Elnarə Abdullayeva: “Qoymaram qızım dizdən yuxarı yubka geyinsin” – FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Elnarə Abdullayeva: “Qoymaram qızım dizdən yuxarı yubka geyinsin” – FOTOLAR+VİDEO

Həmsöhbətim fərqli ifası və səs tembri ilə həmkarlarından seçilən, sevilən müğənni Elnarə Abdullayevadır. Bu dünyada yaşaya-yaşaya o dünyayla əlləşən bu xanım nədənsə həmişə mənə dərvişi xatırladır. Danışmağı, müsahibə verməyi, bəzənib-düzənib harasa getməyi heç sevməyən Elnarə xanım bu yaxınlarda kəndlərinə su çəkdirib. Dediyinə görə, bu işi Allah rizası üçün görüb. Elə buna görə də bu barədə danışmaqdan boyun qaçırdı. Amma birtəhər yola gətirdik. Sağ əli o biri həmkarlarının başına – bir də görürsən, hansısa uşaq evinə bir qutu şirniyyat alıb aparırlar, az qalırlar efirdə bunu canlı yayımlayalar.

- Sözün düzü, insanlar heç vaxt sizi varlı müğənni kimi tanımayıblar. Təbii ki, maddi cəhətdən nəzərdə tuturam. Çünki mənəvi cəhətdən çox yüksəkdəsiniz, bunu gördüyünüz əməl də sübut etdi. Yəni, heç də varlı müğənni kimi tanımadığımız Elnarə Abdullayevanın 200 000 manat sərmayə qoyub, kəndlərinə su çəkdirməsi bizə şok effekti yaratdı. Bu pulu qəpik-qəpik yığırdın, yoxsa elə varlıydın, bizim xəbərimiz yox idi?

- Uzun illər sənətdə olan bir insan kimi tədarükümü görürdüm. Çünki üzərimdə belə bir missiya var idi. Allah rizası üçün bu işi görməliydim. Son qəpiyimə qədər pulumu qoyub kəndimizə su çəkdirdim.

- Heç evdə narazılıq edən olmadı? Ümumiyyətlə, bu işi başlayanda həyat yoldaşın, ya uşaqlarınla məsləhətləşdin?

- Yox, Allah rizasına görülən iş üçün yalnız Allahla məsləhətləşmək olar. Çünki mənimlə razılaşmaq üçün o kəslərin də ruhu, içindəki Allah eşqi yüksək mərtəbədə olmalıdır...

- Niyə məhz su çəkdirmək qərarına gəldin?

- Əvvəlcə məscid tikdirmək istəyirdim, sonradan Allahdan belə qismət oldu ki, su çəkdirməli oldum. Kəndimizdə məscid vardı, yanını-yörəsini təmir də etdirmişdim. Kəndimizdə - Qobustanın Çuxanlı kəndində əvvəldən su problemi vardı.

- Belə bir ağır yükün altına girəndə rayonun deputatına, ya icra hakiminə müraciət etdin?

- Yox, yox. Sadəcə olaraq, icra hakimiyyətində həmin ərazinin xəritəsi çəkildi ki, bu da onların işi idi.

- Ümumilikdə nə qədər xərcin çıxdı?

- Əslində, bu layihənin yarım milyon manatlıq xərci vardı, amma mənə müəyyən köməklik olundu. Texnika baxımından İmişli rayonundan Şükür müəllim Aftanov çox köməklik etdi, çox sağ olsun. Həmin ərəfədə onlar bizim rayona yol çəkirdilər. Bir yaxşılıq da bu oldu ki, materialları mənə xeyli ucuz qiymətə satırdılar. Onu da deyim ki, bütün bu təşkilati işlərin hamısının başında özüm durmuşam. Heç özümə ev tikdirsəydim, kiməsə gedib ağız açmazdım.

- Sənə, yəqin, XXI əsrin Xan qızı Natəvanı demək olar?

- O xan qızı idi, pulu çox idi. Amma mən xan qızı deyiləm, amma xan dövlətin, məmləkətin övladıyam.

- İki yüz min manata kəndə su çəkdirən Elnarə Abdullayevanın dolanışıq tərzi necədir, yəqin, lüks villada yaşayırsan?

- Yox, ay qız, Allah haqqı, taraz yatmağa yer də tapmıram.

- Niyə ki?

- Həyət evində yaşayırıq, otaqlarım balacadır.

- Uşaqların əsəbiləşmədi ki, ana, əvvəl özümüzə gün ağla, sonra get kəndə su çəkdir?

- Olur, hərdən deyirlər. Oğlum Məhəmməd dilə gəlir ki, ana biz də varıq. Deyir ki, ana, paltarlarım əynimə balacadır, bəlkə, təzəsini alasan. Deyirəm, ola bilməz, keçən il bir dünya paltar almışam sənə. Baxıb görürəm ki, doğrudan, paltarları əyninə balaca gəlir. Çəkilişlərdən imkan tapa bilmirəm ki, gedib ona pal-paltar alım. Hərdən məni qınayırlar ki, əşi, eləyirsən balalarına elə də. Əslində, elə mən bunu balalarım üçün edirəm. Biz ölüb gedəcəyik, Allah rizası üçün balalarım rahatlıq tapacaq.

- Amma indiki dövrdə yaxşılığı hər adam da qanmır…

- Heç qanmasın da. Dedim axı, mən bu işi Allah rizası üçün edirəm.

- Ümumiyyətlə, etdiyin yaxşılığın əvəzində pislik görəndə bu, səni incidir?

- Cəhənnəmə eləsinlər. Bilirsən məni nə incidir? Onların qanmazlığı...

- Amma Allah bütün yaxşılıqların mükafatını verir.

- Mən bu işi görəndə hamı mənə deyirdi ki, Allah bunun onqat əvəzini sənə verəcək. Dəli olurdum, deyirdim ki, mən bunu məqsədli şəkildə eləmirəm ki, Allah da əvəzini mənə versin. Tövbə, tövbə. Bunu qorxudan etdim ki, birdən səsim tutular, pul qazana bilmərəm, ya ölərəm, vaxtım catmaz bu işi görməyə.

- Bir dəfə efirdə dedin ki, mən o dünyayla əlləşirəm, bu dünya boş şeydir…

- Əslində, belədir də. Mən o pulu zülümlə qazanıram, amma böyük həvəslə Allah rizası üçün xərcləyirəm. İnsanlar çox şeyi dərk etmir, etsələr, onlar da başa düşərlər ki, bu dünyadan özləri ilə heç nə aparmayacaqlar.

- Sən hətta deyirsən ki, ailəni də Allah rizası üçün qurdun, uşaqlarını da Allah rizası üçün dünyaya gətirdin…

- Əlbəttə, onlar mənim deyil. Mənim üçün sevgi deyilən şey yoxdur. Mən Allahdan başqa heç kimi sevməmişəm. Allah sevgisi hər şeydən irəlidir. Sevginin də qədəri var. Bütün sevgini ailənə, uşaqlarına sərf etmək olmaz. Sevgini bərabər paylamaq lazımdır. Ən böyük sevgi Allaha olan sevgidir. Amma insan çox naşükurdür. Allah nə qədər versə də, yenə də naşükürlük edir.

- Bir dəfə efirdən dedin ki, bəzənib-düzənməkdən zəhlən gedir...

- Hə, bəzənib-düzənmək ruhumu çox yorur.

- Mənə çox maraqlıdır, özün üçün ən çox nəyə pul xərcləməyi xoşlayırsan?

- İndən belə yalnız canım sağ olsun. Sadə bir evim, ucuz bir maşınım var. Daha mənə nə lazımdır ki?

- Uşaqların üçün gün ağlamısan?

- Yox, yaşadığım evdən başqa bir evim də var. Qismət olsa, villam da olacaq. Olmasa da, heç olmasın.

- Toylardan yaxşı pul qazana bilirsən?

- Qazanıram, amma xalqımdan aldığım pulu da onlara qaytarıram.

- Bəziləri kimi özünə xərcləmirsən…

- Bəziləri kimi yox, hamısı kimi.

- Heç şou-biznes nümayəndələri gördüyün bu xeyirxah işə görə səni təbrik etdilər?

- Yox, ay qız. Əksinə, dedilər ki, sənin başın xarab olub, bu boyda pulu camaata xərcləyirsən. Əslində, mənim gördüyüm iş bir dəvətdir. Mən kiməm ki, bu işi görəm, Allah rəva gördü. Səsim tutulmuşdu, Allah açdı. Allah özü nizamlaya-nizamlaya gətirib çıxardı bura. Mənim beynimə yeritdi ki, bu işi sənə rəva görürəm, sən də elə. O birilərə də edə bilərdi, çünki yeri gələndə, onlar məndən də çox qazanır. Amma məhz mənə nəsib elədi, məni seçdi. Buna görə hər an Ona şükür edirəm.

- Elnarə, səncə, niyə insan maddiyyatdan uzaqlaşıb, mənəviyyata yaxınlaşdıqca, özünü dərk etdikcə, ona kənardakılar dəli kimi baxırlar?..

- Onlar deməsələr də, baxışlarından bunu başa düşürəm. Heç kim məni bu dünyanın malı ilə aldada bilməz. Dünyanı mənə hədiyyə etsələr də, aldanmaram.

- Mənə çox maraqlıdır, bir qadın kimi, sənin anlamında xoşbəxtlik nədir?

- Qeyrət, mənəviyyat, vicdan, ləyaqət. Xoşbəxtliyin zirvəsi budur. Mən elə anadan olandan, dünyanı dərk edəndən o pik nöqtədəyəm. Elə bilirəm ki, bu mənada dünyanın ən bəxtəvər adamıyam.

- Səni nə bezdirir, nə sıxır bu həyatda?

- Elə biri bəzənib-düzənmək... Nə qədər bəzənib-düzənib o verilişə, bu verilişə getmək olar. Nə qədər olar e?..

- Elədirsə, bəzənmə-düzənmə, get…

- Olmur də… Onda da adama başqa cür baxırlar.

- Qadınlara qarşı da yaman aqressivsən. Keçən dəfə efirdə deyirsən ki, qadın ərindən boşanıbsa, pul qazanmalı, uşaqlarını saxlamalıdır. Saxlaya bilmirsə, ölməlidir.

- Düz deyirəm də. Qadın canı çıxıb işləyib, özünə gün ağlamalıdır. Məni öz orbitimdən çıxaran qadının mənəviyyatsızlığıdır. Bir də görürsən, əxlaqdan xəbəri olmayan biri ekspert qismində çıxıb efirdən qadınlara əxlaq dərsi keçir. Heç kim də bilməsə, o qadın öz zibilini yaxşı bilir. Yaxşı bilir ki, hansı yuvanın quşudur. Heç olmasa, dinmə də. Camaata niyə nağıl danışırsan? Keçən dəfə mənə də işarə vurdular ki, yaxşılığı dilə gətirməzlər. Guya da bunlar ağıllı danışır. Dedim, ağıllı danışmaq olar, amma hamı ağıllı hərəkət eləmir. Ağıllı hərəkət etmək hər oğulun, hər qadının işi deyil.

- Rəfiqələrin var?

- Yox, yox, yox.

- Bir problemin olanda kiminlə paylaşırsan?

- Heç kimlə. Asəf Zeynallı adına texnikumda oxuyanda bir qızla dostluq edirdim, bu neçə ildə onunla salam-kalamım var. Onu da ildə bir dəfə görürəm.

- Yəni, dərdin-sözün olanda paylaşmırsan?

- Qadın zəif nöqtəsini dedisə, tez qarmağa düşür. Qadın gərək zəif nöqtəsini paylaşmasın. Özü çıxış yolu axtarsın tapsın.

- Sənin zəif nöqtən nədir ki?

- Mənim zəif nöqtəm yoxdur. Zəif nöqtəm qocalar, bir də uşaqlardır.

- Bayaq dedin ki, ananı yuxunda görmüsən. Ağladın… Valideynlərin tez-tez yuxuna girir?

- Yox, az-az.

- İstəyirsən yuxuna tez-tez girsinlər?

- Hər gün gözləyirəm ki, onları yuxuda görüm. Kefim görürsən necə yaxşıdı? Çünki atamla anamı yuxuda görmüşəm. Yoza bilmirəm. Amma gördüm ki, atam həvəslə həyət-bacaya baxır. Bir alma da vardı əlində, sarı rəngdə. Mən nə qədər yaxşı iş görürəmsə, Allah onun savabını atama-anama yazsın.

- Övladlarınla bağlı arzularını bilmək maraqlı olardı...

- İstəyirəm uşaqlarım imanlı, qeyrətli, ləyaqətli olsunlar, az da olsa, mənə oxşasınlar. Qızıma da, oğluma da deyirəm ki, mənim sizi çox istəməyimi istəyirsinizsə, imanlı, qeyrətli olun. Nə qədər yaxşı oxusanız da, əgər ağıllı olmasanız, sizi sevmərəm.

- Onlar ailə quranda seçimlərinə qarışacaqsan?

- Mütləq qarışacağam. Hər yoldan keçəni evimə gəlin gətirmərəm, hər yoldan keçənə də qız vermərəm.

- Bəlkə, sevdilər?

- Qələt edib sevərlər. Bu barədə özlərinə də demişəm ki, sevgi-zad boş şeydir, işinizi bəri başdan bilin. Mən neçə vaxtdır evdə təbliğat aparıram ki, boş-boş şeylərlə başınızı yormayın. Sevgi-zad boş söhbətlərdir.

- Geyimlərinə qarışırsan?

- Demişəm ki, adam balası kimi geyinin. Özüm XVII əsrdən qalsam da, qəşəng geyimləri xoşlayıram. Qoymaram ki, qızım dizdən yuxarı yubka geyinsin.

- Heç uşaqlarına əl qaldırırsan?

- Bəs nə? Əvvəllər döyürdüm. İndi isə bir baxışımdan qorxurlar.

- Bəs özün necə, həyat yoldaşından qorxursan?

- Allahdan başqa heç kimdən qorxmuram. Şıx Eyyub baba haqqı…

(Bu məqamda telefonuna mesaj gəlir. Pərəstişkarlarından birinin ona yazdığı şeiri bizə də oxuyur:

Müqəddəs bir and yerimdir,

Həm ocağım, həm pirimdi,

Sevincimdir, kədərimdir,

Həzin səsi Elnarənin.

Ana desə, dolar gözü,

Kövrək olur o an özü.

Haralara çəkir bizi,

Zəngüləsi Elnarənin )

- Mənə çox şeirlər yazırlar. Hamısını da saxlayıram. İnsanların duyğularına hörmətlə yanaşıram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm