• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İtaliya mətbuatı azərbaycanlı "Nabat"dan yazdı – FOTO

İtaliya mətbuatı azərbaycanlı "Nabat"dan yazdı – FOTO

Dünyanın bir sıra aparıcı KİV-lərində rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi barədə silsilə məqalələr çap olunmaqdadır.

İtaliyanın məşhur “Artslife” onlayn jurnalında yer alan “Nabat: Müharibəyə qarşı mübarizə aparan tənha qadın” sərlövhəli məqalə də bu qəbildəndir.

Yaradıcı heyətin Publika.az-a verdiyi məlumata görə, məqalədə bu ilin sentyabrında keçirilmiş 71-ci Venesiya film festivalının “Üfüqlər” bölməsində təqdim olunan “Nabat” filminin çoxsaylı beynəlxalq mükafatlara layiq görüldüyündən yazılıb. Qeyd olunub ki, rejissor Venesiyaya bir qadının öz kəndinə sevgisindən, oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəlib.

Yazıda filmin bütün süjet xətti verilməklə yanaşı, rejissorun da məharəti, bacarığı önə çəkilib. Vurğulanıb ki, film hadisələrin hansı ölkədə baş verməsindən asılı olmayaraq, törətdiyi faciələrə görə müharibəni rədd edir.
Qeyd edək ki, “Nabat” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra evlərini tamamilə tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.
Tammetrajlı bədii filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR