır. Ancaq bu dəfə H.Qurbanova qızının Poladovla ailə həyatı qurmağına qarşı çıxır. Bəzi həmkarlarının dediyinə görə, Qurbanova Vəfanın ikinci dəfə "ya səhnə, ya ailə" dilemması qarşısında qalmaması üçün belə edirmiş. Başqa bir aktyor isə bildirir ki, Fətullayeva qısa müddət əməkdar artist, "Əhməd haradadır?" filminin "Şofer Əhməd"i Elxan Qasımovla sevgi münasibətləri yaşayıb.

1987-ci ildə Vəfa Fətullayeva ağır xəstəliyə düçar olur. Həmin il mayın 21-də əməkdar artist əbədi olaraq gözlərini yumur. Bundan iki ay sonra Nüsrət Fətullayev, bir il sonra isə Hökumə Qurbanova dünyasını dəyişir. Görünür, Qurbanova şəxsi həyatını məşhurluğa, şan-şöhrətə qurban verdiyi qızının taleyinin belə acınacaqlı sonuclanmağında özünü ən böyük günahkar bilirdi.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR