Sabir Mirzəyevin oğlu: “O qədər pul töküblər, ayaqqabısını görə bilməyib” – FOTOLAR–VİDEO
Bizi izləyin

Tabloid.az

Sabir Mirzəyevin oğlu: “O qədər pul töküblər, ayaqqabısını görə bilməyib” – FOTOLAR–VİDEO

Bu gün Azərbaycan milli musiqi tarixində məxsusi yeri olan, muğam və xalq mahnılarımızın mahir ifaçısı, ustad xanəndə, xalq artisti adını almasa da, xalqın sevilən artisti olan Sabir Mirzəyevin doğum günüdür.

Onun haqqında yazı yazmazdan öncə oğlu İlham Mirzəyevin mənə verdiyi musiqi albomunu dinlədim. Özü də dönə-dönə. Sabir Mirzəyev sənətinə bələd olanlar məni anlayar yəqin, onun məlahətli, bulaq suyu qədər saf səsi, təmiz, şaqraq zəngülələri ilə qulağımın pasını atdım, ruhum dincəldi. Bu an sənətkarın sağlığında ikən mənə ustadı Seyid Şuşinski ilə bağlı söylədiyi sözləri xatırladım: “İlk dəfə müəllimimin yanında “Çaharğah” muğamını oxuyanda Seyid Şuşinski qayıtdı ki, “urus balası” (müəllimi, sarışın olduğu üçün ona “urus balası” deyə müraciət edərmiş – C.S.), sənin bu “Çahargah”ın top atacaq. Həqiqətən də, elə oldu. Sabir Mirzəyev oxuduğu “Çahargah” muğamına öz möhürünü vurdu. Sənət yoldaşı Ağadadaş Ağayevin təbirincə desək, Sabir Mirzəyev “Çahargah”ın möhürünü vurdu və onu özü ilə bərabər öz dünyasına apardı.

Bu gün – doğum günündə ustad xanəndəni oğlu İlham Mirzəyevlə birgə xatırlayacağıq…

“Yaz, 1000 manat – Sabir Mirzəyev”

“Atam Bakı və rayon toylarına ən çox dəvət alan və arzulanan xanəndə olub. Üstəgəl də, o, həmin vaxtlar filarmoniyada ən çox konsert verən, eyni zamanda hər konserti anşlaqla keçən sənətkar idi.

Bir gün Cəlilabaddan bir Seyid gəlir ki, bəs Sabir müəllim, arzum olub, övladımın toyunda sən oxuyasan. Atam da deyib ki, iki gün vaxtım var, birini istirahət edəcəyəm, o biri gün də filarmoniyada konsertim olacaq. Seyid çox xahiş edir ki, bəs əhd eləmişəm, sən gəl, istirahət gününü uşağın toyunda oxu, cəddim özü sənə kömək olar. Atam razılaşır. Seyid qayıdır ki, bəri başdan deyirəm, sənə 800 manat pul verəcəyəm. Atam bir söz demir. Toyda camaat o qədər şabaş tökür ki, yığıb-yığışdıra bilmirlər. Toyun axırında Seyid 800 manatı atama verir və deyir ki, Sabir, nə bir qəpik o yana, nə də bir qəpik bu yana, sənə toyda 800 manat pul yığılıb. Şabaşdan başqa ha! Atam həmin pulu kişidən alır. Üstünə də 200 manat qoyub özünə qaytarır və deyir: “yaz, 1000 manat – Sabir Mirzəyev”.

Bax Sabir Mirzəyev belə sənətkar idi. Toylarda başına o qədər pul töküblər, ayaqqabısını görə bilməyib.

“Səsin boğazımda qaldı, yoxsa beynində iki deşik açardım”

Uşaq idim, atam məni də özü ilə aparardı çay içməyə, yemək yeməyə. Bir də görürdün, qonşu masalardan hər kəs onunla hal-əhval tutur. Atam restorandan çıxanda ofisianta tapşırırdı ki, bax, bu uşaqlardan pul alma ha, axşam toyum var, oxuyum, gətirib hesablarını verəcəyəm...

Atam çox hörmətli insan olub. Sözünün qabağında söz deyən olmayıb. Gəncədə bir məclisdə atamla bir nəfərin sözü çəpləşir, atam ona bir şillə vurur. O adam da Gəncənin bərkgedən oğlanlarından sayılırmış. O, atama bir söz deməyib, amma məclis bitəndən sonra qayıdıb ki, sənin səsin boğazımda qaldı, yoxsa beynində iki deşik açardım. Atam sonralar onu tapıb üzr istəyib və uzun illər dost olublar. Adını çəkməyəcəyəm, çünki çox tanınmış adamdır. Ümumiyyətlə, atama qarşı hər yerdə çox sayğılı davranıblar. Əli Bayramlıda (indiki Şirvan – red.) elə toylar olurdu ki, istənilən məşhur müğənnini oradan döyüb geri göndərirdilər. Amma atamın iştirak etdiyi toylarda çox hörmətlə davranırdılar. Sənətinə o qədər dəyər verirdilər ki, əksər insanlar onunla dost olmağa can atırdı. Atamın yaxşı dostları olub...

Bir dəfə təcili işimə görə bir az sürəti qaldırmışdım, yol polisi məni saxladı. Sənədimə baxdı və qayıtdı ki, sən rəhmətlik xanəndə Sabir Mirzəyevin oğlu deyilsən? Dedim, bəli. Qayıtdı ki, eynən atana oxşayırsan. Atamın bir diskini istədi. Verəndə gözləri işıqlandı. Qayıtdı ki, hə, mən bu “Çahargah”ı axtarırdım.

Atam cənub bölgəsindən olsa da, onu ən çox toylara aparan qarabağlılar idi. Qarabağda atamı çox sevirdilər. Atamla çox toylarda olurdum. Onun səsi, zəngulələri insanların tükünü biz-biz edirdi. Çox adamlar toyda onun səsini maqnitofona yazırdılar. Cəlilabadda onun bir fanatı var. Atam hara gedirmişsə, onun səsini yazırmış. Özü də əhd edib ki, həmin kasetləri öləndən sonra da heç kimə verməsinlər. Dəfələrlə ona pul da təklif etmişik, amma həmin kasetləri ala bilməmişik. Rəhmətlik Səfa Qəhrəmanov da onun bir lent yazısını mənə vermişdi. Filarmoniyada konsert verərkən atamı o qədər alqışlamışdılar ki, kasetə oxumaqdan çox alqış səsləri düşmüşdü.

“Əlibaba Məmmədov deyir ki, Sabirin səsini eşidəndən sonra gecə səhərədək yatmayıb”

Atam sənət adamlarının hamısı ilə dostluq edirdi. Rəhmətlik Səfa Qəhrəmanov onu çox istəyirdi. Bir də, xanəndə Razi Şükürovla yaxın dost idi, Əlibaba Məmmədovu özünə müəllim sayırdı. Əlibaba müəllim danışan bir hadisəni xatırladım sizə. Deyir, Sabir Mirzəyev yeni sənətə gələn vaxtlarda bir “Çahargah” oxudu, gecə səhərəcən yata bilmədim, dedim ki, yox e, daha bizim oxumağımız qurtardı. Səhəri gəlib filarmoniyaya, məşhur xanəndələrə deyib ki, bizim hamımızı, içi mən qarışıq yığıb bir “meşoka” Nargin adasına tullamaq lazımdır. Atamla bağlı bir veriliş hazırlayıblar, Əlibaba müəllim orada da deyib bu sözləri. Əlibaba Məmmədov kimi bir ustadın dilindən bu etiraf eşitmək bilirsiniz nədir?

“Mən kopoğlu sən kopoğluya belə kopoğlu “Çahargah” öyrətməmişəm axı”

Atam Seyid Şuşinskinin tələbəsi olub. Deyə bilmərəm, onun ən sevimli tələbəsi olub ya yox, amma ən çox atama etibar edib. Seyid Şuşinski atamın səsini dinləyib istirahət edərmiş. Bunu Əlibaba müəllim də deyir ki, Seyidin qanı qara olanda Sabiri çağırtdırarmış. Deyirmiş ki, o “urus balası”nı çağırın bura, oxusun, qulaq asaq. Atam sarışın olduğundan Seyid ona “urus balası” deyirdi. Ya “Zəminxarə”, ya “Çahargah” oxutdurardı. Və özü də deyilənə görə, gözünü yumub dincələrmiş. Atam “Çahargahı” elə oxuyarmış ki, Seyid deyərmiş: “Mən kopoğlu, sən kopoğluya belə kopoğlu Çahargah öyrətməmişəm axı”...

Atam “Çahargah”a öz möhürünü vuran sənətkar idi. Bir dəfə Ağadadaş Ağayev dedi ki, Sabir Mirzəyev “Cahargah”ın möhürünü vurdu və dünyasını dəyişəndə də onu özüylə götürüb apardı.

Atam heç vaxt özünü gözə soxan, qapı döyən insan olmayıb. Atamın paxıllığını çəkən insanlar da var idi, onun xalq artisti adını almasına əngəl yaratdılar. Amma Sabir Mirzəyev ad üçün çalışan sənətkarlardan deyildi axı...

Xətrinə dəyərdi, iki dəqiqə keçməmiş könlünü elə alardı ki…

Atam ailəsinə çox bağlı insan idi. Son 20 ildə anamdan, bir addım da olsun, ayrılmazdı. Atam sənətkar olub, bilirsiniz ki, sənətkarların da hər zaman “kapriz”ləri olub. Atamla evlənəndə anamın 16 yaşı vardı. Anam danışır ki, onuncu sinifdə oxuyanda mən artıq onun qucağında idim və sinif yoldaşları gəlib məni oynadıb gedirlərmiş.

Sabir Mirzəyevin xanımı olmaq asan iş deyildi. Atam aylarla qastrolda, rayonlarda toylarda olurdu. Çox qəribə, maraqlı insan idi. Buradan xətrinə dəyərdi, iki dəqiqə keçməmiş könlünü elə alardı ki, sanki arada söz olmayıb. Naşükür adam deyildi, dünya malında gözü yox idi. Saatlarla şəklinə baxıb kövrəlirəm, yadıma keçmiş günlərimiz tutur...

Yenə də sağ olsun Azərbaycan Mili Televiziyasının rəhbəri Arif Alışanovu, atamın həm doğum, həm də xatirə günlərində mütləq onu yada salırlar. Dünən də zəng edib dedilər ki, baxarsınız, ad günündə Sabir Mirzəyev haqqında veriliş efirə gedəcək. Yalnız onlar atamı yada salırlar. Özəl televiziyaların birinin də yadına düşmür. Onların başı qarışıb şouya. Bir dəfə də olsun atam xatirə, ya ad günündə yad olunmur”.

Sənətkarın ailəsini incik salan məqamlar

… Onu da deyim ki, xanəndənin ailəsi və oğlanlarının bir arzusu da var. Onlar atalarının adlarına, heç olmasa, doğulduğu Cəlilabad rayonunda bir klubun, mədəniyyət mərkəzinin, yaxud da küçənin olmasını istəyirlər. Doğrudan da, Sabir Mirzəyev o sənətkarlardandır ki, əslində, onun adı çoxdan əbədiləşməli idi. Heç olmasa, doğum, yaxud da xatirə günündə Muğam mərkəzində, filarmoniyada adına bir tədbir düzənləmək olardı. Axı Sabir Mirzəyev o Sabir Mirzəyevdir ki, konsert verəndə bilet tapmayan pərəstişkarları filarmoniyanın pəncərələrinin şüşələrini qırıb içəri keçməyə cəhd ediblər.

Bu, sənətkarın ömür-gün yoldaşı Xaisə xanımın da ən böyük arzusudur. Onun bir istəyi də var: sənətkarın sağlığında aldığı Prezident təqaüdünün, heç olmasa, müəyyən hissəsini almaq.

Xaisə xanım deyir ki, nə olsun, oğlanları var, hər zaman ona qayğı və diqqət göstərirlər, amma həyat yoldaşının da bu sənətdə haqqı olub. O haqqın əvəzinin verilməsini arzulayır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm