Möhlət Müslümov: “Bu sənəti hələ indi-indi başa düşürəm”
Bizi izləyin

Tabloid.az

Möhlət Müslümov: “Bu sənəti hələ indi-indi başa düşürəm”

Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, xalq artisti, məşhur tarzən Möhlət Müslümovun Publika.az-a müsahibəsi

- Möhlət müəllim, bir müddət öncə sizinlə müsahibəmizdə bildirmişdiniz ki, yenilikləriniz olacaq. Həmin yeniliklər nələrdən ibarət idi?

- Cahangir Cahangirovun “Qara gözlər”, Emin Sabitoğlunun “Bakı gecələri”, “Dərələr”, Ələkbər Tağıyevin “Deyə bilmədim”, Fikrət Əmirovun “Laylay”, Şəfiqə Axundovanın “Həsrətində”, Vasif Adıgözəlovun “Xoşum gəlir” əsərlərini yazdırmışam. Çalışmışam ki, əsərlərin ana xəttinə toxunmadan özüməməxsus şəkildə ifa edim. Bundan başqa iki-üç rəqs də yazdırmışam. Bunun hamısı bir disk olacaq. Eyni zamanda, yeddi muğamdan ibarət diskim işıq üzü görəcək.

-Yəqin ki, bunlar 60 illik yubileyiniz üçün özünüzün özünüzə hədiyyəniz idi.

- Elə də demək olar. Bəli, bu il 60 yaşım tamam olur. Çox istəyirdim ki, bütün bunların təqdimatını bu il edim. Nəsə, bir az gecikdi.

- İlin sonuna kimi çatdırarsınız?

- Çalışacam ki, ilin sonuna kimi çatdırım. Alınmasa, gələn ilin əvvəli bu işlərimi təqdim edəcəyəm.

- Bu əsərləri yazdırmağa nə vaxtdan başlamışdınız?

- Altı aydı bunları yazıram, zülm çəkirəm. Yaş keçdikcə insanın şıltaqlıqları özünü daha qabarıq şəkildə büruzə verir. Yazıram, xoşuma gəlmir, təzədən yazıram.

- Kimin müşayiəti ilə ifa etmişiniz həmin əsərləri?

- Rəhbərlik etdiyim Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının kiçik heyəti məni müşayiət edib. Daha çox balabanın müşayiətindən istifadə olunub. Yenə də bir neçə əsər yazdırmaqda davam edirəm.

- Möhlət müəllim, əvvəllər daha çox xanəndələri müşayiət edirdiniz. Amma son vaxtlar, sanki solo ifalara üstünlük verirsiniz...

-Təvazökarlıqdan uzaq olmasın, mən həm ansamblın rəhbəriyəm, həm üçlükdə ifa edirəm, həm də solo ifalarım olur. Bu sadaladıqlarımı ara-sıra efirlərdə ifa edirdim. Sonra gördüm ki, dost-tanış, tamaşaçılar onları yazdırmağımı istəyir. Düşündüm ki, bunları yazdırım, radiolarda da səslənsin. Həmin əsərlər bizim öz dilimizdə olan, xalqın ruhuna yaxın mahnılardır. O əsərlərin doxsan faizi tarda ilk dəfə mənim ifamda səslənir. Çünki hamısı yetərincə çətin əsərlərdir.

- Xalq artisti Qəndab Quliyeva bizə müsahibəsində bildirib ki, muğam müsabiqələrində münsiflər də dostluqla, yerlipərəstliklə seçilir. Siz də bir vaxtlar həmin müsabiqələrdə münsif idiniz. Amma sonradan uzaqlaşdınız, yaxud da uzaqlaşdırıldınız...

- Vallah mən nə deyim? Həmişə özüm haqda danışmaqdan qaçmışam. Bəli, Space televiziyasının yayımladığı ilk müsabiqədə münsiflər heyətində mən də var idim. Sonra heç özüm də bilmədən kənarda qaldım. Orada oturan sənətkarlar ən böyük dəsgahları mənim müşayiətimlə ifa ediblər. Ümumiyyətlə, elə mühitdə böyümüşəm ki, “burada olmaq istəyirəm” demək mənlik deyil. Düzdür, hər yerdə öz yerimi görürəm, bilirəm. Rəhbərlik etdiyim ansambl Azərbaycanın ilk peşəkar ansamblıdır, ən düzgün muğam rəngləri, dəramədləri bu ansamblda çalınır. Özüm haqda nəsə deyə bilmərəm. Muğamlarımızı ən düzgün müşayiət edən də bu ansambldır.

- Necə oldu ki, birdən-birə münsiflər heyətindən kənar qaldınız?

- Orada məndən də ağsaqqallar var.

- Ramiz Quliyev də münsiflər heyətində idi...

- Ramiz Quliyev də var idi, mən də. Sonra ikimizi də kənarlaşdırdılar. Amma bunları şikayət kimi demirəm. Orda oturanları da dəstəkləyirəm. Bunu siz jurnalistlər, yaxud tamaşaçı deyə bilər ki, niyə orada yoxsunuz? Tamaşaçılar, dost-tanış da bu barədə məndən soruşurlar. Hazırda yeni əsərlər yazdırıram, Milli Konservatoriyada fəaliyyətimi davam etdirirəm. Oranın professoruyam, diplomumu da bu yaxınlarda aldım.

- Deyəsən, qastroldan da yeni qayıtmısınız. Səfəriniz hara idi?

- Bu yaxınlarda İordaniyada keçirilən “Araş” Beynəlxalq Folklor Festivalında oldum, orada muğamımızı təmsil etdik. Bu festival hər il keçirilir. İlk dəfə beş il əvvəl həmin tədbirdə olmuşdum. Qarşıda yeni işlər, yeni qastrollar da var. Amma əvvəlcədən demək istəmirəm. Gedib qayıdandan sonra təəssüratlarımı bölüşmək daha xoşdur. Çalışırıq, işləyirik. Bu sənəti hələ indi-indi başa düşürəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm