“Bədəninizin diliylə “burdayam” deyə bilirsinizsə, seksual qadınsınız” – FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

“Bədəninizin diliylə “burdayam” deyə bilirsinizsə, seksual qadınsınız” – FOTOLAR+VİDEO

“Ulduzlu axşam”da uzun müddət Türkiyədə yaşayan və dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərən müğənni Bəturə Hüseynovadır. Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, Bəturə xanım Aygün Bayramova, Könül Kərimova, Aybəniz Haşımova, Zakir Əliyev kimi sənətçilərlə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunudur və ustad sənətkarların yetirməsidir.

- Həyat yoldaşın türk olduğu üçün uzun illər Türkiyədə yaşamısan. Amma bir neçə ildir ki, Bakıdasan və sənətinlə məşğulsan. Yəni müğənni kimi fəaliyyət göstərirsən… Köçüb birdəfəlik bura gəlmisən, yoxsa müvəqqəti?

- Birdəfəlik gəldim. Amma ailəm, oğlum Türkiyədə yaşadığı üçün ora da gedib-gəlirəm.

- Nədən birdən-birə ailəndən ayrılıb Bakıya gəlməyə qərar verdin?

- Bəlkə də, yoruldum, bəlkə də, sevdiyim işlə məşğul olmaq istədim. Sanki bir qədər də özüm üçün fədakarlıq etmək istədim. Çünki demək olar ki, özümü tam yaddan çıxarmışdım.

- Həyat yoldaşın nə əcəb buna razılıq verdi?

- Həyat yoldaşımın iş həyatında iqtisadi cəhətdən bir böhran oldu və mən də düşündüm ki, artıq işləməliyəm. Amma əvvəllər elə bilirdim ki, Allah həmişə başımızdan pul tökəcək və çətinliyimiz olmayacaq.

- Belə başa düşdüm ki, Bakıya gəlməkdə məqsədiniz işləyib ailənizə kömək etmək, həm də sevdiyiniz səhnə həyatına qayıtmaq olub…

- Açığı, ailəm maddi olaraq məndən heç nə gözləmir də. Allaha şükür, yenə hər şey öz yolundadır. Hətta onlar özləri mənə kömək edirlər. Sadəcə, həmin dönəmdə özüm üçün nələrsə etməyin zamanı olduğunu düşündüm və Bakıya gəlməyə qərar verdim.

- Düşünmədin ki, bu ayrılıq sevginizi soyuda bilər? Məsəl var e, deyirlər, gözdən uzaq olan könüldən də iraq olar…

- Əlbəttə düşündüm, həmişə də düşünürəm. Amma yaşın da gətirdiyi müəyyən şeylər var. Artıq özümü düşünürəm.

- Bu boşluğun həyat yoldaşının həyatında kiminsə olmasına gətirib çıxara bilər. Bu, sizi narahat etmir?

- Zənn etmirəm ki, onun həyatında kimsə olsun.

- Bu əminlik hardandır belə?

- Çünki məni çox istədiyini bilirəm. Amma həyatında hansısa bir qadın olarsa da, normal qarşılayaram. Çünki özüm ailəmdən kənarda yaşamağa qərar vermişəm. Amma artıq dörd ildir ki, Bakıdayam, hələ ki, onun həyatına biri girməyib.

- Dördillik ayrılıq bir qadın olaraq həyat yoldaşınızla münasibətinizdə nəyi dəyişdi?

- Məncə, heç nəyi. Çünki bir dəyişiklik olsaydı, yəqin ki, mənim də həyatımda kimsə olardı. Kimləsə ailə həyatı qurardım. Yaxud da kimləsə eşq yaşayardım. Hələ ki, belə bir şey olmayıb.

- Deməli, ərinə, sevginə bu qədər sədaqətlisən…

- Sevgimə deməzdim, sadəcə, onlara çox əmək sərf etmişəm, illərlə yanlarında olmuşam, öz karyeramı qurban vermişəm. Amma artıq düşündüm ki, özüm üçün nəsə eləyim. Çünki bu sənətdə çox gec qaldığımı hiss edirdim. Televiziyaların qapısı üzümə qara gözümə, qara qaşıma görə açılmır. Bilirlər hansı məktəbi keçmişəm, hansı ustad sənətkarlardan dərs almışam. Zamanında Bəturə Hüseynova çox məşhur idi.

- O zaman səhnə həyatının uğurlu bir dönəmində ailə qurub Türkiyəyə köçməyinə görə peşman oldun?

- Çox, çox peşman oldum. Sonradan bu peşmançılıq yarandı. Həyat yoldaşıma görə yox. O hətta bir ingilis olsaydı da, yenə onunla evlənərdim. Çünki insan kimi insandır, yerini biləndir, qadına dəyər verməyi bacarır.

- Harada tanış olmuşdunuz?

- Bakıda. Tələbəlik illərimdə kirayə qaldığım evə bir türk oğlan qonaq gəlmişdi. Beşinci kursda oxuyurdum onda. Orda tanış olduq və evlənməyə qərar verdik.

- Hər bir qadın vücudundakı ən gözəl, daha doğrusu, onu gözəl göstərən əzasından xəbərdardır. Mənə çox maraqlıdır, sənə ən çox yaraşıq verən nədir?

- Mənə elə gəlir ki, saçlarımdır. Ola bilər, kimsə gözlərimi, ya da bədən quruluşumu gözəl sayır, amma mən saçlarımın mənə yaraşıq verdiyini düşünürəm. Saçlarım ən gözəl aksessuarımdır.

- Bu aksessuarını itirməkdən qorxmursan ki?

- Çox qorxuram və bərk-bərk qoruyuram. Bir dəfə çox güclü stress nəticəsində az qaldım onu itirəm. Güclü saç tökülməsi oldu. Sonradan yenidən saçımı təkrar qazandım. Saçlarıma çox düşkün biriyəm.

- Amma insanın qorxuları öz başında çatlayır həmişə. Yəni qorxduğu başına gəlir...

- Düzdür. Mənim hətta Bülbül adına Məktəbdə oxuduğum zaman ləqəbim də vardı: hörüklü qız. Çox uzun saçlarım olub.

- Özünü gözəl qadın sayırsan?

- Mən sadəliyimə üstünlük verən insanam. Amma bəli, mən özümü gözəl qadın sayıram.

- Xoşbəxt olmaq üçün gözəl olmaq yetər?

- Qətiyyən. Elə olsaydı, mən dünyanın ən xoşbəxt qadını olardım. Amma gözəllik müəyyən bir yerə qədərdir. Xoşbəxtlik şansa bağlı bir şeydir.

Amma yenə də deyirəm ki, həyat yoldaşımı tanıdığıma görə xoşbəxtəm.

- Xoşbəxt olmaq üçün qadına nə lazımdır ki?

- Mənə elə gəlir ki, qadının xoşbəxtliyi kişidən gələn bir şeydir. Qadın öz-özünə xoşbəxt ola bilmir. Qadın uşağına, həyat yoldaşına, onun ailəsinə fədakarlıq göstərir, onlardan bunun qarşılığını alanda xoşbəxt olur. Yenə də deyirəm, xoşbəxtlik üçün gözəl olmaq yetmir.

- Gözəl qadın olduğunun fərqindəsən. Bax müəyyən məqamlarda heç bu gözəllikdən istifadə edirsənmi?

- Yox. İstifadə etsəydim, çox qapılar üzümə açılardı. Amma eləmirəm, özümə gözələm.

- Sizə kompliment edəndə, nə deyirlər?

- Uşaqlıqdan bəri eyni sözləri: “Siz çox gözəlsiniz”.

- Səncə, qadın üçün ən gözəl kompliment nə ola bilər?

- Ola bilər, kimsə mənə desin ki, sənin nə gözəl ürəyin var. Bu, xoş sözlərdir, amma qadın üçün kompliment tamam başqa şeylərdir.

- Məsələn?

- “Sən dünyanın ən gözəl qadınısan”. Ürəyimdən keçən, xoşuma gələn şəxs bunu mənə deyərsə, əriyib gedərsən ki, ayy, nə gözəl sözlərdir.

- Birdən desələr ki, Bəturə xanım, siz çox seksual bir xanımsınız, bu, səni qıcıqlandırmaz ki?

- Heç qıcıqlandırmaz, çünki hər qadın, heç hər kişi də seksual ola bilməz…

- Niyə olmur ki?

- Seksual olmaq insanın bədəninə aid bir məqamdır. Kişi ya da qadının bədən dilidir. Vücudunun dili var, sənin bədənin danışır.

- Yəni heç də gözəl olmayan bir qadının, yaxud yaraşıqlı olmayan bir kişinin bədəni çox gözəl danışa bilər?

- Tamamən razıyam. Hər bədən bunu bacarmır, bu, Allahdan verilən fitri bir qabiliyyətdir ki, bədəninizi istədiyiniz kimi danışdıra bilərsiniz. Siz on-on beş xanımın içərisində durduğunuz zaman bədəninizin diliylə “mən burdayam” deyə bilirsinizsə, deməli, seksual qadınsınız.

(Söhbətin bu yerindəcə üzümü tutdum fotoqrafımız Elçinə)

- Elçin, Bəturə xanım, səncə, bədəninin diliylə mən “burdayam” deyə bildi?

- Yüzdə yüz.

- Komplekslərin varmı?

- Yox, çox rahatam bu mövzuda. Yemək, geyim, görünüşlə bağlı komplekslərim qətiyyən yoxdur.

- Hansı sahədə bir qadın olaraq özünü daha qabiliyyətli sayırsan? Məsələn, elə bir qabiliyyətin varmı ki, deyəsən, Bəturə, səndən yoxdur da…
- Açığı, elə bir özəlliyim yoxdur.

- Özünü dəbi diktə edən xanım sayırsan?

- Yox, moda ilə ayaqlaşıram. Amma bu, dəbdir, mütləq bunu geyinməliyəm deyə bir xasiyyətim yoxdur. Bədənimə mənə nə yaraşırsa, onu geyinirəm. Məsələn, qarderobumda çox köhnə paltarlarım var, ata bilmirəm. Birdən gözümə sataşır, götürüb geyinirəm və baxıram ki, çox da gözəl yaraşır. Çünki illərdir ki, mənim çəkim artmır. Neçə il öncə geyindiyim paltarı asanlıqla geyinirəm.

- Çəkin nə qədərdir ki?

- Heç 60 kilo yoxam.

- Doğrudan? Amma bir az o çəkidən artıq görünürsən. Mənə çox maraqlıdır, qarderobda artıq qalan geyimlərini kiməsə verirsən?

- Yox, heç sevmirəm kiməsə paltar verim, ya da kimdənsə paltar alıb geyinim.

- Bəs qarderobda yığılıb qalan paltarlar səni narahat eləmir?

- Türkiyədə yaşayarkən uzun illər artıq qalan paltarlarımı imkansız insanlara, dərnəklərə vermişəm. Bağçamdakı gülləri aparıb məktəblərə bağışlamışam ki, o yaşıllıqdan kiməsə də pay düşsün.

- Qadın var, deyir “ölərəm mənim köynyəmdən ikinci bir qadında olsa”…

- Yox, mənim bu geyindiyim koftadan çox qadında ola bilər. Nə var ki, burada?

- Brendlərə hər zaman önəm verirsən?

- Yox, önəm vermirəm, amma müraciət edirəm.


- Qarderobda ən ucuz və ən bahalı paltarının qiyməti neçəyədir?

- Ən ucuz paltarımı 20 manata ala bilərəm. Hər hansı geyim çox xoşuma gələ bilər və onu alıb geyinərəm. Ən bahalı paltarım isə 1300 manat olub. Ondan qiymətli paltarım olmayıb.

- Hansı ətirlərdən istifadə edirsən?

- “Şanel” daima istifadə etdiyim ətirdir. Özü də yaşıl rəngdə olan “Şanel”. Mənim saç ətrim də ayrıdır. Saçım qoxulandığı zaman “ayy, nə gözəl ətir gəlir” sözlərindən çox xoşlanıram.

- Xüsusi bir əşyan varmı ki, evdən onsuz çıxsan, mütləq geri qayıdarsan?

- Eynəyim. Telefonumu unutsam, bu, məni narahat etməz, amma eynəksiz addımımı bayıra atmaram.

- Ən çox nəyə pul xərcləyirsən?

- Vaxtında çox alış-veriş etmişəm və artıq doymuşam. İndi elə bir şey yoxdur ki, ona pul xərcləyim.

- Adam var depressiyaya düşəndə şopinq edir…

- Məndə də var o xasiyyət.

- Tez-tez düşürsən depressiyaya?

- Bayaq dedim, bir depressiya məni az qala saçlarımdan eləmişdi.

- Məsələn, bir kişiyə görə depressiyaya düşə bilərsən?

- Ola bilər. Çox sevərəmsə, ola bilər. Elə kişi də bir qadına görə depressiyaya düşə bilər. Əgər çox sevərsə.

- “Mən ailəli qadınam” deyə özünə müəyyən qadağaların varmı?

- Var, var.

- Bu qadağalar səni bəzən yorur, əsəbiləşdirir?

- Həddən artıq.

- Bəzən hansısa məqamda əsəbiləşib bu sərhədi aşa bilərsən?

- Elə şeylərim var. Durub-durub dəli-dəli hərəkətlər edə bilərəm.

- Məsələn?

- Mən bunu istəyirəm, almalıyam. Bu, əşya da ola bilər.

- Bəs kişini əldə etmək?

- Yox, buna riskim çatmaz.

- Qadağalara görə ürəyində basdırdığın sevgilər çoxmu olub?

- Sevgilər yox, amma sevgim olub.

- Yaşamamısan?

- Yaşamaq istəmişəm, amma alınmayıb.

- Sən tərəfdən, yoxsa qarşı tərəfdən?

- Mən tərəfdən. Amma bir şeyə təmiz baxdığımız halda, yaxınlaşıb onu təmiz olmadığını görürüksə, təəssüf edirik ki, ayy, bunu niyə etdim, dəyməzmiş. Bax məndə elə bir şey olub, buna dəyməyib. Yəni bir insanı platonik olaraq sevmişəm, amma zamanla o insanın elə bir xarakterini görmüşəm, hətta onu sevdiyimə görə özlüyümdə utanmışam. Demişəm ki, ay da, mən gör kimi sevmişəmmiş.

- Səncə, cəmiyyətin, yaxud da özünün özünə qoyduğun qadağalara görə hansısa bir sevgidən vaz keçməyə dəyərmi?

- Əgər sevgiyə ehtiyac varsa, mütləq onu yaşayacaqsınız, o, sizin əlinizdə deyil.

- Amma indi çoxları saf sevginin olduğuna inanmır.

- Mən inanıram. Var, niyə yoxdur ki?

- Amma etiraf edək ki, müəyyən zaman daxilində…

- Sevgi ilə bağlı elm adamları vaxt qoyublar ki, sevginin ömrü bir ildir. Bunu araşdırıblar və görüblər ki, sevginin ömrü bir ilmiş. Çox təəssüf ki, sevgi keçib-gedir. Dəlicəsinə olan duyğular belə.

- Bu sevgini nə adiləşdirir?

- Sevgi o qədər narın, incədir ki, ona yanlış yanaşsan küsər gedər. Sevgi saflıq istər.

(Bu məqamda fotoqrafımız söhbətə qatılır: “Mən bir dəfə toyda müşahidə elədim. Sevgi də iki cürdür, bir var, şərabın məstliyi, bu, uzun çəkir. Bir də, var, arağın sərxoşluğu, iki saata ayılırsan, unudulub gedir… Hisslər də elədir, şərab məstliyi, yaxud da araq sərxoşluğu kimi… Yəni bu hisslər davam edə bilər. Yetər ki, ortada dürüstlük, saflıq olsun).

- Telefonuna çoxmu sevgi mesajları gəlir?

- Həddən artıq.

- Xətrinə dəyən mesajlar olur?

- Əslində, xətrimə dəymirlər e, sadəcə, mən küsəyənəm. Hər şeydən tez küsürəm. Kinim də yoxdur e. Uşaq kimiyəm.

- Bürcün nədir ki?

- Əkizlər. Bəzən xırda bir şeyi özümə dərd edirəm. Bu xasiyyətimdən heç xoşum gəlmir.

- Sonuncu gələn mesajı bizə oxuyarsanmı?

- Yox, yox…(gülür)

- Amma bayaq dedin ki, kompleksin yoxdur. Demək ki, varmış.

- Çoxunu silirəm, amma oxuya bilmərəm.

- Qadın kimi sizi həyatda ən çox nə qorxudur?

- Tək qalmaq. Elə tək qalacaq yaşda da deyiləm. Qadın üçün ən gözəl yaş dövründəyəm. Niyə tək yatıb, tək də qalxmalıyam – son vaxtlar bu məni çox düşündürür.

- Bu, səni belə narahat edirsə, tək yatıb, tək də qalxma…

- O zaman həyat yoldaşımla ortada bir boşanma olacaq ki, bilim nə var, nə yox. O da öz həyatını yaşasın, mən də. Bu da gerçəkləşməyib deyə çabalayıram və heç bir qərar verə bilmirəm.

- Bu dörd ildə hələ qərar verə bilməmisən?

- Yox. O çox yaxşı insan olduğu üçün ondan vaz keçə bilmirəm. Nə o, nə də mən boşanma ilə bağlı qərar verə bilirik. Hamı deyir ki, o bura niyə gəlmir? Onun Türkiyədə işləri var. Oğlum da orda təhsil alır.

- Məncə, bunlar bir bəhanədir…

- Heç özüm də baş aça bilmirəm, iki yol ayrıcında qalmışam. Əslində, mən onu dəlicəsinə sevib ailə qurmamışam. Amma çox yaxşı bir insan olduğuna görə onu seçmişəm. İndi məsələ burasındadır ki, hər dəfə başım ağrıyanda “sənin başına qurban olum” deyə bilən kişi də yoxdur axı…Məni qorxudan bunlardır. Mən gördüyüm qayğını başqasından görə bilməsəm, pərişan olaram. Mən nazlı qadınam, xoşuma gəlir, nazımı çəksinlər.

- Özünü eşq qadını sayırsan?

- Sayıram. Hərdən müğənnilər məni danlayırlar ki, bu gözəlliklə çox şey edə bilərsən. Amma mən heç nə etmirəm. Hətta mənə əks cinsin nümayəndələri tərəfindən çoxlu təkliflər gəlir. Təklif edirlər ki, imkanlı adamam, sənin üçün hər şey edərəm. Bu təklifləri qəbul etsəydim, indi evlərim, maşınlarım olardı.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm