Tanınmışlardan "Qarabağ" proqnozu - SORĞU
Bizi izləyin

Tabloid.az

Tanınmışlardan "Qarabağ" proqnozu - SORĞU

Bu gün Ağdamın “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanın “Dnepr” komandası ilə üz-üzə gələcək.

Təmsilçimizin ilk oyunda rəqib üzərində qazandığı minimal hesablı qələbə və matçdan sonra rəqib cəbhədən verilən bəhanə xarakterli açıqlamalar qarşılaşmanın prinsipiallığını bir qədər də artırır. Şübhəsiz ki, Qurban Qurbanovun komandasını bir neçə saatdan sonra çox ağır 90 dəqiqə gözləyir…

Bəs tanınmışlarımız oyun barədə nə düşünürlər? Publika.az bu sualla bir sıra tanınmışlarımıza müraciət edib.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu oyun Kiyevdə baş tutan qarşılaşmadan daha çətin və ağır olacaq:


“Ona görə də "Qarabağ" buna hazır olmalıdır. İnanıram ki, baş məşqçi Qurban Qurbanov bunu yaxşı anlayır. Bundan əlavə də komandamıza qətiyyən arxayınlaşmaq olmaz ki, biz "Dnepr"i səfər matçında məğlub etmişik. Əksinə, bu faktor ortada olarsa, komandamız çox pis duruma düşə bilər. Hesaba gəldikdə, isə mən daha çox heç-heçə olacağını düşünürəm. "Dnepr" üzərində səfər qələbəsində bizim üçün şans da rol oynadı. Ukrayna təmsilçisi çox güclü rəqibdir. Ümumilikdə isə açıq etiraf etməliyik ki, bu gün Ukraynada futbol Azərbaycana nisbətdə daha çox inkişaf edib və bu ölkənin çox güclü futbol ənənələri var. Sonda isə "Qarabağ"ımıza uğurlar arzulayıram. Qoy maraqlı və məzmunlu oyunu ilə bizləri sevindirsin. Nəticə isə yaxşı oyunda özünü çox gözlətmir”.

Tanınmış müğənni Rəvan Qarayev isə Bakıda komandaların meydanı sülhlə tərk edəcəkləri qənaətindədir:


“Bu gün hesab 1:1 olacaq. Amma “Qarabağ” gözəl oyun nümayiş etdirəcək. Bu, mənim proqnozumdur”.

Tanınmış aktyor və rejissor Samir Qulamov isə oyunla bağlı yetərincə maraqlı və riskli proqnoz verib:

“İnşallah “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanacaq. “İnter”i də burada məğlub edəcəyik. “Qarabağ” ona görə qələbə qazanmalıdır ki, bütün Avropa hər turdan-tura, oyundan-oyuna “Qarabağ-Azərbaycan” sözünü ekrandan oxusun, görsün. Bu söz Qarabağımızın bizə aid olmasına, bizim torpağımız olmasını Avropanın rəsmi təsdiqləməsi deməkdir”.

Tanınmış rəqqasə, əməkdar artist Məryəm Süleymanova futbolla maraqlanmasa da, komandamıza uğur arzulayıb:

“Mən futboldan uzaq adamam. Amma komandamıza ancaq və ancaq qələbə arzu edirəm”.

“Elit Star” ləqəbli müğənni Cəmilə isə bir qədər bədbin proqnoz verib:

“Azərbaycan futbolunda inkişaf görmürəm. Çox güman ki, “Dnepr” bu oyunda qalib gələcək. Əgər bizimkilər bir qol vursalar, bunun təsadüf olduğunu düşünəcəyəm. Amma çox istərdim ki, “Qarabağ” qalib gəlsin. Güləşçilərimiz, karateçilərimiz kimi futbolçularımızın da adı qaliblər sırasında olsun”.

Aktyor Elsevər Mehdizadə hesab edir ki, “Qarabağ” Azərbaycanın ən güclü komandası, Qurban Qurbanov isə ən güclü futbol məşqçisidir:
“Qarabağ” rəqib meydanlarında çox yaxşı oynayır. Bir neçə dəfə güclü komandalarla oyunda bunu görmüşük. “Dnepr”lə səfər oyununda da bunu müşahidə etdik. Bakıdakı oyun çox çətin olacaq. Amma inanıram ki, komandamız qələbə qazanacaq. Qurban Qurbanova güvənirəm. Uğurlar “Qarabağ!”

Tanınmış bəstəkar Rauf Məmmədovun məsələyə münasibəti isə lakonik olub:


“Futbol azarkeşi deyiləm. Amma inanıram ki, nəticə xeyirimizə olacaq”.

Aktrisa Yana Nikitina isə Ağdam təmsilçisini bu oyunda daha şanslı görüb:


“Oyun 2:1- “Qarabağ”ın xeyrinə başa çatacaq”.

Şair Zemfira Əlişqızı futbol azarkeşi olmasa da, fikirlərini əməkdaşımızla paylaşıb:

“Mən sonuncu dəfə futbola tələbə vaxtı baxmışam. Amma bir azərbaycanlı kimi, cox istəyirəm ki, "Qarabağ" komandası udsun, azarkeşlərini sevindirsin”.

Tanınmış aktyor Oleq Əmirbəyov da özünü azarkeş saymır:

“Mən elə də böyük futbol azarkeşi deyiləm, amma “Qarabağ”ın oyunlarına həmişə baxıram. Proqnozum nə ola bilər? Ancaq qələbə! O gün olsun "Qarabağ" “Dnepr”lə Xankəndində qarşılaşsın”.

Bəstəkar Aygün Səmədzadənin sualımıza reaksiyası belə olub:

“Futboldan anlayışım yoxdur. Amma komandamıza uğurlar arzulayıram. Bu sualın mənə ünvanlanmağına isə xeyli güldüm”.

Bəstəkar Elçin İmanov isə çəkilişdə olsa da, oyunu canlı seyr edəcək:


“Axşam ANS-də çəkilişdəyəm. Efirdən sonra stadiona gedəcəyəm. “Qarabağ”ın qələbəsinə şübhəm yoxdur. Hesab 2:0 olacaq”.

Tanınmış boksçu Vətən Hüseynli də hesab edir ki, təmsilçimiz meydanı üç xalla tərk edəcək:


“Doğrusu, “Qarabağ”ın səfər oyununa baxmamışam, amma bilirəm ki, 0:1 hesabı ilə qalib gəlib. İnanıram ki, bu oyunda da qələbə qazanacağıq. Amma oyun çox çətin keçəcək”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm