Ədəbiyyat İnstitutu Smolnı Universiteti ilə müqavilə imzalayıb
Bizi izləyin

Tabloid.az

Ədəbiyyat İnstitutu Smolnı Universiteti ilə müqavilə imzalayıb

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu ilə Sankt-Peterburq Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.

İnstitutdan Publika.az-a verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qonağa son bir ildə akademiya sistemində aparılan uğurlu islahatlar barədə məlumat verib. İslahatların humanitar elmlər mühitini də əhatə etdiyini bildirən akademik bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini prioritet istiqamət kimi nəzərdə tutan bir sıra yeni qurumların da yaradıldığını diqqətə çatdırıb.

Bildirilib ki, indi akademiya sistemində yeni yaradılan Dünya Siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutlarının formalaşması prosesi gedir. Bu elm müəssisələri yeni elmi istiqamətlərdə geniş tədqiqat-araşdırma işlərinin aparılmasına meydan açacaqdır. Direktor Ədəbiyyat İnstitutunda da aparılan islahatlardan ətraflı söhbət açıb.

İsa Həbibbəyli yanvar ayında elmi-tədqiqat müəssisəsinin 80 illik yubileyinin təntənəli şəraitdə keçirildiyini, institutda yeni elmi nəşrlərin fəaliyyətə başladığını, burada akademiya sistemində ilk olaraq elektron akt zalının yaradıldığını diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Rusiyada, o cümlədən Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrin daha da genişləndirilməsinin, bu fəaliyyət istiqamətində universitet qurumlarının birgə əməkdaşlığının önəmliliyini bildirərək birgə konfransların, onlayn müzakirələrin, kitab, məqalə mübadiləsinin böyük əhəmiyyətini vurğulayıb.

Ədəbiyyat İnstitutunda yaradılan şəraitlə, akademiyanın dairəvi zalı və institutun elektron akt zalı ilə tanış olan Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanov akademiya rəhbərliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi elmi müəssisənin yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verərək burada aparılan tədqiqat işlərinin mahiyyətini nəzərə danışıb. Elmi mühitdə əməkdaşlıq əlaqələrinin yaradılmasında hər iki ölkənin maraqlı olduğunu vurğulayan qonaq Azərbaycan və rus alimlərinin qarşılıqlı elmi əməkdaşlıq fəaliyyətini yüksək dəyərləndirib.

Professor Heydər İmanov hər iki ölkənin elmi qurumları arasında yaranan əlaqələr çərçivəsində birgə tədbirlər, informasiya texnologiyalarından qarşılıqlı səmərəli istifadə, arxiv materiallarından maksimum yararlanma və s. barədə nəzərdə tutduqları layihələrdən ətraflı danışıb.

Qeyd edilib ki, Azərbaycan və Rusiyanın elmi qurumları arasında yaranan əməkdaşlıq hər iki ölkə alimlərinin uğurlu tədqiqat işlərini daha da genişləndirməyə münbit şərait yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm