• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Tanınmış aktyorumuz: “Harda manqal quraşdırsalar, ordayam” – FOTOLAR

Tanınmış aktyorumuz: “Harda manqal quraşdırsalar, ordayam” – FOTOLAR

Çoxlarınız onu Mübariz Əsgərovun müəllif verilişi olan “Qulp”dan, bəziləriniz isə seriallarda oynadığı müxtəlif rollardan tanıyırsınız. Amma hazırda işsizdir. Niyə? Nə səbəbə? Tanınmış aktyor Xudu Mürsəlov Publika.az-a müsahibəsində bu barədə danışıb.

- Xudu müəllim, necəsiniz, neyləyirsiniz?

- Hazırda işsizəm, rejissorlar dəvət edəndə gedib çəkilirəm, etməyəndə oturub gözləyirəm.

- Nə vaxtdan işsizsiniz, teatrdan uzaqsınız?

- Mənə qarşı haqsızlıqlar oldu və qırx nəfərlik kollektivin içərisində fikrimi deyib, 2004-cü ildə işdən çıxdım.

- Son iş yeriniz hara idi?

- 1994-cü ildən Bakı Bələdiyyə Teatrında işlədim və 2004-cü ildə haqsızlıqlara görə oradan uzaqlaşdım.

- Haqsızlıqlar nədən ibarət idi?

- Onu kollektiv üzvləri desə, daha yaxşı olar. Çünki belə məqamlarda hamı özünü təmizə çıxarmağa çalışır.

- Sizin də öz mövqeyiniz olmalıdır axı…

- Mövqeyim var və nala-mıxa vurmağı xoşlamıram. Həmişə də fikrimi dəqiq ifadə etməyi bacarmışam. Bakı Bələdiyyə Teatrında çox haqsızlıqlar olurdu. İcazə istəyəndə verilmirdi, dublyorum ola-ola on dəfələrlə oynadığım tamaşanın məşqinə dəvət edilirdim. Kənar şəxslərin dediyinə görə, fəxri adlar, “Humay” mükafatı veriləndə mənə bildirilmirdi. Amaliya xanım səhnədə bütün aktyorların obrazları haqda fikir bildirirdi, mənə çatanda heç nə demirdi, adımı çəkmirdi, məni tənqid edirdi, lakin obrazları iki-iki verirdi və ikisini də oynayırdım. Tamaşaçı bilmirdi ki, o rolları eyni aktyor oynayır.

- Bildirdiniz ki, məşqə dəvət edirdilər. Məncə, aktyor bir rolu yüz dəfə oynamış olsa belə, məşqə gəlmək onun borcudur. Eyni məntiqlə yanaşsaq, gərək dünya çempionu məşq etməsin.

- Məşqdən məşqə fərq var. Elə məşq var ki, onu dublyorum da oynaya bilərdi. Mən də kiminsə yerinə oynamışam axı. Dəfələrlə başqalarına dublyaja, çəkilişə getmək üçün imkan yaradılıb, mənə yox.

- Bakı Bələdiyyə Teatrından gedəndən sonra niyə başqa teatrda işləmədiniz?

- Mən ancaq bir teatrın tərbiyəsini görmüşəm deyə başqalarıyla maraqlanmadım.

- İlk və son iş yeriniz Bakı Bələdiyyə Teatrı olub?

- Bəli.

- İstər Bakıda, istər əyalətlərdə bu qədər teatrlar var və siz işsizsiniz…

- Şərait olsa, məmnuniyyətlə gedib bölgə teatrında oynayaram.

- Şərait nəyə deyirsiniz?

- Hələlik dörd uşaq atasıyam. Onların təhsili, hərəsinin bir problemi var. Əyalət teatrında aktyorlara ev, yüksək məvacib verilirmi?

- Mən təkcə əyalət teatrlarını nəzərdə tutmadım ki. Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı da var.

- (Düşünür) Nə bilim vallah.

- Hazırda nə işlə məşğulsunuz, necə dolanırsınız?

- Toylarla dolanıram. Daha doğrusu, dolanırdım. Adam bunu deməyə də utanır. Amma düzünü söyləməyə məcburam. Başqa gəlir yerim yoxdur.

- Məhərrəm ayına görə, yoxsa, ümumiyyətlə, toylardan uzaqlaşmısınız?

- Məhərrəm ayına görə hazırda toy yoxdur. Həm də axır vaxtlar hər toya da getmək olmur.

- Niyə?

- Elə adamlar gəlib adama “ilişirlər”, sənə lazım olmayan sözlərlə, şəxsiyyətlərlə, şəxsiyyətsizlərlə rastlaşırsan ki... İçki məclisidir də, hər şey olur.

- Sizi bir neçə dəfə şadlıq evlərin birində görmüşdüm. Oradan da uzaqlaşmısınız?

- Hə, daimi işlədiyim belə bir yer var idi. Amma hazırda daimi iş yerim yoxdur. Necə deyərlər, harda manqal quraşdırsalar, orada olmağa, sərt desəm, sülənməyə məcburam. Bəzi sərt qanunlarımız bizi düyünləyib, soxuşdurur qoz qabığına. Ordan çıx görüm, necə çıxırsan?! Heç bir yerdə maaş yox, yaxşı qonorar verilmir. Guya çəkilişlərdən yaxşı qonorar alırıq?

- Seriallarda qonorarlar gündəlik olur. Sirr deyilsə, siz nə qədər alırdınız?

- Maksimum əlli manat veriblər. Bir dəfə Rüstəm İbrahimbəyovun ruslarla çəkdiyi filmə epizoda çağırdılar, yüz manat verdilər. Bundan yüksək qonorar aktyor dostlarımdan da eşitməmişəm. Heç bilmədim nə filmi idi. Amma yadımdadır ki, xeyli rus oğlan və qızlar var idi.

- Bəs toylara tamada kimi gedəndə qonorarınız nə qədər olurdu?

- Çox simvolik məbləğ idi. Toylarda maksimum məbləğ əlli manat olur, bəzən heç onu da vermirlər, evə 30-40 manatla ancaq gəlib çıxırsan.

- Yetərincə təcrübəli aktyorsunuz. Nə baş verdi ki, hər şey birdən-birə dəyişdi?

- Heç nə dəyişməyib, mən öz yerimdəyəm. Əksinə, təcrübənin üstünə təcrübə gəlir, oxuyursan, öyrənirsən. Tarixlə, filologiya ilə maraqlanıram. İtilənirəm, kütləşmirəm. Aktyor asılı bir insandır. Özümü zorla harasa dürtüşdürə bilmərəm ki, məni də dəvət edin. Görən görüb, bilən bilir, tanıyan tanıyır. Mənim tələbələrim olub ki, bəlkə də, indi fəxri ad alıblar.

- Sizi əksəriyyət “Qulp” verilişindəki çıxışlarınızdan, rollarınızdan tanıyır. Amma eşitdiyimə görə, həmin verilişdə çəkilməyiniz xeyli məhrumiyyətlərə səbəb olub.

- Bu söhbət açıq formada efirdə də gedib. Verilişdə Mübariz Əsgərov gözləmədiyim halda mənə sual verdi. Heç təəccüblənmədim də. Çünki bu, gizlində olmayıb, qırx nəfərlik kollektivin qarşısında dediyim sözlər idi. Teatrdan iyirmi üç nəfərə fəxri adlar verildi, mən iyirmi dördüncü oldum və fəxri ad almadım. Amaliya xanım bütün kollektivin qarşısında dedi ki, sənin adını “Qulp”dakı fəaliyyətinə görə fəxri ada təqdim etmədim. Mən də verilişdə dedim ki, peşman deyiləm. Əvvəla, mən ora tipaj kimi yox, aktyor kimi dəvət almışam, 12 seriyalı milli, psixoloji dram əsəri olan “Palata”nı çəkmişik. Həmin filmin ssenari müəllifi də Orxan Fikrətoğlu idi. Orada məndən başqa Murad Dadaşov, Rauf Şahsuvarov, Abbas Qəhrəmanov da çəkilib. Hətta iki metr on santimetr boyu olan Adil adlı bir oğlanı da çəkmişdilər və çox gözəl iş alınmışdı. Yəni həmin filmə çəkilməkdə qəbahət görmürəm.

- Bundan sonra nə etmək fikrindəsiniz?

- Nə edə bilərəm?

- Bəlkə, başqa sahəyə keçmək fikriniz var?

- Aktyor belədir ki, aktyorluqdan başqa, iki əldən də “solaxaydır”. Ona görə də başqa sahəyə keçməyim mümkünsüz görünür.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR