Teleaparıcılardan Nadirə cavab: “Sözü yiyəsi götürüb” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Teleaparıcılardan Nadirə cavab: “Sözü yiyəsi götürüb” – FOTOLAR

Müğənni Nadir Qafarzadənin “Instagram” hesabında televiziya aparıcıları barədə yazdığı status birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə də geniş müzakirə olunan statusa haqq qazandıranlar da var, Qafarzadənin bu addımı gündəmdə qalmaq üçün atdığını düşünənlər də. Qeyd edək ki, müğənni teleaparıcıların ünvanına bu ifadələri yazmışdı. Sitat: “Bir çox aparıcılara mesajım var. Gedin işinizlə məşğul olun. Verilişlərinizdə mənim adımı hallandırmaqla özünüzə reytinq yığmayın. Mən kefdə-damaqda, istirahətdəyəm. Siz haradasınız? Əgər verilişiniz uğursuz alınırsa, mənim günahım yoxdur. Mənim yerim daim yüksəkdədir. Sizinsə yeriniz görünmür. Aranızda elələri var ki, neçə illərdir səhnədədir, amma tamaşaçı hələ onu tanımır. Çünki duzsuzdur! Şitquludur! Sizin kimiləri qapımda it yerinə bağlamaram. Çünki mənim itim hörmətlidir”.

Bəs teleaparıcılar bu barədə nə düşünürlər? Doğrudanmı, Nadirin yazdıqlarına layiq olan teleaparıcılar var?

ATV-də yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva hesab edir ki, Nadir Qafarzadə çox emosional insandır. Əliverdiyeva istisna etmir ki, sənətçi bu statusu hansısa teleaparıcının onu qıcıqlandırmasından sonra yazıb:


“Bəlkə də, hansısa aparıcı onu qıcıqlandırıb. Təbii ki, Nadirin dediklərini bütün aparıcılara şamil etmək olmaz. Mən özüm də gələn həftə verilişlərimin birinə Nadiri dəvət edəcəyəm. Çünki orada başqa məqamlar da var. Mən o məqamlara toxunacağam. Nadiri çox istəyirəm. İnanmıram ki, onun dedikləri mənə də aiddir. Amma insanı itlə müqayisə etmək doğru deyil. Bilmirəm, onu iti qızıldandır, nədəndir. Hər dəfə itini nümunə gətirir. Əlbəttə, məni itlə müqayisə etsə, bunu bağışlamaram. Söhbət aparıcıdan yox, həm də insandan gedir”.

Teleaparıcı hesab edir ki, Qafarzadə bu statusu gündəmdə qalmaq üçün yazmayıb:


“Nadirə nə gündəm lazımdır ki? İllərdir efirdədir. İnanmıram ki, gündəmə gəlmək üçün belə desin. Sadəcə, əsəbiləşib. Bilirəm ki, çox çılğın insandır. “Fort Boyard” yarışmasında da elementar bir şeyə hirslənirdi. Bir saat keçməmiş hirsləndiyi insanla can deyib, can eşidir, öpüb-qucaqlayırdı. Mənə elə gəlir ki, o üzr istəyəcək”.

ANS-də yayımlanan “Salam, Azərbaycan!” verilişinin aparıcısı Aytən Səfərova isə Nadir Qafarzadənin teleaparıcıları itlə müqayisə etməyinə belə münasibət bildirib:


“Məsələ burasındadır ki, kiməsə “heyvan” deyəndə, o insanın xətrinə dəyir. Amma əslində, insanın törətdiyi vəhşilikləri heyvanlar bir-birinə qarşı törətmirlər. Heyvanlar arasında qeybət yoxdur, kimyəvi silahlar icad edib başqalarını qırmırlar, bir-birini təhqir etmirlər. Uzaqbaşı, qapışıb, sonra yenə ayrılırlar”.

A.Səfərova hesab edir ki, kimsə N.Qafarzadəni təhqir etmiş olsaydı belə, vəziyyətdən başqa cür çıxmaq mümkün idi:

“Burada tək aparıcılıqdan söhbət getmir. Aparıcı ilk növbədə insandır. Əgər bu insanın xüsusiyyətlərində, mədəniyyətində, tərbiyəsində problem varsa, mən Nadiri qınamıram. Amma məncə, Nadiri kimsə təhqir edirsə, o da kimisə təhqir etməməlidir. Belə bir deyim var: “Küt insanlarla, kütbeyinlərlə mübahisə etməyin, kənardan baxanlar sizin fərqinizi görməyəcəklər”. Amma bəzi aparıcılar, doğrudan da, şitini çıxarıblar. Şəxsən mən Nadirin sözünü özümə götürməmişəm. Deyir, sözü ataram, yiyəsi götürər. Mənim elə bir problemim yoxdur. Kim buna reaksiya verirsə, deməli, onun problemi var. Kənardan baxan biri kimi deyə bilərəm ki, xoşagəlməz vəziyyətdir. Küçədən dünən gəlib aparıcılıq edənlər var ki, öz ad-soyadlarını normal yaza bilmirlər. Bəziləri isə təhqirlə tənqidin fərqini bilmirlər. Mən kimisə tənqid edərəm. Amma təhqirə heç vaxt yol verə bilmərəm. Nadirin təhqir etdiyi aparıcılar da tənqidlə təhqir arasındakı fərqi bilməyəcəklər. Gərək əsəbləri tarıma çəkilsə belə, Nadir təhqirə yol verməyəydi. İngilis yumoru ilə elə sözlər deyərdi ki, ondan da betər olardı”.

Aytən Səfərova hesab edir ki, Qafarzadə gündəmə qalmaqalla deyil, dürüstlüyü ilə gəlib:


“Onun kimi düz söz danışan ikinci müğənni tanımıram. Nadir sözü üzə deyən müğənnilərdəndir. Çox təəssüf ki, bizdə düz sözü deyəndə başqalarının xətrinə dəyir. Mən də tənqid edirəm. Amma deyirlər ki, qalmaqallısan. Qalmaqallı deyiləm, sadəcə, düz sözü deyirəm. Elə insanlar var ki, kiminsə üzündən, nəinki üzündən, hətta başqa yerlərindən, məsələn, əlindən öpürlər, yaltaqlanırlar. Sonra isə onların arxasınca danışırlar. Amma Nadir elələrindən deyil”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm