Bu filmimizi dünya bəyənir – FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Bu filmimizi dünya bəyənir – FOTOLAR+VİDEO

Çinin Sian şəhərində I İpək Yolu Beynəlxalq Film Festivalı və festival çərçivəsində 5-ci Sian Beynəlxalq Video Festivalı keçirilib.

Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri, xüsusən də kino istehsalı əməkdaşlığını genişləndirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub. Çinin qədim paytaxtlarından olan Sian şəhərində keçirilən festival çərçivəsində film sənayesi sərgisi, müxtəlif forumlar təşkil edilib, filmlərə baxış olub.

Publika.az-ın məlumatına görə, rejissor Fariz Əhmədovun “Mayak” bədii filmi festivalda 2 mükafata layiq görülüb (“ən yaxşı ssenari” və “tamaşaçı rəğbəti” mükafatları). Filmin prodüseri, Dövlət Film Fondunun direktoru Rasim Salmanov mükafatlandırma mərasimində iştirak edib.

Rejissor F.Əhmədov əldə olunan uğurla bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:

“Film yaradıcı işin məhsuludur. Bunun xüsusilə də festivalda, beynəlxalq auditoriya – tamaşaçılar və peşəkarlar tərəfindən rəğbət görməsi çox qürurvericidir. Beynəlxalq tədbirlərdə filminin və adının Azərbaycan adı ilə yanaşı çəkilməsi daha da fəxr hissi verir”.

Qeyd edək ki, “Mayak” filmi "Bu meydan, bu ekran - 2011" müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Film rejissorun Ümumrusiya Kinematoqrafiya Universitetində diplom işi kimi lentə alınıb. “Mayak” filmində hadisələr bir gəncin ətrafında cərəyan edir. Özünə istədiyi kimi həyat quran gənc narkoman Akif birdən-birə həyatına daxil olan atasını qəbul etmək istəmir. Oğlunu axırıncı dəfə 3 yaşı olanda görən atanın isə Akiflə bağlı öz planları var. Atanın oğlunu zorla gətirdiyi tənha ada, bir-birinə əks qütbdə dayanan ata ilə oğulun mübarizə meydanına çevrilir.

Filmin rejissoru Fariz Əhmədov, ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyev, montaj rejissoru Rövşən Vaqifoğlu, səs rejissoru Rasim Mehdiyev, kreativ prodüseri Cəmil Quliyev, prodüserləri Rəşad Qasımov, Rasim Salmanovdur. Filmdə Məmməd Səfa, Ər Toğrul Kamalov, Gülzar Qurbanova, Elşən Rüstəmov çəkiliblər.

Film indiyə qədər 15-dən artıq ölkədə müxtəlif festivallarda iştirak edərək mükafatlara layiq görülüb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm