“Guya yataq səhnəsinə çəkilsəm, milyonlar qazanacağam?!”
Bizi izləyin

Tabloid.az

“Guya yataq səhnəsinə çəkilsəm, milyonlar qazanacağam?!”

Kult.az sənət adamları arasında sorğu keçirib:

“Sizcə, Azərbaycan kinosunda niyə yataq səhnələri çəkilmir? Ümumiyyətlə, öpüş səhnələrinin belə filmlərimizdə yer almamasının səbəbi nədir?”

Elçin Musaoğlu (rejissor): Niyə yoxdur? Siz istəyirsiniz olsun? Bu rejissora bağlı olan bir şeydir. Kim istəyir yataq səhnəsi olsun, onun filmində yataq səhnəsi olur. Kim istəmir, olmur. Yataqsız da, öpüşsüz də film çəkmək mümkündürsə, çəkir adam. Mən belə sorğularda iştirak etmək istəmirəm.


Firəngiz Mütəllimova (aktrisa): Bu sualı zəhmət olmasa, rejissora verin. Mən məhərrəmlik ayında belə suala cavab vermək istəmirəm, inciməyin məndən. Mənim elə bir filmə çəkildiyimi görmüsünüz? Mən öz adıma deyə bilərəm ki, mən o tip səhnələrə çəkilmərəm. Başqa heç nə deyə bilmərəm. Səbəb odur ki, istəmirəm. Mən Azərbaycanda yaşayıram, müsəlmanam. Həm də nə udacağam ondan? Əksinə, uduzacağam. Heç nə udmayacağam. Amerikada yaşamıram ki, deyim, yataq səhnəsinə çəkilib milyonlar qazanacağam və yaxud təzə başlayıram, çəkilib reklam olunacağam. Bu sualın mənə aidiyyəti yoxdur.

Ayaz Salayev (rejissor): Azərbaycan filmlərində erotik səhnələr var. Bir neçə film var. Bu baxımdan bizdə tam sərbəstlikdir. Nə mən bir problem görmüşəm, nə başqa rejissorlar problem görüb. Filmlər kinoteatrlarda da gedib, televiziyalarda da göstərilib. “AzTV” kanalı da mənim filmlərimi göstərib. Mən burda bir problem görmürəm. Erotika, ümumiyyətlə, incəsənətin, mədəniyyətin ən başlıca mövzularından biridir. Bəlkə də, ən başlıca mövzusudur. Ən cəlbedici mövzusudur. Qədim qayaüstü təsvirlər arasında da çılpaq qadınların rəsmləri var. Normal bir şeydir. Bu baxımdan mən tam səmimi deyim ki, heç bir senzura yoxdur, heç bir qadağa yoxdur. Bizdə bu tip səhnələrə çəkilən aktyorlar var. Hətta buna görə tənqid atəşinə tutulan aktyorları da mənim filmimdə olmasa belə, dəfələrlə müdafiə etmişəm. Və həmişə də belə aktyorları müdafiə etməyə hazıram. Hər zaman. Hətta mənə aid olmayan filmlərdən söhbət getsə belə, yenə də mən həmişə onları müdafiə etməyə hazıram. Çəkilən filmlərin sayı çoxalır. Bu say çoxaldıqca təbii ki, rəqabət olacaq. Və bizim aktyorlar, aktrisalar görəcək ki, onlar kənarda qalıb, artıq rejissorlar məcburiyyət qarşısında qalıb xaricdən aktyorlar dəvət edirlər. Get-gedə onlar başa düşəcək ki, kinoda da açıq-saçıqlıq inkişaf edir. Dünya kinosunda sərhədlər tam aradan götürülüb artıq. Vaxt keçdikcə bu sənəti, həqiqətən, işini, sənətini sevən adamlar gələcək. Onlar da hər şeyə gedəcək. Ya da elə kənarda qalacaqlar, biz də aktyorları xaricdən dəvət edəcəyik. Bax belə. Mən “Yarasa” filmində əvvəl bizim aktrisalara təklif elədim. Adlarını çəkmirəm, iki aktrisanı mən dəvət elədim, amma onlar imtina elədirlər. Söhbət 1993-cü ildən gedir. Onlar imtina etdikdən sonra mən də kənardan aktrisa çağırmağa məcbur oldum. Məcbur oldum deyəndə, aktrisa məni çox qane etdi, onu çəkdik. İndi bilmirəm, bu aktrisalar peşmandır, ya yox. Soruşmuşam onlardan.

Ramiz Həsənoğlu (rejissor): Niyə tam yoxdur? Mənim yadıma gəlir ki, “İbrus” teatrında Rüstəm İbrahimbəyovun əsərlərində, məsələn, “Şirə bənzər”, sonra səhv etmirəmsə, İvan Buninlə bağlı bir əsər idi. Orda o tip səhnələr kifayət qədər var. Sadəcə, o səhnələr elə qurulmalıdır ki ,tamaşaçını estetik baxımdan, necə deyərlər, həyəcana gətirsin. Yəni dramaturji məqamlara filan diqqət etmək lazımdır. Mən buna normal bir şey kimi baxıram. Hesab edirəm ki, buna ehtiyac varsa, yəni bədii ehtiyacdan doğursa, öpüş səhnələrinin heç bir maneçiliyini görmürəm.

Nigar Bahadırqızı (aktrisa): Məncə, bunun səbəbi yaxşı rejissorun olmaması və peşəkar işin ortaya qoyulmamasıdır. Var elə səhnələr. Son bir ildə seriallarda gedir. Ancaq səviyyə baxımından çox aşağıdır deyə, pis qəbul olunur. Yaxşı səviyyədə olsa, yaxşı film olsa, yaxşı şəkildə qəbul olunar. Məncə, problemi rejissorlarda, ssenaristlərdə və hal-hazırda televiziyalarda gedən seriallarda axtarmaq lazımdır. Normal bir iş ortaya qoya bilmirlər. Çəkirlər, ancaq elə çəkirlər ki, iyrənc bir şey ortaya çıxır. Ona görə də qınağa səbəb olur. Qınaq obyektinə çevrilir.

Səidə Quliyeva (aktrisa): Sizə lazımdır o yataq səhnələri? Mütləq lazımdır? Mənə elə gəlir ki, siz problemi başqa cür qoysaydınız, mən sizin sualınıza çox gözəl cavab verərdim. Məsələn, sual verəydiniz ki, niyə bu gün Azərbaycanda film çəkilmir? Niyə bizim aktyorlarımız bu az maaşla dolanırlar? Və yaxud bu gün Azərbaycan filmləri Azərbaycan tamaşaçısına lazımdırmı? Ümumiyyətlə, bizə kino lazımdırmı? Əgər belə suallar versəydiniz, yəqin ki, bu sualları mən çox gözəl cavablandırardım. Amma bu yataq səhnələri... Belə primitiv suala mən cavab verməyəcəyəm.

Yəqin, siz dünya filmlərinə baxırsınız. Hamısına baxa bilməsək də, müəyyən bir hissəsinə baxırıq. Artıq o səhnələr, yataq səhnələri yox dərəcəsindədir. Onlar özləri də usanıblar bundan. Bir dövr var idi ki, tamaşaçının beynini cəmləşdirmək üçünmü, ya başqa səbəblərə görə belə səhnələr olurdu. Bəzən yerinə düşürdü, bəzən isə yerinə düşmürdü. İndi fikir verirsinizsə, çox zaman da rus filmləri buna müraciət etdilər. Ancaq indi filmlərə baxırsınız özünüz, mən deyərdim ki, yox dərəcəsindədir o tip səhnələr. Çox azdır. Çox az filmlərdə olur. Məncə, Azərbaycan filmlərində də buna ehtiyac yoxdur. Əgər varsa da, siz təsəvvürünüzə gətirin ki, o səhnəyə hansı aktyor, hansı aktrisa çəkiləcək? Çünki onlar çox böyük qınaq obyektinə çevrilə bilər. Eləcə də, mən cavan olsaydım, heç vaxt çəkilməzdim. Bizim filmlərimizdə o tip səhnələr olanda çox zaman aktrisanı başqa studiyalardan dəvət edirdilər. “Təhminə” məsələn. Adicə bir səhnə, öpüşmə səhnəsində bizim aktrisalar çəkilmirdi, başqaları gəlib çəkilirdi. Guya filmə elə böyük bir təsir bağışlayırdı? Yataq səhnəsi olmadan da, gözəl film çəkib ortaya qoymaq olar. Sevgi hisslərini deyirəm. O hissləri həmin səhnələr olmadan da yaratmaq olar. Mütləq deyil ki, o, çılpaq şəkildə tamaşaçıya çatdırılsın. Bax belə. Məncə, ehtiyac yoxdur. Dünya kinematoqrafiyası artıq buna yaddır. Daha çox animasiyaya fikir verirlər. O tip səhnələrlə film çəkmək 80-ci illərdə qalıb. Artıq tamaşaçının marağını cəlb etmir. Filmin məğzi qüvvətli olsun. Məsələn, mən bu yaxınlarda bir türk filminə baxdım. ANS-də göstərirdilər. Həddindən çox işlənmiş bir mövzu idi. Qız kor olur, oğlan isə keçmişdə axmaq işlərlə məşğul olub. Bunlar arasındakı sevgini, o kor qızın sevgisi mənə çox təsir elədi. Orda siz deyən səhnələr də yox idi. Sevgi hisslərini o səhnələr olmadan da tamaşaçıya çox gözəl çatdırmaq olar. Mən tamamilə bu qoyduğunuz sualın əleyhinəyəm. Sevgini adi bir baxışla, adi bir sözlə də çatdırmaq olar. Bu, təbii ki, rejissorun qüvvətindən asılıdır, aktyorun qüvvətindən asılıdır. Mən şəxsən qınaq obyekti olmamaq üçün o tip səhnələrə həyatımda çəkilməzdim. Mənə heç evdə icazə verməzdilər. Versəydilər belə, mən çəkilməzdim. Qınaq obyektinə çevrilməmək üçün. Çünki biz azərbaycanlıyıq, bizim mentalitetdə belə bir şey yoxdur. Və mənə elə gəlir bunsuz da çox gözəl filmlər çəkmək olar. “Arşın mal alan” kimi filmimiz olub. Dünyanın elə bir nöqtəsi olmayıb ki, orda oynanılmasın. Orda bəyəm elə səhnələr var idi?! Və yaxud “O olmasın, bu olsun”. Sevgi filmlərindən götürək. “Böyük dayaq” filmində bir səhnə var idi. Pəncərə qarşısında dayanırlar və onlar öpüşmək istəyəndə o kadr dayanır. Bəyəm o hiss çatdırılmadı? O sevgi çatdırılmadı tamaşaçıya? Çox gözəl də çatdırıldı. Məncə, qoy filmlər çəkilsin, o səhnələr olmasa da, yaxşı olar. Bizə o səhnələr heç lazım deyil. Bizim yaralı yerimiz o deyil. Yaxşı olardı ki, Qarabağ mövzusunda film çəkilsin. Bir az ciddiləşək.

Elxan Cəfərov (aktyor): Birinci səbəb odur ki, o bizim milli düşüncəmizə, mentalitetimizə uyğun deyil. Biz qərb ölkəsi deyilik, şərq ölkəsiyik. Öz mənəvi qayda-qanunlarımız var. Bu, birincisi. İkincisi də, yəqin, hələ tezdir. Bəlkə də, 10 ildən sonra buna normal baxılacaq, amma bu dəqiqə çəksək, ictimai qınaq obyektinə çevrilə bilər. Bu da əslinə qalsa, düzgündür. Erotik səhnələr bizim kino üçün deyil. Mən onun əleyhinə deyiləm, amma onsuz da kino çəkmək olar. Erotik səhnələr yaranıb ona görə ki, tamaşaçının diqqətini cəlb eləsin. Vəssalam

Aygün Aslanlı (kinoşünas): Deyirlər ki, mentalitetimizə uyğun deyil. Ona görə. Senzura var. Mentalitetə bağlayırlar və olanını da yenə eyni səbəbdən Mədəniyyət və Turizm Nazirliyi kəsir.

İntiqam Hacılı (ssenarist): Son illərdə, lap dəqiq desəm, 2001-ci ildən bəri Azərbaycanda çəkilən filmlərdə kifayət qədər erotik səhnələr olub. 90-cı illərin sonlarında çəkilən filmlərdə də olub. Ayaz Salayevin filmi var idi, məsələn. 2000-ci illərdə çəkilən Azərbaycan filmlərində ­­– istər qısametrajlı olsun, istər tammetrajlı olsun – bu filmlərin əksəriyyətində həmin mövzuya uyğun, sənətə uyğun erotik səhnələr olub. O filmlər kinoteatrda göstərilmir deyə, telekanallar göstərmir deyə, gəlib tamaşaçıya çatmır. Tamaşaçılar o filmi görmür. Həmin filmlərin çoxu “youtube” saytında var. Onlayn baxmaq olar. Bəzilərinin adını çəkim, məsələn, Hüseyn Mehdiyevin 2004-cü ildə çəkilən “Məkanın melodiyası” tammetrajlı filmi, İlqar Safatın 2010-cu ildə çəkilən “Sahə” tammetrajlı bədii filmi, Asif Rüstəmovun 2007-ci ildə çəkdiyi qısametrajlı “Ev” filmi və s. Bu filmlərdə erotik səhnələr mövzuya uyğun olaraq lazım olan qədər işlənib. Heç bir senzura yoxdur. İstər Mədəniyyət və Turizm Nazirliyinin sifariş verdiyi layihələrdə olsun, istərsə də müstəqil şəkildə çəkilən filmlərdə olsun. Əgər mövzuya uyğun olaraq filmin ssenarisində erotik səhnə varsa, heç kim heç kimə demir ki, o hissəni çıxar. Və ya aktrisa, aktyor tapılmır məsələsi. Bunlar hamısı cəfəngiyatdır. Heç bir problem yoxdur. Əsl kinematoqrafçılar sənət naminə bu işi görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm