Tabloid.az
“Kral ancaq məndən danışdı” - BRİFİNQ
Bu yaxınlarda Hindistanda böyük rəqs müsabiqəsinin qalibi olan rəqqasə Oksana Rəsulovanı “Brifinq”də qonaq etdik. Hind rəqslərinin mahir ifaçısı “İndias Best Cine Star Ki Khoj” şousunda yaşadığı anları “Gündəlik Teleqraf”ın əməkdaşları ilə bölüşdü. Pozitiv rəqqasəmiz məşhur hind aktyorları Şahrux Xan və Salman Xanla tanışlığından, Madhuri Dikşit tərəfindən ona edilən təklifdən danışdı. Yaradıcılığında Azərbaycan rəqsinə də yer ayıracağını söyləyən O.Rəsulova şəxsi həyatından da bəhs etdi.
“Bu şouya 6 min iştirakçı qatılmışdı”
Nərgiz Ehlamqızı: Oksana xanım,
Hindistandakı “İndias Best Cine Star Ki Khoj” müsabiqəsinə
getməzdən öncə yarışı tez tərk edəcəyinizi deyirdiniz. Sanki
qalibiyyətə inanmırdınız...
- Yox inanmırdım. Hind rəqsləri oynasam da, yenə də onlar üçün
əcnəbi idim. Qalib gəlməyim mümkünsüz görünürdü. Müsabiqədə iştirak
edənlərin hamısı hindistanlı idi, təkcə mən başqa ölkədən
gəlmişdim. Hindistan böyük ölkədir, ayrı-ayrı ştatlar var və o
ştatların hərəsinin öz ləhcəsi, hətta dili və mədəniyyəti
mövcuddur. Həmin iştirakçılar ayrı-ayrı ləhcələrdə danışırdılar.
Məsələn, Maharaştra ilə Laknau ştatlarındakı hindistanlılar
bir-birini başa düşə bilməzlər. Çünki ayrı-ayrı dilləri var. Amma
məktəbdə hind dilini tədris edirlər, o dili hamı bilməlidir. Məhz o
dilə görə hindlilər ünsiyyət qura bilirlər. Hər ştatın isə öz ana
dili ayrıdır. Bu şouya 6 min iştirakçı qatılmışdı. Öz videolarımı
göndərmişdim, sonda 12 finalçı seçildi. Şou 6 qız, 6 oğlan
iştirakçı ilə 3 ay davam elədi. Televiziyada həftədə 2 dəfə nümayiş
olunurdu, hər həftə bir iştirakçı müsabiqəni tərk edirdi. Axıra da
mən qaldım.
N.Ehlamqızı: Amma Hindistan
Sizə yad ölkə deyil, aktyorluq kursu
keçmisiniz...
- Əlbəttə, yad ölkə deyil. Mən Hindistanda bir neçə dəfə olmuşam,
şəhərlərini gəzmişəm. Birinci dəfə Hindistanın Azərbaycandakı
səfirliyi vasitəsilə toya dəvət etmişdilər. İkinci dəfə Anupam Hira
məktəbində 5 aylıq kurs keçdim, dünya səviyyəli diplom aldım.
Üçüncü dəfə isə müsabiqə üçün etdiyim səfər idi. Hindistana
səfərlərimin hər üçü çox uğurlu oldu.
Naibə Qurbanova: Mükafatınızın
forması diqqətimi çəkdi, anlamı nədir?
- “İndias Best Cine Star Ki Khoj” müsabiqəsi ən yaxşı hind kino
ulduzunu seçirdi. Yəqin mükafatda kino lentinin rəmzi öz əksini
tapıb. “Zee” Tv Hindistanda ən məşhur kanallardan biridir.
Uşaqlıqdan bu telekanala baxırdım, çünki bütün məşhur mükafatların
təqdimetmə mərasimi göstərilir.
“Hind filmlərinə baxa-baxa dili öyrənməyə başlamışam”
Naibə Qurbanova: Hind dilini
necə öyrənmisiniz?
- Çox adam deyir ki, sən 4 ay ərzində bu dili necə öyrəndin? Mən
müsabiqəyə qatılanda öyrənməmişəm. 4 ay ərzində hind dilini
öyrənmək qeyri-mümkündür. Uşaqlıqda hind filmlərinə baxa-baxa dili
öyrənməyə başlamışam. Tövsiyə edərdim ki, kimsə hansısa dili
öyrənmək istəyirsə, mütləq o ölkənin filmlərinə tərcüməsiz,
subtitrlərlə baxsın.
“Rəqqasələr mahnının sözlərinə uyğun oynamır deyə davamız düşür”
Nərmin Muradova: Yəqin rəqs
edəndə mahnının sözlərinə fikir verirsiniz...
- Əlbəttə. Rəqs edəndə bilməlisən ki, sən hansı mahnıya oynayırsan.
Çox vaxt rəqqasələrimiz mahnının sözlərinə uyğun oynamırlar, elə
ona görə də davalarımız olur.
N.Qurbanova: Televiziyada
tok-şoularda həmişə mübarizə aparırsınız, ancaq qalmaqalın
içərisindəsiniz. Bu mükafat haqlı olduğunuzu sübut edib, bu
müzakirələrə nöqtə qoyacaqmı?
- Nöqtəni 2009-cu ildə qoymuşam. Azərbaycan Rusiyada keçmiş SSRİ
ölkələri arasında keçirilən beynəlxalq müsabiqədə qalib gələndə
ölkəmizi mən təmsil edirdim, artıq nöqtə onda qoyuldu. Hind rəqsi o
qədər çətindir, müxtəlif stillər var. Hansısa rəqqasə sadalayanda
ki, filan stilləri bilirəm, gülürəm, çünki bu, mümkün deyil. Hər
stilin dərinlikləri var, üstəgəl hər mahnıda sözlərə uyğun jestlər
və mimikalar olur. 1200-ə qədər ancaq göz hərəkətləri var, hind
rəqsi oynayırsansa, bunları bilməlisən. Məcbur deyil ki, mütləq
hind dilini təmiz öyrənməlisən, hər mahnının internetdə tərcüməsi
var. İnternetdə tapmasan belə kimdənsə soruşmaq lazımdır, amma
insanları aldatmaq olmaz. Mən heç vaxt Azərbaycan milli rəqsləri və
ispan rəqslərində münsiflik edə bilmərəm. Həmişə demişəm, indi də
deyirəm ki, Azərbaycanda Oksana Rəsulovadan başqa hind rəqsləri
üzrə nömrə 1 rəqqasə yoxdur. Bu mükafat da mənim
sübutumdur.
N.Qurbanova: Sizdən başqa hind
dilini bilən rəqqasə varmı?
- Tanınmış rəqqasələr içərisində yoxdur. Amma elə rəqqasələr var
ki, hind dilini bilir.
N.Muradova: Onlar yəqin ki,
Sizin tələbələrinizdir.
- Mən tələbələrimə bir jest, musiqi öyrədəndə cümləbəcümlə hər şeyi
izah edirəm. Çünki tərcümə edəndə, mahnının sözlərini başa düşəndə
hisslər də gəlir, bilirsən ki, bu məqamda hansı jesti etməlisən.
Hindistan səfirliyi və Hindistanın Azərbaycandakı Assosiasiyası ilə
7 ildir çalışıram. Onların bütün tədbirlərində mən və qrupum
iştirak edir. Solmaz adlı bir qız var, məndən qabaq da oynayıb, o,
hind rəqsini klassik janrda ifa edir, hind dilini bilir. İnsan
gərək bir şeydən yapışırsa, dərinə gedib onu mükəmməl
bilsin.
D.Əhməd: Neçə tələbəniz
var?
- Hazırda 28 tələbəm var.
N.Qurbanova: Hind rəqslərinə
maraq varmı?
- Hind rəqslərinə keçmişdən maraq böyükdür. Bu mükafatdan sonra
maraq daha da artdı. İnsanlar mənimlə məşq etmək istəyirlər. Amma
hələ ki işlərimlə əlaqədar məşqləri dayandırmışam.
N.Ehlamqızı: Xüsusi kursunuz
var?
- Kursum yox idi, neçə illərdir icarəyə bir obyekt götürüb orada
məşğul olurduq. Artıq bir yer alıb orada daimi çalışmaq istəyən
məqamda Hindistan müsabiqəsi ortaya çıxdı, alınmadı,
qaldı.
“Hind rəqsləri ilə bağlı layihəmə Mədəniyyət Nazirliyindən şəhadətnamə almışam”
Aqil Lətifov: Televiziyada hind
rəqsləri ilə bağlı layihə həyata keçirmək planınız
yoxdur?
- Məhz hind rəqslərilə bağlı müsabiqə keçirməyi çox istəyərdim.
Hətta 2008-ci ildən Mədəniyyət Nazirliyi layihəmi təsdiqləyib,
şəhadətnaməm də var. İndiyədək onu hələ də həyata
keçirməmişəm.
N.Ehlamqızı: Maliyyə məsələsinə
görə yarımçıq qalıb?
- Bəlkə də 2008-ci ildə sponsor problem olardı, o zaman bir o qədər
tanınmış deyildim. İndi isə sponsor tapmaq asandır. Sadəcə, vaxt
tapıb onu reallaşdıra bilmirəm.
N.Muradova: Hindistandakı
uğurdan sonra Sizi dəstəkləyənlər arasında gözləmədiyiniz insanlar
var idi?
- Dəstəkləyənlər yox, təbrik edənlər arasında elə insanlar vardı. O
insanların xarakterinə bələd olduğumdan, sadəcə, dedim ki, çox sağ
ol. Gərək təbriki də dərk eləyib ünvanlayasan.
A.Lətifov: Yüksək səviyyədə
təbrik oldu?
- Təbii ki, oldu. Əvvəla Hindistan səfirliyi adından təbrik oldu,
Mədəniyyət Nazirliyinə dəvət edib təbrik elədilər, Ədalət müəllim
Vəliyev çox yaxşı qarşıladı. Leyla xanım Əliyevanın rəhbəri olduğu
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) mənə böyük dəstək
oldu, təbrik elədilər. Düşünürəm ki, bu, böyük nailiyyətdir. Ona
görə ki, Azərbaycanı tanıdılar. Hindistanda 1 milyarda yaxın adam
yaşayır, Azərbaycanı tanımayan da tanıdı. Fanatlarım Azərbaycanın
xəritəsinin içərisində mənim şəklimi montaj edib plakat
hazırlamışdılar, “Azərbaycanın gözəl Oksanası” kimi şüarlar
yazırdılar.
N.Qurbanova: Sizdən başqa sırf
hind rəqslərilə Azərbaycanı kənarda tanıtmaq üçün kimin potensialı
var?
- Tələbələrim içərisində bir neçə qız var ki, onların potensialı
var. Burada olmayanda səfirlikdəki tədbirlərdə mənim əvəzimə təmsil
etdilər.
N.Qurbanova: Azərbaycanda hind
rəqsi ilə kifayət qədər maliyyə qazanan rəqqasələr az
deyil...
- O biznesdir də. Toyda mən də hind rəqsi oynayıram. Kim nə bacarır
oynaya bilər, amma söhbət ondan gedir ki, sənəti peşəkarcasına,
texniki cəhətdən düzgün təqdim edəsən. Rusiyada 15 ilə yaxın
yaşamışam, amma unutmamışam ki, azərbaycanlıyam, ona nailiyyət,
uğur deyərəm ki, onu Azərbaycandan kənarda qazanasan. Ölkə
daxilində nailiyyətlər məndə çoxdur.
“Hara gedirdim deyirdilər Priti Zinta, mənə avtoqraf verin”
A.Lətifov: Qalibiyyətdən sonra
Hindistana getdiniz? Sizi necə qarşılandılar?
- Orada küçəyə çox çıxmıram, çıxanda da hamı tanıyır. Məni
Hindistanda Priti Zintaya da oxşadırlar. Əvvəllər başqa ölkələrdə
də belə idi. Müğənni İlhamə Qasımova ilə yeni ili Hindistanda
keçirirdik, o şahiddir ki, hara gedirdim deyirdilər “Priti Zinta,
mənə avtoqraf verin”, mən də eynəyimi çıxarıb deyirdim “axı mən
Priti Zinta deyiləm”.
N.Qurbanova: Cizgilərinizdə
hind aktrisaları ilə oxşarlıq var. Uşaqlıqda kimisə hansısa məşhura
oxşadanda adam özünü həmin şəxsə oxşatmağa başlayır. Sizdə belə bir
şey olmayıb?
- Yox, Priti Zinta aktrisa kimi mənim favoritim olmayıb.
Hindistanda yaşayan hindistanlılar daha çox Kəşmirdən gəliblər,
çoxu müsəlmanlardır. Onlar ağ dərili, qara göz, qara saçlıdırlar.
Elə bil bizim dağlı qızlarımızdır. Amma uşaqlıqda mənim sevimli
aktrisa və rəqqasəm Madhuri Dikşit olub. 9 yaşımdan indiyədək,
hazırda 31 yaşım var, arzum olub ki, nə zamansa Madhuri Dikşit
rəqslərim və özüm haqda nə isə bir rəy desin, fərqi yoxdur yaxşı
söz desin, ya pis söz desin, amma desin (gülür). Mən özümü heç kəsə
oxşatmamışam, amma rəqsdə elə bil Madhuri kimi oynayıram. Özümü
rəqsdə ona o qədər oxşadıram ki. O, Hindistanda rəqs kraliçası
sayılır.
“Madhuri Dikşit 25 min nəfər içərisində məni bəyəndi”
N.Muradova: Bu arzunuz
reallaşıb, haqqınızda danışıb...
- 1 il yarım qabaq “Dance with Madhuri” adlı onlayn səhifəsi
açıldı, mən də həmin səhifəyə videomu göndərdim. “İndia” Tv
kanalında Madhuri Dikşit çıxış edəndə dedi ki, 25 min nəfər
içərisində Azərbaycandan Oksana Rəsulovanı bəyənmişəm.
Hindistandakı uşaqlar bu barədə mənə xəbər edəndə şoka düşdüm. Bu
videonu görəndən sonra öz-özümə deyirdim ki, bu, görəsən mənəmmi?
(gülür). Uşaqlıqdakı ən böyük arzum həyata keçdi. Mənə elə gəldi
ki, Madhuri mənim rəqsimə baxıb özünü gördü. Onu o qədər sevirəm
ki, bəlkə də dünyada onu məndən çox sevən yoxdur.
N.Muradova: Bu müddət ərzində
görüşə bilmədiniz?
- Madhuri Dikşit başqa telekanalda rəqs şousunda münsifdir. Onun
menecerindən mənə məktub gəldi ki, Madhuri xanımla görüş üçün sizi
ofisimizə dəvət edirik. Gözlərimə inana bilmədim. “Gəldim ofisə,
özü yox idi, amma həyat yoldaşı məni elə hörmətlə qarşıladı ki.
Madhurinin həyat yoldaşı Kanadada məşhur həkimdir, onların
Madhuriyə həsr olunmuş ofisi var. ”İndias Best Cine Star Ki Khoj"
müsabiqəsinə Madhurinin rəqsi ilə keçmişdim. Onda Madhuri Dikşit
forumu adından mənə təbrik gəlmişdi. Mən də gəlib özümü itirmişdim,
dedi ki, Madhuri Malayziyada çəkilişdədir, başladı ki, bilirsənmi,
Madhuri səni nə qədər çox istəyir. Qayıtdı ki, səni çox axtarırdıq.
Dedi ki, səninlə işləmək, “Dance with Madhuri” ailəsinin üzvü
olmağını istəyərdik. Mən bu təklifdən sonra ağladım. Çünki bu,
mənim rəqs aləmimdə olan ən böyük arzudur. Mənim üçün Madhuridən o
tərəfi yoxdur.
“Şahrux Xanla görüşdüm, balacaboy və arıq imiş”
N.Muradova: Şahrux Xanla
görüşmüsünüz?
- Şahrux Xanla ötən il dekabrın 1-də Dubayda görüşmüşəm. Konsertdən
sonra partidə görüşdük. Necə sizinlə oturub danışırıq, onunla da
divanda oturub söhbət etmişəm. Yaxşı aktyordur, Azərbaycanda
çoxsaylı fanatları var. Mən onu aktyorluğundan çox xarizmasına görə
bəyənirdim. Amma boyu balaca və çox arıq idi. Ümumiyyətlə, mən Xan
soyadlı Amir və Salmanı da çox bəyənirəm. Amir Xanı aktyorluğuna,
Salman Xanı isə individuallığına görə xoşlayıram. Salman Xan
Hindistanda nömrə birdir, çox adama kömək edir.
N.Muradova: Deyirlər Salman Xan
çox kobud insandır.
- Şəxsi həyatında olan problemlər bizə aid deyil, onunla bağlı
kobud ola bilər. Amma insanlara çox yardım edir. Mən Anupam Hira
məktəbində oxuyanda 5 ay qaldığım evdə Hanif adlı köməkçim vardı, o
gəlib yemək bişirirdi, 56 yaşında kişi idi, mədəsində problemi
vardı. Mən kursdan sonra Azərbaycana gələndə zəngləşmişdik, dedi
ki, əməliyyat olunmuşam, bilirsənmi, mənə kim kömək elədi? Soruşdum
kim? Dedi ki, Salman Xan. Söylədi ki, səhər saat 5-də evinin yanına
getmişdim, velosiped sürürdü, dedim əməliyyat üçün 3500 dollara
qədər pul lazımdır, o da soruşmadan çıxarıb pulu verdi.
N.Muradova: Sizə müsabiqədə pul
mükafatı verdilər?
- 12 nəfər finala daxil olanda hərəmizə 500 dollar verdilər. Udanda
qaliblərə min dollar, 2 min dollarlıq kafel-metlax materiallarını
almaq üçün kupon təqdim etdilər. Mən də onu digər qalibə hədiyyə
etdim, Hindistandan bura kafel gətirmək mümkünsüzdür
(gülür).
N.Muradova: Bəs özünüzün nə
qədər xərciniz çıxdı?
- Çox xərcim çıxdı, çünki orada bədxərclik edirdim. Biz “Rac Kapur”
film studiyasında 4 ay məşq keçirdik, xərci müsabiqə təşkilatçısı
qarşılayırdı. Bizə ev də verdilər, sadəcə, xoşuma gəlmədi deyə öz
puluma ev tutdum. Yeməkdən tutmuş saç, makiyaj, hər çıxışımdakı
geyimlərə qədər xərcləri təşkilatçılar ödədi. Müsabiqədə geydiyim
kostyumları bizə bağışladılar, Azərbaycana gətirdim.
D.Əhməd: Azərbaycana hansı
məşhur hind aktyorunu gətirə bilərsiniz?
- Kimi istəyirsiniz gətirmək mümkündür. Sadəcə, yaxşı sponsor
lazımdır. Sponsorlar hindlilərin ajiotaj yaradacağına inanmırlar.
Amma mən deyirəm ki, məsələn, Şahrux Xan ajiotaj
yaradacaq.
A.Lətifov: Siyasətlə
maraqlanırsınız?
- Düzü heç televiziyaya baxmağa vaxtım olmur. Hindistanda olanda
isə 4 ay ərzində heç nəyi izləyə bilməmişəm.
“Romantik trillerdə baş rola çəkiləcəyəm”
A.Lətifov: Qalib gəldiniz, daha
hansı pilləyə çıxmaq istərdiniz?
- İndi sənədlərimi gözləyirəm, “Zee” Tv ilə 3 illik müqavilə
imzalamışam, mənə viza veriləcək və Hindistana gedib film çəkişinə
başlayacağıq. Rejissor Maxeş Bxattın filmində çəkiləcəyəm. Film
romantik triller olacaq. Maxeş Bxatt Hindistanda elə bir
rejissordur ki, onun 3 saatlıq filmində 10 dəqiqəlik rol alsan da
bu, sənin üçün xoşbəxtlikdir.
N.Ehlamqızı: Tərəf müqabiliniz
kim olacaq?
- Tərəf müqabili hələ bəlli deyil, amma məşhurlardan biri
olacaq.
N.Muradova: Hindistanda
həmişəlik yaşayardınız?
- Yox. Orada yaşamaq üçün birinci növbədə özünə təmiz şərait
qurmalısan. Həm də Hindistandan qayıdanda bədənim zəifləyir,
gözümün altı qaralır. Oksigenlə zəngin olan bir ölkədən gedirik,
orada adam çoxdur, qapqara boğuluram. Çölə çıxanda bilirəm ki,
çöldə qoxu məni vuracaq.
Elçin Murad: Hindistanın
mətbəxi Sizə yaxındır?
- Hindistanın mətbəxi mənə tamamilə uzaqdır. Axır vaxtlar
çalışırdım ki, ümumiyyətlə oranın yeməyini yeməyim. Peçenye, bir də
düyü ilə qidalanırdım. Hamı Hindistan düyüsünü tərifləyir, mənimsə
heç xoşuma gəlmir. Azərbaycandakı Hindistan düyüləri o düyülərdən
deyildi.
A.Lətifov: Hindistan səfirinin
də açıqlaması vardı ki, Azərbaycandakı hind çayları əslində
Hindistan çayı deyil.
- Bizdə uzun düyülərdən plov dəmləyirlər ha, orada düyü xırda və
nazik idi, adi ağ aş hazırlayırlar, duz, istiot da
vurmurlar.
“Salman Xan Hindistanda kraldır”
D.Əhməd: Sevdiyiniz ölkənin
Pakistanla Kəşmir kimi problemi var. Hindistanın müasir tarixi ilə
maraqlanırsınız?
- Hindistanla Pakistan arasında hər zaman problem olub. Bombey çox
müasir şəhərdir, amma buna baxmayaraq insanların psixologiyasında
hindli-müsəlman ayrı-seçkiliyi var. Mənimlə yanaşı qalib gələn
oğlan Səyyad Mamun da müsəlman idi. Bizim ikimizdən başqa şouda
müsəlman yox idi. Müsabiqənin əvvəlindən Səyyada deyirdim ki, əgər
mən udsam, sən udmayacaqsan, sən udsan, mən qalib gəlməyəcəyəm. İki
müsəlmanın o boyda hindlilərə qalib gəlməsi qeyri-mümkün görünürdü.
Özü də nə münsiflər, nə də işçilər arasında bir nəfər də olsun
müsəlman yox idi. Bayramları olanda “Zee”Tv-nin çəkiliş qrupu kimi
bizi də apardılar, Səyyadla mən bütlərə dua etmədik, məcbur etsələr
də kənarda dayandıq. Buna görə çox xoşbəxt idik. Səyyad çox kasıb
ailədəndir, 300 dollara evdə 6 nəfəri dolandırır. Çox gözəl həyat
yoldaşı və övladı var. O artıq qalib oldu, pul qazandı, buna çox
sevindim. Hindistanda kimsə başqasının müsəlman olduğunu bilən kimi
dərhal bir-birinə kömək edəcək. Orada addan bilirlər ki, kim
müsəlmandır. Öz səhnəmi Salman Xanın qarşısında göstərəndə o təkcə
mənim çıxışım barədə danışdı. O, çox sərt xasiyyətlidir və
Hindistanın kralıdır. O hətta soruşdu ki, Oksana müsəlmandır? Adım
Oksana olduğuna görə inanmırdı. Salman Xanın ətrafında ancaq
müsəlmanlardır. O, Allahdan qorxan insandır. Eyni zamanda, Şahrux
Xan da, Amir Xan da belədir.
İsrail Musayev: Əmin oldunuz
ki, hindlilər obyektivdirlər...
- Onlar çox obyektiv insanlardır. Mən ayrı ölkədən gəlmişdim,
bilirdilər ki, Azərbaycanda tanınmış rəqqasəyəm, Hindistan
səfirliyi və Mədəniyyət Nazirliyi də mənə dəstəkdir. Axıra qədər
düşündüm ki, onlar məni “vuracaqlar”. Bəlkə də səsimi saxtakarlıq
edib kiməsə versəydilər, bunun üzə çıxacağından qorxdular. Məndə
səslər də yüksək idi. Sonda 6 nəfər qalmışdı, deyirdilər ki, Oksana
6 nəfərin hamısından 3-4 dəfə çox səs toplamışdı.
N.Ehlamqızı: Bildiyim qədərilə atanız da, ananız da azərbaycanlıdır. Çox adam adınıza görə Sizin başqa millətin nümayəndəsi olduğunu düşünür.
- Oksana - əslində, Ukraynada yayılmış qız adıdır. Atamla anamın övladı olmayıb, Anam Ağabəyovlar nəslinin nümayəndəsidir. 7 ildən sonra anam rəhmətlik babam Ağabəyov Bünyamini görüb, babam da deyib ki, sənin 1 ildən sonra qızın olacaq adını Oksana qoyarsan. Mən də fikirləşirəm ki, yəqin babamın hansısa sevgilisinin adı olub (gülür).
N.Muradova: Necə olub Rusiyaya
gedib orada yaşamısınız?
- Atam Şabrandandır, ixtisasca hərbi mühəndisdir, anamsa
Salyandandır. Hər ikisi eyni institutu qurtarıb, onları təyinatla
Əli Bayramlıya, indiki Şirvan şəhərinə göndəriblər. Orada da mən
doğulmuşam, bir müddət orada yaşadıq, Baykal-Amur magistralı
tikilirdi, işdən Rusiyaya göndəriblər. Çox maraqlıdır ki, “Oksana
mat” hind dilində “qıcıqlandırma” deməkdir.
“Tələbəm 17 yaşında qarpızdan zəhərlənərək rəhmətə getdi”
N.Ehlamqızı: İxtisasca
həkimsiniz, amma rəqsə daha çox meyil
etmisiniz...
- Rusiyada rəqsə uşaqlıqdan başlamışam. Həkimlik ixtisası üzrə Tibb
Akademiyasını da bitirmişəm. Mən bir çox mükafatlar almışam. Hətta
Rusiya Prezidenti Vladimir Putin tərəfindən də mükafat verilib.
Yetim uşaqlar evində dəstək olmuşduq, Rusiyada olanda hind rəqsləri
üzrə 150-dən çox diplom qazanmışam. Uşaq vaxtı məktəbdə Azərbaycan
rəqsi də oynamışam, amma texniki cəhətdən bilmədiyimə görə oynamağa
utandım. Bu yaxınlarda mənim “Eşq” adlı klipimin təqdimatı oldu.
Atəşgahda çəkiliş etdik, ümumiyyətlə, bir iş üzərində çalışanda
istəyirəm ki, Azərbaycan və Hindistan mədəniyyətini sintez edim.
“Leyli və Məcnun” əsərinə həsr olunmuş klipdə bəzi sözləri Nizami
Gəncəvidən götürdük, hind sözləri və musiqisi ilə birləşdirdik.
Leyli ilə Məcnunun sevgisinin yaranmasından tutmuş bitməyinə qədər
bütün hissləri etnik rəqsdə göstərdik. Bu klipi tələbəm Gülarə
Həsənliyə həsr etmişəm. Tələbəm 17 yaşında qarpızdan zəhərlənərək
rəhmətə getdi. Onun axırıncı işi bu oldu. Sizi inandırım ki, bu
klip insanı elə vahimələndirir ki. Elə bil bu klip məhz Gülarə üçün
yaranıb. Onun valideynlərinə səbr diləyirəm, Allah rəhmət eləsin!
Bu yaxınlarda mən Azərbaycan rəqsinə klip çəkmişəm. Artıq rəqsi
qurmuşam. Məni hind rəqqasəsi kimi necə tanıyırlarsa, arzu edirəm
ki, Hindistanda Azərbaycan rəqsini mənim təqdimatımda
görsünlər.
N.Ehlamqızı: Hansı
rəqsdir?
- “Sarı gəlin”.
İ.Musayev: Azərbaycanın rəqs
klassikası ilə tanışsınız?
- Mən Təranə Vəlizadənin klipində “Sarı gəlin” obrazında
çəkilmişəm. Hətta saçımı saraltmışdılar. “Sarı gəlin” ətrafında
ermənilərlə mübahisə başlayan ərəfədə Nail Naiboğlu İsmayıllıda
çəkdi, çox ajiotaj yarandı. Əslində, Azərbaycan rəqs dünyası
haqqında anlayışım çox azdır. Amma rəqqas dostum Şəhriyara zəng
edib demişəm ki, xahiş edirəm, mənə rəqslər barədə danış da
(gülür). Əminə Dilbazi, Roza Cəlilova, Təranə Muradovanı tanıyıram.
Təranə xanımın fanatıyam. 2008-ci ildə Rusiyadan Bakıya qayıdanda
Təranə xanımın yanına getdim. O, mənə dəstək oldu, düzgün yol
göstərdi, bəzi hallarda isə mən öz emosiyalarımı cilovlaya bilmədim
və bəzi adamlara cavab verdim, amma lazım deyilmiş.
N.Muradova: Hind rəqsi ilə
toylarda çıxış edirsiniz? Gəlir əldə edə
bilirsiniz?
- Hind rəqsindən hər zaman mənə gəlir gəlib. Hind rəqsini elə bir
insanlar istəyir ki, adamın inanmağı gəlmir. Mən toylara gedəndə
seçim edirəm. Özümü o qədər çox istəyirəm ki, çox yorulmaq
istəmirəm.
N.Muradova: Bir ara deyirdiniz
ki, restoran və kafelərdə çıxış etmirəm.
- Heç vaxt şou proqramlarda çıxış etməmişəm. Hətta toya gedəndə
menecerim toy sahibi ilə danışır ki, orada uşaqdan tutmuş böyüyə
qədər nə badə Oksanaya yaxınlaşaq... Mənə səhnəcik qurulmalıdır,
orada oynamalıyam. Pul gözü bağlayanda adam istəyir ki, bir gündə
bu toydan çıxıb başqasına getsin. Amma fikirləşəndə görürsən ki,
belə olan halda rəqsin keyfiyyəti itir, ikincisi
adiləşir.
N.Muradova: Rusiyada da toylara
gedirsiniz?
- Orada heç vaxt getməmişəm.
N.Ehlamqızı: Həmkarınız Fatimə
ilə münasibətiniz necədir?
- Mənim xətrimə dəyməsinlər, dəyəndə çox inciyirəm. Bağışlaya
bilərəm, amma inciyirəm və danışmaq istəmirəm. Artıq kiminsə Fatimə
haqda bir kəlmə belə nəsə soruşmasına razı deyiləm. Qoy gedib öz
işi ilə məşğul olsun, Hindistana getməzdən qabaq hədsiz dərəcədə
çox xətrimə dəymişdi. Yaxşı da cavabını aldı, sonra sakitləşdi.
Qalib olanda məni təbrik də elədi. Bu, normaldır, çünki burada
mənim adım yox, Azərbaycanın adıdır. Düşünürəm ki, təbrik etmək hər
bir azərbaycanlının borcudur.
N.Muradova: O da qalib olsa,
Siz də təbrik edərsiniz?
- Bu səviyyədə nailiyyət qazansa, mən onu mütləq təbrik
edərəm.
N.Muradova: Şəxsi həyatınızda
nə yenilik var?
- Təkəm, həyatımda heç kim yoxdur. Buna nə vaxt, nə də istək var.
İş imkan vermir. Bu nailiyyətdən insan istəyir ki, yenə nəsə
qazansın. Mən heç vaxt yerimdə dayanmamışam.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!