Ürəyi musiqilərində döyünən bəstəkar – Tofiq Quliyevin ad günüdür – FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Ürəyi musiqilərində döyünən bəstəkar – Tofiq Quliyevin ad günüdür – FOTOLAR+VİDEO

“Ağacda alma”, “Sənə də qalmaz”, “Badamlı”, “Qızıl üzük”, “Axşam”, “Sən mənimsən, mən sənin”, “Gül oğlum”, “Bəxtəvər oldum”, “Bakı”…

50 ildən artıqdır ki, bu gözəl musiqilər dillər əzbərinə çevrilib.

Ölməz sənətkarlarımızın ifa etdiyi bu melodiyaların ölməzlik qazanmasının səbəbi var. Çünki peşəkar bəstəkar tərəfindən ərsəyə gəlib. Musiqi ilə mətnin ahəngi dinləyicinin ruhunu oxşayır. Əlbəttə, bu musiqilər eyni zamanda gözəl müğənnilərin tanınıb sevilməsində də böyük rol oynayıb. Biz bu musiqiləri yalnız sevilən sənətkarlarımızın ifasında dinləyib sevməmişik, həm də milli filmlərimizə baxıb sevmişik. Və hər dəfə “Bəxtiyar”, “Görüş” , “Qızmar günəş altında”, ”Bakı və bakılılar”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qaynana”, “O qızı tapın”, “Telefonçu qız”, “Möcüzələr adası” , “Dərviş Parisi partladır”, “Səbuhi” filmlərinə baxanda və həmin filmlərin sountrekini eşidəndə onu xatırlayırıq. Söhbət görkəmli bəstəkar Tofiq Quliyevdən gedir. Bu gün onun doğum günüdür. Onu həzin musiqilərinin sədaları altında xatırladıq.

İndi də gəlin böyük bəstəkarın ömür və yaradıcılıq yoluna nəzər salaq. Tofiq Quliyev 1917-ci ildə Bakıda anadan olan bəstəkar 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

Bəlkə də, çoxları bilmir ki, Tofiq Quliyev 1931-ci ildə ilk dəfə olaraq Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepiano üçün hazırlayıb.

Onun yaradıcılığı dahi Üzeyir Hacıbəyovun da diqqətindən yayınmır. İstedadları hər zaman qiymətləndirən və onlara yaşıl işıq yandıran Üzeyir bəy Tofiq Quliyevə də dəstək olub. Belə ki, dahi bəstəkarın təşəbbüsü ilə gənc Tofiq təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi fəaliyyət göstərməyə başlayıb.

Bəstəkar 1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (indiki “Azdrama”), S. Vurğun (indiki “Rusdram”), M. Qorki ( indiki GTT) adına teatrlarla əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

Tofiq Quliyevin musiqiçilər nəslinin də yetişməsində böyük rolu olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilədək Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna qədər Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

… Bu gün musiqi dünyasında Tofiq Quliyevin yeri görünür. Üçgünlük-beşgünlük mahnıları dinləyəndə yadımıza onun bəstələdiyi gözəl musiqilər düşür. Üstündən illər keçib, amma adama elə gəlir ki, bu mahnılar dünən yazılıb. Amma indi hər kəsin “bəstəkaram”, - deyib dinləyicilərə sırıdıqları mahnıların ömrü heç bir ay da çəkmir. Bu gün Tofiq Quliyev kimi bəstəkarlara ehtiyacımız var. Nə yaxşı ki, onun belə gözəl musiqiləri var və dinləyib qulağımızın, zövqümüzün pasını ata bilirik. Buna görə də, Tofiq Quliyevin musiqiləri yaşayırsa, sevlirsə, deməli, bəstəkar özü də yaşayır və bizlərlədir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm