Əməkdar artist: “Anam həmin kişiylə evə gəldi və dedi ki, sən buna ərə gedirsən”-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Anam həmin kişiylə evə gəldi və dedi ki, sən buna ərə gedirsən”-FOTOLAR

Müsahibimiz bu günlərdə 70 yaşını qeyd edən əməkdar atrist Səmayə xanım Musayevadır.

- Səmayə xanım, öncə Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirik.

- Təşəkkür edirəm! 70 il yaşamaq, doğrudan da, asan iş deyil. Arxada nə qədər çətin, əzablı illər qalıb. Özüm də inana bilmirəm ki, artıq mənim 70 yaşım var. Bəzən kimsə mənə “nənə” deyəndə diksinirəm. Elə bilirəm ki, hələ də gəncəm, 20 yaşım var, həyat isə qabaqdadır. Niyəsə qocaldığımı qəbul eləyə bilmirəm. Qocalıq nə qədər şərəfli, məsuliyyətli iş olsa da, eyni zamanda, həm də çox çətin bir yaş dövrü, zaman kəsiyidir. Allahdan hər kəsə qocalmaq, amma sağlam, xeyirli qocalmağı arzulayıram. Elə bir qocalıq ki, arxaya baxanda kimsə təəssüflənməsin.

- Bəs Siz bu 70 illiyiniz ərəfəsində arxaya baxarkən hansı hissləri keçirirsiniz?

- Mən taleyimdən razıyam. Ömrüm boyu çalışmışam, sənətimlə xalqıma xidmət etmişəm. Demək olar ki, bütün həyatım, səhnədə, yollarda, müxtəlif tamaşalarda, qastrollarda keçib. Bəzən elə olub ki, bir qastroldan qayıdıb elə həmin gün digərinə getmişəm. Heç evə dəyə bilməmişəm. Günlərlə ailəmi, oğlumun üzünü görməmişəm. Bütün həyatımı teatra, sənətə vermişəm. Düşünürəm ki, layiqli, yaxşı bir ömür yaşamışam. Qəlbimdə yalnız bircə ağrı var: oğlumun faciəsi. Oğlum Mehman Həsənov 20 Yanvar hadisələri zamanı şəhid oldu. Hələ də onun həyatda olmadığına inana bilmirəm. Həmişə mənə elə gəlir ki, indicə qapını açıb içəri girəcək, boynuma sarılacaq. Oğlunu, həm də gözünün ağı-qarası olan yeganə övladını itirmək ana üçün böyük acıdır, böyük faciədir. Bircə o faciəni unuda bilmirəm, ürəyimdə qövr eləyib qalıb. Yeganə təsəllim odur ki, oğlum şərəflə ölüb, vətənimizin, dövlətimizin müstəqilliyi uğrunda şəhid olub. Belə... Düşünürəm ki, şərəfli bir ömür yaşamışam. İndi də təqaüddəyəm.

- Teatrdan heç Sizinlə maraqlanırlarmı?

- Musiqili Teatr mənim ikinci evimdi. Bu teatrda iki direktor olub ki, onların yaxşılığını, diqqətini heç vaxt dana bilmərəm. Bunlardan biri Qəzənfər Topçiyev olub. İkincisi isə hazırkı direktor Əliqismət Lalayevdi. Əliqismət müəllim çox diqqətcil, qayğıkeş adamdı. Həmişə mənə zəng vurar, axtarar, maraqlanar ki, bəlkə, nəsə bir problemim var, bəlkə, bir köməyə ehtiyacım var. İnanın, o, direktor olduğuna görə yox, tam səmimiyyətimlə deyirəm, nə qədər ki Əliqismət müəllim həyatdadır, özümü tək-tənha hiss etmirəm. Arxayınam ki, nə vaxt ona zəng vursam, köməyini əsirgəməyəcək. Bu cür rəhbərlərə həmişə ehtiyac var. Bir də təkrar edirəm, Musiqili Teatr mənim ikinci evimdi. Ümumiyyətlə, mən özümü səhnəsiz təsəvvür edə bilmirəm. Hazırda müqaviləylə teatrla əməkdaşlığımı davam etdirirəm. Dəvət edirlər, gəlib tamaşalarda oynayıram.

- Səmayə xanım, bu ötən illər ərzində elə bir obraz oldumu ki, həmişə onu oynamağı arzulamısınız, amma o obrazı oynamaq Sizə qismət olmayıb?

- Bəli, belə bir obraz olub. Gəncliyimdən bəri həmişə arzulamışam ki, “Arşın mal alan”dakı Tellini oynayım. Hətta aktrisa kimi fəaliyyətə başlamazdan öncə belə bu roldan xoşum gəlib. Və sonra da ən böyük arzum onu oynamaq olub. Düzdü, ona bənzər çoxlu rollar oynamışam. Ancaq nəsə o Tellini oynamaq mənə qismət olmadı.

- İlk obrazınız hansı olub?

- İlk dəfə Səid Rüstəmov və Süleyman Rüstəmin “Durna” əsərində Laləni oynamışam. Sonra elə bu əsərdə Nisəni də canlandırmışam.

- Bəs indi elə bir obraz varmı ki, onu oynamaq arzusundasınız?

- Mən daha çox dramatik obrazları xoşlayıram. Musiqili Teatrda isə yönümünə görə bu tip obrazlar olan əsərlər, demək olar ki, səhnələşdirilmir.

- Siz bu tip obrazları oynamaq üçün başqa bir teatra gedə bilərdiniz.

- Yox, heç vaxt belə bir addım ata bilmərəm. Mən çox sadiq insanam. Əgər ilk gündən Musiqili Teatra gəlmişəmsə, axıra qədər də burada işləyəcəyəm. Bu teatra heç vaxt xəyanət edə bilmərəm. Neyləyim, mən də belə insanam!

- Siz teatrda çalışmaqla yanaşı, həm də filmlərə çəkilirsiniz. Sizə hansı daha doğmadı: teatr, yoxsa kino?

- Doğrusu, heç zaman belə bir müqayisə aparmamışam. Bütün həyatımı teatra həsr eləmişəm. Teatr bir dünyadır. Amma kinonun da özünəməxsus özəllikləri var. Kino tamam başqa, fərqli bir aləmdir. Teatr elədir ki, bu gün tamaşadan hər hansı nöqsanın olsa, növbəti tamaşada o səhvi aradan qaldıra bilərsən. Filmdə isə necə çəkildinsə, eləcə də tarixin yaddaşına yazılacaq. Kino aktyordan daha diqqətli, səliqəli olmağı tələb edir.

- Hazırda Azərbaycanda dövlətin maliyyə yardımı ilə seriallar çəkilir. Heç seriallara dəvət olunursunuzmu?

- Bir neçə dəfə təklif almışam. Ancaq qəbul eləməmişəm, imtina etmişəm.

- Niyə?

- Bilirsiniz, serial uzun bir prosesdir. Çəkilişlər aylarla, bəzən illərlə davam edə bilər. Mənimsə yaşımın elə bir dövrüdür ki, səhhətim bu cür uzun bir prosesə imkan vermir. Bədii film serial kimi deyil. Bədii filmdə çəkilmək daha rahatdır. Həm də bilirsən ki, peşəkarlarla işləyirsən.

- Səmayə xanım, sənətiniz həyatınıza mane olubmu?

- Yox. Adətən, aktrisalara problem ailələrində yaranır. Mən çox gənc yaşında ailə qurmuşam, qısa müddətdən sonra da boşanmışam, bir də ailə qurmamışam. Ona görə də kimsə mənə “bu sənətlə məşğul olma” deyə maneçilik etməyib.

- Bəlkə, elə ikinci dəfə ailə qurmamağınızın səbəbi dolayısıyla sənətinizə qoyula biləcək qadağalar qorxusu olub?

- Xeyr. Heç onda da ailəmin dağılmağının səbəbi sənətim olmayıb. O vaxt mən hələ teatrın yolunu heç tanımırdım. 17 yaşım vardı. Atam yox idi. Mən, balaca qardaşlarım... Yalnız anam işləyirdi. Dolanışıq çətin idi. Bir gün anam həmin kişiylə evə gəldi və dedi ki, sən buna ərə gedirsən. Həmin gündən o kişi bizdə yaşamağa başladı. Toysuz-filansız... Məndən 20 yaş böyük idi. O, əməlli-başlı anamı dilə tutub aldatmışdı. Guya “meşok”la pulu var, guya işləyib bizə kömək edəcəkdi... Sonra... Sonra gördüm ki, bu adamla xasiyyətim heç cür uyğunlaşmır. Çox pis adam idi o! Ayrıldım, oğlum məndə qaldı, o isə gəldiyi kimi də çıxıb getdi. Nə isə, bu haqda danışmayaq... Ondan sonra da ailə qurmadım. Kim deyə bilər ki, ikinci ailə birincidən yaxşı ola bilər? Bir sözlə, sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə, mən sənətimlə tanınmışam, xalqıma xidmət etmişəm. Bu sənətlə məşğul olduğuma görə fəxr edirəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm