Vüqar Muradov intim videosundan danışdı - VİDEO-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Vüqar Muradov intim videosundan danışdı - VİDEO-FOTOLAR

“Yeni ulduz” müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun Publika.az-a müsahibəsi

-Vüqar bəy, əvvəlcə yaradıcılığınızdan başlayaq. Hansı yenilikləriniz var?

-“Səni sevdim” adlı yeni lirik mahnım var. Musiqisi mənə, sözləri şair Zahir Abbasa aiddir. İnşallah, yaxın günlərdə yeni ritmik və məzəli mahnım işıq üzü görəcək. Bu mahnının da musiqisi mənə, sözləri Mikayıl Güləddinoğluna məxsusdur. Mahnının adı “Qıdıqlama məni, qıdığım gəlir” adlanır.

- Doğrudanmı, mahnının adı belədir?

- Bəli, ciddi deyirəm.

- Razısınızmı ki, bu ad mahnının yadda qalması üçün seçilib?

- Mən sənət adamıyam, mənim də ilham pərilərim, yaradıcılığım var. Bu mövzu mənim ideyamdır. Sadəcə, sözlərini Mikayıl Güləddinoğlu yazıb. Hamını qıdıqlayıblar. Ata qıdıqlayır, dost qıdıqlayır, sevgili qıdıqlayır...

- Əgər bu mahnıya klip çəkdirsəniz, necə olacaq? Klipdə hamı bir-birini qıdıqlayacaq?

-Təbii ki, sözə uyğun olmayacaq. Amma ritmik, pozitiv bir klip olacaq. Ümumiyyətlə, məzəli mahnıları sevirəm.

- Repertuarınızda belə mahnılar olub?

- Var və olub. “Öpüm səni” mahnım da məzəli mahnıdır. Tamaşaçı məni əsasən klassik mahnılarla tanısa da, həmin çərçivədən çıxmışam. Təbii ki, o mahnıları da ifa edirəm. Amma hərdən belə bəstələri də oxumaq lazımdır. Özüm yazıb, özüm ifa edirəm.

-Sənətə necə gəlməyiniz mənim yadımdadır. ANS-də yayımlanan “Kamerton” verilişində çıxışlarınız var idi, ardınca “Yeni ulduz” müsabiqəsinin qalibi oldunuz. Yəni efirə sənətlə gəldiniz. Amma nədənsə, sonradan qalmaqallar başladı.

- Qalmaqalı mən eləmədim, elədilər.

- Qalmaqalları sadalasaq, heç olmasa, 5-6 nəfərin adını çəkmək olar. Demək istədiyim odur ki, adətən, sənətçilər qalmaqalla gəlib, sonra tanınırlar. Amma siz müsabiqədən gəldiniz və ardınca da silsilə qalmaqallar başladı. Nə baş verdi ki, hadisələr məcrasını bu qədər kəskin şəkildə dəyişdi?

- Mən qalmaqaldan qaçıram, özü məni tapır. Xam vaxtlarım idi, aqressiyamı saxlaya bilmirdim. Şou-biznesin daxilində baş verən nöqsanları efirdə dedim və bununla da özümə çoxlu düşmən qazandım. Əslində, belə məqamları həm demək lazımdır, həm də yox.

- İndi həmin çatışmazlıqları demirsiniz?

- Mən nə qədər desəm də, həmin nöqsanlar aradan qalxmır. Əksinə, özümə düşmən qazanıram. Amma düşmən qazansam da, yenə deyəcəyəm. Çünki söz gəldisə, deyirəm, dilimi dinc saxlaya bilmirəm.

- Rejissor Kənan M.M-ə klip sifariş edəcəyinizi bildirmişdiniz. Bu, barışıq jesti idi, yoxsa, doğrudan da, Kənanın rejissor kimi işini bəyənirsiniz?

-“Ulduzların döyüşü” telelayihəsinin yarımfinalında Kənan özü mənə dedi ki, Vüqar, mən neçə illərdir heç kimə klip çəkmirəm, amma sənə çəkərəm. Kənanın şeirlərini də çox bəyənirəm. O, mənim düşmənim ola bilməz. Sadəcə, hər bir insanın həyatında qara xətt olur.

- Çox istərdim ki, bu suala səmimi cavab verəsiniz. Kənanla aranızda baş verən söz-söhbətlə bağlı daxilinizdə peşmançılıq hissi varmı? Nə vaxtsa düşünmüsünüzmü ki, gərək məsələni hüquq mühafizə müstəvisinə keçirməyəydiniz?

- Heç bir peşmançılıq hissim yoxdur, ola da bilməz. Çünki söhbətə hüquq mühafizə orqanları qarışmasaydı, məsələ kriminallaşacaqdı, qarşılıqlı şəkildə cinayət baş verəcəkdi. O hadisədən sonra mən də dinc dayanası deyildim. Çünki həmin məqamda insanın gözünə heç nə görünmür.

- Son günlər intim videonuzun yayılmağıyla bağlı söz-söhbətlər gəzir. Hətta deyilənlərə görə, o videonu yayan şəxs keçmiş nişanlınızdır.

- Düzdür, belə bir video yayılıb. Amma oradakı mən deyiləm, montaj ediblər. Həmin adam da mənim nişanlım olmayıb.

- Həmin qadın sevgiliniz olub?

- Yox, tamam başqa bir insandır.

-Sənət adamıdır?

-Yox, sənətdən tam kənar olan adamdır.

-Yaradıcılıq mövzusuna qayıdaq. Konsert vermək fikriniz yoxdur ki?

-Yayda konsert verməyi planlaşdırıram.

-Yayda hamı istirahətdə olur. Konserti kimə verəcəksiniz?

-Təxminən may ayının sonlarına yaxın Yaşıl Teatrda konsert verəcəyəm. Çünki may ayında insanlar hələ şəhərdə olurlar. Bir də, bölgələrdə konsert verməyi planlaşdırıram.

- Sizcə, konsertinizə gələn olacaq?

- Allahın izni ilə gələcəklər. Hələ “Yeni ulduz” müsabiqəsindən əmək sərf edirəm. Bu, mənim ilk solo konsertim olacaq. Ancaq bölgələrdə hələ 1998-99-cu ilərdə konsertlərim olub. Onda heç tanınmırdım. Konsert sistemini 15-16 yaşımdan bilirəm, yetərincə tamaşaçı kütləm var. Bu konsertdə öz mahnılarımla yanaşı, klassik mahnılarımızı da ifa edəcəyəm.

-Yetərincə nahamar həyat yolunuz olub. Hətta bir dəfə bildirmişdiniz ki, vaxt olub avtobusda gecələmisiniz. Bütün bunların fonunda indi etdikləriniz özünüzə dikbaşlıq kimi görünmür ki?

- Doğrudan da, bu sənətə gəlişim elə də asan olmayıb. Heç vaxt keçmişimi unutmaram. Hacı Zeynalabdin Tağıyev mənim üçün böyük bir nümunədir, etalondur. Tağıyevin milyonları olandan sonra da keçmişini unutmayıb. Qapısından köhnə çarığını asıb ki, evinə girib çıxanda keçmişini xatırlasın.


- Həmin günlərinizdən hansısa geyimləriniz var?

- (gülür) Köhnə kostyumlarımdan bəzilərini saxlamışam. Bir kostyumum var idi, onu beş il geyindim.

- Hətta Bakı-Qax avtobusunda sürücü köməkçisi işləmisiniz.

- Bəli, işləmişəm. O vaxt konduktora “malış” deyirdilər.

- Bu boyda “malış” olar?

- (gülür) Onda boyum bu boyda deyildi, bir az balacaydı.

- O zaman nə qədər pul alırdınız?

- Hər reysimə iki “şirvan” (dörd manat-red) alırdım.

- Həmin işdə nə qədər işlədiniz?

-14 yaşımdan 16 yaşıma qədər, yəni 1995-97-ci illərdə o işdə işləmişəm. Ailənin bütün yükü, demək olar ki, mənim üzərimdə idi. Eyni vaxtda dərsə də gedirdim. Həftədə bir gün dərsə gedə bilmirdim. Anam da müəllimə idi. Bu gün gecə Bakıya çıxırdıq, səhər çatırdıq.

- Hərdən avtovağzaldan keçəndə o günləri xatırlayırsınız?

-Ooo...Əlbəttə, xatırlayıram. Hələ onda “İkarus”ların vaxtıydı.

-Yanında işlədiyiniz insanlar yadınızdadır?

- Bəli, yadımdadır. Hətta hansı rayona neçə kilometr olduğu da yadımdadır.

- Hərdən düşünürsünüzmü ki, bu qədər səs-küydənsə, kənd yerində bir balaca dükanım olaydı, başımı aşağı salıb rahat həyat yaşayaydım?

-Yox, elə mühitdə sıxılaram. Çünki şəhəri daha çox sevirəm. Həmişə rayonun sakitliyindən sıxılmışam. Səs- küyü sevirəm. Bəzən də elə olub ki, Avropaya getmək, orada yaşamaq istəmişəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm