Qərbin soyuqluğunu azərbaycanlı aktyorların enerjisi, istiliyi əritdi - FOTOLAR+MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Qərbin soyuqluğunu azərbaycanlı aktyorların enerjisi, istiliyi əritdi - FOTOLAR+MÜSAHİBƏ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən I Beynəlxalq Martin MakDonax Festivalında iştirak edib.

Uğurlu çıxışın sorağını artıq almışıq. Festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunan teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev və Vüsal Mehrəliyev ifa ediblər. Yaradıcı heyət səfərdən qayıdıb. Tamaşada rol alan aktyorlardan biri Anar Səfiyev isti-isti təəssüratlarını Publika.az-la paylaşıb.

- Səfəriniz necə keçdi, rusiyalı tamaşaçılar sizi necə qarşıladı?

- Yüksək səviyyədə. Bizim tamaşa oktyabrın 12-də Permdə fəaliyyət göstərən “U mosta” teatrının böyük səhnəsində nümayiş etdirildi. Əvvəlcə onu deyim ki, azərbaycanlı aktyorların Martin MakDonaxa müraciət etməsri onları çox təəccübləndirdi. Onlar özləri MakDonaxın yeddi əsərini tamaşaya qoymuşdular. Bizim belə bir görkəmli dramaturqa müraciət etməyimizi, görünür, gözləmirlərmiş. Biz onlara başa saldıq ki, bizim aktyorlar da mütaliə edir, dünya ədəbiyyatından yaxşı xəbərdardırlar. Tamaşanı çox bəyəndilər. Tamaşadan sonra münsiflər heyətinin iştirakı ilə müzakirələr aparıldı, mətbuat konfransı keçirildi. Tamaşa festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görüldü.

- Tamaşada daha çox bəyənilən nə oldu -aktyor oyunu, rejissor işi, yoxsa, bədii tərtibat?

- Aktyor oyunu. Hətta tamaşadan sonra belə bir ifadə də işlətdilər ki, Qərbin soyuqluğunu azərbaycanlı aktyorların enerjisi, istiliyi əritdi. Dediklərinə görə, bizim oyunumuz səhnədə bir istilik yaratmışdı və hər kəsə enerji ötürürdük.

- Bəs rejissor işi? Maraqlıdır ki, tamaşanın rejissoru ingilisdir…

- Aktyor oyununun rejissor işini üstələdiyi deyildi. Hətta dedilər ki, rejissor işi filan-filan cür olsa, daha yaxşı olardı. Yəni onlar rejissor işini bir qədər fərqli görmək istəyirdilər.

- Yəni necə?

- Daha emosional. Amma ingilis rejissorun quruluşu bir qədər fərqli idi. Yəni onların görmək istədiyi kimi deyildi. Amma aktyorların oyununa valeh olmuşdular.

- Festivalda hansı ölkələrin teatr truppaları iştirak edirdi?

- Azərbaycanla yanaşı, Almaniya, Polşa, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Hersoqovina kimi ölkələrin, habelə Moskva, Perm, Sankt-Peterburq və İjevsk şəhərlərinin teatr kollektivləri öz tamaşaları ilə çıxış etdilər.

- Anar, məni bir sual da maraqlandırır. Tamaşanın Bakıda ilk premyerası zamanı afişalarda “+18” qadağası var idi. Tamaşada müəyyən intim səhnələr və söyüş yer almışdı. Hətta bu qadağaya görə, tamaşa anşlaqla keçmişdi. Əcnəbi tamaşaçının bu məqamlara münasibəti necə oldu?

- Onlar da bu barədə bizə suallar verdilər. Onu deyim ki, biz Bakıda tamaşanın müəyyən hissələrini ixtisarla təqdim etmişdik. Azərbaycan tamaşaçısını nəzərə almışdıq. Amma festivalda onu olduğu kimi təqdim etdik. Amma heç deyən olmadı ki, ayy, bu nə biabırçılıqdır və s. Hər kəsin tamaşaya baxışı normal oldu və çox da məmnun qaldılar. Bilirsiniz ki, tamaşada söyüşlərdən istifadə olunmuşdu.

- Bir aktyor olaraq özünün bu məsələyə münasibətinizi bilmək maraqlı olardı… Tamaşada intim səhnələrin, söyüşlərin yer almasını nəzərdə tuturam.

- Mən burda təəccüblü heç nə görmürəm. Əslində, televiziyalarımıza baxırsan, Zaurun, Xoşqədəm Hidayətqızının verilişlərində elə şeylər göstərirlər ki, biabırçılıqdır. Birinin əri o birinin arvadı ilə yatır. Efirlərimiz açıq-açıq səhnələrlə doludur. Hələ biz tamaşalarda abır-həyanı saxlamışıq.

- Az qala, yadımdan çıxmışdı, tamaşanı hansı dildə təqdim etdiniz?

- Azərbaycan dilində. Amma titrlərdə tərcüməsi təqdim olunurdu.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm