Londonda Valeriya və Kobzonun konsertlərinə etiraz edirlər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Londonda Valeriya və Kobzonun konsertlərinə etiraz edirlər - FOTOLAR

Londonda anti-Putin kampaniyaçıları Britaniya hökumətini rusiyalı müğənnilərin ölkəyə gəlməsini qadağan etməyə çağırıblar.

Onlar bildiriblər ki, oktyabrın 21-də Londonun məşhur Royal Albert Hall kral sarayında konsertləri olacaq Valeriya və İosif Kobzon “vədəxilaf” Rusiyanın təbliğat alətləridirlər.

Etirazçıların Britaniya hökumətinə ünvanladıqları petisiyada əsl adı Alla Perfilova olan Valeriyanın və İosif Kobzonun Putinin qızğın tərəfdarları olduqları bildirlir.

İnternet vasitəsilə yayılmış petisiyada qeyd olunur ki, Valeriya və Kobzonun konsertlərinə yol verilməsi Rusiyaya qarşı Avropa sanksiyalarının kəsərini azalda bilər.

Putinlə eyni lojada

“The Guardian” qəzeti yazır ki, Kobzon və Perfilova ötən mart ayında Rusiyanın Krımı ilhaq etməsini açıq şəkildə dəstəkləyiblər. Bundan əlavə Valeriya Rusiyanın dövlət telekanallarında “Pussy Riot” qızlar qruplaşmasının həbsxanaya salınmasını təqdir edib.

Bu da xatırladılır ki, ötən bazar günü Valeriya və onun əri İosif Priqojin Rusiya Qran Pri yarışını eyni lojadan izləyiblər.

Məqalədə Priqojinin Putini ad günü münasibətilə təbrik etməsi də yada salınır. Priqojin təbrik məktubunda Vladimir Putinə “tariximizə böyük töhfəyə görə” təşəkkürünü bildirib.

Kobzonun üstündə ABŞ qadağanı var

“The Guardian” yazır ki, “sovet dövründən qalma estrada müğənnisi Kobzon” hakim Vahid Rusiya Partiyası sədrinin müavinidir.

Məqalədə deyilir ki, ABŞ kriminal aləmlə əlaqələri barədə iddialara görə 1994-cü ildə Kobzonun ölkəyə gəlişini qadağan edib. O vaxtdan bəri Kobzonun üzərindən ABŞ-a giriş qadağanı götürülməyib.

Etirazçılar bildiriblər ki, müğənnilərin konsert verməsi məsələsi indi Moskva üçün kəskin siyasi prinsip şəklini alıb və hazırda Kremldə Kobzon və Valeriyaya Britaniyaya gəlmək icazəsi verilib-verilməyəcəyini əsəbiliklə izləyirlər.

Anti-Putin kampaniyasına rəhbərlik edən Andrey Sidelnikov “The Guardian” qəzetinə bildirib ki, anti-Qərb siyasəti yürüdən Rusiya elitasına daxil olanların əksəriyyəti Londonda dəbdəbəli mülklərə sahibdirlər və Rusiya rəsmilərinin övladlarının bir çoxu Britaniyada təhsil alır.

Konsert olsa, piket də olacaq

Sidelnikov bildirib ki, Londonun icazəsindən asılı olmayaraq, o və tərəfdarları Royal Albert Hall sarayının qarşısında konsert günü hər ehtimala qarşı böyük etiraz piketi planlaşdırıblar.

Valeriyanın əri öz tvitter hesabından Sidelnikovun təxribatçı olduğunu və Britaniyada siyasi sığınacaq almaq istədiyini yazıb. Sidelnikov bunun cəfəngiyyat olduğunu deyib.

“Mən artıq 6 ildir ki, Briyaniyada siyasi sığınacaq almışam” – deyib etirazçı.

Qəzet yazır ki, Priqojin, Kobzon və Valeriya artıq Britaniya vizası alıblar. Britaniya Xarici İşlər Nazirliyi etiraz kampaniyası ilə bağlı şərh verməkdən imtina edib.

Zülfüqar Rüfətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm