Firəngiz Mütəllimova: “Atam sürücüyə tapşırdı ki, yolda qızları güllələyərsən”
Bizi izləyin

Tabloid.az

Firəngiz Mütəllimova: “Atam sürücüyə tapşırdı ki, yolda qızları güllələyərsən”

Publika.az-ın “Ötüb-keçənlər” layihəsinin növbəti qonağı Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Firəngiz Mütəllimovadır.

O, ömrünün ən maraqlı epizodlarını danışır:

- Hava nə qədər isti keçsə də, hərdən canıma qəribə bir üşütmə gəlir. İllah da Şuşalı günlərim yadıma düşəndə. Təzədən ora getmək, dağlardan süzülüb gələn təmiz havanı ciyərlərimə çəkmək, suyunu içmək... və evimizdəki odun sobasının qarşısında oturub iliyimə qədər isinmək istəyirəm...

Şuşadakı evimiz el arasında Ağacbulaq kimi tanınan küçədə yerləşirdi. Küçənin adına boşuna Ağacbulaq demirdilər. Evimizlə üzbəüz kiçik bir bulağın üstündə uzun illər boy atıb ətrafa kölgə salan hündür ağac vardı.

Müharibəyə bir neçə ay qalmış o ağac heç bir səbəb olmadan, gözlənilmədən ortadan sınıb aşdı. Ağacı tamam kəsdilər, bircə kötüyü qaldı. Bilmirəm, bəlkə bu bizə bir işarə idi – bulaq ağacsız, kölgəsiz qaldığı kimi, siz də Şuşasız yetim qalacaqsız...

Atamın ayağından yapışdım ki, məni də özünlə apar

Əslən Şuşadan olan anam Şəfiqə xanım valideyn məhəbbəti görmədən böyümüşdü. O, dünyaya gələn gün anası bu dünyanı tərk etmişdi. Atası da müharibəyə gedib qayıtmamışdı. 10 yaşına qədər onu nənəsi saxlamışdı. Nənəsi öləndən sonra isə əmisinin umuduna qalmışdı.

Amma yetim elə hər yerdə yetimdi. Bəzən anamı döyüb incidirdilər, cəza kimi tövləyə salırdılar. Anamın gözəl səsi vardı, şeir yazırdı. Hətta festivallara qədər gedib çıxmışdı. Sadəcə bu sənətin dalınca düşmədi. Əmisi oğlanlarının qorxusundan. Həmişə danışırdı ki, “mədəniyyət evinin səhnəsində oxuyurdum, zalda da iki nəfər qardaşımın əllərindən tutub zorla çölə çıxarırdılar. Belə bir vəziyyətdə sənətə gələ bilərdim?”.

Atam Bəhər kişi isə Qəbələdən idi. Taleyə bax ki, Şuşa Texnikumunu bitirən anamın da, Pedaqoji İnstitutu bitirən atamın da təyinatını Ağcabədinin Avşar kəndinə, eyni məktəbə verirlər. Orda gənc müəllimlər tanış olurlar və atam anamı götürüb qaçırır.

Mən ailənin ilkiyəm. Sonra qardaşım və iki bacım anadan olub. 5 yaşına qədər Şuşada anamı böyüdən əmisigildə qalmışam. Anamgil də Ağcabədidə işləyiblər. Bir gün məni öyrətdilər ki, “atan gələndə ayağından yapış, denən səni də özüylə aparsın”.

Elə də elədim. Atam nə qədər dilə tutmağa çalışsa da, inadımdan dönmədim. Ayaqlarından yapışdım ki, məni də özünüzlə aparın. Atamın rəhmi gəldi, məni özüylə Ağcabədiyə gətirdi...

Anam göz yaşlarını saxlaya bilməyib ağladı

11 yaşım olanda Ağcabədidən Şuşaya köçmüşdük artıq. Evimiz Molla Pənah Vaqif adına kinoteatr olan küçədə, iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Binanın ikinci mərtəbəsi isə bank idi. Kinoteatr evimizə yaxın olsa da, ora istədiyim vaxt gedə bilmirdim. Kinoya getmək üçün gərək dərslərimdən əla qiymət alaydım.

Mən də kinonun eşqinə dərslərimi yaxşı oxuyub həftəsonu kinoteatra getmək hüququ qazanırdım. Həm məktəb vaxtından kinoları izləməyim, həm də valideynlərimin istedadı məndə də sənətə həvəs yaradırdı.

Musiqi təhsili olmasa da, atam gözəl tar çalırdı. Tar sexində tez-tez tarını köklətdirirdi. Evə qonaq gələndə ondan tar çalmağı xahiş edirdilər. Atam tar çalırdı, anam da mahnı oxuyurdu. Mən bax belə bir mühitdə böyümüşdüm. Ona görə də seçimimi deyəndə hamıdan fərqli olaraq məni birinci atam dəstəkləmişdi...

O vaxt İncəsənət İnstitutu “Malakan” bağı ilə üzbəüz idi. İmtahana gələn gün həyəcandan, qorxudan dilim-ağzım qurumuşdu elə bil. Atamla anam bağda oturub imtahandan çıxmağımı gözləyirdilər... Pilləkənləri iki-iki, üç-üç çıxıb ikinci mərtəbədəki imtahan otağına daxil oldum. Şeir deməyə başlayanda səsim elə titrədi ki, özüm də tanıya bilmədim. Adil İsgəndərov məni sakitləşdirməyə çalışdı: “Qadam, həyəcanlanma, sakit ol, rahatca şeirini de”.

“Deyə bilmirəm, ayaqlarım əsir” deyəndə qayıtdı ki, “neynək, toxta, ayaqların əsib-qurtarar, sonra şeiri deyərsən”. Komissiyada əyləşənlərin hamısı bu sözə gülüşdü. Ortalıq bir az yumşaldı, gərginlik azaldı, mən də özümə gəldim, cürətlənib şeir deməyə, etüd göstərməyə başladım.

“Kifayətdir, gedə bilərsən” deyəndə fikirləşdim yəqin məni yarımçıq saxladılar. Asan deyildi axı. 7 yerə 192 nəfər sənəd vermişdi...

Xoşbəxtlikdən 7 nəfərin arasından mənim də adım çıxdı. İnstituta qəbul kağızı alandan sonra Şuşaya qayıtdıq. Anamla Seyid Xəlil Ağa ziyarətgahına nəzir apardıq. Həmin gün ziyarətgahda anam göz yaşlarını saxlaya bilməyib ağladı. Nə qədər elədim, niyə ağladığını mənə demədi. Üstündən neçə illər keçəndən sonra etiraf elədi ki, gələcəyimdən nigaran qaldığı üçün ağlayırmış... Əslində anamın bu nigarançılığına əsas vardı...

Teatra yeşiklərlə sevgi məktubu gəlirdi

Akademik Milli Dram Teatrında aktrisa kimi işə başlayanda cəmi 21 yaşım vardı. İnstitutu təzə bitirmişdim.

Rəhmətlik Tofiq Kazımov diplom tamaşasında məni görüb bəyənmişdi. Dərhal da teatra dəvət etmişdi. Elə ilk gündən teatrda mənə məsul rollar tapşırıldı. Paralel olaraq televiziya tamaşalarına çəkildim. Elə bircə Gülnar rolu ilə bütün həyatım dəyişdi. Şöhrət məni qəfil yaxalamışdı.

Hamı məni Gülnar çağırırdı. Teatra yeşiklərlə sevgi məktubu gəlirdi. Çaş-baş qalmışdım lap. O şöhrət məni elə bil insanlardan uzaqlaşdırdı, sevgiyə inamım itdi. Elə bildim hamı Gülnarı sevir, Firəngizi yox. Yay tətillərində Şuşaya gedəndə qapımıza elçilər gəlirdi. Ağdamdan, Gəncədən, daha çox da Şuşanın özündən.

Amma mən ailə qurmaq fikrində deyildim. Ailə qurmağa vaxt da yox idi axı. Yalnız işlə məşğul idik, tamaşalar oynayırdıq, məşqlərdə olurduq. Başım sənətə elə qarışdı ki, ailə qurmaq yadıma da düşmədi. Bir də onda ayıldım ki, artıq 33 yaşım var. Anamın göz yaşlarının əsas səbəbi yəqin elə bu idi.

“Mən kaseti yox, sənin canını istəyirəm”

Qismətə bax ki, camaat gələcək həyat yoldaşına toyda rast gələr, mən isə əksinə, hüzr yerində tanış oldum... Qardaşım qadınlar oturan otağa gəldi ki, “xarici qonaq var, soyuqlayıb. Ona isti kəkotulu çay verin, bir az özünə gəlsin. Sabah yola düşür, bizdən narazı getməsin”.

Qonaq üçün çay, dərman apardım. Ağzını, başını dəsmalla bağlayan bu adam heç üzümə də baxmırdı, yanındakı adamla fars dilində nəsə danışırdı. Demə, ondan soruşub ki, “qulağıma o qızın səsi gəldi, bax gör, otağa girən odu?” Yanındakı başı ilə təsdiqləyəndən sonra Təbriz ləhcəsi ilə mənə dedi ki, “xanım, biz iki günə Londona gedəcəyik, əgər mümkünsə, o tamaşanın kasetini bizə hədiyyə edin”.

Səhəri gün “Səni axtarıram” tamaşasının kasetini tapıb gətirdim. Sonra bildim ki, “Yad qızı”nı istəyirmişlər. Çox qəribədi, Azərbaycanda məni Gülnarla, İranda Nazanla tanıyırdılar. Kaseti ona uzadanda, düz gözlərimin içinə baxıb hamının - atamın, anamın, qohumlarımın yanında qayıtdı ki, “mən kaseti yox, sənin canını istəyirəm”.

Bu cəsarəti mənim çox xoşuma gəldi. O, xarici vətəndaş idi. Əslən Cənubi Azərbaycandan olsa da, İngiltərədə yaşayırdı. Məndən bir yaş böyük idi. Özü də bir dəfə evli olub ayrılmışdı, uşaqları vardı. Bu evlilik təklifi yerinə düşdü sanki.

Şuşa işğal olunmuşdu, bütün qohumlarımız köçkün düşmüşdü, hər yerdə durğunluq yaşanırdı. Elə bil hər şeydən qaçmaq istəyirdim... Və qaçdım da. Ancaq özümdən, hisslərimdən yox, sadəcə Azərbaycandan. Ona öyrəşdim, hörmət etdim, doğmalaşdı mənim üçün, amma sevə bilmədim.

Üstəlik övladımız da olmadı. Bu da yəqin mənim qismət idi. Yəni, məni ona bağlayan bir bağ yox idi. Odur ki, ayrılmaq qərarına gəldim. Üç il ailəli oldum. O müddətdə səhnədən də uzaqlaşdım. Atam son günlərində dedi, “bala, ya üz, ya da düz”. Çünki yollarda qalmışdım. Tez-tez bura gəlirdim.

Axırı qayıdıb gəldim. Və yaxşı ki, qayıtdım. Yenidən teatrda işə başladım. Bir neçə il sonra xalq artisti adına layiq görüldüm, prezident məni evlə təmin etdi.

“...Şuşam, səni görəcəyəmmi?”

Atamla anam Bakıda Şuşa həsrətiylə öldülər. Onlar Şuşada işğal olunan günə qədər qaldılar. Mən özüm də tez-tez Şuşaya gedirdim. Ya da bacılarım Bakıya mənim, qardaşımın yanına gəlirdilər. Amma son vaxtlar bir az ehtiyat edirdik. Əsas da atam.

Kişi yaman qorxurdu ki, ailəsinə nəsə edərlər. Çünki işğaldan təxminən iki il əvvəl ermənilər Şuşadan Ağdama gedən avtobusların qarşısını kəsib hansısa ziyalını, tanınmış adamı girov götürməyə başlamışdılar. Özü də elə bil kimsə onlara əvvəldən xəbər verirdi. Axı onlar nə tanıyırdılar filankəs kimdi, nəçidi?

Atamın müəllim yoldaşı Süleyman kişini də o cür girov götürmüşdülər. Onun başına açmadıqları oyun qalmamışdı. Benzini dairəvi şəkildə yerə tökürdülər. Kişini də dairənin içinə salıb odu qalayırdılar ki, diri-diri yanıb öləcəksən. Od ona yaxınlaşanda söndürürdülər ki, bu gün yox, qaldı sabaha. Bu cür mənəvi işgəncə verirdilər. Hələ bu, bizim bildiyimiz idi.

Sonra Süleyman müəllim girovluqdan qayıtdı. Amma yazığın başına daha acınacaqlı faciə gəldi. Ermənilər yoldaşı və uşaqları olan avtobusun qarşısını kəsib hamısını öldürdülər. Yoldaşı o vaxt hamilə idi. Qadının qarnına o qədər ağır zərbə endirmişdilər ki, bətnindəki körpənin əli qarnından çölə çıxmışdı...

Atam bunların hamısını görmüşdü. Ona görə də daim qorxu, təlaş içindəydi. Anam başqa kəndə yasa gedəndə gözü yolda, boylana-boylana qalırdı. Hərdən deyinirdi ki, kənddən kənara çıxma. Məni, bacılarımı hansı avtobusla Bakıya yola saldığını heç kimə demirdi. Hətta sürücüyə tapşırmışdı ki, yolda ermənilər avtobusun qarşısını kəssələr, qızları özün güllələ, qoyma ermənilər girov götürsünlər.

Bütün bunlara baxmayaraq, atam son gününə qədər Şuşadan çıxmadı. Elə bil Qəbələdə yox, elə orada doğulmuşdu. İşğaldan bir neçə gün əvvəl anamı və bacılarımı Bakıya gətirib qoydu, özü kəndə qayıtdı. Bir neçə gün sonra geri qayıdıb onları yenidən Şuşaya aparacaqdı. Amma qismət olmadı.

Şuşa işğal olunan gün atam evin qapısını bağlayıb kənddən çıxdı. Və çox arzulasa da, bir də ora qayıda bilmədi. Hətta atam Bakıya gələn gün anam onunla tutaşdı ki, “niyə soyuducunu tokdan çıxartmamısan?” Atam da qayıtdı ki, “Şəfiqə, başa düş, daha o “xolodelnik” bizə lazım olmayacaq, Şuşa əldən getdi”...

Yadımdadı, atam öləndə onun paltarlarını yığışdırıb bir kənara qoyurdum. Birdən cibindən yaddaş kitabçası düşdü. Kitabçanı vərəqlədim. Sonuncu səhifəsində Şuşa haqqında şeir yazmışdı: “...Şuşam, səni görəcəyəmmi? Yoxsa Bakıda öləcəyəmmi?”.

O şeiri də saxlayıram. Atamın Şuşada çaldığı qocaman tarı da bu gün məndədi, ata yadigarı kimi qoruyuram. Bir də atamın ölümündən 10 il sonra qəribə bir hadisə baş verdi.

Hardansa atamın qol saatı yadıma düşdü. Əşyalarının içindən tapıb çıxardım. Saata baxanda heyrətdən donub qaldım. Sahibi bu dünyadan köçüb getsə də, saat bu dünyanın vaxtını saniyəsinə qədər dəqiqliklə göstərirdi. 10 il ərzində dayanmamışdı, hələ də işləyirdi. O saatın qolbağını düzəltdirib bacım oğluna verdim.

Keçən günlərimi qaytaraydılar...

Çox sevdiyim mahnıda belə bir ifadə var – keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.

Bilirəm, ötüb keçənləri geri qaytarmaq qeyri-mümkündü. Amma nə vaxtsa belə bir möcüzə olsaydı və mənə həyatımın hansısa kəsimini geri qaytarmaq şansı verilsəydi, yalnız Şuşalı günlərimi geri qaytarardım. Atam, anam, qardaşım, bacılarım və mən – başqa heç kim. O vaxtlar olduğu kimi yenə odun sobasının qarşısına yığışıb söhbət edər, deyib-gülər və iliyimizə qədər isinərdik.

... Yenə üşüyürəm yaman...

Xəyalə Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm