• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gülyaz Məmmədovanı sevən tanınmış tarzən kimmiş? – FOTOLAR

Gülyaz Məmmədovanı sevən tanınmış tarzən kimmiş? – FOTOLAR

Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Gülyaz Məmmədovanın Publika.az-a müsahibəsi

- Gülyaz xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Bacım Gülyanaq Məmmədova ritmik “Şahnaz” muğamı oxudu. Bu, bir dəstgahdır. “Şahnaz” muğamını hamı oxuyub, amma bu “Kürdü Şahnaz” muğamının ritm formasıdır və bir ilkdir. Mən də ritmik “Çahargah” dəstgahını oxumuşam. Gülyanağın oxuduğu efirdə gedib, amma mənim oxuduğum hələ tamaşaçılara təqdim olunmayıb.

- Son vaxtlar, sanki, solo ifalara daha çox üstünlük verirsiniz.

- Bizim ayrılmağımıza səbəb telekanallarımızdır.

- Niyə?

- Çünki onsuz da dövlət tədbirlərində duet oxuyuruq. Amma televiziyalarımız sağ olsunlar. Dedilər ki, daim duet oxuyanda özünüzü lazımi səviyyədə göstərə bilmirsiniz.

- Siz özünüz də hesab edirsinizmi ki, duet oxuyanda özünüzü istədiyiniz kimi göstərə bilmirsiniz?

- Elə konsert var ki, 4-5 dəqiqə vaxt verirlər, duet oxuyursan. Biz duet kimi daha gözəl qəbul olunuruq.

- İndi məclislərə də tək gedirsiniz?

- Ən çox bir yerdə gedirik. Çünki bir yerdə daha gözəl, maraqlı alınır və daha gözəl qəbul olunur. Bu o demək deyil ki, yorulanda bir-birimizi əvəz edirik. Qətiyyən belə deyil. Onsuz da yorulmağın nə olduğunu bilmirik. Tələbəmin atası oğluna deyib ki, kaş müəllimində olan enerjinin az bir hissəsi səndə olaydı. Həmişə sənətimizə sevərək yanaşmışıq. Mən acgöz deyiləm. Hər zaman sevdiyim əsərləri oxumağa can atmışam. Ümumiyyətlə, bu sənət tələb edir ki, dayanmayasan. Yaradıcı insan dayanmamalıdır.

- Səhv etmirəmsə, bir vaxtlar estrada oxumaq istəmisiniz...

- Yox, “Mahur-hindi” dəstgahı ilə efirə çıxmışdım. Bəstəkar Vaqif Gərayzadə ifama qulaq asandan sonra məni öz studiyasına dəvət etmişdi. İndi özüm də müəlliməm və gənc istedad görəndə laqeyd qala bilmirəm.

- Səhv etmirəmsə, Vaqif müəllim sizə, indiki dillə desək, imicinizi dəyişməyi də məsləhət görübmüş.

- Hə, belə bir şey olub. Tələbə idim, estradanı başa düşmürdüm. İndi başa düşürəm ki, mənə gözəl təklif edibmiş. Çünki onun etdikləri gözəl yeniliklərdir.

- Düşünürsünüzmü ki, kaş o vaxt Vaqif müəllimlə işbirliyi qurardınız?

- O, məni daimi yox, bir layihə üçün dəvət etmişdi.

- Adətən, telekanallar bəzi müğənnilərə qadağalar qoyurlar, efirə buraxmırlar. Sizinlə bağlı belə hal olub?

- Heç vaxt belə bir şey olmayıb. Şükür, bütün telekanallarla və orada çalışan əməkdaşlarla yaxşı münasibətlərimiz var.

- Özünüzü estrada janrında sınamağınız mümkündürmü?

- Estrada da oxuyuruq.

- Mən sırf estradanı nəzərdə tuturam.

- Gülyanaq sırf estrada oxuyub, amma məndə çox az olub.

- Niyə?

- Çünki məndə metso soprano səsdir, onda soprano. Onun səsi estrada oxumağa lap çox imkan verir. Mənim səsim milli mahnılara daha çox uyğun gəlir. Amma vaxtında “Tatu” qrupunun mahnısını da oxumuşuq. Hansı ölkəyə getmişiksə, o ölkənin mahnısını ifa etmişik. Osetiyada, Moldovada oxuduğumuz mahnılar indi də yadımdadır (Moldovan dilində oxuduqları mahnıdan bir parça zümzümə edir – İ.V.)

- Oğlunuz Ramazanın səsi var?

- Bəli, var. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsinin ikinci kurs tələbəsidir.

- Yəqin ki, o da müğənni olacaq?

- Gərək çalışsın, əziyyət çəksin ki, müğənni ola bilsin.

- Bir vaxtlar çoxları onun Gülyanaq xanımın (Gülyanaq Məmmədova – red.) oğlu olduğunu düşünürdü.

- O, həmişə Gülyanağın qucağında yatırdı. Ramazanı Gülyanaq böyüdüb. Bacım olduğuna görə demirəm, Gülyanaq, doğrudan da, çox uşaq istəyəndir. Bütün bacılarımın uşağını da o böyüdüb.

- Gənc xanımsınız. Ailə qurmaq fikriniz yoxdur?

- Bu məsələyə heç toxunmayaq.

- (zarafatyana) Axı Teymur Əmrah sizə tez-tez eşq elan edir...

- (gülür) Teymurla canciyərik. Həm bir yerdə oxumuşuq, həm də yaxşı oğlandır. Özü deyir, gördüm ki, yanında uşaq var, sonra evlənməkdən vaz keçdim.

- Tələbələrinizdən kimləri bəyənirsiniz?

- Bu il yeni tələbələrim var, çox istedadlıdırlar. Kamilə Nəbiyeva, Nigar Rəhimova, “Sing your song” müsabiqəsinin qalibi Sima Qasımova, “Xalq ulduzu” yarışmasının iştirakçısı Taleh Hacıyev, balaca Cahangirim, Fəridim çox istedadlıdırlar. Fərid oxumağa dörd yaşından başladı. Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Ruqiyyə, Rəvanə, Humanə, Teymur da çox istedadlı tələbələrimdir. Bir məqamı xüsusi vurğulayım ki, son zamanlar İsmayıllı rayonundan çox yaxşı səslər çıxır.

- Şəkidə son dəfə nə vaxt olmusunuz?

- Sentyabr ayında. Çünki burada işləyirik. Opera və Balet Teatrının solistiyəm, işlərimiz çox olur, Asəf Zeynallı adına Musiqi Kollecində dərs deyirəm, televiziya çəkilişləri, radiolar, jurnalistlər... Ona görə də vaxt qalmır.

- Yaxın zamanlarda başqa hansı yenilikləriniz olacaq?

- Gözəl tarzən Mehman Mikayılovla bir yerdə oxumuşuq. Mənə mahnılar, qəzəllər həsr edib. İndi onları üzə çıxarırıq (gülür). İstərdim ki, o mahnılardan ibarət disk edək.

- Niyə məhz sizə?

- Çox istəyib məni. Yəqin ki, daxilində mənə qarşı məhəbbət olub. Tələbə vaxtı məni sevib.

- O, indi ailəlidir?

- Bəli, ailəsi var. Elə o vaxtdan ona qardaş demişəm. Nə edim ki, məni sevib? Onun mahnılarından birini bu yaxınlarda oxudum. Doğrudan da, gözəl mahnılardır (Həmin mahnıdan bir ağız oxuyur-İ.V).

- Gülyaz xanım, bir neçə tələbə yoldaşınız sizi sevib, hətta ailə qurmaq istəyib. Nə əcəb, onlardan biri ilə ailə qurmamısınız? Həm həmkar olardınız, həm də həyat yoldaşı...

- Adamın ürəyində bir sevgi olar. Mən oğlumun atasını sevmişəm.

- İndi də ürəyinizdəki həmin sevgidir?

- Elə ömrüm boyu da o sevgi davam edəcək. İnsan bir dəfə sevgi yaşayar. Amma məqalənin başlığını pis qoymayın, çox xahiş edirəm.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR