Dünya alimləri Aida İmanquliyevanın xidmətlərindən danışdı
Bizi izləyin

Tabloid.az

Dünya alimləri Aida İmanquliyevanın xidmətlərindən danışdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzində AMEA-nın təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr edilmiş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrdən nümayəndələr iştirak edib.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat yolundan və onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb. Bildirib ki, Aida İmanquliyeva XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olub, bütün ömrünü bu sahəyə həsr edib və çox böyük uğurlar qazanıb. O, Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın elmlər doktoru, professordur. Görkəmli alim həm keçmiş sovet, həm də dünya məkanında ilk dəfə məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazıb. Akademik qeyd edib ki, Aida İmanquliyevanın müraciət etdiyi mövzular o dövrdə də öz müasirliyi ilə seçilirdi, bu gün də aktuallığını itirməyib.

Konfransda Rusiya Elmlər Akademiyası rəyasət heyətinin üzvü, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin məruzə ilə çıxış edib. Akademik bildirib ki, A.İmanquliyeva Şərq ruhuna və Qərb zəkasına dərindən yiyələnmiş bir şəxsiyyət idi. Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemlərini sistemli şəkildə araşdıran ilk azərbaycanlı ərəbşünas olan A.İmanquliyeva hələ ötən əsrin 70-ci illərində günümüz üçün aktual olan mədəniyyətlərarası dialoq probleminə özünəməxsus tərzdə yanaşıb, onun fəlsəfi mahiyyətini açmağa nail olub.

Sonra Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi məruzəsində görkəmli alimin ərəb mədəniyyəti və ədəbiyyatını Azərbaycan şərqşünaslıq məktəbinə tanıtmaq sahəsində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, A.İmanquliyeva ərəb ədəbi tənqidi sahəsində də söz sahibi olub. Misirli professor onun məhcər ədəbiyyatına həsr olunan “Yeni ərəb ədəbiyyatının korifeyləri” əsərinin əhəmiyyətini xüsusilə qeyd edib.

Konfransda akademik Vasim Məmmədəliyevin “Aida İmanquliyeva Azərbaycan şərqşünasliğının ən görkəmli nümayəndələrindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirib ki, zəngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən olan professor Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib. Dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb aləmində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Daha sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Məmməd Səid Özərvarlı, Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru Tanju Seyhan, Tbilisi Dövlət Universitetinin təmsilçisi Mzisa Buskivadze, məruzələrlə çıxış ediblər.

Konfransın ikinci plenar iclasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva və digər alimlər görkəmli şərqşünasın keçdiyi mənalı ömür yolundan, elmi-təşkilati fəaliyyətindən danışıb.

Elmi konfrans öz işini bölmələrdə davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm