• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Samirə Yusifqızı: “İndi də həmin taksi sürücüsüylə sevgiliyik” – FOTOLAR

Samirə Yusifqızı: “İndi də həmin taksi sürücüsüylə sevgiliyik” – FOTOLAR

“Toylar Kraliçası” yarışmasının qalibi, meyxanaçı-müğənni Samirə Yusifqızının Publika.az-a müsahibəsi

- Samirə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Bəstəkar Nadir Əzimovla yeni mahnılar işləyirik. Nihat Orucov adlı gənc ifaçıyla fransız mahnısı ifa etmişik. Bu uşaq bir neçə beynəlxalq müsabiqənin qalibidir, 135 ölkənin iştirakı ilə keçirilən yarışmada ikinci yeri tutub.

- Meyxana, klassika və toylar kraliçası...Bu təzad bir araya necə sığışır?

- Meyxana mənim sənətim deyil, meyxanaçı da deyiləm. Sadəcə, məndə bu istedad var. “Bacarıram” deyirəm, amma bunu sənət saymıram.

- Meyxananı sənət saymırsınız?

- Yəni ki, mənim sənətim deyil. Bu, qədim və çox çətin folklor janrıdır.

- Nəyə görə sizi daha çox meyxanaçı kimi qəbul edirlər? Bəlkə, uğurlu müğənni olmadığınıza görədir?

- Niyə ki? Uğurlu müğənniyəm. Sadəcə, meyxanada ilk qadın olduğuma görə belə ajiotaj yarandı, insanlar tərəfindən qeyri-adi qəbul olundu.

- Amma sizdən əvvəl Saray kəndində də belə meyxanaçı qadın olub.

- Bəli, Sarayda Xanımana adlı meyxanaçı olub. Amma o vaxt bu, mentalitetimizə uyğun deyildi, qayda-qanunlar sərt idi deyə, həmin qadın üzə çıxa bilmədi. Heç o vaxt müğənniliyə də icazə vermirdilər. Ona görə əksəriyyət bilmədi ki, belə bir adam var.

- Sizə meyxanaçı kimi daha çox tələbat var, yoxsa müğənni kimi? Amma səmimi cavab istəyirəm.

- Səmimi deyim də, elə günü bu gün də toylara müğənni kimi gedirəm. Amma Oqtayla dediyimiz duetə görə bizi bir yerdə çağırırlar. Əlli əlliyə deyərdim.

- Lalə Dadaşovayla niyə yola getmirsiniz? Hətta o, efirdə ehtiyacı olan bir insana böyrəyini verəcəyini deyəndə bunu kinayə dolu baxışlarla qarşıladınız.

- Mən onunla çox yaxın rəfiqə olmuşam və bunu da hamı bilir. Ona pis münasibət bəsləməmişəm və haqqında xoşagəlməz söz də işlətməmişəm. Sadəcə, o, çox pis reaksiya verdi. Mən ondan bunu gözləmirdim. Özümə qarşı eşitmədiyim, gözləmədiyim sözü ondan eşitdim. Necə bir ailənin övladı olduğumu bilə-bilə, insanların mənə kişi kimi hörmət etdiyini görə-görə belə dedi. Heç vaxt ondan elə söz gözləməzdim.

- Hansı sözü?

- Mənə “əxlaqsız” demişdi. Bunu ona heç cür bağışlaya bilmərəm.

- Bu barədə efirdən kənar söhbətiniz oldumu?

- Bizim dava-dalaşımız o qədər uzandı ki, artıq mən onun işlədiyi yerə getmirəm.

- Bu, həmin şadlıq evinin rəhbərliyinin qərarıdır?

- Xeyr, mənim qərarımdır. Mənim ansamblım indi də orada işləyir. Amma onu görməmək üçün özüm ora getmirəm.

- Meyxanaçı həmkarınız Oqtay Kamil bəzən deyişmələrdə sizə atmacalar atır, videonuzdan danışır. O nə videodur elə?

- Oqtaydır da. Oqtaydan inciməyin qətiyyən yeri yoxdur. O heç özü də bilmir ki, nə deyir. Bir az özündə olmur, içir, ağzına gələni deyir, sonra özü də peşman olur. Meyxanadır da, belə şeylər olur. Amma mən qəbul etmirəm. Onlar hamısı bir-birinə elə sözlər deyirlər. Bax belə şeylərə görə meyxana qadınla düz gəlmir də.

- Kişi məclislərində tez-tez olursunuz. İçki, siqaret...

-(sözümü kəsir) İndi elə dövrdə yaşayırıq ki, qadının içki içməyi, siqaret çəkməyi heç kim tərəfindən pis qarşılanmır. Azərbaycanda da içki içən, siqaret çəkən xanımlar, əfsuslar olsun ki, çoxdur. Mən özüm də elə şeylərə pis baxmram. Amma məni tanıyanlar da bilir ki, belə şeylərdən uzaq adamam. Heç vaxt siqaret çəkməmişəm, çəkə də bilmərəm. Çünki mən onun iyini götürmürəm. Ürəyim xəstədir deyə mənə elə şeylər olmaz. İçkiyə gəlincə, yeri düşəndə içirəm. Hətta o vaxt Faiq Sücəddinovla səsyazma studiyasına girəndə 50 qram konyak içəndən sonra mahnını yazırdıq ki, səsimiz yumşalsın. Çayın içinə konyak töküb içirdik ki, boğazımız yaxşı “işləsin”. Burada qəbahət və ya gizlədəsi nəsə yoxdur. İraq olsun, alkoqolik, “pyanıska” deyiləm. Qırx yaşdan sonra gündə bir stəkan çaxır içmək hər bir insana lazımdır. Çünki bu, bütün qan-damar sistemini tənzimləyir.

- Bir neçə il əvvəlki müsahibəmizdə bildirmişdiniz ki, həyatındaki insan taksi sürücüsüdür. Adətən, müğənnilər populyarlaşandan sonra sevgililəri də dəyişir. Sirr deyilsə, həmin insan indi də həyatınızdadırmı?

-(gülür) Bəli, həmin insandır, dəyişilməz olaraq qalıb.

- Yəqin ki, populyarlaşandan sonra imkanlı şəxslərdən təkliflər var idi.

- Mən sadiq insanam. Bir adamla salam kəsirəmsə, buna cavabdehəm. Çalışaram ki, o salamı yerə vurmayım. İkincisi, populyarlaşmağın nə dəxli var ki? Sevgi, istək elə hislərdir ki, onun populyarlığa heç bir dəxli yoxdur.

- O insanı doğrudan sevirsiniz?

-(düşünür) Deməzdim sevirəm. Amma artıq ona öyrəşmişəm. Mənə yaraşmaz axı gündə bir insanla oturum-durum. Hər zaman adımın hallanmağından qorxmuşam və özümü belə şeylərdən gözləmişəm. Niyə desinlər ki, Samirə kimləsə oturdu, kimləsə harasa getdi? Belə mənimçün daha rahatdır. Özümü sərbəst yaşamağa alışdırıram. Kiminsə öhdəsində olub, həmişə o adamın sözündən asılı olmaqdansa, belə yaxşıdır. Kimsə gecə 3-də zəng vursa, gedək, hardasa oturaq, getməlisən. Çünki ondan asılısan, o, sənə pul buraxır. Ona görə də heç vaxt, heç kimdən asılı olmamışam. Öz zəhmətimlə, əziyyətimlə qabağa getmişəm. Heç kim deyə bilməz ki, Samirə üçün 10 manat xərcləyib nəsə eləmişəm. “Toylar kraliças” yarışmasındakı SMS səsvermələrini nəzərdə tutmuram. Orada dostlarım mənə çox kömək elədilər, dayaq oldular. Amma heç kim gətirib 20 manat cibimə qoymayıb ki, get, bir kofta al, geyin əyninə. Heç elə şeyi qəbul etmərəm də.

- Bir müddət əvvəl saytlar yazdılar ki, 1 milyonluq bağ eviniz var. Doğrudanmı, oranın qiyməti bir milyondur, yoxsa, mətbuat məsələni şişirtmişdi?

-(gülür) Hətta bir milyondan daha çoxdur. Buzovnada ən bahalı, elitar yerdə 1 hektar yerimiz var. Orada torpağın sotu 10-15 min manatdır.

- O yer nə vaxt alınıb?

- Bizim ata-baba yerimizdir. Orada tək mənim deyil, qardaşımın, bacımın da payı var, ümumi mülkdür. Orada balaca bir evim var. Amma yeni özül atılıb. Tikilən ev qardaşıma qalacaq.

- Bəs populyar olandan sonra bahalı hesab olunacaq nələr almışınız?

- Ümumiyyətlə, populyar olandan sonra maşınları nəzər almasaq, özümə heç nə almamışam. Bir neçə maşın dəyişmişəm. Heç vaxt, heç nəyi gizlətməmişəm, açıq danışmışam. Şişirdilmiş şeylərdən xoşum gəlmir. Maşınlar da indi kreditdədir.

- Hazırda sürdüyünüz maşın kreditdədir?

- Bəli.

- Ayda nə qədər ödəyirsiniz?

- Hazırda “Chevrolet” sürürəm, ayda 322 manat ödəyirəm.

- Yetərincə tələb olunan meyxanaçı-müğənnisiniz. Bu müsahibəni oxuyan insanlar düşünəcək ki, nə əcəb, bu qədər toylara gedən insan kreditlə maşın sürür? Bəlkə də, çoxlarına inandırıcı gəlməyəcək.

- Müsahibəni oxuyan adamlar bilmirlər ki, xərclərimiz nə qədərdir. Biz bir neçə ailə saxlayırıq, xərclərimiz adi insanların xərcindən 3-5 dəfə çoxdur.

-“Bir neçə ailə saxlayırıq” deyəndə qohum-əqrəbanı nəzərdə tutursunuz?

- Oğlum, anam, qızımın ailəsi... Kənarda kömək elədiyim ailələr də var. Sadəcə, bunları heç vaxt açıqlamamışam və geniş açıqlamaq fikrim də yoxdur.

- Mənə bir məqam maraqlı gəldi. Qızınızın ailəsini niyə siz saxlamalısınız?

- Vəziyyətləri bir az çətin olduğuna görə kömək edirəm. Bu həm də mənim valideyn kimi borcumdur. Nəvəm dünyaya gəlib, istər-istəməz onun üçün nəsə etməliyəm. Adi insanlar iki aydan bir, toydan-toya saç ustasına gedirlərsə, biz hər gün salondayıq. Qazancımızın 60-70 faizi özümüzə qulluğa gedir. Saç, dırnaq, makiyaj, paltar, ayaqqabı..

- Azərbaycanda müğənnilər, adətən, plastik əməliyyata ya burunlarını kiçiltməyə, ya da dodaqlarını böyütməyə gedirlər. Amma siz bir neçə ay öncə sinənizi əməliyyat etdirdiniz. Bu əməliyyat hansı zərurətdən yarandı?

-(gülür) Zərurət deyəndə ki, müəyyən ağırlıq hiss elədim və əməliyyata girdim. Çox gözəl əməliyyat elədilər və razı qaldım.

- Əməliyyat neçəyə başa gəldi?

- İnan ki, bu əməliyyatı həmin klinikada mənə hədiyyə elədilər, mən də onları reklam elədim. İkinci əməliyyatı da eləmək istəyirlər. Onu da pulsuz edəcəklər.

- O nə əməliyyatıdır?

-(gülür) Hələ bilmirəm, tam hazır deyiləm. Üzümə əl gəzdirmək istəyirəm.

- Adətən, belə əməliyyatlara 50 yaşdan sonra gedirlər.

- Məncə də. Ona görə hələ gözləyirəm. Yaşım 60-ı keçməyib ki. Kimlərin yaşı altmışı keçibsə, onlar getsinlər (ucadan gülür).

- Bu da Lalə Dadaşovaya atmacadır?

- Əstafürullah, yox. Mənim tanıdığım bir çox sənətçilər 60 yaşlarında plastik əməliyyata gediblər.

- Bəs niyə Lalə Dadaşovanın yaşına rişxənd edirsiniz?

- Yox, yox rişxənd eləmirəm.

- Demişdiniz ki, anam yaşındadır.

- Bəli, anamın 65 yaşı var.

- Bəs onun?

- 62 yaşı var. Bilirsiniz niyə mən onun yaşını dedim? Yəni yaşlı adam kimi, anam kimi hörmət edirəm. Ona görə artıq söz demədim. Yaşıdım, yaxud məndən cavan olsaydı, necə lazımdır cavablandırardım, yerində oturdardım. Ona yaşına və uzun illər kəsdiyimiz çörəyə görə hörmət elədim.

- Onu müzakirə obyektinə çevirdiniz. Yəni bu, hörmət idi?

- Vallah, onu mən müzakirə obyektinə çevirmədim. Bəli, mən səhv elədim ki, bir kəlmə söz dedim.

- Deməsəydiniz, daha yaxşı olmazdımı?

- Bəli, onu düz deyirsiniz. Sonra “Toppuş bacı” kimi tanıdığımız aktrisa Tünzalə Əliyeva mənə dedi ki, özündən yaşca balaca bəylə ailə quranlardan biri də mənəm, niyə mənim adımı çəkmədin? Deyirəm ki, artıq mən qorxuram kiminsə adını çəkməyə.

- Sizin həyatınızda olan insan da sizdən 10 yaş balacadır, deyəsən...

-Yeddi yaş məndən kiçikdir. Bizim sənətdə çox belə adamlar var. Lalə Dadaşova da qanuni ərə getmişdi, burda gizli nəsə yox idi desin ki, niyə mənim sirrimi açdın? Məncə, bunu öz aramızda daha yaxşı həll edə bilərdik. Efirə zəng edib o cür tərbiyəsiz söz demək heç birimizə yaraşmazdı. Bu gün də özümü bağışlaya bilmirəm.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR