• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycan "Dünya səyahət bazarı"nda

Azərbaycan "Dünya səyahət bazarı"nda

Noyabrın 3-dən 6-dək Londonda keçirilən "Dünya səyahət bazarı - 2014" ("World Travel Market - 2014") ənənəvi beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları da nümayiş olunub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib. Sərgidə, həmçinin “Geo travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Büllur travel", "Millennium Tourism and Congress" şirkətləri, “Pik Palace" və "Jumeirah Bilgah Beach" hotelləri, "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunub.

Sərgi mərkəzində 105 kvadratmetrlik sahədə qurulan Azərbaycan stendinə ziyarətçilər böyük maraq göstərib. Azərbaycan guşəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub.

Sərgidə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın məlumatına görə, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilib, ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hədiyyə edilib.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə də stendimizə baş çəkib, turizm təmsilçilərimizlə söhbət edib.

Azərbaycanın turizm potensialı, mətbəxi, mədəni irs abidələri hər kəsdə maraq doğururdu. Qış turizmi həvəskarları olan ziyarətçilər ölkəmizdə yeni fəaliyyətə başlayan Qusardakı "Şahdağ" yay-qış turizm kompleksi, Qəbələdəki "Tufandağ" turizm kompleksi barədə suallar verirdilər.

Azərbaycanın sərgidə iştirak edən turizm şirkətlərinin nümayəndələri müxtəlif görüşlər keçiriblər, müxtəlif ölkələrin tədbirdə təmsil olunan şirkətləri ilə işgüzar əlaqələr qurublar. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da sərgi çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olublar. Nazirliyin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov və Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova sərgi çərçivəsində Dünya Turizm Təşkilatının həyata keçirdiyi “İpək Yolu” proqramının WTM sərgisi ilə əməkdaşlığına və WTM-nin 35 illiyinə həsr olunan seminarda iştirak ediblər. Seminarda İpək yolu ilə bağlı yeni proqramların hazırlandığı bildirilib.

Mətbuat katibi onu da bildirdi ki, üzdəniraq qonşularımız sərgidə də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Ermənistan stendində "Karabakh" adlı lövhə qoyulub Londonda yaşayan azərbaycanlı tələbələr isə Ermənistanın stendi önündə səssiz etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR