Bilqeyis Mehdiqızı: “Arxadan vurulan zərbələri hiss eləməmişəm” - VİDEO/FOTO
Bizi izləyin

Tabloid.az

Bilqeyis Mehdiqızı: “Arxadan vurulan zərbələri hiss eləməmişəm” - VİDEO/FOTO

Ötən əsrin 80-90-cı illərinin tamaşaçıları onu yetərincə tanıyır.

Özünəməxsus şirin səsə sahib bu xanım sənətçimiz son on ildə, demək olar ki, efirlərdə yoxdur. Onunla söhbətimizdə də bu və digər maraqlı məsələlərə toxunmağa çalışmışıq.

Beləliklə, Publika.az müğənni Bilqeyis Mehdiqızının müsahibəsini təqdim edir.

- Bilqeyis xanım, neçə illərdir nə efirdə, nə konsertlərdə, nə də tədbirlərdə görünürsünüz. Sənətdən uzaqlaşmısınızmı, yoxsa davam edirsiniz, biz görmürük?

- Sənətdən yox, efirlərdən uzaqlaşmışam.

- Məqsədli şəkildə uzaqlaşmısınız, yoxsa efirə dəvət etmirlər?

- Hər gün müxtəlif telekanallardan dəvətlər gəlir. Bir müddətdən sonra efirə çıxacağam. Ailə mənimçün önəmlidir. Vaxtımı ailəmə, övladlarıma həsr edirəm.

- Bildiyimə görə, övladlarınız elə də kiçik deyillər...

- Balaca olmasalar da, övlad övladdır da.

- Bəs başqa sənət adamları necə çatdırırlar?

- Elə özüm də hərdən onlara məəttəl qalıram ki, həm ailəyə qayğı göstərməyə, həm işləməyə necə vaxt tapırlar.

- Siz sənətə yeni gəldiyiniz illərdə övladlarınız daha kiçik idilər. Onda necə çatdırırdınız?

- Onda başqa cür idi. Sözün doğrusu, indi hər şey, o cümlədən də sənət adamlarına münasibət o qədər dəyişib, dəyərsizləşib ki...Gündə dava-dalaşa çıxırlar, bu ona, o buna söz atır. Mən də belə şeyləri sevmirəm. Ona görə də çəkilib dayanmışam kənarda. Yəqin ki, bunlara bir əlac tapılacaq. Çünki sənət aləmi çox bərbad vəziyyətdədir.

- Belə başa düşdüm ki, inciksiniz...

- İnciməmişəm, şükür ki mənə qarşı haqsızlıq da edilməyib. Necə ki siz jurnalist kimi yazırsınız, əziyyət çəkirsiniz, eləcə də müğənnilik asan deyil. Öz işiylə məşğul olan hər kəsin dəyərini vermək lazımdır. Müğənniliyin də öz çətinlikləri var. Mahnını yazdırırsan, oxuyursan, aranjiman etdirirsən...ora qaç, bura qaç...

- İndi toylara gedirsiniz?

- Yalnız şəxsən tanıdığım insanların məclislərinə gedirəm.

- Əvvəldən ancaq tanıdığınız insanların məclislərinə getmisiniz?

- Əvvəllər belə olmayıb. Həmişə zəhmətkeş olmuşam, işləmişəm. Həmişə bu sənətlə nəfəs almışam, sənətsiz darıxmışam.

- Sonradan özünüzə qadağalar, şərtlər qoymuşunuz. Bu qadağalar, şərtlər hansı səbəbdən yarandı?

- Bu dəqiqə həm efirdə, həm toyların bəzilərində sənət adamlarına qarşı müəyyən haqsızlıqlar olur. Otuz ilə yaxın sənət təcrübəm var. Əvvəl tamam başqa idi. Toya bir musiqiçi, yaxud müğənni gələndə, hamı dayanıb həsrətlə baxırdı. İndi sənəti o qədər adiləşdirdilər, ucuzlaşdırdılar ki, istər efirdə, istər məclislərdə sənət adamına adi baxılır.

- Bu məsələdə sizinlə razılaşmıram. Çünki bütün dövrlərdə keçmişi ideallaşdırma cəhdləri olub.

-(düşünür) Bütün bunların nədən irəli gəldiyini bilmirəm.

- Deməli, indiki durumla, zamanla ayaqlaşa bilmirsiniz?

- Nə etməliyəm ki?

- Mahnı yazdıra, klip çəkdirə, efirə çıxa bilərsiniz.

- Onlar da olacaq. Hazırda iki yeni mahnım var.

- On ildir efirdə yoxsunuz. Cəmi iki mahnı yazdırmısınız?

- Nə bilim...

- Bəlkə, həyat yoldaşınız dünyasını dəyişəndən sonra ailənin yükü sizin üzərinizə düşdüyünə görə efirlərdən uzaqlaşmısınız?

- Elə əvvəl də ailənin yükü mənim üzərimdə olub və bu yükü hiss etmişəm. On iki yaşımdan “Qırmızı qərənfillər” məktəblilər ansamblından sənətə başlamışam. Həm də mənim ailə həyatım elə də uzun olmayıb. Beş-altı illik evliliyimizdə də belə olmuşam, hər zaman övladlarım üçün yaşamışam. Xaraktercə narahat insanam. Gündə 4-5 dəfə övladlarımla telefonla danışmasam, ürəyim partlayar.

- Övladlarınız hansı peşənin sahibləridirlər?

- Qızım mühasibdir. Oğlum futbolçu idi. Əməliyyat olunandan sonra idmandan uzaqlaşdı. Hazırda zərgər işləyir.

- Azərbaycanda müğənninin qazancı toylardandır. Toylara getmədiyinizə görə, yəqin ki, ailəni də övladlarınız dolandırırlar.

- Məsləhətli, yaxın-tanış toyu olanda gedirəm. Amma büdcəmiz birdir.

- Azərbaycan müstəqillik qazanandan sonra bir qrup sənət adamları, o cümlədən də siz səhnədən, sənətdən uzaqlaşdınız. Amma başqa bir qisim həmkarlarınız yeni tempə, ab-havaya dözərək sənətlərini davam etdirdilər. Bəs sizdə nə çatmadı səhnədə qalmaq üçün?

- Pərdəarxası elə şeylər baş verir ki, heç özümüzün də xəbərimiz yoxdur. Xəbərsiz-xəbərsiz bizə dəyən zərbələrin də haradan gəldiyini hiss etmirik.

- Nə zərbələr?

- Kimsə mənə bir addım yaxın gələrsə, mən beş addım ona yaxınlaşaram və bunu özümə borc bilərəm. Amma tez inciyənəm, haqqımı tələb etməyi xoşlayıram. Məsələn, efirdə, konsertdə çıxış edəndə səsini alırlar, aparatura söndürülür...

- Yəni sizə qarşı təzyiqlər başlamışdı?

- Bəli.

- Bu nə vaxtdan başlamışdı?

- Bu, elə həmişə olub. Sabah da fəaliyyətə başlasam, yenə də onu görəcəyəm. Dünya yaranan gündən belə şeylər var.

- Amma təcrübədə sizdən qat-qat üstün olan Mübariz Tağıyev, Flora Kərimova və başqa sənətkarlar var idilər ki, onlar da geri çəkilmədilər. Deməli, özünüzün də acizliyiniz olub.

- Söhbət acizlikdən getmir. Mənim xarakterim tamam başqadır. Özünüz də bu sənətin hər üzünü yaxşı bilirsiniz. Flora xanım dahi sənətkardır, ona sevə-sevə qulaq asmışıq. Məgər ona qarşı haqsızlıq olmayıb?

- Demək istədiyim odur ki, o, mübarizə apara bildi. Siz sanki tez sındınız.

- Sınmadım, amma qırılıram, küsürəm. Hansısa efir çağırır və çağıran kimi də soruşurlar ki, niyə çoxdandır görünmürsünüz?

- Siz də görünün, elə soruşmasınlar da.

-(gülür) Mənim axı vaxtım yoxdur.

- Toya getmirsiniz, efirlərdə də yoxsunuz, cəmi də iki mahnı yazdırmısınız. Bu qədər vaxtınız hara gedir?

-(gülür) İki deyil, çoxdur. Amma xoşbəxtəm ki, o iki mahnımla yadda qalmışam.

- Sənət yoldaşlarınızdan kimlərlə ünsiyyətiniz var?

- Məclislərdə görüşürük, hamısıyla da normal münasibətimiz var.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm