Dünya cazmenləri Bakıya yığışdı - FOTO
Bizi izləyin

Tabloid.az

Dünya cazmenləri Bakıya yığışdı - FOTO

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı – 2014” başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşan Festival çərçivəsində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Eyni zamanda, Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Onu Tomas Morqan (bass), Ceyms Betss (zərb alətləri) müşayiət ediblər.Caz pianoçu və sintezator ifaçı Kreyq Taborn öz peşəkar karyerasına 1990-cı illərdə başlayıb və o dövrdə sadə cazdan tutmuş kənar musiqiyə qədər müxtəlif janrlarda gənc musiqiçilərlə, eyni zamanda, korifeylərlə bir yerdə işləyib.

Onun ilk solo fortepiano albomu olan “Avenging Angel” 2011-ci ildə buraxılıb. Həmin ildə o, bas gitaraçı Uilyam Parker və Kliverlə “Farmers by Nature” adlı trio yaradıb və “Out of This World’s Distortions” diskini yazıb. Kreyq Tabornun “Chants” adlı ikinci albomu isə 2013-cü ilin aprelində buraxılıb.
Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb. “Bakı Beynəlxalq Caz Festivalı – 2014” oktyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş və neçə illərdir ki, paytaxtımızda keçirilən beynəlxalq caz festivalında dünya şöhrətli ifaçılar çıxış ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm