• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaq bəstəkarı: “Kimsə müraciət edir ki, nəvəmə mahnı yazmışam...”

Uşaq bəstəkarı: “Kimsə müraciət edir ki, nəvəmə mahnı yazmışam...”

Son illər Azərbaycanda uşaq mahnıları, demək olar ki, yaranmır. Heç deyəsən, bu mahnılara tələbat da o qədər çox deyil. Hər halda, efirlərə baxanda bunu açıq-aşkar görmək mümkündür. Uşaqlarımızın dinlədikləri isə ya “Heç mənə lazım da deyil” olur, ya da dilini, ənənəsini bilmədiyimiz hansısa ölkənin üçüncü “sort” mahnıları. Bəs niyə vəziyyət bu həddə gəlib çatıb? Nə üçün bu sahəyə maraq yetərincə deyil?

Publika.az-ın bu və digər suallarını uşaq mahnılarının bəstəkarı, “Canbala” uşaq qrupunun rəhbəri Məryəm Əlibəyli cavablandırır.

- Məryəm xanm, bu gün Azərbaycanda uşaq musiqisi, uşaq mahnıları ilə bağlı vəziyyət necədir?

- Uşaqlara nəinki mahnı, musiqi sahəsində, ümumiyyətlə, bütün sahələrdə az diqqət ayrılır. Bildiyiniz kimi, son 30-40 ildə Oqtay Zülfüqarovdan başqa bu sahəyə ciddi şəkildə müraciət edən olmayıb. Ara-sıra kimlərinsə bir-iki bəstəsini çıxmaq şərtilə, demək olar ki, uşaq mahnıları yazılmayıb. Tale belə gətirdi ki, Oqtay müəllimdən sonra mən bu işlə məşğul olmağa başladım. İndi də yaradıcılığımı sırf bu istiqamətdə davam etdirirəm.

- Maraqlıdır, necə oldu ki, məhz uşaq mahnıları yazmağa başladınız?

- Müğənni Xəyalə Manaflı mənim bacımın qızıdır. Xəyalənin iki yaşı olanda ona mahnılar öyrətməyə, mahnılar yazmağa başladım. Paralel olaraq da böyük müğənnilərlə - Flora Kərimovayla, Azərinlə, Almaz Ələsgərovayla işləyirdim. 2000-ci ildə “NM” qrupunu yaratdıq. 2004-cü ildə isə mənim təşəbbüsümlə “Canbala” qrupu yaradıldı.

- Amma uşaqlarla, özü də qrup şəklində işləmək elə də asan iş deyil.

- Uşaqlarla işləmək təcrübəsini Xəyalə Manaflıyla, qrupla işləməyi isə “NM”dən öyrənmişdim.

- Hazırda qruplarınızdan hansı fəaliyyət göstərir?

- “Canbala”nın uşaqları böyüyüblər. Biri Xəzər Universitetinin ikinci kursunda oxuyur, biri mənim oğlumdur, Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinə daxil olub, qızlar isə orta məktəbin yuxarı sinif şagirdləridirlər. Həmin uşaqlar böyüdülər, qrupdan uzaqlaşdılar. Amma çox adam məndən “Canbala”nı soruşduğuna görə yeni heyət yığdım.

- Amma indiki “Canbala” əvvəlki qədər gözə dəymir.

- Çünki yeni yaranıb. Həm də bu dəfə lap kiçik yaşlı uşaqları götürdüm. Qrupun ilk heyəti 5-8 yaş arasında idi, bunlar isə 3-6 yaş arasındadırlar. Bunların dili tam açılmayıb, bəzi hərfləri tam deyə bilmirlər. Amma buna baxmayaraq, artıq bir neçə dəfə səhnəyə, efirə çıxıblar. Etiraf etmək lazımdır ki, indi uşaqlarla maraqlanan efirlər azdır, uşaq verilişləri yox dərəcəsindədir. Uşaqlar ancaq 1 iyunda və bəzi bayramlarda yada düşürlər.

- “Canbala” qrupundan maddi gəliriniz olurdu?

- Nə Xəyalə Manaflıyla işləyəndə, nə “NM”i, nə də “Canbala”nı yaradanda pul qazanmaq haqda düşünmüşəm. “Canbala” ilə kiminsə ad günündə, müəyyən məclislərdə iştirakımız olub. Əgər cüzi qazanc olubsa da, həmin pullar qrupun geyimlərinə xərclənib.

- Bəs bu qrupu yaratmaqda maraq nə idi? Bu, hobbidir?

- Hobbi deyil, sənətə olan sevgi və yaxşı bir iş görmək həvəsidir.

- Həmin uşaqlar sonradan solo karyera qurdular?

- Bu yaxınlarda onların üçünü gördüm. Hər üçündə bu sənətə qarşı çox böyük sevgi və istək var. Soruşdum ki, yenidən birləşməyimizi, işləməyimizi istəyərsiniz? Biri dedi ki, düşünərəm, digəri bildirdi ki, bu sahənin ardınca getmək istəyir. Mənim oğlum isə musiqiyə qeyri-adi dərəcədə bağlıdır. O yaşda uşaqlar simfonik musiqiyə qulaq asmırlar, amma o, bütün günü simfonik musiqi dinləyir.

- Adətən, yeniyetməlik dövründə səs dəyişir. Oğlunuzun səsi yerində qalır?

- Uşaqların səsdəyişmə dövründə onlara hətta ucadan danışmağa icazə vermirəm. Estrada musiqisində geniş diapazonlu səsə o qədər də ehtiyac yoxdur. Geniş səs diapazonu vokal və muğam sahəsində alışan uşaqlara daha çox lazımdır. Burada daha çox eşitmə, ritm, musiqi zövqü əsasdır.

- Gənc və yaşlı müğənnilərlə işləyirsiniz?

- Bir çox böyük müğənnilərlə işləmişəm. Azərbaycanda yeganə bəstəkaram ki, ötən əsrin sonunda bir mahnımı on iki müğənniyə oxutdurdum. “Yeni dövrü gəlir Azərbaycanın” adlı mahnını Rəşidə Behbudova, Cavan Zeynallı, Mübariz Tağıyev, rəhmətlik Elçin Cəlilov, Azərin, Nurlan Əzizbəyli, Xəyalə Manaflı, Faiq Ağayev, Almaz Ələsgərova, İlqar Xəyal oxumuşdular. İlqar Xəyal “Karvan” qrupundan sonra heç yerdə oxumurdu və məhz həmin mahnıyla ikinci dəfə oxumağa başladı. Çox möhtəşəm mahnıydı.

- Məncə, adam öz mahnısına möhtəşəm deməz.

-(gülür) Yox, o mənada demədim. Yeni əsrə həsr olunmuşdu, xüsusi diapazonu var idi. Həm də bu mahnını möhtəşəm müğənnilər oxumuşdular. Bunu deməmək olmaz. İndi isə heç bir müğənniylə işləmirəm. 3-4 uşaq qrupum var, onlarla işləyirəm. Bunlar “Canbala”, “Nağıllar”, “Gülən notlar” və “Dostlar” qrupudur. “Dostlar” və “Nağıllar” yeniyetmələrdən ibarət qruplardır.

- ATV-dəki yarışmaya qatılan “Dostlar” sizin qrupunuzdur?

-Əfsuslar olsun ki, mən bu qrupu yaradandan sonra məlum oldu ki, belə bir adda qrup var. Artıq gec idi, heç birimiz adımızı dana bilməzdik. Onlar daha çox tanınırlar. Çünki həm böyükdürlər, həm də efirə daha çox çıxırlar.

- Niyə bəstəkarlar uşaq mahnılarına o qədər də maraq göstərmirlər?

- Birincisi, uşaq mahnılarından gəlir əldə etmək olduqca çətindir. Çoxları elə bilir ki, uşaq mahnıları yazmaq asandır. Amma cəhd edirlər, görürlər ki, elə də asan deyilmiş. Çünki belə mahnıları yazanda uşaqlaşmalısan, uşaq psixologiyasını bilməlisən. Sizə bir məsələni də açıqlayım. Tutaq ki, kimsə məndən mahnı alır və o mahnını ifa edir. Sonra təsadüfən kimsə öyrənir ki, bu, mənim mahnımdır. Həmin müğənniyə deyir ki, Məryəm Əlibəyli uşaq mahnıları yazır, onun mahnılarını oxuma. Beləcə, əziyyət çəkib yazdığım mahnım qalır bir kənarda.

- Yazdığınız uşaq mahnılarının mətnlərini - şeirləri haradan götürürsünüz?

- Mahnılarımın səksən faizinin sözlərini özüm yazıram. Çünki uşaqlıqdan həm böyük, həm də uşaq şeirləri yazmışam. Amma bununla yanaşı hər zaman primitiv olmayan, şirin, maraqlı, uşaqları sevindirən, onların diqqətini çəkən şeirləri axtarıram. Uşaq yazarı Sevinc Nuri ilə 7-8 mahnı da işləmişəm. Sevinirəm ki, uşaqları belə sevən, duya bilən insanlar var. Bir də Axundov kitabxanasından Mobil Quluzadənin “Quzu” şeirini tapmışam. Həmin şeirə yazdığım mahnı da çox uğurlu alındı. Deyim ki, qruplarım sırf mənim mahnılarımı oxumurlar. Fikrət Əmirovdan, Üzeyir Hacıbəyovdan oxuyublar, Asya Sultanovanın “Div və cırtdan” mahnısını ifa ediblər. Həmçinin Oqtay Zülfüqarovun “Ey vətən”, Ağabacı Rzayevanın “Kukla” mahnısı da repertuarda var. Sadəcə o bəstələri uşaqlar bir qədər fərqli tərzdə oxuyublar.

- Bu sahə o qədər də gəlirli hesab olunmur. Bəs maddi ehtiyaclarınızı necə ödəyirsiniz?

- Arada teatr tamaşaları üçün musiqilər yazıram, yaxud da kiminsə nəvəsinin doğum günü olur, mahnı sifariş edir. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında “Qoğal” tamaşası qoyuldu. Həmin tamaşada mənim musiqilərimdən istifadə elədilər. Danışdıq, razılaşdıq ki, digər tamaşalarda da əməkdaşlıq edək.

- Bəziləri bu sahəni qeyri-ciddi qəbul edirlər, hiss edirsiniz?

- Əlbəttə, hiss edirəm. Bu da onların uşaq dünyasını, uşaq musiqilərini qətiyyən bilməməklərindən irəli gəlir. Sevgidən bütün dünya oxuyur. Bunu ortaya çıxarmaq problem deyil. Amma təkrar edirəm, uşaq musiqisiylə uğur qazanmaq üçün uşaqlaşmalısan, onların psixologiyasını bilməlisən, şeiri düz seçməlisən, aranjimanda elə səslənmələr olmalıdır ki, balacaların beyinləri həzm eləsin, doğma gəlsin onlara. Uşaqlar yeganə məxluqlardılar ki, heç bir məqsəd güdmədən təşəkkür edə bilirlər və mahnı onlara xoş gəldisə, sevinirlər, bəyənirlər. Bilirsiniz, bu nədən irəli gəlir? Məsələn, kimsə müraciət edir ki, nəvəmə mahnı yazmışam, bunu oxuyun. Hazırlamışıq, oxuyublar da. Amma hər dəfə mahnını ortaya çıxarmaq istəyəndə, görmüşəm ki, uşaqlar kənara çəkildilər. Deməli, ürəklərincə olmayıb. Yəni onlarla işləmək asan deyil.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR