Elxan Qaraxanoğlu: “Oğlan gec evlənəndə adına dedi-qodular çıxır”– FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elxan Qaraxanoğlu: “Oğlan gec evlənəndə adına dedi-qodular çıxır”– FOTOLAR

Bu sənətçi ötən əsrin 90-cı illərində daha çox tanınırdı, hətta indi gündəmdə olan həmkarlarının əksəriyyətindən daha populyar idi.

Amma bir çox müğənnilər kimi, o da yeni əsr başlar-başlamaz, sanki, bir kənara çəkildi. Elə indi də nə gündəmdədir, nə efirdə. “Niyə”sini Elxan Qaraxanoğlu Publika.az-a müsahibəsində özü açıqlayır.

- Elxan bəy, uzun müddətdir efirdən uzaqsınız. Hansı yenilikləriniz var?

- “Dünya” TV-də “Musiqili dünya” adlı verilişin aparıcısıyam. İndi isə həmin veriliş peyk vasitəsilə dünyaya yayımlanır.

- Bu, aparıcı qismində fəaliyyətinizdir. Bəs müğənni kimi yenilikləriniz nədən ibarətdir?

- Türkiyə ilə bağlı bəzi layihələrimiz var. Artıq mahnılar alınıb. Sadəcə, gedib mahnıları yazdırmaq lazımdır.

- Kimin mahnılarıdır?

- Türkiyədə çox tanınmış bəstəkar Tanerin mahnılarıdır. Yıldız Tilbe, Rafet el Roman, Çelik kimi tanınmış sənətçilərlə çalışır. Artıq mahnıların pulu ödənilib və müqavilə məndədir. Mahnıların aranjimanları da hazırdır, oxumaq qalıb. Yeddi aydır gedə bilmirəm.

- Hazırda Məhərrəm ayıdır. Bəlkə, bu aralarda gedib oxuyasınız?

- İndi hava limanındayam, Azərbaycana yeni qayıdıram.

- Haradan qayıdırsınız?

- Ailəvi şəkildə evə gedirik.

- İstirahətdən qayıdırsınız?

- Yox, şəxsi biznesimiz var. Onunla əlaqədar xaricə getmişdik.

- Biznesə vaxt ayıra bilirsiniz, amma mahnı yazdırmağa yox...

- (gülür) Tənbələm də, tənbələm.

- Bu, tənbəllik deyil. Tənbəl olsaydınız, biznesə də vaxt ayırmazdınız.

- (gülür) Təbii ki, haqlısınız.

- Deməli, sənətə bir qədər laqeyd yanaşma var.

- O da ola bilər. Çünki verilişimin də çəkilişləri iki həftədir dayanıb. Onlar da deyirlər ki, laqeydsən, məsuliyyətsizsən.

- Bir az da sosial şəbəkələrə həddən artıq vaxt sərf edirsiniz. Düzdürmü?

-(gülür) Təbii ki, orada yazışıram. Xaricdə yaşayan yaxınlarımla, əzizlərimlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram.

- Parolunuzu kimsə bilir?

- Bəli, həyat yoldaşım bilir. Xanımım mənə inanır və çox gözəl başa düşür. Uşağa görə telefonumu koda qoyuram. O da bilir ki, telefonumun kodu uşağımın doğum tarixidir.

- Adətən sənət adamları qohumla evlənirlər. Sizdə necədir?

-Mənim həyat yoldaşım qohumum deyil. Evdə valideynlərimə də demişdim ki, sevməyincə ailə qurmayacağam. Düzdür, oğlan uşağı bir az gec evlənəndə müəyyən problemlər, dedi-qodular yaranır. Amma sözümün üstündə durdum və sevdiyim insanla ailə qurdum.

- Ancaq evliliyiniz xeyli gec oldu.

- Bəli, 33 yaşımda nişanlandım, 35 yaşımda ailə qurdum.

- Xanımınız incəsənətə yaxın insandır?

- Heç vaxt ailəmi gündəmə gətirmək istəməmişəm. Bircə onu deyə bilərəm ki, tamam başqa sahənin insanıdır. Şou-biznesə aidiyyatı yoxdur.

- Bir ara da özünüzü Tarkanla müqayisə edirdiniz...

- Tarkan mənim kumirimdir və bunu hamı bilir. Onu çox sevirəm. 1992-95-ci illərdə təşkil olunan konsertlərdə hər müğənniyə bir ad tapmışdılar. Dənizçilərin Mədəniyyət Evində bir konsert idi. Orada aparıcı məni Azərbaycanın Tarkanı kimi təqdim etdi. O vaxtlar AZTV-nin çəkilişlərində iştirak edəndə də deyirdilər ki, gözlərim, dodaqlarım və alın hissəm Tarkana oxşayır. Hətta məni Alen Delonun gəncliyinə də oxşadıblar. Belə müqayisələr, təbii ki, insana xoş gəlir. Tələbəlik illərimdə çəkdirdiyim şəkillərimə baxanda da görürəm ki, Tarkana bənzərlik var.

- Tarkana bənzərlik var, Alen Delona da bənzədiblər. Amma ortada iş yoxdur. Nə vaxt ciddi şəkildə sənətinizlə məşğul olacaqsınız?

- İnanın ki, çalışıram. Burada da elə bəstəkarlar var ki, illərdir mahnı veriblər, amma qalıb. Özümdən asılı deyil. Bilmirəm, ruh düşkünlüyüdür, yoxsa həvəsdən düşmüşəm. Elə deyirəm ki, sabah edəcəyəm. Bəstəkarlarımız var ki, mahnılarını mənə veriblər, yazdırmamışam.

- Bir müddət əvvəl avtomobilinizin şüşəsini sındırmışdılar. Hazırda o məsələ nə yerədir?

- İşə Suraxanı rayonu polis idarəsinin 33-cü bölməsi baxır. O gün zəng vurdum. Dedilər ki, əməliyyatçılar bu məsələ ilə məşğuldurlar.

- Maşın təmir olunub?

-Yox, düzəltdirməmişəm, sübut kimi saxlamışam. İnanıram ki, polislər bu işi törədəni tapacaqlar.

- Sosial şəbəkədə gündə nə qədər vaxt keçirirsiniz?

- Gün ərzində telefonumda “Facebook” açıq olur. Amma belə sosial şəbəkədə iki saat vaxt keçirirəm.

- Toy qiymətiniz nə qədərdir?

- Mən real qiymət deyirəm. Düzdür, son günlər efirlərdə az-az görünürəm. Amma tanıyanlar bilirlər ki, toyda təsadüfi hallarda fonoqram oxuyuram. Yaxud da Tarkanın, Sərdar Ortacın repertuarından nəsə ifa edəndə fonoqrama müraciət edirəm. Toy qiymətimə gəlincə, ansamblımla 4500 manata gedirəm. Yalandan deyə bilmərəm ki, 10 min manat istəyirəm.

- Sizcə, 4500 manat az məbləğdir?

- Məndən sonra çıxan müğənilər var ki, iki dəfə baha qiymətə gedirlər. Bu qiymətə toya getmək xalqın cibinə girməkdir. Mən o qiymətə gedə bilmərəm. Xalqın cibinə girmək lazım deyil. Nəzərə alın ki, o pulun hamısı mənə qalmır. Musiqiçilər, səs rejissoru, xanım müğənni və mən - pul sadaladığım insanlar arasında bölünür. Amma hərdən baxıb deyirlər ki, bəxtəvər 4500 manata toy oxuyur. Başa düşmürlər ki, həmin məbləğ təkcə mənim deyil.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm