• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Boşananlar, dalaşanlar, barışanlar - HƏFTƏBECƏR

Boşananlar, dalaşanlar, barışanlar -  HƏFTƏBECƏR

“Həftəbecər”in ilk yazısından belə başa düşdüm ki, davam etməyə dəyər. Hələ ki hədə-qorxu, dava-dalaş, asma-kəsmə, vurma-tutma janrında heç bir zəng, mesaj yoxdur. Deyə bilərsiniz ki, yazı “tutmayıb”, ona görədir. Amma eşitdiyimə görə, bir-iki nəfər adının yazıda çəkilməyinə etiraz etmək istəyib, yan-yörəsindəkilər başa salıblar ki, hələ az yazıb, hamısını yazsa, gərək ölkədən qaçasan. Rəylərinizdən də xoşhal olmuşam. “Sadəlik də bir şey deyil” rubrikasını bitirib, keçirəm söhbətin əsas məğzinə. Yəni olmayan şou-biznesin nümayəndələrinin həftə ərzində verdiyi açıqlamalara, atmacalara…

Aşıq Samirə ikinci dəfə boşanmağından danışıb. Deyib ki, məni qınayanları şiddətlə qınayıram. Çünki heç kim kefindən başqa xülyalara dalıb, ailəsini dağıtmır. Nə qəşəng cümlə oldu bu. Kef, xülya…Aşıq gərək sinədəftər olsun. Alqışlayıram!

Samirə xanımın gözü necə qorxubsa, deyir ki, kəs başımı, üçüncü dəfə ərə getmərəm. Amma nəsə, mənə inandırıcı gəlmir. Xalqımın “atalar üçdən deyib” kimi məsəli, toy kimi bir adəti var. Kiminsə sözünə görə nə atalara, nə də toya hörmətsizlik etmək doğru deyil.

Xoşqədəm xanım da müsahibələrinin birində demişdi ki, mənim ərə gedən vaxtım deyil. Düz bir həftədir aləm dəyib bir-birinə. Doğrudur, məsələ hələ tam təsdiqini tapmasa da, Türkiyədəki etibarlı mənbələrimin verdiyi məlumata görə, oranın tanınmış müğənnisi Doğuş abiylə evləniblər.

Neçə gündür hamı səksəkədəydi, içi mən qarışıq. Biri dedi toy olub, biri dedi klip çəkilişidir, biri dedi kinodur, mən də dedim ki, “mırtlaşmaqdır”. Amma içimdə bir şübhə də var idi. Ona görə də qarabağlılar demişkən, gahgir olmamaq üçün oturub, sakitcə gözlədim. Özü də mətbuatımızı qınaya-qınaya. Niyə bilmədiyinizi yazıb, kiminsə adına söz çıxarırsınız. Bu, sizdən ötrü hansısa şou-biznes müğənnisi deyil e. Söhbət “Səni axtarıram” kimi möhtəşəm telelayihənin lokomotivindən, aparıcısından gedir. Axı niyə Doğuşa görə o boyda teleaparıcımızın adına söz gəlməlidir? Guya reyitinqə görə belə edirmişlər. Ağ yalandır. Doğuşun reytinqə ehtiyacı ola bilər, Xoşqədəm xanımın əsla. Elə 30 ildən sonra bu veriliş sayəsində bir-birinə qovuşan ata-bala studiyanın ortasında ağlaşanda, bir həftə cəmiyyət bu barədə danışır. Hələ zalda oturan tamaşaçıları demirəm. Göz yaşından studiyanın döşəməsi də çürüyüb. Reytinqə ehtiyacı olsaydı, studiyanın göz yaşından çürümüş döşəməsini çəkdirib göstərərdi camaata, hamı da ağzını ayırıb baxardı, bu da olardı reytinq.

Bu Aygün Kazımovanın da heç bəxti gətirmir də. Yadınızdadır, ötən həftə sizə demişdim ki, Aygün Kazımovanın toyu baş tutmaya bilər. Falçılıq istedadım, öncəgörmə qabiliyyətim yoxdur. Amma Nura Surinin yazdığı statusdan sonra bildim ki, işlər zibilə qaldı. Nura Suri yazdı ki, oğlan rəfiqəmin əridir, o biri dedi ki, sevgili olmuşuq. Heç bəlkə, o status olmasaydı, indi Aygün xanımla Fikrət şad-xürrəm yaşayırdılar. Hətta bal ayına da getmişdilər. Nişan qaytarmaq sizə elə-belə iş gəlməsin e. Bizim cəmiyyətdə nişan qaytaran qız, ərə gedib boşanmış dul qadından da pis qarşılanır. Xoşunuza gəlirdi Aygün xanımın adına söz çıxartmaq? Elə bilirsiniz ki, bununla divaya zərbə vurdunuz? Görün nə deyib: “Anladım ki, sevgi mənlik deyil. Yenə də özümü ələ alıb, ayağa qalxacam, çox belə çətinliyin öhdəsindən gəlmişəm”.

Burasını şərh edə bilməyəcəyəm. O çətinliklər nədən ibarət olub, çətinliyi törədənlər kimlər olub, bax bununla bağlı müfəssəl məlumata malik deyiləm. Sadəcə deyib ki, ayağa qalxacam, yəni hələlik uzanmışam, dincəlirəm. Amma bir neçə sətir sonra Aygün xanımın başına gələnlərin əsl səbəbini biləcəksiniz.

Lap yadımdan çıxmışdı. Gənc futbolçumuz var - Elhad Nəziri. Deyilənə görə, qardaş xalq artistinin dərdindən dəli-divanədir. Amma mən özüm şəxsən Elhadla danışmışam. Deyir ki, hələlik təzə bəy kürsüsündə oturmaq fikrim yoxdur, sadəcə, hərdən görüşürük, dərdləşirik, mən futboldan, o, şou-biznesdən danışır və sair.

Həftənin yaddaqalan hadisələrindən biri də Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşının iddiaları oldu. Solmaz Şükürova bildirdi ki, onları ayıran Aygün Kazımova olub. Bax buna deyərəm çərxi-fələk. Deməli, sən Solmazı Namiqdən ayırdın, Nura da səni Fikrətdən. Ayrılıq, ayrılıq, aman ayrılıq….”Youtube”dan həmin mahnını Yaqub Zurufçunun ifasında tapın, yazını oxuya-oxuya aşağı səslə qulaq asın. Ayrılıqdan oxu, “Ayrılıq” mahnısını dinlə. Adam lap klip çəkir öz aləmində.

Namiq Qaraçuxurlunun neçə dəfə evlənib-boşanmağının mənə dəxli yoxdur. İntəhası, mediatik sima olduğu üçün laqeyd qala bilmirəm. Elə o da laqeyd qalmayıb haqqında yazılanlara. Nota xarakterli, bəyanat məzmunlu fikirlər səsləndirib. Buna mətbuatı mədəni şəkildə hədələmək də demək olar.

Sitat: “Bu dəfə də xoşxasiyyətli şəkildə yola verirəm. Bir daha bu cür məlumatlar yayımlasalar, başqa lazımi tədbirlər görəcəyəm”.

Elə Solmaz Şükürova da uşaqlarının atasının fikirlərin dəstəkləyib, yaman xoş danışıb meyxanaçı barədə. Hələ işi bilmək olmaz, bəlkə, barışıq da oldu:

“Namiq Qaraçuxurlu ilə heç bir problemim yoxdur”.

İstəyirəm soruşam ki, probleminiz yoxdursa, niyə boşanmısınız? Amma sonra deyirəm ki, nəyimə lazımdır. Davam edək: “Onun həyatı özünü, mənimsə həyatım isə özümü maraqlandırır. Mənə də xoş deyil ki, mənim adımdan bu tərz fikirlər yayılır. Namiq Qaraçuxurludan çox mən bu məsələ ilə bağlı narahatam. Artıq bu haqda heçnə danışmaq fikrim yoxdu”.

Ta danışılası nə qaldı ki? 41-ci ilin fotoları mətbuata ötürülüb, ortalıq qarışıb, jurnalistlər hədələnib…İndi heç nə danışmayın. Saxlayın, Allah qoysa, Namiqin toyu olanda ikinci seriya şəkilləri yayarsınız.

Kamran Həsənliylə yazarların söz-söhbətini həftənin şou hadisələrinə aid etmək də olar, etməmək də. Düzdür, yazar dostlarımızın şouya aidiyyətləri olmasa da, məsələnin bir ucu gedib dirənir şoumenə. Ona görə də bilmirsən yazasan, yoxsa susasan. Elə bayaqdan bunu düşünə-düşünə belə qərara gəldim ki, əslində hər şey əvvəlcədən planlaşdırılıbmış. Fikir verirsinizsə, tərəflər daha çox susmağa və sosial şəbəkələrdəki müzakirələri müşahidə etməyə üstünlük verirlər.

Qoy bunu da yazım, sağollaşaq. Çünki “Həftəbecər” də olsa, çox şeyi bir-birinə qarışdıranda məhsul zay olur. Meyxanaçı-müğənni SamirəYusifqızı ilə Lalə Dadaşovanın məsələsi də Allaha qalıb. Aldığım son məlumata görə, Flora Kərimovayla İlhamə Quliyeva məhz Lalə-Samirə qalmaqalına görə müvəqqəti atəşkəs elan ediblər. Samirə xanım, axırıncı müsahibəsində mənə dedi ki, o, məni “əxlaqsız” adlandırıb, mən də ona yaşına, keçmiş rəfiqəliyimizə görə hörmət qoymuşam. Lalə xanım da müsahibədən dərhal sonra mənə zəng vurdu ki, mənim elə rəfiqəm ola bilməz. Sonra ara kəsildi. Elə bildim ki, “adboy” verdi. Sən demə, telefonu yerə qoyub qulağını çəkirmiş.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR