• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təranə Səmədovanın sevgilisinin kimliyi bilindi –FOTOLAR

Təranə Səmədovanın sevgilisinin kimliyi bilindi –FOTOLAR

Prodüser, “Hələ bu harasıdır?!” verilişinin aparıcısı Təranə Səmədovanın Publika.az-a müsahibəsi

- Aparıcı olmaq ideyası haradan yarandı? Ümumiyyətlə, bu iş sənə yad gəlmir ki? Yoxsa özünü suda balıq kimi hiss edirsən?

-Yox, suda balıq kimi hiss etdiyimi deyə bilmərəm. Amma xərçəng kimi hiss edirəm (gülür). Tədricən öyrəşməyə çalışıram. Təklif “Baku Artlab”ın rəhbəri Vüqar Təhməzovdan gəldi. Heç gözləmirdim. Heç vaxt da aparıcılara baxıb, səhvlərini tutub, özümü onlarla müqayisə etməmişəm. Üç gün götür-qoy elədim. Axırda Vüqar müəllim zəng elədi ki, nə qədər düşünəcəksən, bəlkə “hə-yox” deyəsən? Xeyli düşünəndən sonra qərar verdim. Amma əslində, bu verilişin redaktor-prodüseri olmalıydım. Aparıcı başqa tanınmış sima olmalıydı.

- Kim olmalıydı?

- İstəmirəm ad çəkim, sabah inciklik olsun. Amma o adların arasında tanınmış teleaparıcı Xədicə Sənanqızı da var idi. Sonradan qərar verdilər ki, mən olum. Burada həm də əhatə məsələsi də var, həm də mən tamaşaçının sevgisini qazandığım qədər, müəyyən dərəcədə qıcığını da qazanmışam.

- Azərbaycanda müğənni də, digər peşə sahibləri də aparıcı olmuşdu. Amma prodüser aparıcı, səhv etmirəmsə, bir “ilk”dir.

- Bəli, bu ilkdir. Amma İdris Cəfərov və Emin Əfəndi əvvəl aparıcılıq edib, sonra prodüser olublar.

-“Bu da aparıcı oldu” kimi kinayəli yanaşmalar hiss edirsən?

- Doğrusu, elə yanaşmalar gözləyirdim, amma olmadı. Oldusa da, çox cüzi... Sanki, aparıcı olmağımı gözləyirdilər. Əksər dostlarım, tamaşaçılar da bildirdilər ki, sənin söz bazan genişdir, efirdə qonaq olanda da situasiyanı idarə edə bilirsən. Deyəsən, tədricən alınır.

- Səni prodüserlər arasında ən yaxşı aparıcı hesab etmək olar, yoxsa, əksinə?

- Aparıcılar arasında ən yaxşı prodüserəm. Yəqin ki, nə vaxtsa ən yaxşı aparıcılar arasında da adım çəkilər. Düşünürəm ki, general olmaq istəməyən əsgər əsgər deyil. Bir işə başlayıramsa, onun ən müəkəmməlinə doğru gedirəm.

- Verilişinə münasibətlərinizdə gərginlik olan sənətçiləri dəvət edəcəksən?

- Müğənnilər arasında üzərindən xətt çəkdiyim iki insan var.

- Söhbət Kərim və Rəqsanədən gedir?

- Bəli.

- Birdən rəhbərlik desə ki, onlar dəvət olunmalıdır, bəs onda necə olacaq?

- Mən rəhbərliyə hörmətlə yanaşıramsa, məhdudiyyətlərlə, baryerlərlə razılaşıramsa, inanıram ki, onlar da eyni cür davranacaqlar.

- Amma məncə, bu, peşəkarlıq deyil. Çünki aparıcı neytral olmalıdır.

- Digər sənətçilər var ki, aramızda gərginlik olsa da, dəvət etmişəm və gələcəklər də.

- Məsələn?

- Nüşabə Ələsgərli ilə aramızda xırda inciklik olmuşdu. Amma xətrini çox istəyirəm. İdeal insan yoxdur. Hər birimizin irili-xırdalı qüsurlarımız olur. Yetər ki, bir-birimizə güzəştə getməyi bacaraq. Günay İbrahimlini ilk efirə dəvət etmişdim, gələsiydi də. Sonra dedi ki, mən bir də düşünüm. Onun səhvlərini həmişə yaşına bağışlamışam. Sonradan verilişin prodüserinin telefon zənglərinə cavab vermədi. Bircə dəfə özüm yığdım, götürmədi. İlk efir günündə 12 sənətçiylə yanaşı onu da dəvət etmişdim ki, tamaşaçı aramızda problem olmadığını görsün. Sonra tədbirlərin birində liftdə üz-üzə gəldik. Bir kəlmə dedim ki, telefona cavab verib, “gələ bilmirəm”, “gəlmək istəmirəm” desəydin, məni qane edəcəkdi. Yetərincə haqqımı itirib və elə şeylər edib ki, bunu da əlavə etsəydi, ondan inciməyəcəkdim. Onsuz da incidiyimi incimişəm. İslanmışın yağışdan nə qorxusu? Liftdə ona dediklərimdən sonra başını aşağı saldı. Gördüm ki, səhvini başa düşüb.

- Zarinayla işbirliyiniz bitdi?

- Zarina yaradıcılıq fəaliyyətini dondurdu.

- Niyə?

- Məsələnin kökünə getmədim. Zarinanın sənətini, insanlığını çox sevirəm. Amma o qədər qapalı qızdır ki. Çox istərdim ki, oxusun. Bu qədər çərçivələri, baryerləri olduğuna görə deyərdim ki, bu sənət onluq deyil.

- Zarina və Günayın müqayisəsi sənin nəzər nöqtəndən mənimçün maraqlıdır.

- İkisinin də gözəl sənəti var, səhnəyə yaraşırlar, gözəldirlər, layihələrə düzgün pul yatırmağı sevirlər. Amma Günay daha dinamik və ambissiyalıdır.

- Hansıyla işləmək daha rahat idi?

-Tək əldən səs çıxmaz. İş ikitərəfli olmalıdır.

- Sənətçilərlə işləyirsən, müəyyən uğurlar qazanırsınız, amma sonra da normal ayrıla bilmirsiniz. Niyə həmişə axırda inciklik yaranır?

- Əslində, özün hər şeyi yaxşı bilirsən. Mən özümə tənqidi yanaşan və qüsurlarımı axtaran insanam. Həqiqətən də, nəsə baş verəndə, ilk olaraq qüsuru özümdə axtarıram. Əgər problem məndədirsə, müəyyən düzəlişlər edirəm, güzəştə getməyə çalışıram. Elə məqam olur ki, qürurumdan aşağı enə bilmirəm. Hansısa şəxsiyyətsiz insanın qarşısında alçalmaq fikrində deyiləm. Qarşımdakı insan qatığa qara deyirsə, mən onun ağlığını sübut etmək üçün qarşısında əyiləsi deyiləm.

-Yaşadıqların sənə dərs oldumu?

- Günayla işbirliyimin başa çatması mənə bir məsələdə dərs oldu: sənətçiylə dostluq etməyəcəksən.

- Rəfiqə idiniz?

- Dostluq, rəfiqəlik etdiyim, kiçik bacı, qızımın böyük bacısı kimi qəbul etdiyim insan idi. Bu gün Zülfiyyə Xanbabayeva - Nigar Hacızadə iş birliyi nümunə kimi göstərilir. Düşünürdüm ki, bizim də iş birliyimiz bu cür uzunmüddətli olacaq. İş birliyimizin sonunda onun 180 dərəcə dəyişməyindən sonra gördüm ki, hamımız çiy süd əmmişik. Yəni gözləmədiyin məqamda, gözləmədiyin insandan elə bir hərəkət görə bilərsən ki, ağlına da gəlməz. Həyatda Allahdan başqa heç kəsə güvənməyə dəyməz.

- Yaşın o qədər də çox deyil. Amma hərəkətlərinlə, davranışınla yaşca böyük görünürsən. Niyə insanlar sənu bu ampluada görürlər?

- Buna alışmışam. Məktəb vaxtından buna vərdiş etmişəm. İbtidai sinif şagirdi olanda məktəb üzrə təqaüdçü, sonra sinif nümayəndəsi, şagird şurasında təlim-tərbiyə üzrə sədr olmuşam. Həmişə bütün şagirdlər məndən ehtiyat ediblər. Hər zaman idarəedici qüvvə, öndəgedən olmuşam.

- Bəlkə, xaraktercə ötkəm olmağından irəli gəlir?

-Teymur Əmrah deyir ki, sənin simanda sözünün keçərlilik ifadəsi var. Bəlkə də, bunu əldə etməyə çalışmamışam. Bu, məndə Allah vergisidir.

-Yolun tez-tez məhkəmələrdən keçir. Məhkəmələrdən nə vaxt canın qurtaracaq?

- Allah ağzından eşitsin (gülür) “Şarm” qrupu məni məhkəməyə vermişdi. Guya 10 min pullarını yemişəm. Hər ikimiz Xətai rayonunda qeydiyyatda olduğumuza görə iş oranın məhkəməsinə verilmişdi. İddiaları rədd edildi. Daha sonra Kərim ANS-dəki çıxışıma görə məni məhkəməyə verdi. Səbail məhkəməsinə yazdığı iddia ərizəsi rədd edildi.

- Kərimlə bu barədə ya üzbəüz, ya telefonla danışığınız olub?

- Yox, yox. Alnım açıqdır, sözümün da arxasında durmağı bacarıram.

- Deyəsən, bir şirkəti də sən məhkəməyə vermisən?

- Bu məlumat ilk dəfədir mətbuatda işıqlanır. 2011-ci ildə “Nissan Qahsqai” markalı avtomobilim var idi. “Rəvan” sığorta şirkətində 22800 manat dəyərində sığortalatdırdım. Hazırda avtomobil tam məhv olub. “Rəvan” sığorta şirkəti pulu verməmək üçün min cür bəhanə uydurur.

- Qəza harada olmuşdu?

- Hadisə 2011-ci il oktyabrın 30-dan 31-nə keçən gecə baş verib. Rəqsanəylə işlədiyim vaxtlar idi. Gecə Şamaxıdan qayıdırdıq. Yol sürüşkən olduğuna görə idarəetməni itirdim, maşın 3-4 dəfə fırlandı. Həmin qəzadan sonra Rəqsanəylə iş birliymiz bitdi. Maşın indiyədək “Nissan servis”in həyətindədir. Amma sığorta şirkəti iki ildir hələ də pulu vermək istəmir. Ümumiyyətlə, bu şirkətin cəmiyyətdə o qədər də yaxşı nüfuzu yoxdur. Bir çox tanınmış insanlar da orada sığortalansalar da, xidmətlərindən istifadə edə bilməyiblər. Hazırda iş Nərimanov rayon məhkəməsindədir. Ədalətli qərar gözləyirəm. İndiki halda iş sənədlərlə, dəlillərlə mənim xeyrimə gedir. 22800 manat təzminat ödənməlidir.

- Nə əcəb, birdən-birə üç il öncə baş verən hadisəni qaldırmaq, təzminat tələb etmək qərarına gəldin?

- Birdən-birə olmadı. Bu iş xeyli vaxtdır uzanır. Axıra qədər də bu işin ardınca gedəcəyəm. Hətta sığorta bir dəfə çox komik arqument gətirdi ki, guya qəsdən qəza törədib, özümü öldürmək istəmişəm.

- Şəxsi həyatınla bağlı da təzadlı xəbərlər var. Bəziləri məşqçinlə sevgili olduğunu yazır, bəziləri övladının atasıyla barışdığını deyirlər...

- Bəziləri də deyirlər ki, eyni cinsin nümayəndəsiylə bir yerdədir (gülür).

- Sirr deyilsə, əslində, vəziyyət nə yerdədir?

- Məşqçim yaxın dostumdur. O insan mənə həm mənəvi, həm fiziki, həm də lazım gələndə, maddi dəstək olub. Yaxşı dost kimi həyatımda rolu var. Amma heç vaxt sevgili olmamışıq.

- Bəs sevgilin kimdir? Mediadan kənar insandır?

- Çox istərdim bu məsələ qapalı qalsın. Əsas odur ki, həqiqətən də, sevirəm, sevilirəm. Haradasa bu sahəyə aidiyyatı var. Amma kimliyini açıqlamaq istəmirəm. Tövbə eləmişdim ki, şou-biznesdən olan insanı həyatıma buraxmayacağam. Amma təsadüf nəticəsində elə alındı ki, bu sahədən olan insanı sevdim.

-Yeni ifaçılardandır?

-(gülür) Mən demədim ki, o, müğənnidir, prodüserdir, şairdi... Amma ifa edir...

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR