Rauf Məmmədov Faiq Sücəddinova qarşı:”Heç kimin tanımadığı təhsilli bəstəkarlar var”
Bizi izləyin

Tabloid.az

Rauf Məmmədov Faiq Sücəddinova qarşı:”Heç kimin tanımadığı təhsilli bəstəkarlar var”

“Tanınmış bəstəkar Rauf Məmmədov xalq artisti, bəstəkar Faiq Sücəddinovun “bəstəkar olmaq üçün konservatoriya bitirmək lazımdır” fikrinə münasibət bildirib.

Bəstəkar Publika.az-a açıqlamasında Sücəddinovla müəyyən mənada razı olduğunu deyib. Amma:

“Şəxsən mən o adın iddiasında deyiləm. Düzdür, konservatoriya savad verir, amma bəstəkar buraxmır. Bəstəkar doğulurlar. Mən də çox istərdim ki, ali musiqi təhsili alım, simfonik əsərlər yazım. Bu, mənə nəsib olmadı və gücüm ancaq mahnı yazmağa çatdı. Bəlkə də, ali təhsilim olsa, mahnı yazmazdım”.

“Bəstəkar adına iddia etmirəm” deyən R.Məmmədov təkliflə də çıxış edib:


“Yaxşı olardı ki, Bəstəkarlar İttifaqı mahnı yazanlara bir ad qoyaydı. Məsələn, melodist (melodiyaçı) kimi. Ələkbər Tağıyev gözəl mahnılar qoyub gedib. Ona “həvəskar bəstəkar” demək yaxşı çıxmır. Mahnılar da onu yazanın övladıdır. Həvəskar ana olmadığı kimi, həvəskar bəstəkar da olmur. Əlbəttə, bunlar mənim subyektiv fikrimdir. Necə olur ki, ali musiqi təhsili olmayan müğənni olur, başqa peşənin sahibi olan jurnalist olur, amma mahnı yazana bəstəkar demək olmur? Konservatoriyada xalq mahnılarını tədris edirlər. Həmin mahnıları yazanlar konservatoriya bitirmişdilər? Xalq mahnılarını yazanlar mənim kimi xalqın içindən çıxanlar olub da. Mahnı yazmaq üçün adamda ürək, güclü hissiyyat olmalıdır. Ali təhsilli bəstəkarları başa düşürəm. Çünki yazılanların əksəriyyəti keyfiyyətli olmur. Onlar da danışmasa, kim danışacaq?

Hörmət etdiyim Faiq müəllimin sözlərini də qəribçiliyə salmıram. Amma təklif edirəm ki, Bəstəkarlar İttifaqında yaxşı mahnılar yazan həvəskarlar haqda da bir şey fikirləşsinlər. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, deyilənlərə görə yaxşı mahnılar yazmışam. Günahım nəydi ki, ilk mahnılarımı ifaçısı böyük Zeynəb Xanlarova olub və 25 il əvvəl yazdıqlarım bu gün də oxunur”.

R.Məmmədov bildirib ki, Bəstəkarlar İttifaqının üzvü olub, heç kimin tanımadığı bəstəkarlar da az deyil. Onun sözlərinə görə, mahnı bəstələyən şəxslər diqqətdə saxlanılmalıdır. Əgər yazdıqları yaddaşlarda qalmırsa, konservatoriya bitirsə belə, həmin şəxslər mahnı yazmamalıdırlar:


“Mahnı yüngül janr sayılsa da, kütləviliyi daha çoxdur. Bu gün zövqsüz mahnıların tez populyar olmasında radio və televiziyaların da günahı çoxdur. Klassik musiqilərə, demək olar ki, yer verilmir. Neft çıxarana neftçi, ayaqqabı tikənə çəkməçi, papaq tikənə papaqçı, şeir yazana şair, mahnı yazana da bəstəkar deyiblər axı”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm